Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4880/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi və əmək kitabçasına düzəliş edilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, kobud pozuntu) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi və əmək kitabçasına düzəliş edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişdir.
2. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardadan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir.
3. Bu qərardan İddiaçı tərəfindən verilmiş şikayət Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə, bu qərardan verilmiş şikayət isə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməmişdir.
4. xx.xx.2025-ci il tarixli, 220425-01 nömrəli aktda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində 589 nömrəli sifariş qaiməsi əsasnda "xxxx" MMC-nin Aşağı Güzdək qəsəbəsində yerləşən anbarından hər biri 25 kiloqram olan 480 kisə yəni 12000 kiloqram olan 28800 manat dəyərində Yara şirkətinin istehsalı olan X9 Sop gübrə məhsulu 166 yükdaşıma xidmətinə məxsus olan **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü İddiaçı təhvil verilmişdir. Lakin Kürdəmir rayonu ərazisində həmin nəqliyyat vasitəsi qəzaya düşdüyündən həmin malların istifadəyə yararlı olan 235 kisəsi yəni 5875 kiloqram məhsul 166 yükdaşıma xidmətinə məxsus olan **-KE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənərək alıcıya təhvil verilmişdir. Yuxarıda göstərilən gübrə məhsul undan, hər biri 25 kiloqram olan 245 kisə yəni, 6125 kiloqram, dəyəri 14700 manat məbləğində gübrə məhsulu tamamilə istifadəyə yararsız vəziyyətə düşmüşdür.
5. xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh MMC-də sürücü vəzifəsində işləyən İddiaçı BDYPİ-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İnzibat Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətam törətmiş və vəzifə təlimatında qeyd olunan əmək funksiyaları üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmçinin 220425-01 nömrəli və xx.xx.2025-ci il tarixli akta əsasən şirkətə külli miqdarda maddi ziyan vurmuşdur. Bununla İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cİ maddəsinin “ç” bəndində göstərilən təqsirli əməlləri törədərək (bu Məcəllənin 72-ci maddəsinin “e” bəndində bildirilən “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi”, 72-ci maddənin “c” bəndində bildirilən “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması”) üzərinə oüşən öhdəlikdən yayınmış və əmək vəzifələrini kobud şəkildə pozmuşam. X2 BDYPİ tərəfindən təqdim edilən inzibati tənbeh vermə haqqında qərarına. 220425-01 nömrəli və xx.xx.2025-ci il tarixli “zərərin vurulmasına dair” akta əsasən əmək funksiyalarına riayət etməməklə kobud pozuntuya yol vermişdir.
6. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 239/Ş nömrəli əmri ilə İddiaçı xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işinə xitam verilməsi və istifadə edilməmiş 06 məzuniyyət günü üçün son haqq-hesabın ödənilməsi əmr edilmişdir. Əsas kimi iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi göstərilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməyi, işə bərpa edilənədək olan müddət üçün orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, işdən qanunsuz azad edilmə nəticəsində ona dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutulması, əmək kitabçasına edilmiş qeydin etibarsız hesab edilərək ləğv edilməsi, məhkəmə xərclərinin və digər ödənişlərin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, xx.xx.2024-cü il tarixdən cavabdeh MMC-də işləmişdir. Şirkət onu yaxına buraxmamış, əmək kitabçasını verməmişdir. Əmrlə tanış olmadan onu işdən çıxartmışlar. xx.xx.2025-ci ildə 12 ton yüklə Bakıdan Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil avtomobilin sağ arxa dönmə təkərinin partlaması zamanı idarəetmənin itirdiyi halda arxa sağ most təkəri də partladığı üçün yolun ortasında yerləşən beton dirəklərə çırpılmışdır. Avtomobil aşmış, bədən xəsarəti almışdır. Bundan sonra hadisə yerinə gələn yol polis idarəsinin əməkdaşları hadisə yerinə gələrək onu avtomobildən çıxartmış, polisə xəbər verməmiş, onun huşsuz vəziyyətdə olmağından istifadə edərək protokol yazıb qol çəkdirmiş, onun müdirləri həmin protokolu aparıb cəriməni ödəyərək özlərini düşünmüşlər.
b) iddiaya qarşı etiraz
9. Cavabdeh iddiaya etirazla müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Etirazın əsaslarına görə, İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də sürücü vəzifəsində əmək fəaliyyətinə başlamış və onunla Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində ona etibar edilmiş əmlak və digər sərvətlərin salamatlığını təmin etmək, onlara qayğı ilə yanaşmaq və onun hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. İddiaçı xx.xx.2025-ci il tarixində, saat 18:40 radələrində ona yönləndirilmiş sifarişin icrası məqsədilə icarə müqaviləsi ilə Cavabdeh MMC-nin istifadəsində olan, yol vərəqəsi əsasında idarə etdiyi **- GE-*** dövlət qeydiyyat nişanlı “X4 Yük” markalı, vaqon tipli nəqliyyat vasitəsi ilə Bakı- Qazax yolunun 209-cu km istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və yolayrıcında olan beton sədlərə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində sifarişin icrası zamanı daşınan yükə (gübrəyə) və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə ilə bağlı “X4 Yük” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş 4494VE-2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 25956,56 manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Eyni zamanda 220425-01 nömrəli, xx.xx.2025-ci il tarixdə tərtib olunmuş akta əsasən yükə dəymiş zərərin məbləği 14700 manat olaraq müəyyənləşdirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Vİİ Tağım Baş yol patrul xidmətinin Polisinin xx.xx.2025-ci il tarixli, İXP7065282 nömrəli protokoluna uyğun olaraq tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı əsasında İddiaçı təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Bu qərarın ləğv edilməsi üçün müvafiq qaydada iddiaçı məhkəməyə müraciət etmişdir, lakin Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-419/2025 nömrəli qərarı (hakim X3) ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Vİİ Tağım yol patrul xidmət inspektoru, polis mayoru X1 xx.xx.2025-ci il tarixli, TP7193660 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən, həmin qərardan İddiaçı tərəfindən verilmiş şikayətin isə təmin edilmədən saxlanılması qərara alınmışdır. Daha sonra bu qərardan apelyasiya şikayəti verilmiş, lakin barəsində inzibati tənbeh təyin edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-419/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Habelə, cavabdeh tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir, Baş prokurorluqdan verilmiş cavaba əsasən də məlum olur ki, İddiaçı baş vermiş hadisəyə görə tam məsuliyyət daşıyır və o, nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmuş, İXM-ə üzrə müvafiq əməli törətmişdir. Habelə, inzibati tənbeh vermə qərar, polis tərəfindən tərtib edilmiş hadisənin sxemi, polisə verdiyi izahat və əlavə olaraq müəssisəyə təqdim etdiyi izahat təsdiq edir ki, hadisə baş verən zaman onun sağlamlığına hər hansı zərər dəyməyib. Həmçinin, Baş Prokurorluğun cavabına əsasən təsdiq edilir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi Alayının Vİİ tağımının əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edildiyi kimi manevr etmə qaydalarının pozulması olmuşdur. İddiaçı tərəfindən bu pozuntuya yol verilməsi nəticəsində şirkətə külli miqdarda ziyan dəymişdir və bu da məhkəmə sisteminə əlavə edilmiş sənədlər – nəqliyyat vasitəsinə münasibətdə qüsur aktı, daşınmış yük olan gübrəyə dəymiş ziyanın təsdiqi barədə akt, bu ziyanının qarşılığı üçün malları daşınmış və Faiqin əməli nəticəsində zərər dəymiş şirkətə Cavabdeh MMC tərəfindən zərər məbləğinin ödənilməsini təsdiqləyən ödəniş qəbzləri və polis sənədləri ilə sübut olunur. İddiaçı baş vermiş hadisə də sağlamlığına zərər dəydiyini bildirsə də, bunun yalan olduğu yuxarıda qeyd edilmiş sənədlər və məhkəmə qərarı ilə öz təsdiqini tapır. Belə ki, bədbəxt hadisə faktı, yəni yol hərəkəti qaydalarını pozarkən şəxsin sağlamlığına zərər dəyməməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)- 5718/2025 nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh MMC-yə külli miqdarda ziyan vurulmuş və bu ziyanın ödənilməsindən yayınmaq məqsədilə, qərəzli olaraq adı çəkilən şəxs əsassız şəkildə məhkəməyə müraciət etmişdir. İddiaçı təqsirkar olduğu bütün əlavə edilmiş sənədlərlə sübut olunur və açıqaydındır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı onun ümumiyyətlə təqsiri olmamışdır. Yük avtomobilin təkəri partladığı üçün idarəetməni itirmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdeh şirkətdə sürücü vəzifəsində çalışmış, xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdehin xx.xx.2025-ci il tarixli, 239/Ş nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci bəndinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
17. İşin mübahisəsiz faktiki hallarını iddianın maddi hüquqi əsasları baxımından yolxayan məhkəmə hesab edir ki, iddia ümumən əsaslıdır.
18. Əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmrin əsası olaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi göstərilmişdir.
19. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin 2 şərti nəzərdə tutulmuşdur: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, - Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
20. Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş sadalanan hallardan hazırkı iş üzrə cavabdeh tərəfindən istinad olunan faktiki hal 72-ci maddənin “f” bəndində nəzərdə tutulmuş işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halıdır.
21. İşçinin iş vaxtı ərzində inzibati xəta törətdiyi iş materialları ilə öz təsdiqini tapmır. Bu barədə inzibati xəta haqqında qərar qəbul edilmiş, qərardan şikayət verilsə də məhkəmə tərəfindən şikayət təmin edilməmiş, məhkəmə aktı qanuni qüvvəsini almışdır.
22. Lakin, görünən odur ki, işçinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar işçi tərəfindən mübahisələndirilməsinə baxmayaraq, bunun nəticəsini gözləmədən xx.xx.2025-ci il tarixli daxili akt tərtib etmiş, aktda inzibati orqanın qərarına istinad etməklə həmin tarixdə əmək müqaviləsini ləğv etmişdir. İşçinin inzibati xəta törətməkdə təqsiri isə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə sabitlənmişdir.
23. Halbu ki, işəgötürən işçinin işdən kənarlaşdırılması kimi qanunvericiliyin verdiyi imkanlardan istifadə etməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi zamanı zəruri olan digər tədbirləri görə bilərdi.
24. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi özü ən ağır intizam tədbiri kimi təsbit edilmişdir və digər intizam tənbeh tədbirləri ilə bu tədbir tətbqi edilərkən də işçinin izahatının alınması zəruridir (Əmək Məcəlləsi, maddə 187.1). Hazırkı halda işçinin izahatı, əgər izahat verməkdən imtina etmişdirsə bu barədə müvafiq akt məhkəməyə təqdim edilməmişdir.
25. Bundan əlavə, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən isə Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
26. İş üzrə iddiaçının əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilsə də Həmkarlar ittifaqı təşkilatına bu barədə hər hansı müraciət, təşkilatın əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməsi barədə yazılı qərarı da məhkəməyə təqdim edilməmişdir.
27. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir.
28. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələb də təmin edilməlidir.
29. Maddi və mənəvi zərərinin əvəzinin tutulması hissəsində isə məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.
30. İşçinin işləmədiyi dövrdə məhrum olduğu əmək haqqından əlavə hər hansı maddi zərərə uğradığı şərh edilməmiş, bu barədə müvafiq sübutlar təqdim edilməmişdir.
31. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.
32. Hazırkı işin halları baxımından cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri öz təsdiqini tapsa da, mənəvi zərərinin əvəzinin tutulması üçün zəruri olan digər faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
33. İddiaçı tərəfindən məhkəmə xərcləri və digər ödənişlərin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürsə də, məhkəməyə iddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş, digər ödənişlərin nədən ibarət olduğu qeyri-müəyyən qalmışdır.
34. İddiaçının digər tələbi formal baxımdan əmək kitabçasına edilmiş qeydin ləğv edilməsi olaraq ifadə edilsə əmək kitabçasına edilmiş qeydin etibarsız hesab edilərək ləğv edilməsi özlüyündə heç bir hüquqi nəticəyə səbəb olmayan hərəkətdir. Lakin, iddiaçının hüquqi marağı onun 70-ci maddənin “ç” bəndi ilə işdən azad edilməsinin əsassız olduğunun əmək kitabçasında əks edilməsidir və bu yöndə öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslıdır.
35. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 239/Ş nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh sürücü vəzifəsinə işə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməli və əmək kitabçasına edilmiş qeyd etibarsız hesab edilərək ləğv edilməsi barədə əmək kitabçasına düzəliş edilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi haqqında 02 may 2025-ci il tarixli, 239/Ş nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdehnə sürücü vəzifəsinə işə bərpa edilsin. 02 may 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilsin. İddiaçı məxsus əmək kitabçasına Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyi barədə əmrin ləğv edilməsi yönündə düzəliş edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə