Məhkəmə qərarları › İş №e-2(004)-4740/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4740/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4740/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında plastik kartdan istifadə ilə bağlı müqavilə vardır və Cavabdeh plastik kart istifadəçisidir. Cavabdeh özünə məxsus kart hesabında özünə məxsus olmayan bank vəsaitini bir neçə dəfə əməliyyat apararaq istifadə etmişdir. Nəticədə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1187,75 (min yüz səksən yeddi manat yetmiş beş qəpik) manat zərər vurmuşdur. Cavabdehə pulun geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, müsbət nəticə əldə edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasındakı xx.xx.2020-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilənin 3.8-ci maddəsinə əsasən, hesabında texniki overdraft yarandığı halda Müştəri Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda Bank Müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra və/ və ya yaranmış borcu akseptsiz qaydada silinməklə ödənilməsini təmin edə bilər. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində yaranmış pul vəsaiti başa düşülür. Həmin müqavilənin 4.2-ci bəndində müqavilə tərəfin olan Müştərinin öhdəlikləri qeyd edilmişdir. Belə ki, müqavilənin 4.2.2-ci bəndinə əsasən müəyyən edilir ki, Müştəri kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir, dərhal banka geri qaytarır. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh qalıq borcu 1187,75 (min yüz səksən yeddi manat yetmiş beş qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin hüquqi əsasını İddiaçı ASC ilə cavabdeh Məmmədov X1 arasındakı xx.xx.2020-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilənin 3.8 və 4.2.2-ci bəndləri təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir- çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur və hazırki mübahisənin faktiki və hüquqi halları həmin müqavilə ilə tənzimlənir. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Cavabdeh texniki overdraft nəticəsində əldə etdiyi məbləği bank qarşısında müqavilə öhdəlikləri üzrə geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və nəticədə iddiaçıya 1187,75 (min yüz səksən yeddi manat yetmiş beş qəpik) manat maddi zərər vurmuşdur. Əgər vəsait Cavabdeh tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Belə ki, müqavilənin 4.2.1-ci bəndinə əsasən Cavabdeh ödəniş kartı hesabına bağlı əsas və əlavə kartlara görə bu müqavilə çərçivəsindən məsuliyyət daşıyır. Həmin müqavilənin 4.2.4-cü bəndinə əsasən, Kart və FİN kodu heç kimə verməmək, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirlər görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır). Kart üzrə Müştəri qismində Cavabdeh çıxış edir. Beləliklə, Tərəflər arasındakı xx.xx.2020-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilənin 3.8 və 4.2.2-ci bəndləri iddianın faktiki və hüquqi əsasları eyni eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddiaçı tərəfindən ödənilmiş 31,88 (otuz bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1187,75 (min yüz səksən yeddi manat yetmiş beş qəpik) manat pul və ödənilmiş 31,88 (otuz bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1187,75 (min yüz səksən yeddi manat yetmiş beş qəpik) manat pul və ödənilmiş 31,88 (otuz bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar