Məhkəmə qərarları › İş №e-2(004)-462/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-462/2024

12.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-462/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1244/2024 nömrəli qərardadı ilə (hakim Gülnar Babazadə) İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş 2(004)462/2024 nömrəli mülki iş ilə eyni icraatda birləşdirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli (sonuncu dəqiqləşdirmə ərizəsi) ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilmiş, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 023/490 nömrəli, xx.xx.2023-cü il tarixli, 023/631 nömrəli və xx.xx.2023-cü il tarixli, 023/729 nömrəli əmrlərinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ödənilməli olan əmək haqqının ödənilməsi, istifadə edilməmiş məzuniyyət günləri və ixtisar prosesində olan 2 qat işdən çıxma müavinətinin ödənilməsi, işə bərpa edilməsi, 30.000 manat mənəvi zərərin və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında icraata qəbul edilmişdir (hakim Günel Əkbərli). İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 sentyabr 2013-cü ildən Cavabdeh MMC-də (VÖEN: **********) İnsan xidmətləri üzrə koordinator vəzifəsində işləmişdir. Ümumilikdə 30 ilə yaxın (o cümlədən 10 il SOCAR stajı) əmək stajı var. Çalışdığı müddət ərzində intizamlı, işgüzar işçi kimi tapşırılan işə məsuliyyət hissi ilə yanaşmış, qeyri-iş günləri də çalışmış, vəzifəsinə aid olan öhdəlikləri zamanında yerinə yetirmişdir. Davranışı və mədəniyyətilə kollektivin hörmətini qazanmış, heç bir nizam-intizam qaydalarını pozmamışdır. Baş Direktorun (İlqar Əhmədov) xx.xx.2020-ci il tarixli əmrinə əsasən pandemiya zamanı verilən işi yüksək səviyyədə icra etdiyi üçün mükafatlandırılmışdır. 21 oktyabr 2022-ci ildə İnsan Resursları Departamentinin keçmiş meneceri Tofiq Əfəndizadə işdən azad edildikdən sonra İnzibati işlər üzrə menecer X5 Dəstək Xidmətləri Departamentinə rəhbər təyin olundu. F.Novruzov 2022-ci ilin oktyabr ayının sonlarında iddiaçını öz iş otağına çağıraraq işdən azad olunan T.Əfəndizadə haqqında şahidi olmadığı hadisələr haqqında hüquq mühafizə orqanlarına yalan ifadə verməyini tələb etmişdir. İddiaçı yalan ifadə vermədiyimi dedikdə ona “səni mən işə götürmüşəm, indi də mənə işləməlisən” dedi. Müvafiq hüquq mühafizə orqanının əməkdaşı işdə həmin menecerlə bağlı iddiaçı görüşüb bəzi suallar (normal suallar) vermiş, iddiaçı da cavablandırmışdır. Növbəti gün F.Novruzov iddiaçını öz iş otağına çağırmış və mənə kobud sözlərlə - “səni göndərdim gedib iş edəsən, getdin Prezidenti təriflədin” demiş və ironik üz ifadəsi ilə gülməyə başlamışdır. O vaxtdan iddiaçı T.Əfəndizadə barədə qərəzli olaraq yalan ifadə verməkdən imtina etdiyi üçün F.Novruzov tərəfindən 2022-ci ilin oktyabr ayının sonlarından 2023-cü il 21 sentyabr tarixinədək mütəmadi olaraq mənəvi təzyiqlərə məruz qalmışdır. Həmin şəxs iddiaçıya qarşı təzyiq etməyə, heç bir əsas olmadan ona “səninlə hələ işimiz çox olacaq” deyərək iddiaçını psioxoloji olaraq narahat edəcəyi ilə bağlı hədələməyə başladı. Fuad Novruzov heç bir səbəb olmadan, tez-tez işdə iddiaçıya yüksək səslə qışqıraraq onu təhqir etmişdir. Mütəmadi olaraq F.Novruzov iddiaçının üstünə qışqırdığına və təhqir etdiyinə görə 14 iyul 2023-cü ildə iddiaçı işdə huşunu tualet otağında itirmişdir (səhər saatlarında). Bundan sonra şirkətin işçisi Axundova Sevinc iddiaçıya köməklik edərək onu yerə otuzdurub və bu zaman kömək edin deyərək səslənib. Yaxın olduğu üçün ilk səsədə F.Novruzov gəlib. O, iddiaçını yerdən qaldıraraq stulda əyləşdirib. İddiaçı Sevinc xanımın dediyinə əsasən 5 dəqiqə huşsuz vəziyyətdə olmuşdur. Ayılanda 5-6 nəfər iş yoldaşının iddiaçıya köməklik etdiyini görmüşdür. İlk olaraq İnsan xidmətləri üzrə qrup rəhbəri vəzifəsində işləyən X4 Tibbi Sığortadan Ofisə X6 çağırıb, ilkin tibbi yardımdan sonra da iddiaçı X6 ilə Uniklinika xəstəxanasına çatdırılmışdır. Həmin gündən mütamadi olaraq həkimlərin müayinəsindən keçmiş və 27 iyul 2023-cü ildə həkimin təyin etdiyi müayinə və müalicəni davam etdirmək məqsədilə iddiaçı departamentin məzuniyyət qrafikinə əsasən 03 avqust 2023-cü ildən 15 avqust 2023-cü il tarixinədək əmək məzuniyyətinə çıxmaq barədə F.Novruzova ərizə ilə müraciət etmişdir. F.Novruzov ərizəni qəbul etməyib və 1 gün əvvəl (yəni 02 avqust tarixində) imzalayacağını bildirib. Halbuki ƏM-nin 138.2-ci bəndinə əsasən məzuniyyətin verilməsi barədə əmr məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. 01 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək olan bülletenlərini kuryer vasitəsilə T.Rəsulzadəyə göndərmiş və avqust ayının axırıncı son on gününə heç bir sənəd təqdim etməməyinə baxmayaraq, iddiaçıya avqust ayı üçün əmək qabiliyyətininin olmaması vərəqələri (bülleten) üzrə ödənişlər yerinə sadəcə olaraq aylıq əmək haqqı ödənilib. Bununla bağlı da iddiaçı bankdan sms-məlumat almış, F.Novruzov elektron poçt ünvanını bağlatdırdığına görə aylıq gəliri barədə indiyədək heç bir məlumat əldə edə bilməmişdir. Göründüyü kimi işəgötürən Cavabdeh MMC tərəfindən iddiaçı mənəvi və maddi ziyan vurulmuşdur. Müalicədə olduğu vaxtda xəbəri olmadan Tibbi sığortanı dayandırıb və iddiaçıya psixoloji təsir ediblər. İş günü və qeyri-iş günlərində iddiaçını dəfələrlə hansısa sənədin çatdırılması və imzalanmasına görə narahat ediblər. Bu da iddiaçının səhhətinə ciddi təsir edibdir. 02 avqust 2023-cü il tarixdən Elektron ünvan elektron ünvanı iddiaçı xəstə ola-ola ona məlum olmayan səbəblərdən F.Novruzov tərəfindən bağlanılıb. Bütün bu dövr ərzində müalicə almağı ilə bağlı bütün sənədlər hazırki şikayət ərizəsinə əlavə olunur. İşdən qanunsuz olaraq azad edildikdən sonra iddiaçıya nə Fuad Novruzov, nə də ki digər əməkdaşlar tərəfindən heç bir sənəd təqdim olunmamışdır. İddiaçı müalicəsi bitdikdən sonra 21 sentyabr 2023-cü il tarixində, saat 09:00-da iş yerində olmuş, 20 sentyabr 2023-cü il tarixində bağlanmalı olan sonuncu bülletenini qrup rəhbəri T.Rəsulzadəyə təqdim etmiş, o, bunu qəbul etməkdən imtina edərək bildirmişdir ki, F.Novruzov qəbul edir, o da işdə yoxdur. Təxminən saat 10:20 radələrində F.Novruzov iş yerinə gəlmişdir. F.Novruzov iddiaçıya 15 sentyabr 2023-cü il tarixdən etibarən işdən azad olduğunu bildirmişdir. Belə olan halda iddiaçı bununla bağlı təqdim olunmalı sənədləri akt tərtib etməklə ona verməklərini tələb etmişdir. Lakin həmin şəxslər akt tərtib etməkdən imtina etmişlər. Həmçinin, F.Novruzov və T.Rəsulzadə təqdim etdiyi bülletenlərə əsasən iddiaçıya hər hansı bir ödəniş etməkdən qanunsuz olaraq imtina etdilər. Daha sonra isə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) şikayətlə müraciət olunaraq, qanunsuz olaraq işdən azad olunduğunu bildirmişdir. Socar tərəfindən iddiaçıya göndərilən 04 oktyabr 2023-cü il tarixli, 14-2/2-Q-335-1/2023-3172 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ştat strukturunun optimallaşdırılması, fəaliyyətinin iqtisadi və iş prosesinin səmərəliyinin artırılması əsası ilə işçi heyətinin tərkibinin restrukturizasiyası və iş bölgüsünün yenidən təşkili zərurəti yarandığından iddiaçı ilə şirkət arasında bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. X2 tərəfindən verilən 18 oktyabr 2023-cü il tarixli 3- 17-2/2- 63776/2023 nömrəli cavab məktubundan göründüyü kimi Agentlikdə Cavabdeh MMC tərəfindən ştat ixtisarları və yeni ştat cədvəllərinin təqdim edilməsi barədə məlumat aşkarlanmamışdır. Bu da onu göstərir ki, işəgötürənin ümumiyyətlə ixtisar planı olmamışdır və iddiaçının işdən çıxarılmağımın faktiki səbəbi rəhbər şəxslərin ona qarşı qərəzliliyinin olmasıdır. Beləliklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən sözügedən qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş və əmək müqaviləsinə şəxsi qərəzlilik əsasında xitam verilmişdir. Daha sonra işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli, 023/631 nömrəli əmri əsasında özünün xx.xx.2023-cü il tarixli, 023/490 nömrəli əmri formal olaraq ləğv edilmiş və işçi xx.xx.2023-cü il tarixli formal əmr əsasında ştatların ixtisarı əsası ilə işdən çıxarılmışdır. Həmin əmrlər qanunsuzdur. Həmçinin, işəgötürən xx.xx.2023-cü il tarixli əmri ilə işçi ixtisar edilərkən xx.xx.2023-cü il tarixli ixtisar əmri zamanı ödənilən işdənçıxma müavinətini əvəzləşdirə bilməzdi. İşəgötürən ümumilikdə 5948 manat ödəniş etmişdir. Lakin, işəgötürənin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən 9657 manat ödənilməli idi. İddiaçının vergi və rüsumlar çıxıldıqdan sonra qalan əmək haqqı məbləği 2200 manat təşkil edir. 15 sentyabr-15 dekabr aralığında əmək haqqı 6600 manat təşkil etməlidir. İxtisar dövrü üçün Əmək Məcəlləsinin 78.3-cü maddəsinə əsasən əmək haqqının 2 misli həddində, yəni 4400 manat işdənçıxma müavinət ödənilməli idi. Yekun olaraq iddiaçıya 11400 manat ödənilməli idi. Həmçinin, həmin məbləğə əlavə olaraq istifadə edilməmiş 37,54 məzuniyyət günü də hesablanaraq ödənilməli idi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 691 nömrəli əmək müqaviləsi və əmək müqaviləsinə Əlavələr əlavə edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/330 nömrəli əmrinə əsasən ümumilikdə 9 ştat vahidi, o cümlədən İnsan xidmətləri üzrə koordinator (siyahı üzrə 9-cu) İddiaçı ştat vahidi ixtisar olunmuşdur. İş materiallarında olan işəgötürən Cavabdeh MMC-nin işçi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zaman Express sürətli poçtdaşıma xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, poçt xidmətinin əməkdaşının işçi İddiaçı telefonla məlumat verməsinə baxmayaraq müvafiq xəbərdarlıq bildirişinin təqdim edilməsi mümkün olmamış, İddiaçı xəstə olduğunu, işə çıxmadığını bildirmiş, məktubun çatdırılması üçün ünvan istənilsə də, o, buna ehtiyac olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, işçi İddiaçı müvafiq xəbərdarlıq bildirişini qəbul etməkdən imtina etmişdir. İş materiallarına işəgötürən Cavabdeh MMC-nin işçi İddiaçı ünvanlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişi (eyni məzmunlu) əlavə edilmişdir. İş materiallarında olan X1 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən ştat ixtisarları və yeni ştat cədvəllərinin təqdim edilməsi barədə məlumat aşkarlanmamışdır. İş materiallarında olan işəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmrinə əsasən müəyyən olunur ki, işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşçinin xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş illərinə görə işdən çıxma müavinəti və son haqq hesabın ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 115 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı bank hesabına 7476,37 manat pul köçürülmüşdür. Ödəniş qəbzi əlavə edilmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinə əsasən müəyyən olunur ki, işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin. Əmr onunla əsaslandırılmışdır ki, müvafiq xəstəlik vərəqəsinə əsasən işçi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində xəstə olmuş, lakin, işəgötürənin bundan məlumatı olmamışdır. İş materiallarına işçi İddiaçı işəgötürən Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı xəbərdarlığına əsasən müəyyən edilir ki, iş yerində ona maneələr yaradılır, bu səbəbdən, xx.xx.2023-cü il tarixdən 20 gün müddətinə tətil elan edəcəyi və əmək funksiyalarının icrasını dayandıracağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/729 nömrəli əmrinə əsasən müəyyən olunur ki, işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmr 2 vərəqdən ibarət olmaqla əsaslandırılmışdır. İş materiallarına əlavə edilmiş Zaman Express sürətli poçtdaşıma xidmətinin xx.xx.2023-cü il tarixli məktublarına əsasən müəyyən edilir ki, mənzilin bağlı olması və qeyd edilən digər səbəblərdən İddiaçı məktubun çatdırılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 165 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı hesabına 5948,10 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş arayışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdə 917 nəfər, xx.xx.2023-cü il tarixdə 897 nəfər, xx.xx.2023-cü il tarixdə 837 nəfər işçisi olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziriliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinin “Əmək müqaviləsi bildirişi” e-sisteminı daxil edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş X3 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, .......... xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə İddiaçı ilə yeni əmək müqaviləsi bağlanmamışdır. Sonuncunun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi “Əmək və məşğulluq” altsistemində X3 Xidməti tərəfindən ləğv edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/330 nömrəli əmrinə əsasən ümumilikdə 9 ştat vahidi, o cümlədən İnsan xidmətləri üzrə koordinator (siyahı üzrə 9-cu) İddiaçı ştat vahidi ixtisar olunmuşdur. İşəgötürən Cavabdeh MMC-nin işçi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişi poçt xidmətinin əməkdaşının işçi İddiaçı telefonla məlumat verməsinə baxmayaraq təqdim edilməsi mümkün olmamış, İddiaçı xəstə olduğunu, işə çıxmadığını bildirmiş, məktubun çatdırılması üçün ünvan istənilsə də, o, buna ehtiyac olmadığını bildirmişdir. İşçi İddiaçı müvafiq xəbərdarlıq bildirişini qəbul etməkdən imtina etmişdir. İşəgötürən Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşçinin xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş illərinə görə işdən çıxma müavinəti və son haqq hesabın ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 115 nömrəli ödəniş tapşırığına əsasən işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı bank hesabına 7476,37 manat pul köçürülmüşdür. Ödəniş qəbzi əlavə edilmişdir. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 023/490 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, müvafiq xəstəlik vərəqəsinə əsasən işçi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində xəstə olmuş, lakin, işəgötürənin bundan məlumatı olmamışdır. Əmr isə əsassız olaraq həmin tarix aralığında qəbul edilmiş, əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziriliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh MMC-nin qeyd edilən xx.xx.2023-cü il tarixli 023/631 nömrəli əmrinin “Əmək müqaviləsi bildirişi” e-sisteminı daxil edilməsi xahiş edilmişdir. X3 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixdən sonrakı dövrdə İddiaçı ilə yeni əmək müqaviləsi bağlanmamışdır. Sonuncunun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi “Əmək və məşğulluq” altsistemində X3 Xidməti tərəfindən ləğv edilməmişdir. İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 023/729 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmr 2 vərəqdən ibarət olmaqla əsaslandırılmışdır. xx.xx.2023-cü il tarixli 165 nömrəli ödəniş tapşırığına əsasən işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı hesabına 5948,10 manat pul köçürülmüşdür. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdə 917 nəfər, xx.xx.2023-cü il tarixdə 897 nəfər, xx.xx.2023-cü il tarixdə 837 nəfər işçisi olmuşdur. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş şərtlər daxilində ştatları ixtisara salmaq, işin operativ və səmərəli təşkilini təmin etmək işəgötürənin hüququdur. Yəni, işçi və işəgötürənin hüquqları müvafiq balans proporsionallıq) gözlənilməklə, qanun çərçivəsində qorunmalı, tərəflərin hər hansı birinin əsassz öhdəliklə yüklənməsinə yol verilməməlidir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən dövlət orqanı (hakimiyyət subyekti) deyil, məhz hüquqi şəxsdir. İşəgötürən xx.xx.2023-cü il tarixli əmrinin qanunsuz olduğunu anlayaraq müvafiq əmri ləğv etmişdir, deməli, ləğv edilmiş əmr mövcud deyildir. həmin əmr qəbul edildiyi vaxtdan yaranan hüquqi nəticələr aradan qalxmışdır. Sanki, həmin əmr heç olmamış kimi tərəflər arasında əmək münasibətləri müvafiq uzanan xətt üzrə xx.xx.2023-cü il tarixədək davam etmişdir. Sözügedən əmrin işəgötürənin özü tərəfindən ləğv edilməsi yeni münasibətlərin başlanmasına deyil, xitam verilmiş münasibətlərin davamına dəlalət edir. Yəni, münasibətə xitam verilmir və yeni münasibət yaranmır, əvvəlki münasibət olduğu kimi qüvvədə qalır. Bu səbəbdən, xx.xx.2023-cü il tarixli əmrindən sonra işçi ilə yeni müqavilənin bağlanmasına hüquqi zərurət olmamışdır. Həmin əmrin nəticələrinin səlahiyyətli dövlət orqanı tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilməməsi və ya bunun texniki baxımdan mümkün olmamasının məsuliyyəti işəgötürənin (mülki hüquq münasibətinin subyekti qismində MMC) üzərinə qoyula bilməz (bunun təmin edilməsi üçün texniki imkanların olmaması və ya məhz nəticələrin elektron sistemə daxil edilməsinə imkan yaradılması dövlətin öhdəliyidir). İşəgötürən qanun çərçivəsində mübahisəni hissəvi olaraq məhkəmədən kənar həll etmiş, qanunsuz əmrini özü ləğv etmişdir. Tərəflər arasında əmək münasibətlərinə xitam verildikdən sonra işəgötürən tərəfindən işçiyə son haqq-hesab ödənilmişdir (7476,37 manat + 5948,10 manat = 13424,47 manat). Vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı 30000 manat pul tələbi hissəsində iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin qanunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır. Buna baxmayaraq, işəgötürənin qərarlarında qanunsuzluq (aradan qaldırılmış qanunsuzluq istisna olmaqla) və ya işçiyə iddia ərizəsinin təsvisi-əsaslandırıcı hissəsində göstərilən hallarla bağlı (həmin halların baş verməsi də təsdiqini tapmır) ona mənəvi zərərin vurulması xüsusatları sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, 30.000 manat mənəvi zərərin ödənilməsi barədə tələb ağlabatan və əsaslı deyildir, real məbləğ deyildir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar