Məhkəmə qərarları › İş №e-2(004)-47/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-47/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-47/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 004 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,6 kv.m olan (faktiki 84,22 kv.m) olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bunun müqabilində tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş ümumi sahəsi 101,064 kv.m olan mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Təxminən üç il sonra Cavabdeh MMC sözügedən yaşayış binasında 101,064 kv.m mənzilin mövcud olmadığını bildirmişdir. Bu səbəbdən tərəflər ilkin razılaşmada nəzərdə tutulmuş mənzilin sahəsindən artıq olar hər kvadrat metr üçün 1500 manat ödəməklə, 124.5 kv.m təmirli mənzilin vətəndaşa verilməsi ilə bağlı yuxarıda qeyd edilən müqaviləyə dair xx.xx.2020-ci il tarixli əlavə razılaşma imzalamışlar. Əlavə razılaşmanın şərtlərinə görə həmin mənzilə əlavə ediləcək 23.436 kv.m sahə üçün 35 154 manat (23.436 x 1500 manat= 35154 manat) vəsaitin ödənilməsi nəzərdə tutulmuş və K.İslamzadə tərəfindən həmin məbləğ Cavabdeh MMC-ə tam ödənilmişdir. Hazırda sözügedən mənzilin təhvil prosesi başlamışdır. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Layihə - Smeta Bürosu tərəfindən Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 59 saylı binanın yerində inşa edilmiş, yeni yaşayış kompleksində vətəndaş X3 verilmiş mənzilin mövcud vəziyyətinə dair təqdim edilmiş eskiz layihədən görünür ki həmin mənzilin ümumi sahəsi 104.55 kv.mdir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh MMC tərəfindən K.İslamzadəyə təqdim edilməsi nəzərdə tutulan mənzilin sahəsi tərəflər arasındakı ilkin razılaşmada nəzərdə tutulmuş ölçüdən cəmi 3.486 kv.m (104.55 – 101.064 = 3.486 kv.m) çox olmuşdur. Bu isə vətəndaşdan 29 925 manat (23.436 – 3.486 = 19.95 kv.m, 19.95 x 1500 = 29 925 manat) əlavə pul vəsaiti almasını təsdiq edir. Tərəflər arasında bağlanmış müqavilədən və həmin müqaviləyə dair 1 saylı Əlavədən belə nəticəyə gəlmək olur ki, cavabdeh iddiaçıya məhz 124.5 kv.m. ölçüdə sahə təhvil vermişdir. Eyni zamanda, müqavilə üzrə iddiaçının (sifarişçinin) üzərinə mənzilin sahəsini ölçməklə təhvil alması barədə vəzifə (öhdəlik) qoyulmamışdır. Bu baxımdan iddiaçı (sifarişçi) mənzilin ümumi sahəsini 124.5 kv. m. kimi qəbul etmişdir. Lakin mənzil təhvil alınarkən sonra həmin mənzilə dair Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Layihə - Smeta Bürosu tərəfindən təqdim edilmiş eskiz layihədən mənzilin 104.55 kv.m ölçüdə olduğu məlum olmuşdur. Qeyd edək ki, yüksəkmərtəbəli binaların tikintisi sahəsində ixtisaslaşan və hər bir kv.m. sahənin dəyərini müəyyən edən cavabdeh mənzilin ümumi sahəsinin 124.5 kv.m. olmadığından məlumatlı olmağa borclu idi. Bu da cavabdehin (podratçının) bu qüsuru bilərəkdən gizlətməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, iddiaçı mənzili müqavilə və həmin müqaviləyə dair 1 saylı Əlavəyə uyğun olaraq, 124.5 kvm. olaraq qəbul etmiş, lakin mənzilin faktiki sahəsi 104.55 kv.m olmuşdur. Hüquqi nəticə etibarı ilə iddiaçı onun istifadə və sahibliyinə verilməmiş, habelə mülkiyyət hüququ tanınmamış sahə üçün də ödəniş etmişdir. Beləliklə cavabdeh qeyd edilən podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilə üzrə (1 saylı Əlavə) müəyyən edilmiş sahədə mənzil təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təhvil verilməmiş sahənin dəyərini iddiaçıya qaytarmalıdır. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 004 nömrəli Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MMC-dir. Məhkəmə həmin müqaviləni qarışıq müqavilə kimi qiymətləndirir, alqı-satqı və podrat münasibətləri üzrə hüquq normalarını müqaviləyə tətbiq etməyi əsaslı hesab edir. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, podratçı Cavabdeh MMC sifarişçi İddiaçı 101,064 kv.m. təmirli mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli Əlavəyə əsasən müəyyən edilir ki, podratçı Cavabdeh MMC sifarişçi İddiaçı 124.5 kv.m. təmirli mənzili təhvil verməyi, sifarişçi isə podratçıya 35154 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və Əlavəyə əsasən müvafiq mənzilin sahəsinin hesablanma qaydası göstərilməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən müəyyən edilir ki, müqavilə öhdəlikləri üzrə sifarişçi tərəfindən 35154 manat pul podratçıya ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/1165 nömrəli rəyinə əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 004 nömrəli müqavilə və həmin müqaviləyə 1 saylı Əlavə üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşən mənzilin yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri nəzərə alınmaqla ümumi sahəsi 110.4 kv.m., həmin sahələr nəzərə alınmadıqda isə 104.55 kv.m. təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8841 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşən mənzilin yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri nəzərə alınmaqla ümumi sahəsi 110.4 kv.m., həmin sahələr nəzərə alınmadıqda isə 104.55 kv.m. təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan xx.xx.2017-ci il tarixli 004 nömrəli Pordat müqaviləsi, həmin müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli Əlavənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. MM-in 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. MM-in 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəylərini əsas götürür. Rəylərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 004 nömrəli müqavilə və həmin müqaviləyə 1 saylı Əlavə üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşən mənzilin yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələri nəzərə alınmaqla ümumi sahəsi 110.4 kv.m., həmin sahələr nəzərə alınmadıqda isə 104.55 kv.m. təşkil edir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alır. Odur ki, mübahisə üzrə mənzilin sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmaqla müəyyən edilən sahə əsas götürülərək həll edilməlidir. Müqavilə üzrə mənzilin yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə nəzərə alınmaqla 110.4 kv.m. olması əsas götürülərək Podratçı tərəfindən müqavilə öhdəliklərinin pozulması xüsusatı müəyyən edilir. Belə ki, müqavilə üzrə təhvil verilməli olan mənzil sahəsi 124.5 kv.m. olmalı olduğu halda, təhvil verilmiş mənzil sahəsi 14.1 kv.m. az sahə təşkil edir. Deməli, müqavilə üzrə iddiaçı tərəfindən 21150 manat (14.1 kv.m. x 1500 manat) artıq pul ödənilmişdir. Müqavilə üzrə təhvil verilmiş mənzil qüsurludur. Belə ki, mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Alqı-satqı zamanı “qüsurlu əşya vermə” dedikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Alqı-satqıya aid olan bu qayda podrata da şamil olunur, çünki podratçının özünün əldə etdiyi materiallardan hazırladığı əvəz edilən əşyanı sifarişçiyə verməsinə alqı-satqı qaydaları tətbiq edilir (MM maddə 752.2). Əşya qüsurlu olduqda alıcı öz seçimi əsasında tələb edə bilər: 1) alış qiymətinin mütənasib olaraq azaldılmasını; 2) qüsurların əvəzsiz aradan qaldırılmasını; 3) qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (MM maddə 587.1). Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir.

1. İmperativ normalar (əgər varsa).

2. Müqavilə şərtləri.

3. Dispozitiv normalar.

4. İşgüzar adətlər.

5. Analogiya (qanunun və ya hüququn). Mübahisə “müqavilə azadlığı” prinsipinin şərtləri çərçivəsində mübahisə həll edilməlidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Göstərilən halların heç biri tərəflər arasındaki müqavilə üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iş üzrə ödənilmiş 180 manat dövlət rüsumunun 153 manat hissəsi cavabdehə aid aid edilməlidir. Aparılmış ekspertizalar üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 21150 (iyirmi bir min yüz əlli) manat pul və ödənilmiş 180 manat dövlət rüsumunun 153 (yüz əlli üç) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-dan 21150 (iyirmi bir min yüz əlli) manat pul və ödənilmiş 180 manat dövlət rüsumunun 153 (yüz əlli üç) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertizalar üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar