Məhkəmə qərarları › İş №e-2(004)-4700/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4700/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4700/2024 04.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh “Cavabdeh”nə qarşı “təhsil haqqından azad etmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh “Cavabdeh”nə qarşı “təhsil haqqından azad etmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödədiyi 2000 manat təhsil haqqının cavabdehdən alınıb ona qaytarılması barədə və “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan məcburi köçkündür. 2021-ci ildə Cavabdeh “Metallurgiya” fakultəsinə ödənişli əsaslarla qəbul olunmuşdur. 2024-cü ilin may-iyul aylarında 3-cü kursu bitirmişdir. İllik təhsil haqqı 2000 manat təşkil edirdi. Qanunvericiliyə əsasən, məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad edilmişlər. Belə ki, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin14 sentyabr 2011- ci il tarixli, 1722 №li Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Qeyd etmişdir ki, onun valideynləri X1 rayonundan məcburi köçkündür, anası X2 isə Ağdam rayonunda məcburi köçkündür. Hər iki valideyni məcburi köçkün olduğuna görə, o da məcburi köçkündür. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Bildirmişdir ki, o, anadan olduğu tarixdən dövlət tərəfindən məcburi köçkünlər üçün təyin edilmiş vahid aylıq müavinət alır. Göründüyü kimi qanunvericiliyin normalarına əsasən o, məcburi köçkün sayılır. Lakin onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi olmadığına görə o, 2021-ci ilin sentyabr ayında Azərbaycan Texniki Univrsitetinə qəbul sənədlərini təqdim edərkən, Universitet təqdim etdiyi məcburi köçkün olmağını təsdiq edən sənədləri nəzərə almadı və valideynlərindən 2000 manat təhsil haqqı ödəməyi tələb etdi. Valideynləri də məcbur qalıb 2000 manat təhsil haqqını Cavabdeh hesabına ödədi. Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ona məcburi köçkün vəsiqəsi vermədiyinə görə atası və o, məhkəməyə iddia ərizəsi ilə müraciət etdilər və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 6070/2022 saylı qərarı ilə iddia təmin edilərək, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. O, 2022- 2023-cü tədris ilində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 6070/2022 saylı qərarını Universitetin kargüzarlığına təqdim etmişdir. Bunun əsasında Universitet rəhbərliyi 2022-2023-cü tədris ili üçün ondan təhsil haqqı tələb etmədi. Məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan sonra Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ona xx.xx.2023-cü il tarixli, AA№ 491013 nömrəli Məcburi Köçkün vəsiqəsi vermişdir. Mən həmin vəsiqəni də Universitetin kargüzarlığına təqdim etmişdir. Hal-hazırda isə Universitetin rəhbərliyi ondan 2022-2023-cü tədris ili üçün 2000 manat təhsil haqqının ödənilməsini tələb edir və əsas kimi o bildirilir ki, o, məcburi köçkün vəsiqəsini 2023-cü ildə almışdır. Lakin bilinməlidir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə o, məcburi köçkün statusunu vəsiqə aldıqdan sonra deyil, anadan olduğu tarixdən almışdır. Belə olduğu təqdirdə ondan təhsil haqqı tələb etmək qanunvericiliyin tələblərinə ziddir. O, xx.xx.2023-cü il tarixli ərizə ilə Cavabdeh rektoru cənab Vilayət Vəliyevə müraciət edərək, təhsil aldığı 2020-2021-ci tədris ili üçün Universitetə ödədiyi 2000 manat təhsil haqqının ona geri qaytarılmasına və onun məcburi köçkün olduğuna görə 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ərizəsi təmin edilməmişdir. Daha sonra o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etmiş və onun təhsil aldığı 2021-2022-ci tədris ili üçün Cavabdehnə ödədiyi 2000 (iki min) manat təhsil haqqının ona geri qaytarılmasına və onun məcburi köçkün olduğuna görə 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi müraciətini “Cavabdeh” Publik hüquqi şəxsinə göndərmişdir. “Cavabdeh” Publik hüquqi şəxsi ona xx.xx.2024-cü il tarixli imtina məktubu göndərərək, müraciətini təmin etməmişdir. Hesab edir ki, onun “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2021-2022-ci tədris ili üçün ödədiyi 2000 manat təhsil haqqının cavabdehdən alınıb ona qaytarılması barədə və “Cavabdeh” Publik hüquqi şəxsin Metallurgiya fakultəsində təhsil aldığı 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyi barədə qətnamə qəbul edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı məcburi köçkün olması ilə bağlı olaraq daxil olduğu Cavabdehnə ödədiyi olan 2000 manat təhsil haqqının Cavabdehndən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və Maliyyə Nazirliyini iş üzrə üçüncü şəxs qismində müəyyən etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Sözügedən məhkəmə işi üzrə tərəflər qismində iddiaçı və Cavabdeh çıxış edir. Maliyyə Nazirliyi müqavilə üzrə hər hansı tərəf qismində çıxış etmir və iddiaçı ilə aralarında hər hansı hüquq münasibətləri mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Lakin yuxarıda göstərilən maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmədən İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “Cavabdeh”nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli fərdi müqaviləyə əsasən ödənişli əsaslarla bakalavriat təhsil alacaq təhsilalan illik 2000 manat olmaqla təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan **********/375109515 nömrəli, 05 mart 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 05 mart 2022-ci il tarixində İddiaçı Cavabdehnə 1000 (bir min) manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan **********/429774508 nömrəli, 17 iyun 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 17 iyun 2022-ci il tarixində İddiaçı Cavabdehnə 999 (doqquz yüz doxsan doqquz) manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan AA serialı ******* nömrəli, xx.xx.2023-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı 29 iyul 2024-cü il tarixli ərizəsinə əsasən onun təhsil aldığı 2021-2022-ci tədris ili üçün Cavabdehnə ödədiyi 2000 (iki min) manat təhsil haqqının ona geri qaytarılması və onun məcburi köçkün olduğuna görə 2022-2023-cü tədris ili üçün təhsil haqqından azad edilməyinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan “Cavabdeh” publik hüquqi şəxsin vətəndaş müraciətinə baxılması barədə xx.xx.2024-cü il tarixli məktubuna uyğun olaraq, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdən verilmiş məcburi köçkünlük vəsiqəsi əsasında İddiaçı 2023-2024-cü illər üzrə təhsil haqqından azad olunması müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2021-ci il tarixdə X8 tərəfindən Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanı nəticəsində topladığı balla “Cavabdeh”nin “Metallurgiya” fakultəsinə ekologiya mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsinə əyani təhsilalma forması üzrə ödənişli əsaslarla daxil olmuş, tərəflər arasında ödənişli əsaslarla təhsilalma haqqında müqavilə bağlanmış və 2021/2022-ci tədris ili üçün 2000 (iki min) manat ödəniş həyata keçirilmişdir. Göründüyü kimi tərəflər arasında münasibətlər müqavilə əsasında tənzimlənmişdir. Daha sonra Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-6070/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı məcburi köçkün statusunun verilməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara almışdır. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və X5 sektorunun xx.xx.2023-cü il tarixli qərarı əsasında tərəfindən ona AA serialı ******* nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Həmin tarixdən təhsil haqqını ödəməkdən azad edilmişdir. Bütün bunlar işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, həmçinin onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) həvalə edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 1.1-ci bəndinin tələbinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Komitə qəbul edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Qaydaların 2.1-ci bəndinə görə “məcburi köçkün” statusunu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Qaydaların 2.6-cı bəndinə görə “məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Qaydaların 3.3-cü bəndinə görə şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 3.4-cü bəndinə görə şöbə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi haqqında qərarın qanunvericiliyə uyğunluğuna görə bilavasitə məsuliyyət daşıyır. Qaydaların 3.5-ci bəndinə görə “məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır. Qaydaların 3.6-cı bəndinə görə “məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir. Məhkəmə iddiaçının iddia tələbi münasibətdə qeyd edir ki, İddiaçı məcburi köçkün statusunu əldə etməmişdən əvvəl müqavilə əsasında ödəmiş olduğu 2000 manat məbləğində təhsil haqqını tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-6070/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və X5 sektoru tərəfindən xx.xx.2023-cü il tarixdə AA serialı ******* nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Göründüyü kimi İddiaçı məcburi köçkün statusu məhkəmə qərarı əsasında verilmişdir. Təhsil alanın ödənişli təhsildən azad edilməsi imtiyazı da Sərəncamda məhz statusun verilməsi ilə şərtləndirilmişdir. İddiaçının da bu imtiyazı Bakı İnzibatı Məhkəməsinin 2-1(112)-6070/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı və həmin qərara uyğun Komitənin xx.xx.2023-cü il tarixli qərarından sonra yaranmışdır. Odur ki, İddiaçı 2021/2022-ci təhsil ili üçün ödəmiş olduğu təhsil haqqından məcburi köçkün statusu verilmədən məcburi köçkün kimi azad edilmiş hesab edilə bilməz. Bu səbəbdən iddiaçının məcburi köçkün statusu verilməmişdən əvvəl müqavilə əsasında ödəmiş olduğu təhsil haqqını geri tələb edilməsinin hüquqi əsası yoxdur. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qərarının 2-ci hissəsinə əsasən “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4.-cü bəndində göstərilən sənədləri elektron və ya qeyri-elektron formada (bu Qaydalara əlavə olunmuş 1 və 2 nömrəli formaya uyğun olaraq) bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim edir. Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir. Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi “Məcburi köçkün” statusu almaq üçün müvafiq dövlət orqanında qeydiyyatdan keçmək və müvafiq ərizə ilə müraciət etmək lazımdır. Qeyd edilir ki, hazırki iş üzrə müvafiq hallarla bağlı iddiaçı tərəfindən aidiyyəti orqana müraciət edilməsi faktı üniversitetlə müqavilə bağlanandan sonra baş vermişdir. Eyni zamanda iddia ərizsəində qeyd edildiyi kimi “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə müraciətə baxılması nəticəsində Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş imtinadan məhkəməyəverilmiş iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6070/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı əsasında inzibati orqanın üzərinə “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulmuş və müvafiq vəsiqə xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 14.8-1.6-cı maddəsinə əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlarının təhsil haqqı sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Belə ki, qanunvericiliyin sadalan normalarının tələbi, işin hüquqi və faktiki halları onu deməyə əsas verir ki, şəxs müvafiq vəsiqənin verildiyi tarixdən məcburi köçkün kimi tanınmış və ona münasibətdə qanunvericilikdə məcburi köçkünlərə verilmiş hüquqlar həmin tarixdən etibarən yaranmışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh “Cavabdeh”nə qarşı “təhsil haqqından azad etmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh “Cavabdeh”nə qarşı “təhsil haqqından azad etmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar