Məhkəmə qərarları › İş №e-2(004)-5058/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5058/2025

20.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5058/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndələri və eyni zamanda vəkilləri Vəkil1 və Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 Füzuli qızının - cavabdehlərin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması, Cavabdeh1 və Cavabdeh2 Füzuli qızının ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzildən övladları X9 və X10 ilə birgə çıxarılması və bunun həmin şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunması; Cavabdeh1, Cavabdeh2 Füzuli qızına məxsus əşyaların mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzildən onların öz hesabına çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.65 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış xx.xx.2015-ci il tarixli çıxarış əsasında ona məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 694 nömrəli reyestr kitabının 65425 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 3 saylı Asan Xidmətdən aldığı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №li arayışa əsasən həmin mənzildə cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri: X4 və övladları xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X10 da qeydiyatdadırlar. Bildirmişdir ki, oğlu Cavabdeh1 xx.xx.2018-ci ildə ailə həyatı qurduqdan sonra bir müddət həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşasa da lakin uzun müddətdir ki, başqa ünvanda yaşayırlar. Qeyd etmişdir ki, Cavabdeh1 ünvan 2 ünvanındakı mənzilə xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış mülkiyyət hüququ əldə etmiş və çıxarış almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2387/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən digər Cavabdeh2 da həmin mənzildə ½ pay hüququ müəyyən edilmişdir. Qeyd etmişdir ki, cavabdehlərin özlərinə məxsus mənzilləri olmasına həmçinin uzun müddətdir ki, onun mənzilində yaşamadıqlarına baxmayaraq , lakin ona məxsus mənzildə qeydiyyatda qalmaqda davam edirlər. Eyni zamanda bildirmişdir ki, cavabdehlər onlara məxsus ünvan 2 ünvanındakı mənzildən qardaşı X2 çıxarılmasına dair Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışlar. Hesab edir ki, cavabdehlərin öz mülkiyyətində ayrıca mənzilləri olduğu halda ona məxsus mənzildə qeydiyyatda olmaları sırf formal xarakter daşıyır. Eyni zamanda cavabdehlərin bəzi əşyalarının onun mənzilində olması ona mənzilindən istifadə etməkdə mane olur. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər ona məxsus sözügedən mənzildə pasport qeydiyyatında olsalar da, həmin mənzildə uzun müddətdir ki, yaşamırlar və cavabdehlərin özlərinə məxsus ayrıca mənzilləri var. Onların sözügedən mənzildə qeydiyyatda olmaları formal xarakter daşıyır və bu səbəbdən də cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01257 nömrəli mediasiya arayışından da görünür ki, xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və ilkin mediasiya zamanı mübahisənin qarşılıqlı razılaşma ilə həllinin mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Mediasiya xərcləri olaraq tərəfindən 50+10 cəmi 60 manat ödənilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavahdehlər - Cavabdeh1, Cavabdeh2 Füzuli qızının övladları X7 və X10 ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və bunun cavabdehlərin övladları ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunması: Cavabdeh1, Cavabdeh2 Füzuli qızına məxsus əşyaların (yataq otağında olan: 1 çarpayı, 1 şifoner, 1 termo, 2 tumba, pərdə, çilçıraq: qonaq otağında olan: 1 masa, 8 stul, 1 divan, 2 kreslo, 1 kamod, xalça, pərdə, 1 uşaq stol və stulu, uşaq üçün yemək stolu, çilçıraq; onun otağında olan: uşaq üçün çarpayı 1 nəfərlik, mətbəxdə olan: soyuducu, paltaryuyan, qabyuyan, mətbəx stolu) mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzildən cavabdehlərin öz hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mənzil mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Cavabdehlərdən biri iddiaçının oğlu, digər cavabdeh isə gəlinidir. Evdə digər yetkinlik yaşına çatmayan şəxslər, yəni nəvələri də qeydiyyatdadır. Hazırda cavabdehlər həmin evdə yaşamırlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehlərin mülkiyyətində mənzil vardır. Cavabdehlər həmin evdə yaşamırlar, sadəcə cavabdehlərə məxsus əşyalar qalmışdır. İddiaçının həyat yoldaşı vəfat edib. Ev iddiaçının mülkiyyətinə vərəsəlik qaydasında keçib. Uşaqları analarının xeyrinə mirasdan imtina ediblər və ev iddiaçının tam mülkiyyətinə keçmişdir. İddiaçı hesab edir ki, digər oğlu Səbuhi anası ilə yaşayır və o istəyir ki, oğlunun evi olmadığı üçün həmin mənzilə köçsün. Cavabdeh1 iddiaçının oğlu, digər Cavabdeh2 isə iddiaçının gəlinidir. İddiaçının digər oğlunun adına heç bir əmlak yoxdur, ailəlidir. İddiaçı istəyir ki, o biri oğlunun da mülkiyyətində əmlak olsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək ona verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 onun həyat yoldaşıdır. O, evdən qovulmuşdur. 1 ildir ki, kirayədə yaşayır. Atası tərəfindən bağışlanılmış evdir. Doğulduğu vaxtdan mübahisə olana kimi həmin evdə yaşamış və hazırda da qeydiyyatdadır. Hazırda kirayə yaşayır. Yasamal rayonunda yerləşən evdə yanvar ayının 6-na kimi yaşamışlar. Həmin əşyalar həyat yoldaşının cehizləridir və hazırda da mübahisəli evdədir. Öz mülkiyyətində olan evi qardaşına vermişdir. Onun mülkiyyətində olan evi şirkətin rəhbəri verib. O, mənzilə dair çıxarış almışdır. O, öz ata payını istəyir. Ona “Asan Xidmət” Mərkəzində bildirdilər ki, mülkiyyət anasının adına keçəcək. O, həyat yoldaşı ilə birlikdə yaşayır, müəllimədir. Çıxarışda ½ hissədə paylar müəyyən edilmişdir. Özləri DƏDRX-ə müraciət etmişlər, məhkəmə qətnaməsi ilə müəyyən edilməyib. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,10775 ha torpaq sahəsində yerləşən 241 nömrəli, 9 mərtəbəli binada 64,65 kv.m. ümumi, 29,05 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 78 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 694 nömrəli reyestr kitabının 65425 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - Cavabdeh1 və acıyev Səbuhi Sahib oğlunun notarial qaydada təsdiq olunmuş 27 iyul 2014-cü il tarixli ərizələrinə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum X1 ölümündən sonra qalmış miras əmlakdan X5 xeyrinə imtina etmiş, gələcəkdə bu payla bağlı məhkəməyə müraciət etməyəcəklərini qeyd etmişlər. - 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin AZ-İ № 687232 saylı, 27 iyun 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 23 iyun 2014-cü il tarixdə dünyasını dəyişmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamənin surətinə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi ünvan 4 ünvanda qeydiyyatda olan arvadı İddiaçı miras əmlakdan bütövlüklə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ümumi sahəsi 64,65 kv.m., yaşayış sahəsi 29,05 kv.m., 2 otaqlı, b. 241, mənzil 78 ünvanda yerləşən mənzildən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 241 saylı evin 78 saylı mənzili İddiaçı adına tam mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabının 694 nömrəli reyestr kitabının 65425 nömrəli vərəqində xx.xx.2015-ci il tarixində qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 tam mülkiyyət kimi Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. - 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin 89 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. Mənzildə qeydiyyatda olub yaşamayanların siyahısı: oğlu – Cavabdeh1, gəlni – Cavabdeh2 Füzuli qızı, nəvəsi – X11, nəvəsi – X10. - İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X3 qarşı mənzilin boşaldılması tələbinə dair xx.xx.2025-ci il tarixli iddia ərizəsinə əsasən ünvan 5 ünvanda yerləşən mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması, yəni mənzilin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 241 saylı evin 78 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh1 iddiaçının övladıdır, Cavabdeh2 isə onun gəlnidir. Mübahisəli mənzil iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında keçmişdir. Qeyd edilən hallar iddiaçının nümayəndələrinin izahatları və iş materialları ilə təsdiq olunur. Cavabdeh1 ailə qurduqdan sonra bir müddət mübahisəli mənzildə yaşasa da, daha sonra həmin mənzili ailəsi ilə tərk etmiş və uzun müddətdir qeyd olunan mənzildə yaşamır, lakin o, və onun ailə üzvləri həmin mənzildə qeydiyyatda qalırlar. Cavabdeh1 adına ünvan 5 ünvanda yerləşən mənzil xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 izahatında bildirmişdir ki, daha sonra cavabdehlər həmin mənzil üzərində ½ hissədə paylarını rəsmiləşdirmişlər. İddiaçının digər övladı X8 cavabdehlər mülkiyyətində olan mənzildə yaşasa da, cavabdehlər ona qarşı mənzildə çıxarılma barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış və iddia təmin edilmişdir. Hal-hazırda iddiaçı cavahdehlərin ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini və bunun cavabdehlərin övladları ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunmasını, cavabdehlərə məxsus əşyaların mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, 78 saylı mənzildən cavabdehlərin öz hesabına çıxarılmasını tələb edir, Cavabdeh1 isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ olsa belə sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixliu qərarına əsasən, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi cavabdehlər 1 ilə yaxındır ki, həmin ünvanda yaşamırlar və cavabdehlərin mülkiyyətində daşınmaz əmlak vardır və belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən mənzildən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 övladları X11 və X10 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən 78 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar (yataq otağında olan: 1 çarpayı, 1 şifoner, 1 güzgülü dolab (tryumo), 2 tumba, pərdə, çılçıraq; qonaq otağnda olan: 1 masa, 8 stul, 1 divan, 2 kreslo, 1 sitirtməli dolab (komod), xalça, pərdə, 1 uşaq stol və stulu, uşaq üçün yemək stolu, çılçıraq; iddiaçıya aid otaqda olan: uşaq üçün çarpayı 1 nəfərlik; mətbəxtdə olan: soyuducu, paltaryuyan, qabyuyan, mətbəx stolu) cavabdehlərin hesabına həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 övladları X11 və X10 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən 78 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar (yataq otağında olan: 1 çarpayı, 1 şifoner, 1 güzgülü dolab (tryumo), 2 tumba, pərdə, çılçıraq; qonaq otağnda olan: 1 masa, 8 stul, 1 divan, 2 kreslo, 1 sitirtməli dolab (komod), xalça, pərdə, 1 uşaq stol və stulu, uşaq üçün yemək stolu, çılçıraq; iddiaçıya aid otaqda olan: uşaq üçün çarpayı 1 nəfərlik; mətbəxtdə olan: soyuducu, paltaryuyan, qabyuyan, mətbəx stolu) cavabdehlərin hesabına həmin mənzildən çıxarılsın. Bu qətnamə Cavabdeh1, Cavabdeh2 övladları X11 və X10 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən 78 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar