Məhkəmə qərarları › İş №e-2(004)-4759/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4759/2023

13.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4759/2023 13.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 023/351 nömrəli əmri ləğv edilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-ci il tarixdə 507 saylı əmək müqaviləsi bağlayaraq Cavabdehndə “adviser” vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Daha sonra o, cavabdeh müəssisədə müxtəlif vəzifələrdə çalışmış, sonuncu vəzifəsi isə xx.xx.2014-cü il tarixdən “dövlət orqanları ilə əlaqələrin tənzimlənməsi üzrə menecer” vəzifəsi olmuşdur. Beləliklə, iddiaçının Cavabdeh MMC-də olan ümumi əmək stajı 10 il 21 gün, sonuncu tutduğu vəzifədəki stajı isə 9 il 3 ay 23 gün təşkil etmişdir. O, işlədiyi müddət ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə vəzifələrini layiqincə yerinə yetirmiş, kollektivdə nümunəvi işçi kimi fərqlənmiş və əmək fəaliyyəti dövründə heç bir intizam tənbehi almamışdır. Təxminən 28 iyun 2023-cü il tarixdə müəssisə rəhbərliyinin qərarı ilə iddiaçının çalışdığı şöbənin başqa bir şöbəyə birləşdirilməsi qərara alınmış, iddiaçı isə bunun təşkilati-ştat cədvəlinə və çalışdığı şöbədə yerinə yetirilən işlərin xüsusiyyətindən irəli gələrək düzgün olmadığını bildirmişdir. Onun bu mövqeyi müəssisə rəhbərliyi tərəfindən xoş qarşılanmadığından həmin vaxtdan etibarən ona qarşı qərəzli mövqe nümayiş etdirilməyə başlanmışdır. Bundan sonra, Cavabdeh MMC-nin “023/330” nömrəli, 20 iyul 2023-cü il tarixli əmri ilə iddiaçının tutduğu vəzifə, yəni “dövlət orqanları ilə əlaqələrin tənzimlənməsi üzrə menecer” vəzifəsi ixtisar edilmişdir. O, ştat ixtisarının qanunsuz olduğu barədə dəfələrlə öz mövqeyini nümayiş etdirsə də, müəssisə rəhbərliyinin öz mövqeyindən dönmədiyini gördüyündən məsələni məhkəmə müstəvisində həll etmək üçün ştat ixtisarı barədə xəbərdarlıq bildirişinə imza etməklə bildirişi qəbul etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, 023/351 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək işdən çıxarılmışdır. Cavabdeh MMC ştat ixtisarı həyata keçirilməsinə baxmayaraq Əmək Məcəlləsinin 71-ci maddəsinə nəzərdə tutulmuş tədbirləri həyata keçirməmişdir. Hətta vəzifə ştatı ləğv edilərkən iddiaçıya tutduğu vəzifəyə uyğun gələn başqa vəzifəyə və ya ümumiyyətlə müəssisədə olan başqa vakant vəzifəyə keçirilməyi barədə heç bir təklif irəli sürülməmişdir. Bununla da Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin birinci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Cavabdeh MMC-nin həyata keçirdiyi ştat ixtisarı zamanı isə iddiaçının tabeçiliyində işləyən əməkdaşların ştatı saxlanılmış, lakin onun tutduğu vəzifə ştatı ləğv edilmişdir. İddiaçı müəssisədə işlədiyi 10 ildən artıq müddətdə əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirmiş və əmək fəaliyyəti dövründə heç bir intizam tənbehi almamışdır. Bütün bunlar da öz növbəsində onun qərəzli olaraq işdən çıxarıldığını sübut edir. İddiaçının cavabdehdən aldığı 24 iyul 2023-cü il tarixli bildirişin birinci abzasında onun tutduğu vəzifə ştatının xx.xx.2023-cü il tarixdən etibarən ləğv ediləcəyi göstərilsə də, xx.xx.2023-cü il tarixli əmrlə onun tutduğu vəzifə ixtisar edilmişdir. Beləliklə, xəbərdarlıq bildirişində göstərilən tarixlə ştat ixtisarı əmrinin verildiyi tarix arasında ziddiyyət nəzərə çarpır. Əmrdə iddiaçının tutduğu vəzifənin ixtisar edilməsinin zəruriliyi “əsaslandırılsa” da, həmin “əsaslandırma” yalnız sözlərdən ibarət olmuşdur. Belə ki, iddiaçının hazırda da çalışdığı şöbənin bir neçə dövlət orqanı ilə qarşılıqlı işlərin görülməsi ilə bağlı tədbirlər yarımçıq qalmışdır. Məlumdur ki, müəssisədə idarəetməni təkmilləşdirmək, izafi xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir neçə struktur bölmənin və müvafiq olaraq ştat vahidlərinin ləğv edilməsi barədə işəgötürən tərəfindən qərar qəbul edilə bilər. Ştat ixtisarı müəssisənin işinin yaxşılaşdırılması və onun daha ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə tədbirlərdən biri olduğundan bu əsas üzrə daha aşağı ixtisaslı işçilərlə əmək müqaviləsi ləğv olunmalıdır. Lakin, hazırki vəziyyətdə tamamilə bunun əksi görünür. İddiaçıya münasibətdə həyata keçirilmiş ştat ixtisarı yuxarıda qeyd olunan məqsədlərə deyil, subyektiv əsaslara söykənməklə sırf onun müəssisədən kənarlaşdırılmasına yönəlmişdir. Cavabdeh MMC-nin “023/330” nömrəli, 20 iyul 2023-cü il tarixli əmri ilə onun tutduğu vəzifə, yəni “dövlət orqanları ilə əlaqələrin tənzimlənməsi üzrə menecer” vəzifəsi ixtisar edilmişdir. Belə ki, əmrdə ixtisar edilən ştatlarla yanaşı işdən çıxarılan işçilərin də adı göstərilmişdir. Beləliklə, bütün bu hallar həmin əmrin məhz iddiaçının tutduğu vəzifə ştatının ixtisar edilməsi və onun işdən çıxarılması məqsədilə verildiyini açıq şəkildə göstərir. AR Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmək müqaviləsi ləğv edilən gün, ay və il. Həmin maddənin ikinci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İddiaçı ilə bağlanmış xx.xx.2013-ci il tarixli, 507 saylı əmək müqaviləsinə xitam verilməsinə dair 023/351 nömrəli əmrin tarixi 24 sentyabr 2023cü il göstərilmişdir. Həmçinin, həmin əmrdə işdən çıxarılma tarixi 25 sentyabr 2023-cü il göstərilmişdir. Lakin, faktiki olaraq iddiaçının müəssisədəki əmək fəaliyyətinə 24 iyul 2023cü il tarixdən xitam verilmişdir. Bununla da, Cavabdeh MMC Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozmaqla qanunsuz əmr vermişdir. Əmrin qanunsuz olduğunu göstərən digər hal ondan ibarətdir ki, həm iddiaçıya verilmiş rəsmi xəbərdarlıq, həm işdən çıxarılmağı ilə bağlı əmr, həm də əmək kitabçasında müvafiq qeydlər hamısı eyni gündə, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. Bütün bunlar, yəni eyni gündə 2 əmrin (sənədin) hazırlanaraq imzalanması, eləcə də əmək kitabçasında eyni gündə zəruri qeydlərin aparılması məqsədli və həmin əmrlərin qərəzli olmaqla bərabər, idarəetmənin mövcud qanunvericiliyinin tələblərinə və idarəetmə strukturunun səmərəli surətdə təkmilləşdirilməsinə deyil, şəxsi və subyektiv mülahizələrə uyğun şəkildə olmasını əyani şəkildə sübut edir. İddiaçı cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də, keçirilmiş mediasiya prosesində tərəflər arasında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı” adlanan 18.2-ci maddəsinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Həmin qanunun 18.3-ci maddəsinə görə işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əmək haqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər. Göstərilən maddədəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) funksiyasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 həyata keçirir. Buna görə də cavabdehin DMA-nə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi barədə rəsmi məlumat verib-verməməsi və “Əmək müqaviləsi bildirişi” altsistemində ştatların ixtisar edilməsi və yenidən yaradılması haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DMA-ya tərəfindən xx.xx.2023-cü il tarixdə vəkil sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq X1 xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Agentlikdə Cavabdeh MMC tərəfindən həm xx.xx.2023-cü il tarixinədək, həm də xx.xx.2023-cü il tarixindək ştat ixtisarları və yeni ştat cədvəlinin təqdim edilməsi barədə məlumat aşkarlanmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiçıın əmək müqaviləsinə qanunla nəzərdə tutulmuş əsaslarla xitam verilmişdir. Vakant vəzifə olmadığından, iddiaçıya anoloji vəzifənin tutulması təklif edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 18. Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı 18.2. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. 18.3. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər. 18.4. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər. İş materiallarına əlavə edilmiş : "xxxx" MMC –nin 03 iyul 2023-cü il tarixli 023/283-1 saylı əmrindən görünür ki, cəmiyyətin yeni təşkilatı strukturunun təsdiq edilməsi, dövlət orqanları ilə əlaqələrin tənzimlənməsi şöbəsinin ləğv olunması, dövlət orqanları ilə əlaqələrin tənzimlənməsi üzrə menecer, məsləhətçi və köməkçi ştatlarının ixtirası qərara alınmışdır. Həmin əmrdə iddiaçının və digər ştatların hansı tarixdən ixtisar edilməsi göstərilməmişdir. 03 iyul 2023-cü il tarixdə iddiaçının tutduğu ştatın ixtisarı barədə ümumi əmr verilməsinə baxmayaraq 20 iyul 2023-cü il tarixdə yenidən ştatın ixtisarı barədə 023/330 saylı əmr verilmiş və bu əmrdə də iddiaçının tutduğu ştat vahidinin hansı tarixdən ixtisarı göstərilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 iyul 2023-cü il tarixli rəsmi bildirşdə (Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində nəzədə tutulmuş qaydada) isə iddiaçının tutduğu ştat vahidinin 26 sentyabr 2023-cü il tarixdən ixtisar ediləcəyi göstərilmişdir. 24 sentyabr 2023-cü il tarixli 023/351 saylı əmrdən görünür ki, iddiaçı ilə bağlanmış 02 iyul 2013-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 25 sentyabr 2023-cü il tarixdən etibarən xitam verilmişdir. 29 sentyabr 2023-cü il tarixli 023/530 saylı əmrdən görünür ki, 24 sentyabr 2023-cü il tarixli 023/351 saylı əmrə düzəliş olunaraq əmrin tarixinin və iddiaçının əmək müqaviləsinə xitam verilməsi tarixlərinin “24 iyul 2023-cü il” tarixi kimi oxunması əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 3-17-2/2-60060/2023 saylı məktubundan görünür ki, Agentlikdə Cavabdeh MMC tərəfindən ştat ixtisarları və yeni ştat cədvəllərinin təqdim edilməsi barədə məlumat aşkarlanmamışdır. İddiaçının işdən çıxarılması barədə əmrdə 03 iyul 2023-cü il tarixli əmrə istinad olunmamışdır. İddiaçıın tutduğu ştatın ixtisarı barədə 20 iyul 2023-cü il tarixli əmrdə də həmin 03 iyul 2023-cü il tarixli əmrə istinad edilməmişdir. Bundan əlavə iddiaçının işdən çıxarılması barədə əmrdə onun xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 mislinin ona verilməsi barədə razılıq ərizəsi də göstərilməmiş və belə bir ərizəsi alınmamışdır. Halbuki Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsində əmək müqaviləsinin ləğv edilməsinin əsasları göstərilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərliən halların iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmrində göstərilməməsi həmin əmrin etirabsız olmasını təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir, iddiaçı işə bərpa edilməli və ona məcburi işburaxa müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar... Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən və iddia təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli (24 iyul 2023-cü il tarixə düzəliş olunmuş), 023/351 nömrəli əmri ləğv edilsin, İddiaçı dövlət orqanları ilə əlaqələrin tənzimlənməsi üzrə menecer vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Cavabdehndən 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar