Məhkəmə qərarları › İş №e-2(004)-477/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-477/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-477/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə cəmi 29414,53 manat borc olmaqla – bundan 16390,59 manat əsas və 12722,98 manat faiz borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 300,96 manat faiz borcu, iş üzrə ödənilmiş 178,24 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 7, 32 saylı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 06062018/108239 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kreditin qaytarılmasının təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 7, 32 saylı mənzil ipotekaya qoyulmuşdur.Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək və mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş : İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 06062018/108239 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təqdim edilmiş notariat işindən görünür ki, reyestrdə 3M-447 nömrə ilə qeydə alınmış LPO İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 7, 32 saylı mənzilini xx.xx.2018-ci il tarixli, 06062018/108239 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə banka ipotekaya qoymuşdur. Eyni zamanda həmin notariat işindən görünür ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldikdə və o satlıdıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş (yazılı ərizələr) öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1098 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli 06062018/108239 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 LPO İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) olan borcu əsas borc üzrə 16298,68 manat, faiz borcu üzrə 11117,51 manat olmaqla, cəmi 27416,19 manat, xx.xx.2022-ci il tarixə (iddia tarixinə) (ekspert rəyində iddia tarixi səhvən xx.xx.2021-ci il tarixi kimi göstərilmişdir) isə əsas borc üzrə 16298,68 manat, faiz borcu üzrə 11117,51 manat, faiz borcu (illik 5% hesablanmaqla) 629,31 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Maddə 741. Borc üzrə faizlər

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia ekspert rəyi nəzərə alınmaqla əsas borc üzrə 16298,68 manat, faiz borcu üzrə 11117,51 manat məbləğində təmin edilməlidir. Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsaslanan faiz borcu tələbi hissəsində isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tam təmin olunaraq Cavabdeh1 300,96 manat məbləğində faiz tutulmalıdır. Belə ki, ekspert rəyi ilə iddia tələbində göstərilən faizin məbləğindən artıq məbləğdə faiz məbləği müəyyən edilməsinə baxmayaraq qüvvədə olan qanunvericiliklə bu hallarda məhkəmənin iddia tələblərindən kənara çıxa bilməsi nəzərdə tutulmamışdır. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu M a d d ə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Məhkəmə hesab edir ki, borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq borcun ödənilməsi 90 təqvim günündən artıq müddətdə gecikdirildiyindən ipoteka saxlayan bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Odur ki, iddia tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi tələbləri hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ipoteka əmlakının ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mülki iş üzrə 2(004)-477/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka əmlakının qiymətləndirilməsi üçün ekspetiza təyin edilmiş, ekspertin vəsatətinə əsasən əmlaka yerli baxış xx.xx.2023-cü il tarixə təyin edilmiş, yerli baxış barədə bildiriş xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməsinə, xx.xx.2023-cü il tarixdə isə cavabdehlərin ünvanına poçt vasitəsilə göndərilməsinə, eyni zamanda ipoteka qoyana yerli baxış barədə telefon vasitəsi ilə məlumat verilməsinə baxmayaraq ipoteka predmeti cavabdehlər tərəfindən ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər ekspertiza keçirilməsinə mane olduğundan və ipoteka predmetini ekspertə təqdim etmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti olaraq ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında ipoteka müqaviləsində müəyyən olunmuş qiymət - 75000 manat əsas götürülməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması tələbi də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə xx.xx.2023 tarixli qərardadına əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə, yəni 28 dekabr 2018-ci il tarixdən öncə bağlandığından iddiaçının “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” barədə iddia tələbinə mahiyyəti üzrə baxılmalı və ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdüklərindən iddia bu hissədə təmin olunmalı, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılaraq mənzil iddiaçı LPO İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 167,95 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə mühasibatlıq ekspertizasının dəyərinin 47,11 manatı Cavabdeh1, 2,89 manatı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun Cavabdeh1 tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

İddia qismən təmin edilsin. Cavabdeh1 16298,68 (on altı min iki yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) manat əsas, 11117,51 (on bir min yüz on yeddi manat əlli bir qəpik) manat faiz borcu, 300,96 manat Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış faiz borcu, 167,95 (yüz altmış yeddi manat doxsan beş qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. 50 (əlli) manat məbləğində məhkəmə mühasibatlıq ekspertizasının dəyərinin 47,11 (qırx yeddi manat on bir qəpik) manatı Cavabdeh1, 2,89 (iki manat səksən doqquz qəpik) manatı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 7, 32 saylı mənzilə yönəlsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəlsin. İpoteka predmeti olan əmlaka - Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 7, 32 saylı mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılsın və mənzil ləğv prosesində olan İddiaçı ASCyə təhvil verilsin. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 7, 32 saylı mənzilin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh1 tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar