Məhkəmə qərarları › İş №e-2(004)-4650/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4650/2025

03.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4650/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, müddətsiz əmək müqaviləsi bağlanması tələbinə dair iş üzrə (açar sözlər: müddətli əmək müqaviləsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, müddətsiz əmək müqaviləsi bağlanması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə ictimai işlər/“Azəriqaz” İstehsalat Birliyi üzrə ictimai işlər/Tərtər X7 İdarəsi/Füzuli rayonu, əsas, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2021-ci il tarixinədək 1 ay müddətinə bağlanmışdır.

2. Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı göndərilən xidmət üçün müraciətlə bağlı bildirişdə qeyd edilmişdir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsinə qısa vaxt qalmışdır. Bu səbəbdən Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xəbərdar edilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti bitdikdə xitam veriləcəkdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-17-7/3-4-3551/2025 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.

4. “Azəriqaz” İB tərəfindən məhkəmə sorğusuna verilmiş cavabdan görünür ki, İddiaçı Birlik ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli saziş üzrə işə qəbul edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının işdən azad olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-7/3-4- 3551/2025 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə almadığı əmək haqqını işə bərpa olunduğu tarixədək hesablanıb ödənilməsi, müddətli əmək müqaviləsi bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı 2019-cu il tarixdən işdən çıxarılan günədək Füzuli rayonu, Qaz istismar idarəsində işləmişdir. 2021-ci ildə tarixdə bildirildi ki, müqavilələr X5 Cəmiyyəti ilə yenilənəcək və o öz işinə əvvəlki qaydada davam edəcək. 05 yanvar 2021-ci il tarixdə cavabdeh təşkilatla arasında 5 illik əmək müqaviləsi bağlanılmışdır. Onun əmək müqaviləsinin müddəti 05 yanvar 2026-cı il tarixdə başa çatmasına baxmayaraq 05 iyun 2025-ci il tarixdə onu Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndində əsasən işdən xaric etmişlər. Halbuki onun iş prosesində heç bir pozuntu olmayıb əmək müqaviləsinin müddətinə də 6 aydan çox müddət qala qala işdən xaric edilmişdir. Bundan başqa artıq 2024-cü ildə həmin iş yerində fasiləsiz işləməyinin 5 ili tamam olduğu üçün işə bərpa olunacağı təqdirdə müddətsiz əmək müqaviləsi bağlanılmalı idi. O bununla bağlı əmək müfəttişliyinə də şikayət etsə də heç bir nəticəsi olmamışdır. Hazırkı ərizə ilə də vaxt itiirmədən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iş materillarında işəgötürən arasında xx.xx.2026-cı il tarixədək əmək müqaviləsi mövcuddur. Vaxtından əvvəl bu əsasla işdən çıxarılmasına kobud qanun pozuntusudur. Görünüdüyü kimi, işəgötürən dəyişsə də o fasiləsiz olaraq 2019-cu il tarixdə həmin müssəsisədə eyni vəzifədə işləmişdir. Yəni onunla hətta 2024-cü ildə müddətsiz əmək müqaviləsi bağlanılmalı olsa da onu 2025-ci il tarixdə işdən xaric etmişlər.

b) iddiaya qarşı etiraz

7. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Etirazın əsaslarına görə, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X3 X7 İdarəsinin Füzuli rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə 1 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən 2.1-ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 ay müddətinə uzadıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbini qəbul etmədiklərini bildirmiş və eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Ərizənin əsaslarına görə, iddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2025-ci il tarixli təkliflə Cavabdeh MMC-yə müraciət etmiş, təklif MMC tərəfindən xx.xx.2025-ci il tarixində cavablandırılmış, xx.xx.2025-ci il tarixində MMC-nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra iddiaçı iddia müddətini gözləmədən xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ... Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir;

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz;

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır;

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur;

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. İşin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya xidmət üçün müraciətlə bağlı bildiriş göndərilmişdir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 3-17-7/3-4-3551/2025 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.

15. Məhkəmə işin mübahisəsiz hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməməlidir.

16. İddiaçı 2019-cu ildən etibarən işdən çıxarıldığı günədək Füzuli rayonu Qaz istismar idarəsində işlədiyini bildirir. Lakin, bu faktiki hal iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh – işəgötürən ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi ləğv edilərkən isə iddiaçının həmin iş yerində iş stajı 5 ildən az olmuşdur.

17. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında bağlanmış və iş materiallarında olan fiziki əmək müqaviləsindən görünür ki, tərəflər arasında əmək müqaviləsinin müddəti iddiaçı tərəfin məhkəmə iclaslarında dediyi kimi 1 ay 1 gün yox, 1 ay müəyyən edilmiş, tərəflərin müqavilənin ləğvi barədə iradələri olmadığından əmək münasibəti fasiləsiz olaraq 2025-ci ilin iyun ayınadək davam etmişdir.

18. İddiaçı eyni zamanda onun gördüyü işin daimi xarakterə malik olduğunu bildirir. Lakin, iş daimi xarakterdə olsa belə Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əsaslar olduqda müddətli əmək müqaviləsi bağlana bilər. Həmin maddənin e) və f) bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən, eyni zamand tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlana bilər.

19. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu halda əmrin ləğvi, eyni zamanda əlaqəli digər tələblərin təmin edilməsi üçün əsaslar mövcud deyil.

20. İddia mahiyyəti üzrə əsassız olduğundan iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsi üçün zərurət yoxdur.

21. Beləliklə, məhkəmə hesab edir ki, əmrin ləğvi barədə iddia tələbi öz təsdiqini tapmadığından bu hissədə, eyni zamanda bu tələbdən doğan digər əlaqəli tələblərlə bağlı, yəni bütövlükdə iddia rədd edilməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, müddətsiz əmək müqaviləsi bağlanması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar