Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5370/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də onun xadimə vəzifəsinə 450 manat rəsmi və 262 manat əlbəəl aldığı əmək haqqı əmək müqaviləsində rəsmi göstərilməklə bərpa edilməsi və məcburi buraxılmış iş vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncdə daxil olmaqla, əmək haqqının və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də xadimə vəzifəsində işləməyə başlamışdır. İddiaçı işə başlayan zaman onun müqaviləsi müddətsiz bağlanmışdır. Daha sonra onun əmək müqaviləsi müddətli əmək müqaviləsinə dəyişdirilmişdir. Əmək müqaviləsinə sonuncu dəyişikliklə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixə qədər olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə, yəni vaxtından 3 gün əvvəl xitam verilmişdir. İddiaçının əmək haqqı müqavilə üzrə 450 manat olmuşdur. Bundan əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya əmək haqqına əlavə olaraq hər ay əlbəəl 262 manat əmək haqqı verilmişdir. İddiaçının əlbəəl aldığı əmək haqqı da rəsmi göstərilməklə işə bərpa edilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh iddiaçını həmin əmək haqqı ilə birlikdə (yəni rəsmi aldığı əmək haqqı və əlbəəl aldığı əmək haqqı da rəsmi göstərilməklə) işə bərpa etməkdən imtina etmişdir. İddiaçı işdən çıxan zaman cavabdeh tərəfindən iddiaçıya işdən çıxma əmrinin surəti və əmək kitabçası verilməmişdir. Qeyd edilən sənədlərin təqdim edilməsi barədə cavabdehə müraciət edilsə də, cavabdeh həmin sənədləri təqdim etməmişdir. Əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçı tərəfindən emas.sosial.gov.az saytından əldə edilmişdir. Mediasiya prosesində cavabdeh iddiaçını işə bərpa etməyə razılıq vermişdir, əmək haqqını 450 manat əmək haqqı verməyə razı olmuşdur. Lakin iddiaçıya 262 manat əlavə pulu ödəməyə razı olmadığına görə barışıq əldə etmək mümkün olmamışdır. Hazırda iddiaçı tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddianın əsası xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsidir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə texniki səhvə yol verilərək, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. İddiaçının əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Elektron sistemə də əlavə etdikləri əmək müqaviləsi bildirişindən görünür ki, texniki yalnışlıq düzəldilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixədək əmək haqqı və istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilmişdir. Həmçinin iddiaçıya medisasiya prosesində də işə bərpa olunması barədə təklif edilmiş, yəni başqa marketdə eyni vəzifə təklif edilmişdir. Lakin iddiaçı ona 450 manatdan əlavə 262 manat pul ödənilməsini tələb etmişdir. Bu səbəbdən razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçıya yalnız 450 manat rəsmi əmək haqqı ödəmiş və onun bank kartına köçürmüşdür. Cavabdeh iddiaçıya hər hansı bir əlavə əmək haqqı ödəməmişdir. Hesab edir ki, müqavilənin müddəti bitdiyinə görə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də xadimə vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsinə dəyişdirilmiş və müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Cavabdeh MMC-nin icraçı direktorunun xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmri ilə Cavabdeh MMC-nin bölməsinin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə texniki səhvə yol verilmiş, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə qeyd olunan yalnışlıq düzəldilmiş və xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və saat 09:57:23-də çap edilmişdir. Həmin bildirişdən də müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmrlə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Göründüyü kimi, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli müqavilə əsasında çalışan işçi əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-də İddiaçı xadimə vəzifəsinə 450 manat rəsmi və 262 manat əlbəəl aldığı əmək haqqı əmək müqaviləsində rəsmi göstərilməklə bərpa edilməsi və məcburi buraxılmış iş vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncdə daxil olmaqla, əmək haqqının və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-5370/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5370/2023
12.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver