Məhkəmə qərarları › İş №e-2(004)-4607/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4607/2024

22.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4607/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, 4000 manat maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, tələbi “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, 4000 manat maddi və mənəvi zərərin ödənilməsi, məhkəmə xərclərinin tutulması” kimi müəyyən etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci ildən etibarən “İri Şəhərlərin Su Təchizatı Xidməti”-ində (əvvəlki "xxxx" ASC) işləmişdir. O, yerdəyişmə əsasında xx.xx.2022-ci il tarixində "xxxx" Törəmə Səhmdar Cəmiyyətinin Abonentlərlə iş şöbəsinin İş əmrlərinin icrası qrupunun mühəndis-qrup rəhbəri vəzifəsindən Nəsimi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinə (Məmmədli Leyla Vaqif qızının sosial məzuniyyətdə olduğu müddətdə) mühəndis (Asan xidmət üzrə) vəzifəsinə təyin edilmişdir. Bu da İddiaçı 5 ildən artıq müddət ərzində “İri Şəhərlərin X1 Xidməti”-ində işlədiyini göstərir. İddiaçı xx.xx.2022-ci il tarixli, 27-k saylı əmrlə "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsində Abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis (Asan xidmət üzrə) vəzifəsinə qəbul olmuşdur. Onunla bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddətiəhatə etməklə iki il müddəti təşkil etmişdir. "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsindən mənə zənglə bildirilmişdir ki, edərək analıq məzuniyyətinə çıxan işçinin geri qayıtdığını və buna görə də İddiaçı əmək müqaviləsinə müddətin bitməsi əsasında xitam veriləcəyini bildirmişdir. Müvəkkilimin müqavilə müddətinin bitmədiyini xatırlatmağına və bildirməsinə baxmayaraq, yenə də onunla bağlanan əmək müqaviləsinə müddətin bitməsiəsası ilə xitam verilməsi haqqında xx.xx.2024- cü il tarixli, 11-k saylı əmr imzalanmışdır. müddətli əmək müqaviləsi müqavilə müddəti bitməsinə azı bir həftə qalmış tərəflərdən birinin yazılı xəbərdarlığı əsasında xitam verilə bilər. İddiaçı ilə bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddəti əhatə etmişdir. İşəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ila xitam verilməsi üçün xx.xx.2024-cü il tarixinə azı 1 həftə qalmış xəbərdarlıq edilməli və həmin müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilməli idi. Əlavə edilmiş əmək müqaviləsinin xitam bildirişindən aydın olur ki, işəgötürən qeyd edilən hüquq normalarını kobudcasına pozaraq xx.xx.2024-cü il tarixli, 11-k saylıəmr imzalayaraq xx.xx.2024-cü il tarixindən işçinin müqaviləsinə müddətin bitməsi əsası ila xitam vermişdir. Əmək müqaviləsinin müddəti bitmədən, müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir ki, bu da İddiaçı konstitusiyon hüququ olan əmək hüquq və haqlarının pozulması deməkdir. Odur ki, “İri şəhərlərin X1 Xidmətinin (VÖEN **********) xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz və ya ən az hazırkı müqavilənin ümumi müddətində işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməli olan əmək haqqının gecikdirilimiş hər bir gün üçün 1 % məbləğində kompensiyasiyanın, maddi və mənəvi zərərə görə isə 4000 manat məbləğində kompensiyasiyanın müvəkkilimin xeyrinə tutulması, vəkil xərci olaraq ödənilmiş 300 manat və mediasiya sesiyası üçün rüsum haqqı kimi ödənilmiş 60 manat məbləğindəki pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə baxış iclasında iştirak etməmişdir. İş materiallarına "xxxx" ASC-nin "xxxx" Törəmə ASC-nin nizamnaməsi əlavə edilmişdir. Həmin nizamnamənin 1.2-ci bəndinə əsasən müəyyən edilir ki, cəmiyyətin təsisçisi "xxxx" ASC-dir və "xxxx" Törəmə ASC-nin səhmlərinin 100%-i "xxxx" ASCyə məxsusdur. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsinə və əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilir ki, o, xx.xx.2018-ci il tarixdə "xxxx" Törəmə ASC ilə müddətli əmək münasibətlərinə daxil olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 12 nömrəli əmrinə əsasən müəyyən edilir ki, işəgötürən səlahiyyətlərini həyata keçirən "xxxx" Törəmə ASC ilə İddiaçı arasında 3 aylıq sınaq müddəti müəyyən edilməklə xx.xx.2018-ci il tarixdən 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC "xxxx" Törəmə ASC-nin xx.xx.2022-ci il tarixli 19-k nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni “başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə” xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X2 İdarəsinin xx.xx.2022-ci il tarixli 27- K nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətddə işəgötürən "xxxx" ASC-nin X2 İdarəsində 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 09 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, işçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsi əlavə edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən işçi üçün 3 aylıq sınaq müddəti təyin edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən “vəzifəsi saxlanılmaqla qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəblərdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti ilə əlaqədar olaraq” xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə bağlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmrə əsasən müəyyən edilir ki, işəgötürən "xxxx" ASC-nin X2 İdarəsi tərəfindən Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işçi İddiaçı əmək müqaviləsinə xitam vermişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişə əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmrə əsasən işəgötürən "xxxx" ASC-nin X2 İdarəsi tərəfindən Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işçi İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması zaman müəyyən edilir ki, "xxxx" ASC-nin 12 nömrəli əmrinə əsasən işəgötürən səlahiyyətlərini həyata keçirən "xxxx" Törəmə ASC ilə İddiaçı arasında 3 aylıq sınaq müddəti müəyyən edilməklə xx.xx.2018-ci il tarixdən 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin "xxxx" Törəmə ASC-nin nizamnaməsinin 1.2-ci bəndinə əsasən müəyyən edilir ki, cəmiyyətin təsisçisi "xxxx" ASC-dir və "xxxx" Törəmə ASC-nin səhmlərinin 100%-i "xxxx" ASC-yə məxsusdur. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC "xxxx" Törəmə ASC-nin xx.xx.2022-ci il tarixli 19-k nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni “başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə” xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. "xxxx" ASC-nin X2 İdarəsinin xx.xx.2022-ci il tarixli 27-K nömrəli əmrinə əsasən işçi İddiaçı xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətddə işəgötürən "xxxx" ASC-nin X2 İdarəsində 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. Müvafiq əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən “vəzifəsi saxlanılmaqla qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəblərdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti ilə əlaqədar olaraq” xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmrə əsasən işəgötürən "xxxx" ASC-nin X2 İdarəsi tərəfindən Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işçi İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə hesab edir ki, müvafiq işə daxil olma, iş dəyişmə (xitam vermə), yeni əmək müqaviləsinin bağlanması, müvafiq əmrlərin, kadr sənədlərinin tərtib edilməsi və digər formal hüquqi hərəkətlər edilsə də, "xxxx" ASC-nin "xxxx" Törəmə ASC və "xxxx" ASC-nin X2 İdarəsi əmək münasibətləri kontekstindən müstəqil subyekt kimi nəzərə alınmamalıdır. Yəni, işçi İddiaçı əmək münasibətlərinin işəgötürən kimi "xxxx" ASC ilə yaranması hesab edilməlidir. Aşkardır ki, münasibətlər məhz "xxxx" ASC-nin koordinasiyası altında sonuncunun tabeliyində olan ayrı-ayrı iki qurumda həyata keçirilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, işçinin "xxxx" Törəmə ASC-dən X2 İdarəsinə iş yerini dəyişməsi "xxxx" ASC-nin tapşırığı (müvafiq məktub iş materiallarına əlavə edilmişdir) ilə həyata keçirtmişdir. Həmçinin, həm 2018-ci il tarixli həm də 2022-ci il tarixli əmək müqavilələri məhz "xxxx" ASC tərəfindən bağlanmışdır (sözügedən orqanlar işəgötürən səlahiyyətlərini həyata keçirən qurum olmuşlar). Digər mülki hüquq münasibətlərində həmin qurumları müstəqil subyekt hesab etmək olsa da, məhkəmə hazırki situasiya üzrə, yəni, əmək münasibətlərində işəgötürən kimi məsələyə formal əsaslarla yanaşmayaraq mahiyyəti üzrə işəgötürənin yuxarı orqan, yəni "xxxx" ASC ilə yaranması xüsusatını, sonuncunun hüquqi varisinin isə “İri şəhərlərin X1” publik hüquqi şəxsi olmasına diqqət yetirir. Nəticə olaraq, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Deməli, mübahisə predmeti üzrə əmək münasibətləri xx.xx.2023-cü il tarixdən fasiləsiz (müddətsiz) xarakterə keçid etmişdir. Əmək münasibətlərinin qanunun tələbi əsasında öz-özlüyündə müddətsiz xarakterə keçid etməsi hüquqi nəticədir. Həmin nəticənin sanki məhkəmə qərarı əsasında təmin edilirmiş kimi qeyd edilməsinə hüquqi zərurət yoxdur. Yəni, məhkəmə qətnaməsində qeyd edilib-edilməməsindən asılı olmayaraq tərəflər arasında əmək münasibətləri 5 ildən artıq müddətə davam etdiyindən müddətsiz əmək müqaviləsi hesab edilir və iddiaçı ilə əmək müqaviləsi müddətsiz formada bağlanmalıdır. Ümumiyyətli işçinin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisə predmeti olan əmr qanunsuzdur. Belə ki, əmək müqaviləsinin bitməsinə 80 gün qalmış, müddətin bitməsi əsası ilə əmək münasibətlərinə qanunsuz olaraq xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi “əmək haqqının hər gecikdirilmiş gün üçün faizinin ödənilməsi” hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Yəni, işəgötürən işçiyə son haqqhesab ödənişlərini həyata keçirtmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirtməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə isə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən, işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedəı bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu barədə gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər və ya MPM-in 232-ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası aparıla bilər. Vurulmuş maddə və mənəvi zərərin ödənilməsi ilə bağlı 4000 manat pul tələbi hissəsində iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin qanunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 60 (altmış) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat pul cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “İri şəhərlərin X1 Xidmətinin (VÖEN **********) xx.xx.2024-cü il tarixli, 11-k saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa olunmalı, cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməli, vəkil xərci olaraq ödənilmiş 300 manat və mediasiya sesiyası üçün rüsum haqqı kimi 60 manat məbləğindəki pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, 4000 manat maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 11-k saylı əmri ləğv edilsin və İddiaçı əvvəlki işinə bərpa edilsin. Cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç yüz) manat pul cavabdeh “İri şəhərlərin X1” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar