Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4793/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, işçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsində İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1732/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, işəgötürənin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış hesab edilməklə, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə cavabdehdə insan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4354/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 1732/2021 nömrəli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1732/2021 nömrəli qətnaməsinin nəticə hissəsinin üçüncü abzasının aşağıdakı kimi oxunması qərara alınmışdır:” İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməklə İddiaçı məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin İnsan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilsin.”
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1732/2021 nömrəli icra sənədi üzrə bütün tələblərin icrasının təmin olunması istiqamətində işəgötürən tərəfindən bütün mümkün tədbirlər həyata keçirilmişdir.
7. İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Hüquq kadr və sənədlərlə iş departamenti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə qəbul edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4-93/2025 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın hüquq, kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində İnformasiya üzrə əlaqələndirici vəzifəsində çalışan İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi, hüquq kadr və sənədlərlə iş departamenti və iqtisadiyyat şöbəsi İddiaçı ilə təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi və İddiaçı ilə son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4-93/2025 nömrəli “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə - Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində İnformasiya üzrə əlaqələndirici vəzifəsinə və ya iddiaçının razılığı ilə analoji əmək şəraiti şərtlərinə malik işə (əmək haqqısı əvvəlki vəzifəsindən aşağı olmamaqla) bərpa olunması, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardımın göstərilməsi ilə bağlı İddiaçı tərəfindən çəkilmiş xərclər qismində 400 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, iddiaçı 2000-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müddətsiz əmək müqaviləsi ilə müxtəlif vəzifələrdə işləmiş, işlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 479 nömrəli Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Nazirliyin strukturunda aparılmış optimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar tabeliyində bir sıra müəssisələr və dövlət təşkilatları ləğv edilərək onların bazası əsasında eyni funksiyaları icra edən publik hüquqi şəxslər, təsərrüfat hesablı özünümaliyyələşdirən müəssisələr yaradılmışdır. Bu minvalla işlədiyi Nazirliyin tabeliyində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilərək onun bazası əsasında eyni funksiyaları icra edən cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılmış, ləğv edilmiş Mərkəzin 29 nəfər işçisindən xx.xx.2020-ci il tarixdə eyni gündə həm işdən çıxma ərizəsi alınmış, həm də eyni gündə onun bazası əsasında yaradılan cavabdeh quruma işə qəbul ərizəsi alınmış, elə həmin gün də yeni quruma yeni əmək müqavilələri bağlanmaqla transfer olunmuşdur. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmış, digər tərəfdən isə paralel olaraq Nazirliyin strukturunun təkmilləşdirilməsi istiqamətində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanın 1.1-ci bəndinə əsasən əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın iki ay müddətində yaradılması və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. 2019-cu ilin 4 iyul Fərmanına əsasən 2 ay ərzində yaradılması nəzərdə tutulmasına baxmayaraq Mərkəzin ləğvetmə prosesi xx.xx.2020-ci ildə başa çatdığından, eyni funksiyaları icra edən Milli Observatoriya PHŞ-in yaradılması da həmin tarixədək ertələnmiş, Mərkəz və Milli Observatoriya bir-birininin funksional davamı olduğundan onlardan sələfin ləğvinin başa çatdırılması və sələfin yaradılması eyni tarixdə aparılmışdır. İşəgötürən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, işçi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsində İnsan resurslarının idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Ləğv edilmiş Mərkəzdən onun bazası əsasında yaradılmış, eyni funksiyaları icra edən cavabdeh Milli Observatoriyaya transfer zamanı əmək hüquqlarım kobud surətdə pozulmuş, uzun illər stajıma və əmək müqaviləmin müddətsiz olmasına baxmayaraq əmək şəraiti şərtlərim Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmaqla birtərəfli qaydada müddətsiz əsaslardan müddətli əsaslara keçirilmiş, daha sonra 30 iyun 2020-ci il tarixdə ləğv edilmiş Mərkəzin 12 nəfər işçisinin, o cümlədən mənim əmək müqaviləmə qanunsuz olaraq müddətin başa çatması əsası ilə xitam verilmişdir. Bundan sonra cavabdeh Milli Observatoriyaya qarşı əmrin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1732/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, işəgötürənin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış hesab edilməklə, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə cavabdehdə insan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Digər əsaslarla yanaşı, birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, “Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işəgötürən əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda müddətli əmək müqaviləsi bağlamaqla, daha sonra özünün təşəbbüsü ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrı-seçkiliyə yolvermişdir. Ona görə də məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilənin müddətsiz hesab edilməklə, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi tələbini əsaslı hesab edib təmin edir. Belə ki, ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat zamanı Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-54/2023 nömrəli qərarına əsasən cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən iş üzrə xx.xx.2021-ci il tarixli, 2(001)-1732/2021 nömrəli icra vərəqəsi verilmiş, icra olunmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə, oradan isə aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədində işə bərpa hissəsinin təmini ilə bağlı bir neçə dəfə cavabdeh Milli Obervatoriyanın inzibati binasına dəvət edilmiş, qurumun məsul şəxsləri ilə görüş zamanı guya xx.xx.2022-ci il tarixdə Milli Observatoriyanın yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar əvvəlki işlədiyi İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi ləğv edildiyindən alternativ vəzifə kimi ondan nisbətən aşağı vəzifə - Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsində İnformasiya əlaqələndirici vəzifəsi təklif edilmiş və həmin vəzifənin əmək şəraiti şərtlərini əks edirən iş təklifi təqdim edilmişdir. Həmin iş təklifi cavabdeh tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1732/2021 nömrəli iş üzrə izah ərizəsi ilə bağlı icraatda da ərizəyə etiraza əlavədə məhkəməyə təqdim edilmişdir. O əvvəlcə həmin iş təklifi ilə razılaşmasa da, daha sonra cavabdeh qurumun məsul şəxsləri onu iş təklifini qəbul etmədiyi halda icra sənədinin tələbkarın hərəkətsizliyi üzündən icrasının mümkün olmaması ilə bağlı İcra şöbəsinə müraciət edəcəklərini, icra sənədinin məhkəməyə qaytarılacağını, bu zaman məcburi işburaxma müddəti üzrə əmək haqlarını da ala bilməyəcəyini bildirmişlər. Uzun müddət işsiz qaldığından, əlavə heç bir qazanc və gəliri olmadığından məcbur qalıb onların iş təklifi ilə məcburi iş buraxma müddəti üzrə əmək haqlarının tam ödənilməsi şərtilə razılaşmalı oldu. İddia ərizəsinə əlavə edilmiş cavabdeh qurum tərəfindən təqdim edilmiş işə bərpa məqsədilə əvvəlki vəzifəsinin əvəzi kimi təqdim edilmiş iş təklifindən görünür ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin İnformasiya əlaqələndirici vəzifəsinin əmək şəraiti şərtlərində əsas vəzifə və öhdəliklər, əmək haqqı, müqavilə müddəti, iş və istirahət günləri, iş saatları göstərilsə də həmin vəzifənin əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə bərpa edilməsi üçün iddia qaldırdığı mübahisəi vəzifə olduğu göstərilməmişdir. Bununla yanaşı, həmin vəzifənin əmək haqqı da onun əvvəlki işinin əmək haqqısından aşağı olmuş, lakin cavabdeh qurumun məsul şəxsləri tərəfindən vəd edilmişdir ki, növbəti struktur dəyişikliyində əvvəlki işlədiyi İnsan resurslarının idarə edilməsi şöbəsi və aparıcı mütəxəssis vəzifəsi bərpa olunacaq, o həmin vəzifəyə keçiriləcək, məcburi işburaxma müddəti üzrə əmək haqları da hissə-hissə olmaqla bütövlükdə ödəniləcək, məhkəmənin müvafiq qərardadı da nəzərə alınaraq müddətsiz əmək müqaviləsi bağlanacaq. Onu belə manipulyasiyalarla aldadaraq hətta ondan Yasamal rayon İcra şöbəsinə xx.xx.2024-cü il tarixdə guya məhkəmə qərarının tam icra olunması barədə ərizə almışlar. Beləliklə, aldatma, yanıltma, yanlış məlumatlar verilməsi, hüquqlardan və vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə cavabeh qurumun İdarə Heyətinin sədri Elnur Səfərli xx.xx.2024-cü il tarixli onlayn əmək müqaviləsinin bağlanmasına nail olmuşdur. Həmin əmək müqaviləsində əvvəlki işindən aşağı vəzifəyə - İnformasiya əlaqələndirici vəzifəsinə təyin edilmiş və həmin əmək müqaviləsində də təyin olunduğu vəzifənin məhkəmə mübahisəli vəzifə olması, digər işçinin həmin vəzifə ilə bağlı iddia tələbinin olması göstərilməmişdir. Halbuki, işə başladıqdan sonra əslində əvvəlki vəzifənin ləğv edilmədiyini, sadəcə olaraq xx.xx.2022-ci il tarixdə aparılmış struktur dəyişikliyi nəticəsində İnsan resurslarının idarə edilməsi şöbəsi ilə Hüquq və audit şöbəsinin birləşdirilərək Hüquq, kadr və daxili nəzarət şöbəsinin yaradıldığını, həmin şöbədə isə kadr məsələləri üzrə aparıcı mütəxəssis vəzifəsinin mövcud olduğunu, lakin aldatdıqlarını müəyyən etmişdir. Daha sonra isə həmin şöbələrin növbəti struktur dəyişikliyi nəticəsində yenidən ayrılaraq İnsan resurslarının idarə edilməsi şöbəsinin və Hüquq və daxili nəzarət şöbəsinin yaradıldığını, aparıcı mütəxəssis vəzifəsinin mövcud olduğunu, aldatdıqlarını müəyyən etmişdir. Lakin artıq gec olmuş, daha sonra xx.xx.2025-ci il tarixdə tutduğu vəzifəyə iddiaçı olan Nərmin Bəhmənlinin iddia tələbinin təmin edildiyi, qətnamənin qüvvəyə mindiyi, həmin qətnaməyə əsasən sonuncunun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə bərpa ediləcəyini, ona görə də onun əmək müqaviləsinə xitam veriləcəyini bildirərək qəfildən onunla təhviltəslim işləri aparmışlar və onu cavabdeh qurumun İdarə Heyətinin sədri E.Səfərlinin xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4-93/2025 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Qanunsuz əmrin 1-ci bəndində göstərilmişdir ki, İddiaçı İbrahimova qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar tutduğu vəzifədən azad edilsin və onunla 6.11.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilsin. Əmrdə əsas kimi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 6.03.2024-cü il tarixli, 2(001)-420/2024 nömrəli icra vərəqəsi və Milli Observatoriyanın xx.xx.2025-ci il tarixli, 3- 17-6/3-1-264/2025 nömrəli xidməti məruzəsi göstərilmişdir. Əmrlə tanış olduqdan sonra məsələni araşdıraraq əmrin əsas hissəsində istinad olunan icra vərəqəsinin nömrəsi ilə öyrənmişdir ki, iddiaçı X3 cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4- 77/2023 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə (Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici) bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 420/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edimiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3176/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, müvafiq olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3085/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti də təmin edilməmişdir. Beləliklə, cavabdeh quruma o müvafiq işə təyin edilməzdən xeyli müddət əvvəl həmin vəzifənin mübahisəli olması məlum olmuş, lakin iş təklifi bildirişində, əmək müqaviləsində, nə də ƏMAS işçi və işəgötürən yazışmaları bölməsində, nə də qeyri üsullarla məni bu barədə məlumatlandırmamışdır. Başqa sözlə, işəgötürən onu müvafiq vəzifəyə xx.xx.2024-cü il tarixdə yeni əmək müqaviləsi bağlanması ilə təyin edərkən Nərmin Bəhmənlinin həmin vəzifə ilə bağlı iddia tələbinə baxılmasına dair bütün məhkəmə instansiyaları üzrə proses başa çatmış, sonuncunun iddia tələbinin təmin edilməsi barədə Ali Məhkəmənin yekun məhkəmə aktı çıxarılmış və qüvvəyə minibmiş. Beləliklə işəgötürən cavabdeh 6.11.2024cü il tarixdə iddiaçını Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin İnformasiya əlaqələndiricisi vəzifəsinə təyin edərkən ona məlum idi ki, Ali Məhkəmənin Mülki Kollegiyasının iddiaçının məhz həmin vəzifəyə bərpa edilməsi barədə məhkəmə qərarının dəyişdirilmədən qüvvədə saxlanması barədə xx.xx.2024-cü il tarixli qərarı mövcud imiş. Bunu bildiyi halda E.Səfərli məni məhz həmin vəzifəyə işə təyin etmiş və təyinatı zamanı bu barədə heç bir məlumat verilməmişdir.
b) iddiaya qarşı etiraz
11. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
12. Etirazın əsaslarına görə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdəndə aydın görünür ki, İddiaçı əmri xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, dəfərlərlə işə bərpa edilməsi ilə bağlı yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq İddiaçı məhkəmə qərarının icra edilməsinə mane olmuş və işə bərpa olunmaqdan boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış məktubdan da görünür ki, İddiaçı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin İnformasiya üzrə əlaqələndirici vəzifəsi təklif edilmiş, lakin o əvvəlcə təklifi qəbul etmiş, daha sonra işə bərpa olunmaqdan imtina etmişdir. Observatoriya İddiaçı işə bərpa edilməsi proseslərinə başlayanda həmin tarixlərdə X2 işə bərpa edilməsi ilə bağlı məhkəmə qərarı mövcud deyildi. İddiaçı iddia ərizəsində bir tərəfdən ETTM-də çalışan zaman dövlət əhəmiyyətli layihələrdə işlədiyini 25 ilə yaxın əmək stajının olduğunu, Bakı Dövlət Universitetini bitirdiyini, peşəkar kadr olduğunu yazır, digər tərəfdən aldadılaraq ərizə yazıldığını qeyd edir. İddiaçının aldadılması və ya ona hər hansı formada təsir göstərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məclləsinin 74-cü bəndinin b bəndinə (əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda) əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə görə, bu halda içəgötürən tərəfindən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində əqdlərlə bağlı mülahizələri ilə razılaşmaq olmaz, çünki əmək müqaviləsi mülki hüquqi anlamda istifadə olunan əqd deyil, bu əmək hüquqi əqddir. Mülki hüquqla bağlı normalar əmək münasibətləri ilə bağlı tətbiq edilmir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, cavabdehin vəkili və nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; ...
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır;
Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər;
Maddə 77.
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında; Maddə 78.
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır;
Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1732/2021 nömrəli qətnaməsi əsasında cavabdeh qurumda insan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə bərpa edilmişdir. Lakin qətnamənin icrası çərçivəsində qeyd edilən vəzifə qurumda mövcud olmadığından xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdeh qurumda Hüquq kadr və sənədlərlə iş departamenti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə qəbul edilmişdir.
19. Bu əmək müqaviləsi cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4-93/2025 nömrəli əmri ilə ləğv edilmiş, əmrin əsası olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası göstərilmişdir.
20. Məhkəmə mübahisələndirilən əmrin əsasları baxımından qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar işçinin işdən azad edilməsi tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri olaraq təsbit edilmişdir. Həqiqətən də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə işçinin işə bərpa edilməsi işəgötürənin üzərinə məhkəmə qərarını icra etmək öhdəliyi qoyur ki, bu halda işəgötürənin başqa seçim imkanı olmur.
21. Hazırkı işin halları baxımından məlum olur ki, iddiaçı da qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə işə bərpa olunmuşdur və bu qətnamə icra olunarkən, yəni iddiaçı ilə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanarkən işəgötürənə bəlli idi ki, iddiaçının işə götürüldüyü vəzifəyə digər işçinin işə bərpa olunması barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Bu halda işəgötürənin iddiaçını artıq qanuni qüvvəsini almış məhkəmə aktının icrası nəticəsində işə bərpa olacağı dəqiq olan digər işçinin vəzifəsinə işə götürməsi onun iradəsindən asılı olmayan hal kimi qiymətləndirilə bilməz.
22. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə işə bərpa olunacaq şəxsin vəzifəsində işləyən işçinin birmənalı işdən azad edilməsi həmin şəxsi aşkar müdafiəsiz vəziyyətdə qoyur ki, buna görə də qanunverici həmin işçinin işdən azad edilməsini müvafiq zəruri tədbirlər görülməsindən sonra mümkün hesab etmişdir.
23. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
24. Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələbi isə ondan ibarətdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
25. Hazırkı işin halları baxımından işəgötürən tərəfindən bu tədbirlərin görülməsi öz təsdiqini tapmır.
26. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
27. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.
28. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Bu barədə müvafiq qərar məhkəməyə təqdim edilməmişdir.
29. Qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-17-6/3-4-93/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə, bu mümkün olmadıqda iddiaçının razılığı ilə analojı əmək şəraiti şərtlərinə malik işə (əmək haqqı əvvəlki vəzəfəsindən aşağı olmamaqla) bərpa edilməli və xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir.
31. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 30 iyun 2025-ci il tarixli, 3-17-6/3-4- 93/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə, bu mümkün olmadıqda iddiaçının razılığı ilə analojı əmək şəraiti şərtlərinə malik işə (əmək haqqısı əvvəlki vəzəfəsindən aşağı olmamaqla) bərpa edilsin. 30 iyun 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. Göstərilmiş hüquqi yardım üçün ödənilmiş haqqa görə 400 manat məbləğdə pul Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə