Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-506/2024 12.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul və borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borc Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul və borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borc Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünəməxsus saxlanc anbarı sahəsində saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (aylıq 140 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər müqavilə üzrə öhdəliklərini vicdanla, tam və keyfiyyəli şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 1820 (min dörd yüz) manat təşkil etməkdədir. Tərəfimizdən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xx.xx.2022-ci il tarixli Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 3332 (üç min üç yüz otuz iki) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, yəni cəmi 546 manat dəbbə pulu tələb edilməkdədir. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin 7.2-ci bəndinə əsasən “Tərəflər arasında hazırkı Müqavilədən irəli gələn bütün mübahisələr aidiyyatı üzrə Saxlayıcının olduğu yerin Məhkəməsində baxılacaqdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40-cı maddəsinə əsasən Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Beləliklə, mübahisəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması yolveriləndir. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22 nömrəli “Malların anbarda saxlama” müqaviləsinə əsasən müəyyən olunur ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünəməxsus saxlanc anbarı sahəsində saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (aylıq 140 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22 nömrəli “Malların anbarda saxlama” müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən olunur ki, müqavilə 1 (bir) ay müddətə qüvvədədir və tərəflərdən hər hansı biri müqavilənin bitməsinə ən az 10 gün qalmış xitam verilməsi barədə yazılı müraciət etmədikdə müqavilənin müddəti hər dəfə eyni müddətə uzadılmış hesab olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə borc məbləği 1820 manat əsas, 3332 manat cərimə borcu təşkil edir. İş materiallarında olan pretenziya məktubuna əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Hazırki mübahisə üzrə dispozitiv şərtlərin heç biri yerinə yetirilmir. Belə ki, tərəflərdən biri, yəni cavabdeh fiziki şəxs olaraq kommersiya subyekti deyildir (“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən). Bu səbəbdən, mülki işin məhkəmə aidiyyatı ümumi məhkəmədir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında hüquq münasibətinin hüquqi əsası müqavilə olmaqla öhdəlik münasibətləridir. Bu səbəbdən, mübahisənin qanuni əsası qismində öhdəlik münasibətləri çıxış edir (delikt və s. çıxış edə bilməz). Mübahisənin qanuni əsası qismində Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 823, 462 və 467-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 823.1-ci maddəsinə əsasən, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 823.2-ci maddəsinə əsasən, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. Həmin Məcəllənin 823.3-cü maddəsinə əsasən, tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 1091.1-ci maddəsinin tələblərinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünəməxsus saxlanc anbarı sahəsində saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (aylıq 140 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22 nömrəli “Malların anbarda saxlama” müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən olunur ki, müqavilə 1 (bir) ay müddətə qüvvədədir və tərəflərdən hər hansı biri müqavilənin bitməsinə ən az 10 gün qalmış xitam verilməsi barədə yazılı müraciət etmədikdə müqavilənin müddəti hər dəfə eyni müddətə uzadılmış hesab olunur. “Tapşıran” Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, aylıq saxlama haqqını ödəməmişdir. Müqavilə hal-hazırda da hüquqi və faktiki baxımdan qüvvədə qalmaqda davam etsə də, Tapşıran tərəfindən ödəmə həyata keçirilmir. Nəticədə, iddiaçı müqavilə üzrə gözlənilən hüquqlarından məhrum olur. Yuxarıda qeyd olunanlar əsas götürülməklə, məhkəmə iddia tələbini borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borc Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi hissəsində əsaslı hesab edir. Lakin, məhkəmə hesab edir ki, müqavilə predmeti olan mallar yalnız açıq hərrac vasitəsilə satılmalıdır. Malların açıq hərracda satılmadan Saxlayıcının mülkiyyətinə keçməsi və ya mülkiyyətçi tərəfindən öz mülahizəsi ilə satılması yolverilməzdir və mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusu hesab oluna bilər. Məhkəmə onu da qeyd edir ki, qeyd olunan məsələ ilə bağlı münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənməmiş və bu barədə Azərbaycan Respublikası MM-in 822-826cı maddələrində müvafiq müddəalar nəzərdə tutulmamışdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilən hüquqi mövqeni (pretenziya-müqavilə tərəfinin digər tərəfə iradə ifadəsini bildirdiyi andan müqavilənin ləğv edilməsi) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin dispozitiv şərtlərini nəzərə alır. Odur ki, məhkəmə müqavilənin ləğvi məsələsinə xüsusi münasibət bildirmir. Əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Müqavilənin icra olunduğu günə kimi 140 manat saxlama haqqının cavabdehdən tutulmasını məhkəmə əsaslı hesab edir. Belə ki, qüvvədən düşmüş (ləğv edilmiş) müqavilə münasibətlərinə görə tərəfdən müvafiq ödəniş əsassız varlanmaya görə tələb edilə bilər. Odur ki, xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günə kimi aylıq 140 manat pul hesablanmaqda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki, bu müddət ərzində cavabdehin əmlakı iddiaçı tərəfindən qanuni əsas olmadan saxlanıldığından və qorunduğundan cavabdeh əsassız varlanmış hesab edilir. Əsassız varlanma təkcə əmlak vəziyyətindəki artım kimi deyil, həmçinin ehtimal olunan azalmanın qarşısının alınması kimi də həyata keçirilər bilər. Məhkəmə prosessual qənaət prinsipini əsas götərərək mübahisəni hazırki mülki iş üzrə yekun məhkəmə aktı ilə həll etməyi məqsədə müvafiq hesab edir və gələcəkdə yeni məhkəmə işinin yaranmasına zərurət görmür. Məhkəmə nəzərə alır ki, cavabdehin müqavilə predmeti olan saxlanılan əşyalarda hər hansı hüquqi və ya iqtisadi marağı ola bilər. Odur ki, əşyaların ehtimal olunan qorunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, cərimə pulunu 546 manat məbləğində deyil, əsas tələbin 10%-ə qədər həddində, yəni, 180 (yüz səksən) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun 180 (yüz səksən) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 180 (yüz səksən) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, bununla da iddiaçıya münasibətdə müvafiq maliyyə zərəri yaratmışdır. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, sübutetmə funksiyasının icrası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 43,7 (qırx üç manat yetmiş qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 1820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində əsas borc, 180 (yüz səksən) manat məbləğində cərimə məbləği, xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günə kimi aylıq 140 (yüz qırx) manat məbləğində saxlama haqqı və ödənilmiş 43,7 (qırx üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, borc məbləği Cavabdeh anbarda saxlanılan mallarına yönəldilməli, mallar açıq hərracda satılmalı, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borc Cavabdeh tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul və borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borc Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə hesablanmış 1820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində əsas borc, 180 (yüz səksən) manat məbləğində cərimə məbləği, xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günə kimi aylıq 140 (yüz qırx) manat məbləğində saxlama haqqı və ödənilmiş 43,7 (qırx üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləği Cavabdeh anbarda saxlanılan mallarına yönəldilsin. Mallar açıq hərracda satılsın. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borc Cavabdeh tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Fariz Əlizadə