Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5254/2025 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində istifadədə olan 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı, 506,7 kv.m yaşayış, 275,4 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X5 3 otaq-y/s-64,4 kv.m; köm.s-91,5 kv.m, X2 22 otaq, X4 və İddiaçı 4 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. xx.xx.2008-ci il tarxili “real bölgü haqqında” müqaviləyə əsasən X8 və İddiaçı əmlakın real bölgüsü haqqında müqavilə imzalayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan 4 otağın sahələrini aşağıdakı kimi müəyyən etməklə gələcəkdə həmin sahələrə dair bir-birlərinə qarşı heç bir iddialarının olmayacağı barədə öhdəlik götürmüşlər: -X6 - № 8-də sahəsi 13,5 kv.m olan otaq, № 9-da sahəsi 13,9 kv.m olan otaq və 9-li otağın qarşısındakı həyətyanı sahə; -İddiaçı - №17-də sahəsi 13,0 kv.m olan otaq, №19-da sahəsi 15,5 kv.m olan otaq, №15-də sahəsi 8,9 kv.m olan mətbəx, №13-də sahəsi 3,2 kv.m olan köməkçi sahə, №14də sahəsi 3,2 kv.m olan köməkçi sahə.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-50/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 nömrəli yaşayış otaqları, 13, 14 və 15 nömrəli yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturda ayrılması qət edilmişdir.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 43,8 kv.m sahədən ibarət fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki pasportdan görünür ki, mülkiyyətdə olan “A” tikilisi 2 yaşayış otağı, 2 dəhliz, 1 ayaqyolu təyinatlı 5 otaqdan ibarətdir.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2005ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır.
7. Mübahisəli fərdi yaşayış evinə yerində baxış keçirilən zaman görünmüşdür ki, fərdi yaşayış evində giriş hissədən etibarən uzun dəhliz mövcuddur. Girişdən sol tərəfdə, dəhliz boyunca yaşayış otaqları var. Dəhlizin sonunda ikinci mərtəbəyə çıxış üçün keçid mövcuddur. Cavabdehin faktiki yaşadığı sahə dəhlizin orta hissəsində, sol tərəfdə yerləşdir. Cavabdehin yaşadığı sahədən sonra, dəhlizin sonunda bir neçə qapısı bağlı otaq mövcuddur. Cavabdeh və qonşuların bildirdiyinə görə, iddiaçıya məxsus otaqlar dəhlizin sonunda yerləşən qapısı bağlı həmin otaqlardır. Otaqların yerləşmə yeri iş materiallarına əlavə edilmiş texniki pasportdakı plan-sxemə uyğundur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun ailə üzvlərinin, özlərinə aid əşyalarla birlikdə, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,80 kv.m., torpaq sahəsinin ölçüsü 0.0061 ha olan fərdi yaşayış evindən məcburi çıxarılması və iddiaçının həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 29 otaqlı, 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi 1950-ci ildə vəfat etmiş babası, X9 məxsus olmuşdur. Babasından miras qalmış həmin fərdi yaşayış evi vərəsəlik qaydasında qəbul edilərək paylı mülkiyyət hüququ üzrə X7 (3 otaq-y/s-64,4 kv.m; köm.s-91,5 kv.m), X3 (22 otaq), qardaşı X6 və ona 4 otaq olmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində qeydiyyata alınmış və xx.xx.2007-ci il tarixli, ******* nömrəli ümumi “Çıxarış”la rəsmiləşdirilmişdir. Onunla, qardaşı X8 arasında xx.xx.2008-ci il tarixli “real bölgü haqqında” notarial qaydada təsdiqlənmiş müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə bizə məxsus olan 4 otağın və köməkçi sahələrin aşağıdakı kimi müəyyən etməklə, gələcəkdə həmin sahələrə dair bir-birinə qarşı heç bir iddiasının olmayacağı barədə öhdəlik götürmüşlər. X1 13,5 kv.m olan otaq, № 9-da sahəsi 13,9 kv.m olan otaq və 9-li otağın qarşısındakı həyətyanı sahə; -İddiaçı - №17-də sahəsi 13,0 kv.m olan otaq, №19-da sahəsi 15,5 kv.m olan otaq, №15-də sahəsi 8,9 kv.m olan mətbəx, №13-də sahəsi 3,2 kv.m olan köməkçisahə, №14-də sahəsi 3,2 kv.m olan köməkçi sahə. Bundan sonra o, X8 və X7 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onun iddia tələbi təmin edilərək, bu barədə 2(004)-50/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yeriəşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsindən və 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evinin, 1ci mərtəbəsində yerləşən 17 və 19 nömrəli yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçısahələrinin iddiaçıya ayrılmaqla, payının naturada ayrılması qət edilmişdir. Bundan sonra ona məxsus daşınmaz əmlaka dair yeni çıxarış almaq üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmiş və nəhayət Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4417/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı əsasında ona reyestr nömrəsi “**********01-10301”, qeydiyyat nömrəsi “**********” olan, xx.xx.2024-cü il tarixli yeni Çıxarış verilmişdir. Hazırda, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 43,80 kv.m., torpaq sahəsinin ölçüsü 0.0061 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. 1950-ci ilə qədər mərhum babasının şəxsi mülkü olmuş, vərəsəlik yolu ilə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmış, həmçinin, reyestr nömrəsi “**********01-10301”, qeydiyyat nömrəsi “**********” olan, xx.xx.2024-cü il tarixli çıxarış əsasında onun şəxsi mülkiyyətində olan mənzil cavabdehlər Cavabdeh və onun adlarını bilmədiyi ailə üzvləri tərəfindən zəbt olunub. Belə ki, o uzun illərdir ki, agır xəstədir, əmək qabiliyyətsizdir, yerimək qabiliyyəti yoxdur. Bu səbəbdən uzun illərdir ki, qardaşının evində yaşayır. Hazırda onun əsəbləri də pozulub və qardaşının evində, bütün ailə üzvləri ilə birlikdə yaşamaq ona çətindir. Bu səbəbdən öz evində yaşamaq istədiyi zaman ona məlum oldu ki, onun evində tanımadığı şəxslər yaşayır. Onlardan evi boşaltmağı tələb etsə də, onlar birmənalı olaraq imtina edirlər.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və iddiaçıya verilmiş çıxarışın etibarsız hesab edilməsi və mənzilin onun mülkiyyətində olmasının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddianın əsaslarına görə, cavabdeh 2002-ci ildə hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə görə pulu ödəyərək həmin mənzili oranın mülkiyyətçisindən almışdır. Həmin mülkiyyətçinin bildirdiklərinə görə İddiaçı otaqları onun özünə təhvil verilmiş və onun evi ilə hər hansı bir əlaqəsi yoxdur. O vaxtdan bu günə qədər o və ailə üzvləri həmin mənzildə daimi yaşamış, orada qeydiyyatda olmuş və kommunal xərcləri ödəyərək mənzilə sahib olmuşdur. Mənzili ona satan şəxslə onun qızı da təsdiq edir ki, mənzilin pulu onun tərəfindən ödənilmiş və ev ona satılmışdır. Eyni zamanda həmin həyətdə yaşayan hər bir şəxs, qonşular da onun tərəfindən həmin evi pul ödəyərək almağını, ailə üzvləri ilə uzun illərdir ki, bu mənzildə faktiki yaşadığını və uşaqlarının həmin evdə böyüdüklərini təsdiqləyirlər. İddiaçı isə yalnız yaxın vaxtlarda hansısa məlum olmayan mənzilə dair çıxarış əldə etmiş və dərhal məhkəməyə müraciət edərək onun və ailəsinin evdən çıxarılmasını tələb etmişdir. Halbuki, 23 ildir mənzili o almış və faktiki sahiblik onun tərəfındədir. İlkin iddianı qaldıran isə ümumiyyətlə burada heç vaxt yaşamayıb. Həmin xanımın və onun qardaşının yəni hər ikisinin iki otaqlı evləri vardır ki, həmin evlər də onlarındır. Lakin buna baxmayaraq hansısa yollarla hansısa bəlli olmayan hissələrə çıxarış almışdır. Həyətində uzun illər yaşayan və ilkin iddiaçının qohumu olanlar bildirirlər ki, ümumiyyətlə onun bu çıxarışı necə alması müəmmalıdır.
b) iddiaya qarşı etiraz
12. İddialara qarşı yazılı etirazlar məhkəməyə daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi ilk iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili və nümayəndəsi qarşılıqlı iddianı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmiş, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermişlər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 13. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Maddə 43. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İlk iddia tələbi cavabdehin və ailə üzvlərinin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması barədədir.
20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə “A” literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 nömrəli yaşayış otaqları, 13, 14 və 15 nömrəli yardımçı sahələr naturada ayrılaraq iddiaçıya təhvil verilmişdir. Qətnamədən sonra iddiaçı hüquqlarını qeydə aldırmışdır. İddiaçı məxsus sahə xx.xx.2024-cü il tarixli çıxarış və eynitarixli texniki pasporta əsasən 43,8 kv.m sahədən, 5 otaqdan ibarətdir.
21. İddiaçıya məxsus sahənin cavabdeh tərəfindən zəbt edilməsi hazırkı işin halları baxımından sübut olunmur. Bu barədə hər hansı sübut təqdim edilməmişdir.
22. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə ekspert rəyi əsasında müəyyən edilmiş iddiaçıya verilməli olan sahələr təcrid şəklindədir. Qətnamədən sonra iddiaçı hüquqlarını qeydə aldırmaqla müvafiq çıxarış və texniki pasport əldə etmişdir, hansı ki, həmin texniki pasportla tikilinin və otaqların texniki quruluşu, sahələri təsbit edilmişdir. Mübahisəli fərdi yaşayış evinə yerində baxış keçirilən zaman da aydın olmuşdur ki, fərdi yaşayış evində giriş hissədən etibarən uzun dəhliz mövcuddur. Girişdən sol tərəfdə, dəhliz boyunca yaşayış otaqları var. Dəhlizin sonunda ikinci mərtəbəyə çıxış üçün keçid mövcuddur. Cavabdehin faktiki yaşadığı sahə dəhlizin orta hissəsində, sol tərəfdə yerləşdir. Cavabdehin yaşadığı sahədən sonra, dəhlizin sonunda bir neçə qapısı bağlı otaq mövcuddur. Cavabdeh və qonşuların bildirdiyinə görə, iddiaçıya məxsus otaqlar dəhlizin sonunda yerləşən qapısı bağlı həmin otaqlardır. Otaqların yerləşmə yeri iş materiallarına əlavə edilmiş texniki pasportdakı iddiaçıya məxsus plan-sxemə uyğundur.
23. Cavabdehin isə bildirdiyinə görə, o faktiki yaşadığı sahəni 2002-ci ildi həmin ünvan üzrə mülkiyyətçidən pulunu ödəyərək əldə etmişdir və həmin tarixdən orada yaşayır. Cavabdeh tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair abonent kartından və çıxarışlardan görünür ki, o 2006-cı ildən etibarən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evi üzrə elektrik enerjisi və sudan istifadə edir, ödənişlərini həyata keçirir. Bunlar da cavabdehin uzun illərdir ki, indi faktiki yaşadığı mənzildə etirazsız və mübahisəsiz yaşadığını deməyə əsas verir.
24. "xxxx" ASC-nin abonent kartından (abunə haqqında məlumat) görünür ki, elektrik enerjisinin istehlakı ilə bağlı müqavilə bağlayıb, abonent kodu verilən zaman cavabdehin ünvanı “A.Ağayev küçəsi bina 18, mənzil 12 (1 otaq)” olaraq göstərilmişdir. Hüquqmüəyyənedici sənəd olmasa da, bu sənəd də dolayı sübut qismində cavabdehin yaşadığı mənzilin iddiaçıya məxsus otaqlardan (13, 14, 15, 17 və 19 nömrəli) fərqli (12 nömrəli və 1 otaq) otaq olduğunu göstərir.
25. Göründüyü kimi, iddiaçı mülkiyyətçi olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədi təqdim etsə də, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi ilə bağlı iddiaların təmin edilə bilməsi üçün digər zəruri şərtlər – cavabdehin mənzilə (evə) faktiki sahibliyi və bu sahibliyinin qanunsuz olması faktı iş materialları ilə öz təsdiqini tapmır.
26. Odur ki, ilk iddia rədd edilməlidir.
27. Qarşılıqlı iddia tələbi isə iddiaçıya məxsus çıxarışın etibarsızlığı və mənzilin mülkiyyətində olmasının tanınması barədədir.
28. Qarşılıqlı iddia tələbi də təmin edilməməlidir, ona görə ki, hazırkı halda cavabdehin (qarşılıqlı iddiaçı) iddiaçıya məxsus çıxarışı mübahisələndirmək üçün müvafiq subyektiv hüququ mövcud deyil. Mənzilin cavabdehin mülkiyyətində olmasının tanınması üçün isə müvafiq maddi hüquqi əsaslar mövcud deyil və hazırkı halda iddiaçı ümumiyyətlə belə bir tələbə cavab verməli şəxs deyil.
29. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və mənzilin mülkiyyətdə olmasının tanınması tələbinə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə