Məhkəmə qərarları › İş №e-2(004)-5204/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5204/2022

11.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5204/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qəhrəman qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə baxış keçirilməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qəhrəman qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə baxış keçirilməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 107 saylı evin 14 saylı mənzilinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mərhum əri X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, ümum sahəsi 95.35 kv.m olan 11 saylı mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il tarixdə X6 ilə rəsmi nikaha daxıl olmaqla ailə qurmuş və nikahları Tovuz rayon Əlibəyli kənd İN-də xx.xx.1978-cı ıl tarixdə 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.1991-ci il tarixdə Aynur adlı övladları dünyaya gəlmişdir. Birgə nikahda olduğu müddətdə bır neçə əmlak əldə etmişlər və həmin əmlakların hamısı X2 adına rəsmiləşdirilmişdir. Həyat yoldaşı X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, lakin notarius mirasın bölüşdürülməsi ilə əlaqədar birinci dərəcəli vərəsələr arasında mübahisə olduğunu əsas gətirərək, xx.xx.2021-ci il tarixli qərarla (notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. xx.xx.2021-ci il tarixədək mərhumun notariat ofisinə müraciət edən vərəsələri arvadı, İddiaçı Qəhrəman qızı, oğlu X7, qızlarıı Cavabdeh2 və X3r. Qeyd edilən vərəsələrdən X4, mərhum X6 ilə rəsmi nikahdan anadan olmuş qızıdır. Əlavə olaraq, mərhum əri X6 vəfat etdikdən sonra bır neçə əmlaklarla yanaşı Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 ünvanında yerləşən 11 saylı mənzili qalmışdır. Hazırda tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə miras qalmış Bakı şəhəri, Yasamal rayonu. 3153-3152 məhəllədə inşa edilən 1-cı binanın 4 cü mərtəbəsində 2 otaqlı ümumi sahəsi 95.35 kv olan 11 saylı mənzilə dair çıxarış almaq üçün rəsmi olaraq müraciət edilmişdir. Müraciəti nəzərə alınaraq həmin orqanın mütəxəssisləri sözügedən mənzilə baxış keçirmək üçün gəlsələr də, həmin mənzildə yaşayan cavabdehlər X5 və Cavabdeh2 mütəxəssisləri mənzilə buraxmaqdan imtina etdikləri üçün mənzilə baxış keçirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 1133.1 və 1159.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı Qəhrəman qızı ilə X6 arasında nikah xx.xx.1978-ci il tarixdə Tovuz rayon Əlibəyli kənd İN-də xx.xx.1978-cı ıl tarixdə 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin nirgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarına əlavə olunmuş icraçı "xxxx" MMC ilə sifarişçi X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçi, ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 95,35 m2 olan) mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini, icraçı isə, sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş icraçı "xxxx" MMC-nin maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən yaşayış sahəsində 1-ci binanın 4-cü mərtəbəsində 2 otaqlı (ümumi sahəsi 95,35 m2 olan) mənzil dəyəri X6 tərəfindən ödənilmişdir və MMC-yə borcu yoxdur. İş materiallarında olan AZ-İİ seriyalı, 090593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, V-579 saylı arayışdan görünür ki, X1 miras qalmış əmlaka dair Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə mərhumun vərəsəsi olan arvadı İddiaçı Qəhrəman qızının müraciəti ilə V-579 nömrəli vərəsəlik işi açılmışdır. Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisinə xx.xx.2020-ci il tarixdə isə mərhumun digər vərəsələri olan oğlu Cavabdeh1, qızı Cavabdeh2 və xx.xx.2020-ci il tarixdə isə mərhumun vərəsəsi olan qızı X4 da müraciət etmişdir. xx.xx.2021-ci il tarixədək mərhumun notariat ofisinə müraciət edən vərəsələri arvadı İddiaçı Qəhrəman qızı, oğlu Cavabdeh1, qızları Cavabdeh2 və X3r. İş materiallarına əlavə olunmuş Tovuz regional ASAN Xidmət mərkəzi Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1003 saylı məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair Tovuz regional ASAN Xidmət mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə mərhumun vərəsəsi olan arvadı İddiaçı Qəhrəman qızının müraciəti ilə V-579 nömrəli vərəsəlik işi açılmışdır.Tovuz regional ASAN Xidmət mərkəzi notariat ofisinə xx.xx.2020-ci il tarixdə mərhumun oğlu Cavabdeh1, qızı Cavabdeh2 və xx.xx.2020-ci il tarixdə isə qızı X4 da müraciət edərək mərhumun vərəsələri kimi qeydiyyata alınmışlar. Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən İ binanın 4-cü mərtəbəsində 2 otaqlı ümumi sahəsi 95,35 kv.m olan mənzilə dair mərhumun adına çıxarış və texniki pasport almaq üçün mərhumun vərəsələrinə lazım olan sənədlərin təqdim edilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********70 saylı bildirişindən görünür ki, İddiaçı Qəhrəman qızının Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3153-3152 ünvanında inşa edilmiş yaşayış binasının 11 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə görə isə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla iş üzrə cavabdehlərin xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən İ binanın 4-cü mərtəbəsində 2 otaqlı ümumi sahəsi 95,35 kv.m olan mənzilə dair hüquq müəyyənedici sənədlərin verilməsi üzrə müvafiq qurumun mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmaması nəticəsində iddiaçının birinci növbə vərəsə kimi miras əmlakdan pay almaq hüququ qərəzli şəkildə pozulmuşdur. Odur ki, iddiaçı haqlı olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, ümum sahəsi 95.35 kv.m olan 11 saylı mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, ümum sahəsi 95.35 kv.m olan 11 saylı mənzilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 100 (yüz) manat dövlət rüsumu tutularaq, İddiaçı Qəhrəman qızının xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar