Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5206/2024 29.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsində Azərsu ASC-nin 10 fevral 2022-ci il tarixli 170-k saylı əmrinə əsasən 10 fevral 2022-ci il tarixindən 1 №-li Avtomobil dəstəsinə 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təyin edilmişdir. O, həmin vəzifədə çalışdığı 2 il 4 ay 23-gün ərzində heç bir qayda pozuntusuna yol verməmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsi İddiaçı 06 iyul 2024-cü il tarixli 957 saylı Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu göndərərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X3nin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ yaradılmışdır. Azərbaycan Dövlət X3nin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli 09 saylı əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən tutuduğu vəzifə üzrə ştat vahidinin xx.xx- 2024-cü il tarixindən ixtisara düşdüyünü və onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 4 təqvim həftəsindən sonra ləğv ediləcəyini bildirmişdir. Azərbaycan Dövlət X3nin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 23 avqust 2024cü il tarixli 717-K saylı əmrinə əsasən İddiaçı Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndis ilə bağlanmış əmək müqaviləsi, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq, 23 avqust 2024-cü il tarixdən ləğv edildiyini göstərsə də, İddiaçı bununla bağlı heç bir yazılı və şifahi müraciəti olmamışdır. İddiaçının çalışdığı vəzifənin ixtisar olunduğu qeyd olunsa da, yalnız həmin şöbənin adı dəyişdirilmiş və eyni sayda ştat vahidi saxlanılmışdır. Məhkəmə təcrübəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində işəgötürənin arzuolunmaz işçiləri işdən çıxarmaq üçün istifadə etdiyini, çox vaxt isə bunu pərdələmək üçün yeni işçiləri işə qəbul edərək, süni surətdə kadr artıqlığı və ştat ixtisarı üzrə işdən çıxarma zərurəti yaradılması hallarını aşkara çıxarmışdır. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Dövlət X3nin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisinə ünvanlanmış 29 avqust 2024-cü il tarixli ərizəyə cavab olaraq 12 sentyabr 2024-cü il tarixli 3-53- 3-19/2-1-01- 4-389/24 saylı cavab məktubu göndərilmiş və hal-hazırda idarədə boş vakansiya olmadığı üçün iddiaçını işlə təmin edə bilmədikləri bildirilmişdir. Əlavə olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 May 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşməsi səbəbindən Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Q.Musayevin və digər iştirakçıların iştirakı ilə iddiaçıya 1 saylı avtoparkda “Texnik” vəzifəsi təklif olunmasına baxmayaraq o, həmin vəzifədən imtina etmişdir. Bu halda başqa iş dedikdə işçiyə istər işdən çıxarılana qədər tutduğu vəzifəyə uyğun boş vəzifənin, istərsə də, onun təhsili, ixtisası, iş təcrübəsi və səhhəti nəzərə alınmaqla yerinə yetirə biləcəyi boş aşağı vəzifənin (daha aşağı maaşlı işin) təklif olunması başa düşülür. Lakin, İddiaçı təklif olunmuş vəzifə onun nə yaşına, nə təcrübəsinə, nə təhsilinə, nə ixtisasına, nə səhhətinə nə də yaşadığı yerə uyğun deyil. Belə ki, İddiaçı 57 yaşı olmaqla, şəkərli diabet xəstəsidir. Bundan əlavə Azərbaycan Respublikasının silahlı qüvvələrinin veteranı medalı ilə təltif olunmuşdur. Bundan başqa öhdəsində ikinci dərəcəli əlilliyi olan ailə üzvü vardır. Bütün bu xüsusatlar İddiaçı işdən çıxarılmasının qanunsuz olduğunu göstərir. İddiaçı qüvvədə olan “Mediasiya haqqında” Qanunun tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixində cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Cavabdehdən heç bir cavab gəlmədikdən sonra, o, xx.xx.2024-cü il tarixində mediasiya üçün müraciət etmiş və onun müraciətinə baxılması 13 Mediasiya təşkilatının mediatoru X2 tərəfindən xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmiş və nəticədə mediator tərəfindən iddiaçıya arayış verilmişdir. Bütün baş verənlər İddiaçı səhhətində də problemlərin baş verməsinə səbəb olmuşdur və nəticədə İddiaçı tərəfindən 13 sentyabr tarixində Təcili Tibbi yardım dəvət olunmuşdur. Göstərilənlər nəzərə alınmaqla Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717- K saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa olunması, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 820 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına "xxxx" ASC-nin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. İş materiallarına əlavə edilmiş Həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Akta əsasən müəyyən edilir ki, İddiaçı ştat vahidinin ixtisarı ilə bağlı 1 nömrəli Avto parkda “texnik” vəzifəsi təklif edilmiş, lakin, İddiaçı təklifdən imtina etmişdir (mülki işin mübahisəsiz halıdır). İş materiallarına əlavə edilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı “insulindən asılı olmayan şəkərli diabet” xəstəsidir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı 1-ci Qarabağ Müharibəsi veteranıdır. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı ailə üzvü X1 2-ci qrup əlildir. İş materiallarına “İri şəhərlərib birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələridir. İş materiallarına “İri şəhərlərib birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisə vəzifələridir. İş materiallarına əlavə edilmiş hüquqi xidmətlərin göstərilməsi barədə müqaviləyə və ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə hüquqi xidmətin göstərilməsinə görə 820 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Mülki Məcəllənin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Mülki Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinə əsasən işçi Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İddiaçı 1-ci Qarabağ Müharibəsi veteranıdır. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələridir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisə vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən qismində hakimiyyət funksiyalarını icra edən publik hüquqi şəxs (dövlət qurumu) çıxış edir. Nəticə olaraq, işəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, ixtisarın mahiyyət etibarilə həyata keçirilmədiyi, ştat sayı (4 ştat sayı eynilə mövcuddur), vəzifənin, əməyin xarakteri, vəzifə üzrə görülən işlərin mahiyyətinin dəyişmədiyi, sadəcə ad, forma və struktur dəyişikliklərinin həyata keçirilməsi müəyyən edilir. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. Bundan əlavə, işçinin gördüyü işin, vəzifənin, əmək funksiyasının mahiyyəti üzrə eyni qalmasına baxmayaraq vəzifə, şöbə adında edilən ad dəyişikliyi müvafiq ştatın ixtisar edilməsi kimi nəzərə alına bilməz. Yəni, işəgötürən dövlət qurumu olmaqla sərəncamında çoxlu sayda texnika vardırsa, həmin texnikanın təhlükəsizliyi üzrə mühəndis vəzifəsinin (əmək funskiyası baxımından) mövcud olması qaçınılmazdır və hazırda da sözügedən vəzifələr cavabdeh qurumda mövcuddur. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. İddiaçının işçi kimi icra etmiş olduğu vəzifənin mahiyyəti, xakateri nəzərə alınır. Belə ki, iddiaçının icra etmiş olduğu işin xarakteri hazırda da mahiyyəti üzrə cavabdeh orqanda icra edilir. Lakin, vəzifə təlimatının dəyişdirilməsi, 1 vəzifənin səlahiyyətlərinin başqa adlar altında digər vəzifələr üzrə paylanması, yəni formal hüquqi məsələlər işin mahiyyətini - əmək funksiyası, vəzifənin xarakterini dəyişmir, həqiqi ixtisara əsas vermir. Əks halda işəgötürənlər formal dəyişikliklərlə ixtisar görüntüsünü rahatlıqla yarada və işçilərin işdən kənarlaşdırılmasını təmin edə bilərlər. Məhkəmələr isə dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməlidir, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Lakin, iddia tələbi digər cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə dair hissədə təmin edilə bilməz. Belə ki, MM-in 54-cü maddəsinin tələblərinə əsasən sözügedən qurum idarə statusunda olmaqla hüquq münasibətlərinin müstəqil subyekti (hüquqi şəxs kimi) qismində çıxış edə bilməz. Həmin qurumun üzərinə əmək münasibətləri ilə bağlı hər hansı öhdəliyin qoyulması məqbul deyildir. Odur ki, sözügedən qurum əsl olmayan cavabdehdir. Vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı 500 manat pul tələbi hissəsində iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin qanunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır. İddiaçı tərəf arqumentində Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə istinad edərək şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini və ailə üzvünün 2-ci qrup əlil olduğunu qeyd etmişdir. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, 79-cu maddənin tətbiqinin dairəsi və tətbiq situasiyası tamamilə fərqlidir. Belə ki, 79-cu maddə yalnız həmin maddədə qeyd edilən motivlərlə (əsaslarla) işçinin əmək müqaviləsinə xitam verilməsini istisna edir. Hazırki mübahisə üzrə isə əmək müqaviləsinə işçinin məhz şəkərli diabetdən əziyyət çəkdiyi üçün deyil, ştatların ixtisarı ilə xitam verilmişdir. Həmçinin, 79-cu maddənin tələbləri çərçivəsində qiymətləndirmə aparılarkən müəyyən edilir ki, iddiaçının ailə üzvü 1-ci qrup deyil, məhz 2-ci qrup əlildir (əmək qabiliyyətinin 81-100% itirilməsi əvvəlki qanunvericiliyə əsasən 1-ci qrup əlilliyin alternatividir). İddia tələbində qeyd edilməsə belə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alaraq mübahisənin mahiyyəti nəzərə alınmaqla öz təşəbbüsü ilə iddiaçıya məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməsinin təmin edilməsini əsaslı hesab edir. Bu, iddia tələbindən kənara çıxmaq hesab edilmir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 50 (əlli) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat pul cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 820 manat məhkəmə xərcini tutarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki (sonuncu) işinə bərpa olunmalı, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət X3 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki (sonuncu) vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 820 (səkkiz yüz iyirmi) manat pul cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5206/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5206/2024
29.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver