Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5239/2024 02.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh X11, X3 iştirakı ilə, İddiaçı Yevgenyevnanın cavabdeh X8rşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yevgenyevna cavabdeh X8rşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Yevgenyevnaya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 44 ünvanında yerləşən 6 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Yevgenyevna iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 44 saylı evin 6 saylı mənzili 1984-cü ildən İddiaçı xüsusi mülkiyyətindədir. Belə ki, həmin mənzil iddiaçının nənəsi X2 istifadəsində olmuşdur, daha sonra mənzilin icarədarının ölümü səbəbindən Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1984-cü il tarixli 46 saylı Qərarına əsasən icarə müqaviləsi iddiaçı ilə bağlanmış və ona müvafiq order verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2000-ci il tarixdə həmin mənzili öz adına özəlləşdirmişdir. İddiaçı xx.xx.1985-ci ildə Cavabdehlə nikaha girmişdir. Təxmini həmin ərəfələrdə iddiaçının əri qeyd olunan mənzilə pasport qeydiyatına alınmışdır. Təxmini 16 il öncə iddiaçının əri ailəsini tərk etmişdir və bir daha həmin mənzilə qayıtmamışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5235/2023 saylı qətnaməsi ilə İddiaçı Yevqenyeva ilə Cavabdeh arasında başğlanmış nikah pozulmuşdur. Boşanma prosesi zamanı sədrlik edən hakimin suallarına cavab verən Cavabdeh bildirmişdir ki, təxmini 16 ildir ki, ailəsi ilə birlikdə yaşamır, həmin mənzilə köçürülməsi üçün hər hansı tədbir görməmişdir. 6. İş materiallarına əlavə edilmiş 40 saylı MKİS tərəfindən tərtib edilmiş 14 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, qonşular tərəfindən bəyan edilir ki, Cavabdeh uzun illər öncə ailəsindən ayırılmış və qeyd olunan mənzildə yaşamır. Həmçinin 40 saylı MKİS tərəfindən verilmiş 95 №li xx.xx.2024 tarixli arayışdan görünür ki, Cavabdeh uzun illərdir ki, qeyd olunan mənzildə yaşamır, harada yaşaması barədə məlumat yoxdur. DƏDKRX PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cüil tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 44, 6 saylı mənzilinə Cavabdeh istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, mübahisəli mənzil özəlləşdirilərkən Cavabdeh xx.xx.2000-ci il tarixli ərizə ilə müraciət edərək, mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etməmişdir. Beləliklə, göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 44 saylı evin 6 saylı mənzil tərəflərin birgə nikahı dövründə alınmamışdır, nikahdan öncə də iddiaçının istifadəsində olmuşdur və həmin əmlaka birgə mülkiyyət rejimi tətbiq edilə bilməz. Həmçinin iddiaçının keçmiş ərinin təxmini 16 il müddətində orada yaşamaması, həmin mənzilə gəlməməsi həm məhkəmə qətnaməsi, həm qonşuların arayışı, həm də sahəyə xidmət edən MKİS tərəfindən təsbit edilmişdir. Dövlət orqanının verdiyi məlumata əsasən, cavabdehin mübahisəli mənzilə istifadə hüququ da qeydiyyata alınmamışdır. Hesab edir ki, cavabdehin qeydiyyatı və dolayısı ilə qeydiyyatdan irəli gələn istifadə hüququ formal xarakter daşıyır, zığak“ üzərindədir”, həmin şəxsin qeydiyyatda qalmaqla formal istifadə hüquqlarına sahib olması mülkiyyətçinin (iddiaçının) ona məxsus əmlakı üzərində sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Beləliklə, hesab edir ki, məhkəmə cavabdehin həmin mənzildə yaşamaması səbəbini araşdırmalı, cavabdehin uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmadığı halda, onun daimi yaşamaq üçün başqa mənzilə köçməsini müəyyən etməlidir. Ona görə ki, cavabdeh mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mənzillə əlaqəsini tamamilə kəsmişdir. Odur ki, Cavabdeh uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də iddia təmin edilərək, cavabdehin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Habelə hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Cavabdeh X14 məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun keçmiş həyat yoldaşı (boşanma 2024-cü ilin yanvar ayında baş tutub) İddiaçı Yevgenyevna 2008-ci ildə onu evdən qovub və mənzilin açarını dəyişmişdir. Əgər o, mənzilə girməyi tələb etsə, onu zəhərləndirməyi söz vermişdir. Uşaqlara psixoloji təsir olmaması ücün polisə şikayət etməmişdir. 16 ildir ki, kirayələrdə qalır, amma qeydiyyatı İnşaatçılar pr., ev 44, mənzil 6-dır. O, qeydiyyatda olduğu yerə məcburi köçürülməyini və Azərbaycan Respublikasının qanuna uyğun olaraq 3 il müddətinin ona ödənilməli olan kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X14 iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Yasamal rayon icra hakimiyyətinin 46 saylı 29 iyul 1984-cü il tarixli qərarının surətindən görünür ki, X1 istifadəsində olan ünvan 1 ilə əlaqədar müqavilə onun ölümü ilə əlaqədar nəvəsi X6 ilə bağlanmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya ÖM, 060627 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Yevgenyevnanın adına xx.xx.2000-ci il tarixdə 30/170068 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5235/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, X14 ilə İddiaçı Yevgenyevna arasında Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsində xx.xx.1985-ci il tarixdə 556 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 475879 saylı, 09 fevral 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X14 ilə İddiaçı Yevgenyevna arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024cü il tarixdə xitam verilmiş və bu barədə akt qeydləri kitabında 52 nömrəsi ilə qeyd edilmişdir. - X9, X18 və X10 tərəfindən tərtib olunmuş 14 saylı, 13 mart 2024-cü il tarixli akta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X14 uzun illərdir ailəsindən ayrılmış və həmin vaxtdan hal-hazıradək həmin ünvanda yaşamır. Hansı ünvanda yaşadığı haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin 95 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı Yevgenyevna ünvan 1 ünvanında qeydiyyatdadır. Onun keçmiş həyat yoldaşı X14 qonşuların aktına əsasən uzun illərdir ki, həmin mənzildə yaşamır və hansı ünvanda yaşamağı barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında X11 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Yevgenyevna mübahisə predmeti olan mənzilin xüsusi mülkiyyətçisidir. Sözügedən mənzil nikahdan əvvəl iddiaçının nənəsinə məxsus olmuş və onun ölümü ilə əlaqədar 1984-cü ildə iddiaçının istifadə və sahibliyinə verilmişdir. Cavabdeh iddiaçının keçmiş əridir. Tərəflərin arasında olan nikah 2023-cü ildə pozulmuş olsa da, tərəflərin izahatları ilə də müəyyən olunur ki, 16 ildən artıqdır ki, onlar arasında ər-arvad münasibətlərinə son qoyulmuş, cavabdeh evi tərk etmişdir. Cavabdeh 16 il əvvəl iddiaçıya məxsus mənzili məcburi olaraq tərk etdiyini bildirsə də, buna dair hər hansı sübutunu, hətta tutarlı arqumentini məhkəməyə təqdim etməmişdir. Eləcə də keçən 15 illik uzun müddət ərzində cavabdehin mənzildə yaşamaq üçün müraciət etməməsi, bu barədə hər hansı iddia ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməməsi onun mənzili məcburi tərk etməsi ehtimalını aradan qaldırır və məhkəmə iclasında qeyd etdiklərinin mülahizə xarakterli olmasına dəlalət edir. Göründüyü kimi cavabdeh 16 ildir ki, həmin mənzildə yaşamamaqla özünə daimi yaşayış yeri seçmişdir. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ olsa belə sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxır. Məhkəmə qeyd edir ki, mənzilə qeydiyyat özlüyündə istifadə hüququnun yaranmasına səbəb olmur. Belə ki, mənzilə qeydiyyat formal xarakter də daşıya bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdeh X11 ünvan 1 ünvanındakı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X11 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 44 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5239/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5239/2024
02.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver