Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5256/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsinə dair 07 avqust 2024-cü il tarixli, 3-17-7/3-4-1883/2024 saylı əmrin ləğv edilməsi; iddiaçının Cavabdeh MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli Sazişə əsasən “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin Şəki rayonu ərazisində ictimai işlər üzrə köməkçi peşəsinə bərpa edilməsi; qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 (altmış) manat rüsumun cavabdehdən alınaraq iddiçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü ildə Şəki rayonu Vərəzət kəndində anadan olmuşdur. Səhhəti ilə bağlı olaraq isə xx.xx.2010-cu il tarixdən etibarən ona əlillik təyin edilmişdir və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 274262 saylı vəsiqə verilmişdir. O, yaşadığı ünvan üzrə 2016-cı ildə xidməti müqavilə əsasında, xx.xx.2021-ci il tarixdən isə Cavabdeh MMC ilə bağlanılmış müddətli əmək müqaviləsi əsasında X5 İstismar İdarəsinin Şəki rayonu üzrə ictimai işlər üzrə köməkçi peşəsində işləyir. İddiaçının işlədiyi dövr ərzində isə əmək fəaliyyəti ilə bağlı ona hər hansı irad və nöqsan tutulmamışdır. xx.xx.2024-ci ildən xx.xx.2024-cü il tarixədək isə səhhətində yaranmış problemlərlə əlaqədar işə çıxmamışdır. Nəhayət xx.xx.2024-ci ildə işə çıxdığı zaman isə Cavabdeh MMC tərəfindən heç bir xəbərdarlıq edilmədən işdən azad edildiyi bildirilmişdir. İddiaçıya xx.xx.2010-cu il tarixdən etibarən əlillik təyin edilmişdir və bu barədə müəssisə iddiaçı tərəfindən məlumatlandırılmışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək əlilliyinin nəzərə alınmasını və müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Cavabdeh MMC öz növbəsində xx.xx.2024-cü il tarixli 3-17-7/2- K-31926/2024 saylı məktubla onunla bağlanılmış əmək müqaviləsinin qüvvədə olmasının nəzərə alınmasını xahiş etmişdir. Lakin bununla belə Cavabdeh MMC iddiaçının əllil olmağını, əvvəlcədən olan müraciətini nəzərə almadan və bir həftə əvvəlcədən xəbərdarlıq etmədən xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-1883/2024 saylı əmrlə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən qanunsuz olaraq işdən azad etmişdir. Bu əsaslara görə iddiaçının Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-1883/2024 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilməsi qanunsuz olmuşdur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 05 yanvar 2021-ci il tarixli əmək müqaviləsinin 2-ci bəndinə əsasən müqavilə 1 (bir) ay müddətində bağlanılmış, müddət başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixədək uzadıla bilər. Göründüyü kimi müqavilə müddətləri ilə bağlı münasibətlər artıq tənzimləndiyindən, başqa sözlə artıq həmin müqavilənin bağlanılmasından dörd il keçmiş və eyni şərtlərlə avtomatik olaraq davam etmişdir. Yəni müqavilə 05 yanvar 2021-ci ildən 05 fevral 2021-ci ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2021-ci il tarixədək uzanmışdır. Bu tendensiya növbəti illərdə də eyni şərtlərlə davam etdiyindən həmin müqavilə 05 yanvar 2024-cü ildən 05 fevral 2024-cü ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən 30 dekabr 2023-cü il tarixədək uzanmışdır. Ona görə Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə iddiaçı ilə bağlanılmış müqaviləyə xitam verməsi tamamilə əsassız olmuşdur. Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə əmək müqaviləsinin müddətinin bitməsi iddiaçı ilə bağlanılmış müqaviləni ən yaxşı halda müqavilə 05 yanvar 2024-cü il tarixdə bağlanıldığından bir ay sonrakı tarixdən yəni 05 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixi aralığında ləğv edə bilərdi. Çünki müqavilə 05 fevral 2024-cü il tarixdən sonrakı bir həftə ərzində ləğv edilmədiyindən 2024-cü ilin 30 dekabrınadək avtomatik uzadılmışdır. Belə olan halda müqaviləyə 07 avqust 2024-cü il tarixdə xitam verilməsi əsassız və qanunsuz olmaqla bərabər maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi xx.xx.2024-cü il tarixdən dəyişdirildiyindən və iddiaçı bundan sonra xx.xx.2024-cü il tarixdə işdən azad edildiyindən ona münasibətbdə qanunverciliyin yeni dəyişikliyi tətbiq edilməlidir. Yəni Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsi ilə İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verməsi üçün müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi imperativ formada şərtləndirilmişdir. Lakin Cavabdeh MMC iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bir həftə əvvəlcədən xəbərdar etmədiyindən müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi tamamilə əsassız olmuşdur.Bundan əlavə iddiaçının qeyd etdiyi kimi xx.xx.2010-cu il tarixdən etibarən ona əlillik təyin edilmişdir və bu barədə müəssisə onun tərəfindən məlumatlandırılmışdır. İddiaçının əlilliyinin olması isə ümumiyyətlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsində üstünlük hüququ verir və qanun bir başa əlillik dərəcəsi olan vətəndaşlarla bağlanılmış müqaviləyə xitam verilməsini qadağan edir.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələlərin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yararlanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOST” proqramına başlanılmışdır. Həmin proqram “DOST” İş Mərkəzi” MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddia ərizəsində qeyd olunanlara dair bildirilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X2 X6 İdarəsinin Şəki rayonu üzrə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə 1 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən 2.1-ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 ay müddətinə uzadıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri hər biri ayrı-ayrılıqda iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən 2.1-ci bənddə müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021ci il tarixinədək uzadıla bilər.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən işçi 05 yanvar 2021-ci il tarixdən işə başlayır.
13. Müqavilənin 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyaları – şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün intenar evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin cari təmiri; kənd təsərrüfatı müəssisələrinə köməklik göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq; digər sosial əhəmiyyətli işlərdən ibarətdir.
14. “DOST” İş Mərkəzi” MMC-nin 7 avqust 2024-cü il tarixli, 3-17-7/3-4-1883/2024 saylı əmrindən çıxarışa əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş “Azəriqaz” X2 X4 İdarəsi üzrə Şəki rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, İddiaçı xx.xx.2024-cü il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir.
15. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi - əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
16. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
17. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
18. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
19. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
20. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
21. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
22. Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.
23. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər.
24. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsi müddətli olmuşdur. xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-1883/2024 nömrəli əmrlə iddiaçı AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.
25. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmış, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır.
26. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur.
27. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
31. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci onun özünə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş 60 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil