Məhkəmə qərarları › İş №e-2(004)-5005/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5005/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5005/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 536,75 manat debitor borcun (sayğac vasitəsilə istifadə üzrə) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı İB-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, « Azəriqaz» İB ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixində AKX-03687xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00085 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdehin ödənilməmiş 2022-ci ilin yanvar-iyul ayları üzrə 826,19 manat sərfiyyat borcu və limitdən əlavə 105,56 manat sərfiyyat borcu, cəmi 931,75 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına qədər cavabdeh 395 manat məbləğində ödəniş etmişdir. Belə ki, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 536,75 manat borcu (debitor borc) qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş xx.xx.2022-ci il tarixində cavabdehə çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı qismində İddiaçı İB ilə istehlakçı qismində Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli AKX-03687xx/xx-2022 saylı müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosuna əsasən abonent kodu **********00085 olan Cavabdeh 2022-ci ilin yanvar-iyul ayları üzrə 826,19 manat sərfiyyat borcu və limitdən əlavə 105,56 manat sərfiyyat borcu olmaqla cəmi 931,75 manat sərfiyyat borcu hesablanmış və həmin dövr üzrə Cavabdeh tərəfindən 395 manat ödəniş edilmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 536,75 manat borcu qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında xx.xx.2022-ci ildə təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehin yaşadığı yaşayış evi qazla təchiz edilmişdir. Hazırda iddiaçı 536,75 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Ərizəyə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə göndərilmiş bildiriş cavabdehə xx.xx.2022-ci il tarixində çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 536,75 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, aralarında bağlanmış müqavilə əsasında iddiaçı cavabdehin yaşadığı mənzili təbii qazla təchiz etmiş, cavabdehin təbii qazdan istifadəyə görə 2022-ci ilin yanvar-iyul ayları üzrə 826,19 manat sərfiyyat borcu və limitdən əlavə 105,56 manat sərfiyyat borcu olmaqla cəmi 931,75 manat sərfiyyat borcu hesablanmış və həmin dövr üzrə Cavabdeh tərəfindən 395 manat ödəniş edilmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 536,75 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazadan istifadə nəticəsində yaranmış, lakin cavabdeh tərəfindən ödənilməmiş borc cavabdehdən tutulmalıdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 (bir) m3 üçün illik istehlak həcmi 1200 kubmetrədək (1200 m3 daxil) olan hissəsi üçün qazın dəyəri 0,12 manat, illik istehlak həcmi 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün qazın dəyəri 0,20 manat, 2500 m3-dən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 536,75 (beş yüz otuz altı manat yetmiş beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 536,75 (beş yüz otuz altı manat yetmiş beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutularaq, Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar