Məhkəmə qərarları › İş №e-2(004)-4853/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4853/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4853/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 138,65 ABŞ dolları məbləğində əsas borc və 195,18 ABŞ dolları faiz borcu, cəmi 333,83 ABŞ dolları və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “kompleks bank xidməti” müqaviləsinə və xx.xx.2018-ci il tarixli “ödəniş kartlarının hazırlanması və verilməsinə dair” ərizəsinə əsasən ona “MasterCard Unembossed” debet kartı verilmişdir. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış **********657713001 saylı (valyuta USD) kart hesabı üzrə xx.xx.2020-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində 138,65 ABŞ dolları məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq, o, borcun və faizlərin ödənilməsi üçün tədbir görməmiş, müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə bağlı etiraz ünvanlayaraq bildirmişdir ki, o, təxminən 2018-ci ildə Bank Respublika ASC-də əvvəlcə oğlu X1 adına, daha sonra isə öz adına hesab kartı açdırmışdır. Həmin kartları aldığı andan etibarən öz vəsaiti hesabına 100 ABŞ dolları yatırtmışdır. Məqsədi Türkiyə Respublikasında təhsil alan oğlunun həmin kartlardan istifadə etməsi olub. Belə ki, oğlu Əli adına olan kartdan Türkiyədə bankomatdan pul çıxartmaq istədikdə bankomatda problem yaranmış və bankomat kartı geri qaytarmamışdı. Bu barədə o, Bank Respublikanın Səbail rayon filialına gələrək məlumat vermiş və həmin bank kartı ləğv edilib. Bundan sonra o, öz adına hesab kartı açaraq oğluna Türkiyədə istifadə etməsi üçün göndərmişdir. Bu barədə bank əməkdaşlarına da bildirmişdir ki, onun adına olan hesab kartından oğlu Türkiyədə istifadə edəcək. Beləliklə sonuncu dəfə o, Bank Respublikanın Səbail filialından öz hesab kartına 150 ABŞ dolları vəsait yatırtmışdır. X3 də həmin pulu Türkiyədə onun adına olan hesab kartından çıxarıb. Sonradan həmin hesab kartına heç bir vəsait yatırtmamışdır. Xeyli müddət keçəndən sonra ona Bank Respublikadan zəng ediblər ki, bəs onun banka 138,65 ABŞ dolları borcu var. O, buna etiraz etmiş və bu məbləğdən xəbəri olmadığını bildirmişdir. Bildirmişdir ki, iddiaçının ona qarşı pul tələbi əsassızdır və iddiaçı tərəfindən AR.MM-nin istinad olunan maddələrinin ona heç bir aidiyyəti yoxdur. Mübahisələndirilən məbləğ (138,65 ABŞ dolları) barədə heç bir yazılı müqavilə mövcud deyil. Bununla da sözü gedən məbləğin Bankın iddiasına görə onun kart hesabına vurulması onun iradəsindən kənar baş vermişdir və ümumiyyətlə isə bu puldan onun xəbəri belə olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh etiraz ərizəsini ünvanlasa da, etirazı əsaslandırmamış və etirazın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MM-nin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddəsin 2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 439, 1091, 1092, 1093-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 138,65 (yüz otuz səkkiz dollar 65 sent) ABŞ dolları əsas borc və 195,18 (yüz doxsan beş dollar 18 sent) ABŞ dolları faiz borcu, cəmi 333,83 (üç yüz otuz üç dollar 83 sent) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 138,65 (yüz otuz səkkiz dollar 65 sent) ABŞ dolları əsas borc və 195,18 (yüz doxsan beş dollar 18 sent) ABŞ dolları faiz borcu, cəmi 333,83 (üç yüz otuz üç dollar 83 sent) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar