Məhkəmə qərarları › İş №e-2(004)-47/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-47/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-47/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MTK -ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanı üçün artıq ödənilmiş 3128 (üç min bir yüz iyirmi səkkiz) AZN, banka ödənilmiş kreditin faiz məbləği 2922 (iki min doqquz yüz iyirmi iki) manat 48 (qırx səkkiz) qəpik, sayğacların quraşdırılması üçün ödənilmiş 700 (yeddi yüz) AZN, rəsmiləşdirmə pulu üçün 400 (dörd yüz) AZN, ümumilikdə 7150 (yeddi min bir yüz əlli) AZN 48 (qırx səkkiz) qəpik və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,50 (bir yüz əlli) AZN dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh MTK ilə 28 avqust 2019-cu il tarixli, ******* saylı çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A ünvanında inşa edilən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53,5 kv.m, 1 kvadrat metrinin dəyəri 1840 (bir min səkkiz yüz qırx) manat, ümumi dəyəri 98440 manat (doxsan səkkiz min dörd yüz qırx) olan 1 otaqlı mənzili ona satmışdır. İlkin ödəniş olaraq 14800 (on dörd min səkkiz yüz) manat pulu Cavabdeh MTK-ya ödəmişdir. Daha sonra, onunla "xxxx" ASC-nin Səbail filialı arasında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A-da yerləşən evin 10-cu blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 53,5 kv.m olan mənzilin alınması üçün 83640 (səksən üç min altı yüz qırx) AZN məbləğində pulun ayrılması barədə 03 sentyabr 2019-cu il tarixli, 012 saylı kredit müqaviləsi imzalanmış və ayrılan məbləğ (83640 AZN) Cavabdeh MTK-nın hesabına köçürülmüşdür. Bundan sonra, sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli sənədlər siyahısında olan və Cavabdeh MTK tərəfindən təqdim edilən 21 oktyabr 2019-cu il tarixli, 143 saylı arayışında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A ünvanında inşa edilən 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən mənzilin 204A ünvanı ilə əvəz olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda sözügedən mənzilin ümumi sahəsinin 51.8 kv., m., olduğu qeyd edilmişdir. Beləliklə, Cavabdeh MTK-nın satmış olduğu məznilin müqavilədə göstərilən sahəsi ilə çıxarışda qeyd edilən sahə arasında 1.7 kv., m., fərq olduğu müəyyən edilmişdir ki, bu da mənzilin sahə qiymətinə münsaibətdə 3128 (üç min bir yüz iyirmi səkkiz) AZN fərq etmişdir. Yaranmış ziddiyyətdən doğan qiymət fərqinin ona ödənilməsi ilə bağlı Cavabdeh MTK-ya rəsmi müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Bundan əlavə, cavabdehlə aralarında olan payçı müqaviləsinin şərtlərinə əsasən mənzil onun seçdiyi materiallar əsasında sonuncu təşkilat tərəfindən təmir edilməli olduğu halda, (hətta bəzi materiallar onun tərəfindən alınmışdır), bu qaydaya da riayət edilməmiş və nəticədə mənzilin təmirində iştirakı təmin edilmədən vaxtından gec təhvil verilmişdir. Mənzilin təhvil verilməsi zamanı ondan sayğacların quraşdırılması üçün əlavə 700 (yeddi yüz) manat pul tələb edilmiş, məcburiyyət qarşısında qaldığından sözügedən məbləği cavabdeh təşkilata ödəmişdir. Daha sonra, mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədləşmələrin aparılması məqsədilə təşkilatın adına etibarnamə verməli olduğunu və xidmət haqqı müqabilində 400 (dörd yüz) manat pul ödəyəcəyini bildirdiklərindən o, yenidən məcburiyyət qarşısında qeyd edilən pulu ödəmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ekspertizanın rəyində konkret olaraq qeyd olunmuşdur ki, müqavilədə göstərilmiş müddət və son ekspertiza nəticəsi arasında hərhansı uyğunsuzluq yoxdur. Belə ki, sütunların altında olan arakəsmələr təmir zamanı olub, ekspert də qeyd etmişdir ki, həmin arakəsmələrin altındakı yerləri hesablayanda 53 kv. Metr təşkil edir. Bundan başqa, iddiaçı özü hüquqşünasdır həmin ölçü ilə müqavilədə tanış olub və özü bu halı imzası ilə təsdiq edib. Beləliklə, iddiaçı sözügedən iddianın əsasını təşkil edən müqaviləni mübahisələndirməmişdir. Nəzərə alınsa ki, hazırkı tələb üzrə aparılan məhkəmə araşdırması (işin faktiki hallarının müəyyən edilməsi və əldə edilən sübutlar əsasında) iddianın əsassızlığını bir daha təsdiq edir, belə olan halda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübut olunmadığından və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 avqust 2019-cu il tarixli, ******* saylı çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, podraçtı Cavabdeh MTK ilə sifarişçi İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A ünvanında tikilməkdə olan yaşayış binasının 10-cu blokunda 18-ci mərtəbədə 1 otaqlı 1 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 53.5 kv.metr müəyyən edilmişdir. 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 98440 (doxsan səkkiz min dörd yüz qırx) manat olmaqla dəyişməz olaraq qalır. Müqavilənin 2.3-cü bəndinə əsasən mənzilin sifarişi üçün ilkin ödəniş 15.03 %, yəni 14800 manat təşkil etmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən payçı müqavilənin qalan 84.97%, yəni 83640 manat məbləğində pulu Cavabdeh MTK ilə "xxxx" ASC-nin Səbail filialı arasında bağlanacaq üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən alacağı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.2.3-cü bəndinə əsasən podratçı binanı tikərək mənzili təmir edib sifarişçiyə təhvil verməsini öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Səbail filialı ilə İddiaçı arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 012 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Səbail filialı saziş çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A ünvanında tikilməkdə olan yaşayış binasının 10-cu blokunda 18-ci mərtəbədə 53.5 kv.metrlik 1 otaqlı 1 nömrəli mənzilin alınması üçün İddiaçı 180 ay müddətinə, illik 10% olmaqla, 83640 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş, İddiaçı isə şərtləşdirilmiş müqavilə öhdəlikləri üzrə ödənişləri etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Səbail filialı ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 03 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə və 07 dekabr 2019-cu il tarixli əlavə 01-ə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A ünvanında olan yaşayış binasının 10-cu blokunda 18-ci mərtəbədə 1 otaqlı 1 nömrəli mənzil ipoteka predmeti olmuş, predmetin dəyəri 98440 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında olan yaşayış binasının 10-cu blokunun 18-ci mərtəbəsində 1 otaqlı 1 nömrəli mənzilin məlumatları haqqında hissəsində mənzilin ümumi sahəsi 51.8 kv metr kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** №-li, 30.xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında olan yaşayış binasının 10-cu blokunun 18-ci mərtəbəsində 1 otaqlı 1 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 51.8 kv metrdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli, 10/2395 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin daxili sərhədləri (içdən içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları daxil olmaqla) nəzərə alınmaqla ümumi sahəsinin 49,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə dair 18 yanvar 2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışda göstərilmiş sahə ilə mənzilin faktiki sahəsi arasında 2.8 kv.metr fərq olduğu, yaranmış fərqin isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin sahəsi hesablanarkən tətbiq olunan azalma əmsalları səbəbindən olduğu müəyyən edilmişdir. Aparılan məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/7319 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla sahəsinin 53.6 kv.metr təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilə dair verilmiş çıxarışda göstərilmiş sahə (51.8 kv.metr) ilə mənzilin faktiki sahəsi (49.0 kv.metr) arasında 2.8 kv.metr fərq olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla hesablanmış sahəsinin (53.6 kv.metr) Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 28 avqust 2019-cu il tarixli, ******* saylı müqavilədə qeyd olunan ümumi sahəyə (53.5 kv.metr) uyğun olduğu müəyyən edilmişdir. Mənzilin müqavilədə göstərilən ümumi sahəsi hesablanarkən yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə ümumi sahəyə daxil edildiyindən çıxarışda qeyd olunan sahə hesablanarkən divaraltı sahələr hesablanmadığından balkon sahəsi azaltma əmsalları tətbiq olunmaqla hesablandığından, eyni zamanda, mənzilin faktiki sahəsi hesablanarkən daxili arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmadığından həmin mənzilin müqavilədə qeyd olunan sahəsi ilə çıxarışda qeyd olunan sahəsi və faktiki sahəsi arasında fərq yaranmışdır. Aparılan məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisəli mənzilin tikilib təhvil verilməsi barədə sərbəst iradə ifadəsini şərtləndirən podarat müqaviləsi bağlanmış, daha sonra, iddiaçı mənzilin satış qiymətinin ödənilməsi məqsədilə bankla kredit müqaviləsi və əlavə öhdəliyin icrası məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. İşin iddiaçı tərəfindən mübahisələndirilən halları podrat müqaviləsində mənzilin ümumi sahəsi ilə daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış əsasında müəyyənləşdirilən sahə arasında olan fərq və bunndan yaranan əsassız ödənilmiş xərclərdən ibarətdir. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət etsə də, müraciəti cavabsız qaldığından hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviə azadlığı prinsipləri təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Məhkəmə işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirərək, eyni zamanda məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara istinad edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı tərəf öz iradəsi ilə sərbəst surətdə MTK ilə 28 avqust 2019-cu il tarixli “çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”ni və ona əlavəni imzalamış və müqavilənin şərtlərini müəyyən etmişdir. Həmin müqavilə və ona əlavələr müqavilənin iştirakçısı olan İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmə iddiaçının bağlanmış podrat müqaviləsinin şərtlərinə riayət edilməməsini, yəni mənzilin ümumi sahəsi ilə bağlı fərqi mübahisələndirməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı mübahisənin obyektiv və qərəzsiz həlli baxımından məhkəmə tikintitexniki ekspertizaları təyin edilmiş və ekspert rəyləri ilə mübahisələndirilən sahə fərqlərinin səbəbi sahə hesablanarkən divaraltı sahələr hesablanmadığından balkon sahəsi azaltma əmsalları tətbiq olunmaqla hesablandığından, eyni zamanda, mənzilin faktiki sahəsi hesablanarkən daxili arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmadığından həmin mənzilin müqavilədə qeyd olunan sahəsi ilə çıxarışda qeyd olunan sahəsi və faktiki sahəsi arasında fərq yarandığı müəyyən edilmişdir. Odur ki, məhkəmə iddianın qeyd edilən hissəsinə münasibətdə iddianın sübut edilmədiyini və əsasının olmadığını diqqətə çatdırır. Bundan başqa, məhkəmə iddiaçının cavabdehin təqsiri ucbatından çəkdiyi digər xərclərə də münasibətdə qeyd edir ki, cavabdeh tərəfin mənzilin əsaslı təmiri zamanı mənzilə çəkilən, kvadrat metrə ilə hesablanın təmir xərclərindən mənzilin ümumi sahəsindən iddiaçının məlumatlı olması barədə dəlili ilə razılaşır və hesab edir ki, bu faktın özü də bir daha onu təsdiq edir ki, iddiaçı həmin vaxt həm müqavilə ilə, həm də müqaviləyə əsasən verilmiş sxemə uyğun olaraq inşa edilmiş mənzili bəyənmiş və onu qəbul etmişdir. Beləliklə, iddia tələbi bu hissədə də sübuta yetirilmədiyindən təmin edilə bilməz. Belə ki, mülki prosessual qanunvericilik iddianın əsaslılığını iddiaçı tərəfindən təqdim edilən və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların qiymətləndirilməsi şərti kimi müəyyən etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iclasında isə iddiaçı öz tələbini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «ASP” MTK MTK-ya qarşı “pul” tələbinə dair iddia tələbi sübut olunmadığından və əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 71.50 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 71.50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK -ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə cəmi 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar