Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-486/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-cı il tarixdən “Sumqayıt Sukanal” İdarəsində Kadrlar şöbəsinin rəis müavini, xx.xx.2012-cı il tarixdən həmin şöbənin rəisi, xx.xx.2015-ci il tarixdən son dövrə kimi Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Cavabdeh orqanda işlədiyi dövrlərdə əmək funksiyanı peşəkarlıqla və yüksək səviyyədə yerinə yetirmişdir. Ümumulikdə 44 il əmək stajına malik olmaqla, onlardan 12 ilini cavabdeh qurumda çalışmışdır. Cavabdeh qurum iddiaçını yeni struktur vahidinin yaranması və köhnə ştat cədvəli ştat vahidinin ixtisar edilməsini bəhanə gətirərək qanunsuz olaraq işdən azad etmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılmış və "xxxx" ASC ADSEA-nın tabeliyinə verilərək, onun bazası əsasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i publik hüquqi şəxs yaradılmışdır. İddiaçının işlədiyi “Sumqayıt Sukanal” İdarəsi də cavabdeh qurumun tərkibində qalmaqla, idarənin adında kiçik dəyişiklik baş vermiş, yəni, “Sumqayıt Sukanal” İdarəsi “Sumqayıt şəhər Sukanal” İdarəsi olmuşdur. “Sumqayıt şəhər Sukanal” İdarəsinin ştat cədvəli xx.xx.2024-ci il tarixdə təsdiqlənmiş və növbəti gün yəni xx.xx.2024-ci il tarixdən idarənin bütün işçiləri, o cümlədən iddiaçını rəsmi olaraq “ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” etmişdir. Bu zaman iddiaçının işlədiyi idarənin, eləcə də cavabdeh qurumun rəhbərliyi stajlı, peşəkar və təcrübəli işçilərin işdə saxlanılmasında maraqlı olduqlarını, işlə təmin olunmasında heç bir problemin olmadığının bildirmişdir. Lakin, cavabdeh qurumun rəhbərliyi əksinə olaraq yeni ştat vahidləri üzrə işçiləri komplektləşdirməkdə bununla bağlı əmək qanunvericiliyin tələblərinə əməl etməmişdir. Yeni ştat cədvəli üzrə də, iddiaçının çalışdığı Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsin rəisi ştatı heç bir ixtisara məruz qalmamış əvvəlki ştat cədvəlində olduğu kimi eyni ilə qalmışdır. Lakin buna baxmayaraq cavabdehin və idarəninn rəhbərliyi 2 aylıq xəbərdarlıq müddəti bitməmiş həmin şöbə rəisi ştatına kənardan işçi gətirərək onunla əmək müqaviləsi bağlamış, nəticədə iddiaçı ayrı-seçkiliyə məruz qalaraq ixtisar edilən işçilərin siyahısında (sərbəstləşdirilən işçilərin) olmuşdur. Odur ki, cavabdeh qurumun əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-ci il tarixli əmri ləğv edilməlidir. Göstərilənlər nəzərə alınmaqla Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 745- K saylı əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqının ödənilməsi, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 450 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsi Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 745-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi “Sumqayıt Sukanal” İdarəsi Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. İş materiallarına Azərsu” ASC-nin “Sumqayıt Sukanal” idarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 10 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 9-u isə digər vəzifələrdir. İş materiallarına “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 5 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 4-ü isə digər vəzifələrdir. İş materiallarına əlavə edilmiş hüquqi xidmətlərin göstərilməsi barədə müqaviləyə və ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə hüquqi xidmətin göstərilməsinə görə 450 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Mülki Məcəllənin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Mülki Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsi Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxs Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 745-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi “Sumqayıt Sukanal” İdarəsi Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. Azərsu” ASC-nin “Sumqayıt Sukanal” idarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəlinə əsasən cəmi 10 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 9-u isə digər vəzifələrdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəlinə əsasən cəmi 5 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 4-ü isə digər vəzifələrdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən qismində hakimiyyət funksiyalarını icra edən publik hüquqi şəxs (dövlət qurumu) çıxış edir. Nəticə olaraq, işəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, ixtisarın mahiyyət etibarilə həyata keçirilmədiyi, işçinin işləmiş olduğu vəzifə və ştatın ixtisar edilmədiyi müəyyən edilir. Belə ki, şöbənin ümumi ştat sayı 10-dan 5-ə salınsa da, müvafiq ştat üzrə “şöbə rəisi” ştatı ləğv edilməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi yuxarıda göstərilən xüsusata dair əsaslı arqument gətirə bilməmişdir. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. Məhkəmələr isə dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməlidir, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Lakin, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukana idarəsi MM-in 54-cü maddəsinin tələblərinə əsasən sözügedən qurum idarə statusunda olmaqla hüquq münasibətlərinin müstəqil subyekti (hüquqi şəxs kimi) qismində çıxış edə bilməz. Həmin qurumun üzərinə əmək münasibətləri ilə bağlı hər hansı öhdəliyin qoyulması məqbul deyildir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 50 (əlli) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat pul cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 450 manat məhkəmə xərcini tutarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 745-K saylı əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 745-K saylı əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 450 (dörd yüz əlli) manat pul cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-486/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-486/2025
09.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver