Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4617/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Razim qızına qarşı “kirayə müqavilələrinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: xidməti mənzildən çıxarılma) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Razim qızına qarşı “kirayə müqavilələrinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Razim qızına qarşı “kirayə müqavilələrinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mənzil komissiyasının sədri mayor X4 ilə R.Y.İmaməliyev arasında 15 fevral 2012-ci il tarixli 177 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı – Cavabdeh3) ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, bina 4 ünvanında yerləşən 177 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən gec 3 ay keçənədək ona onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalarına uyğun gələn xidməti mənzil verilir. Cavabdeh1 raportla xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə müraciət edərək ona xidməti mənzilin verilməsini xahiş etmişdir. Cavabdeh1 qeydiyyata alınmış raportu baxılmış və müvafiq protokolu ilə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m xidməti yaşayış sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin protokol əsasında Cavabdeh1 ilə N nömrəli hərbi hissənin mənzil komissiyasının sədri mayor X4 arasında 15 fevral 2012-ci il tarixli 177 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Mənzil komissiyasının müvafiq protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin 15 fevral 2012-ci il tarixli 177 nömrəli kirayə müqaviləsi əsasında ehtiyatda olan mayor Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı – Cavabdeh3) ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m yaşayış sahəsi verilmiş və sonuncu ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. xx.xx.1994-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan mayor Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 05 iyul 2014-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. E.O. mayor Cavabdeh1 20 il qüsursuz xidmətini nəzərə alaraq Azərbaycan Ordusunun hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən 2 sentyabr 2023-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi ilə sonuncu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76,71 kv.m (daimi) yaşayış sahəsi ilə təmin olunmuş və onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ******* nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmçinin ünvan 2 ünvanında olan mənzilin ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verildiyi Bakı şəhər 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və xx.xx.2023-cü tarixdə qeydiyyatdan keçmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Qarnizonu Mənzil-İstosmar Hissəsinin 1 saylı Mənzil İstismar Hissəsi tərəfindən Cavabdeh1 ünvanına xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərilərək onunla bağlanmış “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verildiyikdən sonra razılaşdırılmış müddətə ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, bina 4 ünvanında yerləşən 177 nömrəli mənzili xx.xx.2024-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilsədə, lakin hazırkı tarixədək sonuncu həmin mənzili təhvil verməmiş və təqdim edilən xəbərdarlığa heç bir səbəb göstərilmədən tanış olaraq imza etməkdən imtina edilmişdir. Beləliklə, Müdafiə Nazirliyi belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş ünvan 1 ünvanında yerləşən 1 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır. Hörmətli məhkəmə, “AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi” çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayıllı rayonu, İ.Həsənov küçəsi 20 ünvanında, Cavabdeh3 isə ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh1 və ailə üzvləri birlikdə Müdafiə Nazirliyinin mənzil fonunda olanünvan 4 ünvanında yaşasalar belə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsaslanaraq (36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia, cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər) iddiaçı tərəf olaraq, Cavabdeh3 qeydiyyatda olduğu ərazi üzrə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Azərbaycan Ordusunun hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanının Preambulasında qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının surətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensiyalının gücləndirilməsi və ordumuzun maddi texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətinin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəliyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi davamlı olaraq artırılır. Cavabdeh ona verilən güzəşt və bütün imtiyazlardan kifayət qədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz.
3. Cavabdeh1 iddiaya etiraz edərək idda tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan xidməti mənzil (əgər ona mənzil demək mümkünsə, çünki yarımzirzəmi yaşayış sahəsidir) N saylı hərbi hissənin uşaq bağçası nəzdində yaradılıb və 11 hərbiçi ailəsinə heç bir şəraiti olmayan dörd divar şəklində bölünərək verilib. Həmin ərazi onlar 11 ailənin öz vəsaiti hesabına yaşayış üçün uyğun vəziyyətə gətirilib. Əgər bu araşdırılsa, 11 hərbiçi ailəsinin və sənədlərin şahidliyi ilə sübuta yetirilə biləcək. Şəxsən o həmin xidməti mənzil deyilən dörd divarın yaşayışa uyğun şəraitə gətirilməsi üçün divarların hörülməsinə, suvaqlanmasına, rənglənməsinə, həmçinin sanitar qovşaqların tikilməsinə, aksessuarların quraşdırılmasına, su-kanalizasiya sisteminin quraşdırılmasına, elektrik və istilik sisteminin çəkilməsinə, tavanın təmirinə, evə giriş üçün seyf qapının quraşdırılmasına, ustaların işləməsinə 20000 manatdan yuxarı vəsait xərcləmişdir. İkinci səbəbi odur ki, onun həyat yoldaşı Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi işləyir və səhhətində çoxlu problemlər olduğu üçün (ürəyinin işşemiya xəstəliyi, şəkər xəstəliyi, diporteniya təzyiq xəstəliyi, diz qapaqlarının şişkinliyi və gəzərkən çox çətinlik çəkməsi) uzaq yol gedə bilmir. Hal-hazırda ailəsi ilə yaşadığı xidməti mənzillə yoldaşının iş yeri arasında cəmi 50 metr məsafə var ki, ona görə də iş yerinə gedə bilir. Lakin Müdafiə Nazirliyinin iddia ərizəsində qeyd olunmuş ona verilən Hövsan qəsəbəsində yerləşən mənzil isə Bakı şəhərinin son kənarında yerləşir və yoldaşının işə gəlməsi üçün dörd marşurut xəttindən istifadə etməlidir ki, qeyd etdiyi kimi buna onun səhhəti imkan vermir. Həyat yoldaşının təqaüd hüququ qazanmasına cəmi iki ilə yaxın vaxt qalıb və bu vaxt bittikdən sonra yuxarıda qeyd etdiklərinə baxmayaraq, mənzili təhvil verməyə tam hazırdır. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 559 saylı, xx.xx.2011-ci il tarixli fərmanına əsasən (20 il qüsursuz xidmətə görə) ona mənzil 2013-cü ildə verilməli idi. Lakin iddia ərizəsindən də göründüyü kimi Hövsanda mənzil ona 10 il sonra verilib. Odur ki, o, 10 il gözlədiyi halda Müdafiə Nazirliyində həyat yoldaşının təqaüd hüququ yaranmasına qalmış 2 il yarım müddəti gözləyərək ona çöhlət verilməsi üçün qərarın qəbul edilməsinə köməklik göstəriləməsini xahiş edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək təqdim etdiyi etirazı müdafiə etmiş və onun məzmununa uyğun izahat vermişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır.
10. Kirayəverən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə kirayəçi X7 arasında bağlanmış xx.xx.2012-ci il 177 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəverən ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m olan xidməti yaşayış sahəsini kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün AR Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
11. 15.04.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi X2 Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinə xitam verildiyindən yaşadığı mənzili xx.xx.2024-cü il tarixə kimi boşaldılaraq Müdafiə Nazirliyi Mənzil-istismar İdarəsinə təhvil vermələri tələb olunmuşdur.
12. "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakı X1 mülkiyyətinə vermişdir.
13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH-nin 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 140 nömrəli arayışdan görünür ki, X5 və ailə üzrləri X6, Cavabdeh3 Bakı şəhəri, Mətbuat prospekti 4 nömrəli evin 177 nömrəli mənzilində qeydiyyatsız yaşayır.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrıayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
16. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
17. Həmin məcəllənin 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
18. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.
19. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.
20. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
21. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
22. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.
23. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər.
24. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir.
25. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
26. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.
27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 3.5-ci bəndinə əsasən, aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir.
28. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
29. Həmin qanunun 3-cü bəndinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
30. Həmin qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
31. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.
32. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar.
33. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır.
34. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir.
35. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış rayonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılır və təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır.
36. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir.
37. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən cavabdeh X7 ünvan 1 ünvanında xidməti mənzillə təmin olunmuşdur. İddiaçı cavabdehə daimi mənzil verilməsini rəhbər tutaraq, cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakı alqı-satqı müqaviləsinə əsasən 2023-cü ildə əldə etmişdir. X7 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış xx.xx.2012-ci il 177 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” xitam verilmişdir.
38. Göründüyü kimi cavabdeh X7 ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə AR Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən, xitam verilmişdir, məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh X1 vaxtilə, yəni 2012-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan yeni mənzili mülkiyyətinə keçirməsini və bu əsasla da, “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qızı – Cavabdeh3 Razim qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmalıdır.
39. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
40. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.-ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.
41. Həmin məcəllənin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qızı – Cavabdeh3 Razim qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 28,54 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil