Məhkəmə qərarları › İş №e-2(004)-4741/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4741/2022

13.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4741/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 Xidməti cəlb olunmaqla Cavabdehinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehinin 76/İR nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, iş yerinə bərpa olunması, habelə iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi və ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehi xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı 13 yanvar 2020-ci il tarixdən etibarən İnnovasiyalar Agentliyində sürücü vəzifəsində işləmişdir. O, işlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş və barəsində heç bir intizam və digər tədbirlər görülməmişdir. O, sürücü olduğu üçün daim müxtəlif yerlərə getmiş və lazımi əmrləri yerinə yetirmişdir. Lakin, heç bir əsas olmadan İnnovasiyalar Agentliyinin təsviyəçisi İnarə Vəliyevanın xx.xx.2022-ci il tarixli, 76/İR nömrəli əmri ilə “İddiaçı guya 2022-ci ilin iyun ayının 01, 02, 03, 06 və 07 günlərində heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlməməsi” əsas gətirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən o, vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Həmin əmr işçinin hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, şəxs sürücü olduğu və vəzifə səlahiyyətlərini qanunvericiliyə əsasən yerinə yetirdiyi halda, barəsində xəbəri olmadan belə bir əmr verilməsi həm qanunsuz, həm də ədalətsiz olmuşdur. Həmçinin, bildirmək istəyir ki, həmin əmrin verildiyi 14 iyun 2022-ci il tarixdə təsviyəçi İnarə Vəliyevanın belə bir əmr vermək səlahiyyəti olmamışdır. O, öz vəzifə səlahiyyətlərini aşaraq qanunsuz əmr qəbul etmişdir. Buna görə də həmin əmr məhkəmə qaydasında ləğv edilməli və işçi öz iş yerinə bərpa edilməlidir. Həmçinin hesab edir ki, X2 İttifaqı Komitəsinin razılığı qanuni olmamışdır və onlar bu razılığı verərkən şəxsi dindirməmiş, işin hallarını araşdırmamış və müvafiq hərəkətlər etməmişlər. Əlavə olaraq qeyd etmək istəyir ki, əgər hətta cavabdeh orqanın qanuni əmr verdiyini düşündü halda belə, şəxsin 01 iyun tarixindən 07 iyun tarixə qədər işə gəlmədiyi halda niyə məhz 14 iyun tarixində işdən azad edilmə barədə əmr imzalandığı da sual doğurur. Belə olan halda şəxs ilə olan əmək müqaviləsi 07 iyun tarixdə ləğv edilməli idi. Lakin, 7 gün sonra belə bir əmrin verilməsi həmin əmrin qanuni olmamasını göstərir. Suala cavab olaraq bildirir ki, iddiaçının işdə olması ilə bağlı şahid dəvət edə bilər. Yol vərəqəsinin olmasından məlumatı yoxdur, amma yol vərəqəsi aylıq verilir, ola bilər onlar yol vərəqəsini verməmişlər. Sürücüyə əgər tapşırıq verilmirsə, sürücü gözləyir. Sürücüyə hansı tapşırıq verilirsə onu yerinə yetirir. Ola bilər ki, sürücü həyətdə gözləsin, ola bilər kənarda gözləsin, ola bilər başqa binada gözləsin. Əmək müqaviləsi iddiaçıda yoxdur, işəgötürən iddiaçıya verməmişdir. İddiaçı ona görə işə bərpa olunmalıdır ki, aktlardan iddiaçının xəbəri olmamış və ona bildirilməmişdir, həmçinin Həmkarlar İttifaqı bununla bağlı heç bir fəaliyyət aparmamışdır. Protokoldan da görünür ki, çox sadə aparılmışdır, iddiaçı və ya onun nümayəndəsi dəvət olunmamışdır, iclas qısa şəkildə olmuş və ancaq öz nümayəndələrindən ibarət olmuşdur. Həmçinin, İnnovasiyalar Agentiyinin sədrini nizamnamənin 4.3-cü bəndinə əsasən AR Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin 8-ci maddədə göstərilir ki, Agentliyin ləğvi və yenidən təşkilini AR Prezidenti həyata keçirə bilər. Tural Kərimli AR Prezidenti tərəfindən vəzifəyə təyin olunsa da, onun vəzifədən azad edilməsi ilə bağlı hansısa sərəncam yoxdur. Ona görə hesab edir ki, o, vəzifəsini qanuni olaraq həyata keçirir. Əgər idarə heyətinin sədri vəzifəsindən azad edilməyibsə, təsviyəçinin də belə bir əmr vermək səlahiyyəti yox idi. Böyükbəy də birbaşa idarə heyətinin sədri Tural Kərimlinin sürücüsü olduğu üçün birbaşa ona tabe idi və onun əmrlərini yerinə yetirmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı 12 yanvar 2020-ci ildə sürücü vəzifəsinə işə qəbul olmuşdur. Sürücü birbaşa əmək vəzifəsinə görə inzibati idarəetmə departamentinin şöbəsinin müdirinə tabedir. Tural Kərimliyə tabe deyildir. Ayın 1, 2, 3, 6, 7-i müəssisədə intizam qaydaları yoxlanışı keçirilmişdir. Bu yoxlama gün ərzində 3 dəfə keçirilmişdir. Həmin müddətdə müəyyən edilmişdir ki, İddiaçı iş yerində yoxdur. Sonra İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır ki, niyə görə işə gəlmir. Məsələn ola bilər ki, xəstədir və ya başqa üzrlü səbəbi var. Lakin, məlum olmuşdur ki, onun heç bir üzrlü səbəbi yoxdur, sadəcə olaraq işə gəlmir. O, işə dəvət olunmuşdur. Ayın yeddisi saat 12-də işə gəlmişdir, 1 saat işdə olmuşdur. Həmin 1 saat ərzində ona aktlar təqdim edilmişdir ki, o, həmin tarixlərdə işdə olmamışdır. Aktlarla tanış olmuşdur, imza atmamışdır. Şəxsən özü hüquq şöbəsinin müdiri kimi onunla danışmışdır ki, nə üçün belə hallar baş verir, nəyə görə işə gəlməli deyil. Onu heç kim işdən çıxarmaq niyyətində olmamışdır. Sadəcə olaraq, ona bildirilmişdir ki, onun idarəetməsində olan nəqliyyat vasitəsi müəssisənin qarajındadır. İstənilən an qayıdıb işinə sürücülük vəzifəsini yerinə yetirə bilər. Yox, əgər işləmək istəmirsə, onda ona təklif edilmişdir ki, öz xahişi ilə çıxa bilər. Ya işə gəlməlidir, ya da gəlmirsə getməlidir, başqa variantı yoxdur. İddiaçı ondan sonra nə işə gəlmiş, nə bir xəbər vermişdir ki, nədir, nə deyil. Ona görə Həmkarlar İttifaqına müraciət edilmişdir. Həmkarlar İttifaqının sədri İddiaçılə şəxsən əlaqə saxlamış və ayın 7-si İddiaçı orada olanda onunla da görüşmüşdür, söhbət etmişdir. Çünki, Həmkarlar İttifaqının sədri eyni zamanda İddiaçı birbaşa müdiridir. Yəni, inzibati idarəetmə şöbəsinin müdiridir. O da onunla müvafiq izahat işləri aparmağa çalışmış, amma heç bir şeyə nail olmamışdır. Ayın 8-də olası iclasa şifahi olaraq dəvət etmişdir, yenə də gəlməmişdir. Onun iştirakı olmadan X6 iclas keçirmiş və müvafiq razılığını müəssisəyə təqdim etmişdir. Müəssisə yenə də buna baxmayaraq, İddiaçı işə qaytarmağa çalışmışdır, amma heç bir şey alınmadığına görə artıq iyulun 14-ü müvafiq əmr verilmişdir. İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Prezidentin 1464 nömrəli fərmanına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 3 müəssisəsi birləşmə yolu ilə yenidən təşkil nəticəsində İnnovasiyalar və X9 yaradılmışdır. Bu 3 müəssisədən biri də İnnovasiyalar Agentliyidir. Həmin fərmanın 7-ci bəndinə əsasən fərmandan irəli gələn məsələlərin həlli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq əmrində müəssisəyə təsviyəçi təyin etmiş, birinci təsviyəçi nazirliyin hüquq şöbəsinin müdiri Elmin Məmmədov olmuşdur. Müvafiq ərizə ilə İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət olunmuş, Dövlət Vergi Xidməti də müvafiq araşdırma apardıqdan sonra dövlət reyesterinə müvafiq düzəlişlər etmişdir, Elmin Məmmədovu qanuni təmsilçi qismində qeyd etmişdir. Mart ayında nazirin müvafiq əmri ilə təsviyəçi dəyişdirilmiş və hazırki təsviyəçi təyin edilmiş və müvafiq düzəlişlər də dövlət reyesterinə alınmışdır. Mülki Məcəlləyə əsasən təsviyəçi təyin olunanda müəssisənin idarəetmə səlahiyyətləri tamamən təsviyəçiyə keçir. Bu səbəbdən də hesab edir ki, İnarə Vəliyeva tərəfindən verilmiş əmr tam qanuni əmrdir. Suala cavab olaraq bildirir ki, Böyükbəy ancaq ayın 7-də işə gəlmişdir və 1 saat, yəni saat 12-dən 1-ə qədər işə gəlmişdir. Bina icarə əsasında faəliyyət göstərir, giriş-çıxışda kart sistemi mövcud deyil, amma sürücülər üçün otaq mövcuddur. Yəni, sürücülərin işi olmayanda həmin otaqda oturub gözləməlidirlər. Orada müvafiq divan da var, hətta uzanmaqlarına da icazə verilmişdir. Amma otaqların bölgüsü barədə təlimat yoxdur. İddiaçı Tural Kərimliyə xidmət etdiyini bildirirdi. İddiaçı Tural Kərimlinin deyil, müəssisənin sürücüsüdür, onun idarə etdiyi avtomobil müəssisənin qarajında yerləşir. Məlum oldu ki, o, Tural Kərimlinin şəxsi avtomobilini idarə edir. Tural Kərimlinin şəxsi avtomobilini idarə etmək onun vəzifə borcu deyil. O da ona izah etmişdir ki, o, işə çıxmalıdır. Yox əgər, Tural Kərimli ilə işləmək istəyirsə, ərizəsini yazıb getməlidir. İddiaçı işə gəlmək niyyətini göstərməmişdir. İzahat işi aparılarkən də ona deyilmişdir ki, onun iş yeri İnnovasiyalar Agentliyində olduğuna görə səhər saat 6-dan axşam 9-a qədər burada xidmət etməlidir. Bu onun diqqətinə dəfələrlə çatdırılmışdır. Onu işdən çıxarmaq niyyəti olmamışdır. Şərait yaratmaq istəyirdilər ki, gəlsin işini işləsin. Onlar müxtəlif obyektlərə gedir, onlara daim sürücü lazımdır. Sürücü olmadıqda işləri düzgün getmir. İddiaçı işə çıxmaması nəticəsində hansısa işçi işlə bağlı harasa getdikdə məcbur qalıb şəxsi avtomobili ilə gedir və o da işçinin cibinə ziyandır. İddiaçı barəsində başqa intizam təqbiri görməmişlər. 5 iş günü ard-arda iddiaçı işə çıxmamışdır. Əmək Məcəlləsi də imkan verir ki, 1 gün üzrsüz səbəbdən işdə olmamaq səbəbindən inzibati tənbehin 3-ündən birini tətbiq etmək işəgötürənin hüququdur. İddiaçı ancaq Tural Kərimlinin sürücüsü idi, amma hətta Tural Kərimlinin vaxtında da ehtiyac olduqda Tural Kərimlinin icazəsi ilə digər işlərin ardınca da sürürdü. Yol vərəqəsi adətən aylıq verilir, hara gedəcəyi isə yol vərəqəsində qeyd edilmir. Həmin ay işdə olmadığı üçün iddiaçıya yol vərəqəsi verilməmişdir. Ayın 1-dən işdə olmamışdır. Əmək müqaviləsində iddiaçının vəzifələri ilə tanış deyil, amma ən azından vəzifəsi sürücü kimi qeyd edilmişdir. Tural Kərimli fevral ayından yoxdur. Tural Kərimlinin səlahiyyətinə xitam verilməsə də, agentliyin təsisçisi dövlət olduğuna görə təsisçinin 4 funksiyası cənab Prezidentə məxsusdur. Təsisçinin digər funksiyaları o dövrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. 1464 nömrəli fərmanı verməklə cənab X3 aid öz səlahiyyətini tamamilə nazirliyə keçirmiş oldu və nazirlik də təsviyəçi təyin etmişdir. Çünki, müəssisə yenidən təşkili nəticəsində ləğvetməyə gedir. Təsviyəçiyə də Mülki Məcəlləyə əsasən bütün müəssisənin idarəetmə səlahiyyətləri keçirilmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdehi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020ci il tarixli, 42 nömrəli əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdehinin X8 şöbəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir. Müqavilə birinci ay sınaq müddəti olmaqla xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan X5 Resursları şöbəsinin müdiri tərəfindən tərtib edilmiş və Hüquq şöbəsi və İnzibati İdarəetmə şöbəsinin aparıcı mütəxəssisi tərəfindən təsdiq edilmiş xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlara əsasən həmin tarixlərdə saat 09:10-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində İddiaçı iş yerində olmadığı müəyyən edilmişdir. Həmin tarixlərdə saat 11:00-da, 14:05-də və 17:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş gününün sonuna kimi iş yerində olmaması təsbit edilmişdir. İş materiallarında olan eyni məzmunlu xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022ci il tarixdə saat 09:10-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində İddiaçı iş yerində olmadığı müəyyən edilmişdir. Qeyd edilən halın cari ilin 01 iyun tarixindən baş verdiyi nəzərə alınaraq işdə olmamasının səbəblərinin aydınlaşdırılması məqsədilə İddiaçıla (050)- 5960948 telefon nömrəsi ilə bir daha əlaqə saxlanılmışdır. Telefon danışığının nıticəsi olaraq İddiaçı həmin gün saat 12:00-13:00 radələrində iş yerinə gəlmiş, işdə olmadığı müddətlərdə tərtib edilmiş aktlarla tanış olmuşdur. Ona işdə olmadığı günlərin üzrlü səbəblərdən baş verdiyi halda təsdiq edən sənədin təqdim edilməsi təklif edilmiş, lakin o üzrlü səbəbinin olmadığını bildirmişdir. Belə olan halda ondan yazılı verilməsi tələb edilmiş, lakin o, yazılı izahat verməyəcəyini bildirmişdir. Həmin gün saat 14:00-da və 17:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş gününün sonuna kimi iş yerində olmaması müəyyən edilmişdir. İş materiallarında olan X2 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 10 saylı iclasının protokolundan çıxarışın surətinə əsasən İnnovasiyalar Agentliyinin təsviyəçisinin 3-D nömrəli, xx.xx.2022-ci il tarixli təqdimatına əsasən X1 İnzibati idarəetmə şöbəsinin sürücüsü İddiaçı heç bir üzrlü səbəb olmadan 01, 02, 03, 06 və 07 iyun tarixlərində işə gəlməməsini və bunun müvafiq aktlarla təsdiq edildiyini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə müsbət rəy verilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 76/İR əmrə əsasən Cavabdehinin X8 şöbəsinin sürücüsü vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə ğhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və işçiyə son haqqhesabın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə-187/21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin 1.2-ci bəndinə əsasən X4 Hüquqi Şəxsinin yenidə təşkilinin həyata keçirilməsi ilə əlaqədar onların dövlət qeydiyyatının ləğv edilməsindən irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə Elmin Məmmədov, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının Hüququ şöbəsinin müdiri təsviyəçi olaraq təyin edilmişdir. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə-187/21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, Ə-41/22 nömrəli əmrinə əsasən Ə-187/21 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin 1.2-ci bəndində “Elmin Məmmədov, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının Hüququ şöbəsinin müdiri” səzləri “İnarə Vəliyeva, "xxxx" MMC-nin İdarə Heyətinin üzvü” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən Cavabdehinin qanuni təmsilçisi X10r. İşin müəyyən olunan halları odur ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə müddətli – xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdehinin X8 şöbəsinin sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti bitmiş, lakin əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixə uzadılmış, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyindən müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşçinin iş vaxtı iş yerində olmaması barədə 01, 02, 03, 06 və 07 iyun tarixlərdə aktlar tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tarixdə vəzifədən azad edilmişdir. İşdən azad edilərkən işçiyə son haqq-hesab ödənilmişdir. Hazırda iddiaçı mübahisə predmeti olan əmri imzalayan İnarə Vəliyevanın belə bir əmr vermək səlahiyyəti olmadığını əsas gətirərək onunla cavabdeh arasında bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir və cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin etibarsız hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı təsviyəçi İnarə Vəliyevanın xx.xx.2022-ci il tarixli əmri imzalamaq səlahiyyətinin olmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli əmr imzalanarkən İnarə Vəliyevanın buna səlahiyyəti olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işdən azad olunması qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Belə ki, iddiaçının iş vaxtı iş yerində olmaması barədə aktlar tərtib edilmiş və aktda işçinin gəlib aktlarla tanış olması qeyd edilmişdir. İddiaçı isə sözügedən tarixlərdə işdə olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, bir idarənin sürücüsünün günlərlə işə gəlməməsinin işin normal ahənginin pozulmasına səbəb olması mümkündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X6nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehinə qarşı Cavabdehinin 76/İR nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, iş yerinə bərpa olunması, iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi və ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehinə qarşı Cavabdehinin 76/İR nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, iş yerinə bərpa olunması, iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi və ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar