Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5385/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövr və son haqq hesabın gecikdirilmiş müddətinə görə faiz məbləği və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövr və son haqq hesabın gecikdirilmiş müddətinə görə faiz məbləği və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunun iqtisadçısı vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-cı il tarixdən "xxxx" ASCnin idarəetmə aparatında ilkin olaraq mühəndis ,sonra iqtisadçı, daha sonra isə aparıcı iqtisadçı vəzifəsində işləmişdir. Həmin sahədə bütün növ əsas fondların idarə olunması, inventarlaşdırılması və əmlakın monitorinqini təmin etmək işini görmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və melorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılmış və "xxxx" ASC ADSEA-nın tabeliyinə verilərək, onun bazası əsasında Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-in 807-k №-li “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən işəgötürən ilə iddiaçı arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-ci il tarixdən xitam verilmişdir. Cavabdeh sözügedən əmrdə, işçi olaraq iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisar edilməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək və elə həmin il Dövlət Neft şirkətində təchizatçı-mühəndis vəzifəsinə işə qəbul edilmiş, sonra həmin şirkətdə iqtisadçı, mühəndistexnoloq, aparıcı mühəndis, plan iqtisadiyyat şöbəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. xx.xx.2012-ci ilədək dövr ərzində SOCAR-da çalışmış, daha sonra isə əmək fəaliyyəti "xxxx" ASC ilə bağlı olmuşdur. xx.xx.2012-ci il tarixdən müsabiqə yolu Səhmdar Cəmiyyətin Daxili nəzarət departamentinin Su kommunikasiyalarına nəzarət şöbəsində mühəndis kimi işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdən Abonent işləri departamentinin Su kommunikasiyalarına nəzarət şöbəsində mühəndis, xx.xx.2013-cü il tarixdən Əmlak məsələləri departameninin Əmlakın inventarlaşdırılması şöbəsində mühəndis, xx.xx.2014-cü il tarixdən Əsas fondların idarə olunması şöbəsində iqtisadçı, xx.xx.2015-ci il tarixdən Əsas fondların idarə olunması şöbəsində aparıcı iqtisadçı, xx.xx.2016-ci il tarixdən İqtisadiyyat və uçot idarəsi Əsas fondların idarə olunması şöbəsində aparıcı iqtisadçı, xx.xx.2022 tarixdən yeni yaranan Əsas fondların idarə olunması və monitorinqi şöbəsində aparıcı iqtisadçı, sonra həmin şöbə ləğv edilərək onun bazasında 2 şöbənin (Əsas fondların idarə olunması və Əmlakın monitorinqi şöbələri) yaranması nəticəsində xx.xx.2023-cü il tarixdən son tarixə kimi Əmlakın monitorinqi şöbəsində 15-ci dərəcəli aparıcı iqtisadçı vəzifəsində işləmişdir. Cavabdeh qurumda işlədiyi dövrlərdə əmək funksiyasını yüksək səviyyədə yerinə yetirilmə bacarığına və peşəkarlığa görə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə və xx.xx.2023-cü il tarixdən son tarixə kimi əmək haqqına əlavə ödəmələr təyin edilmişdir. Hazırda 63 yaşı var, ümumilikdə 44 iləmək stajına malik olmaqla, onlardan 12 ilini cavabdeh qurumda çalışmışdır. Beləliklə, cavabdeh iddiaçını yeni struktur vahidinin yaranması və köhnə ştat cədvəli ştat vahidinin ixtisar edilməsini bəhanə gətirərək qanunsuz olaraq işdən azad etmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsi müəssisədə ştatların ixtisarı həyata keçirilərkən işçilərin peşakarlıq səviyyəsini işəgötürən tərəfindən müəyyən etməsini ehtiva etsə də, müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasını vəzifə olaraq işəgötürənin üzərinə qoyur. Hazırkı halda, cavabdeh ştat ixtisarını həyata keçirərkən işçilərin peşəkarlıq səviyyəsini düzgün müəyyən etməmiş, iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılmış digər işçilərə münasibətdə daha yüksək olmasına baxmayaraq işçi olaraq iddiaçını “zəif bənd” kimi ixtisar edərək sərbəstləşdirilmiş işçilər siyahısına daxil etmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti nəticəsində iddiaçı əsassız olaraq ixtisar edilmişdir. Odur ki, mübahisə predmeti olan əmr qanunsuzdur və ləğv edilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi X2 izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 108-K nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçı vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 807-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş işəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. İş materiallarına “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Əmlakın monitorinqi şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i aparıcı iqtisadçı vəzifəsidir. İş materiallarına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmri əlavə edilmişdir. Əmrə əsasən müəyyən edilir ki, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin ştat cədvəli təsdiq edilmişdir. İş materiallarına “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, Əmlakın monitorinqi şöbəsi strukturda mövcud deyildir. İş materiallarında olan ödəniş qəbzinə əsasən müəyyən edilir ki, işəgötürən tərəfindən işçinin son haqq-hesab məbləği 5925,56 manat hesablanmaqla xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçı vəzifəsinə təyin edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 807-K saylı əmrinə əsasən işçi Əmlakın monitorinqi şöbəsinin aparıcı iqtisadçısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Əmlakın monitorinqi şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən cəmi 8 ştat vahidi olmaqla onlardan 1-i aparıcı iqtisadçı vəzifəsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmrinə əsasən müəyyən edilir ki, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin ştat cədvəli təsdiq edilmişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvəlinə əsasən müəyyən edilir ki, Əmlakın monitorinqi şöbəsi strukturda mövcud deyildir, ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş şərtlər daxilində ştatları ixtisara salmaq, işin operativ və səmərəli təşkilini təmin etmək işəgötürənin hüququdur. Yəni, işçi və işəgötürənin hüquqları müvafiq balans proporsionallıq) gözlənilməklə, qanun çərçivəsində qorunmalı, tərəflərin hər hansı birinin əsassız öhdəliklə yüklənməsinə yol verilməməlidir. Ştatların ixtisarı qarşıya qoyulan məqsədə uyğun olmalı, formal əsaslarla həyata keçirilməməli, işəgötürənin həqiqi islahat aparması iradəsinə əsaslanmalıdır. Hazırki mübahisə üzrə işəgötərən (hakimiyyət subyekti olaraq) fəaliyyətin təkminləşdirilməsi məqsədilə ciddi sturuktur dəyişikliyini həyata keçirtmişdir. Dəyişikliyin hansı nəticələrə səbəb olacağı hazırda dəqiq məlum olmasa da, pozitiv dəyişikliklə bağlı iradə ifadəsi müşahidə olunur. İşçilərin pozulmuş hüquqlarının bərpası, əmək qanunvericiliyin tələblərinə şərtsiz əməl edilməsi, xüsusən zəif tərəf kimi işçinin maraqlarının müdafiəsi dövlətin xüsusi marağında olsa da, bu, işəgötürənin qərar qəbul etmək, fəaliyyətini təşkil etmək səlahiyyətini əlindən almaqla nəticələnməməlidir. İxtisara düşmüş işçilərin bərpa edilməsi (hüquqi əsas olmadan) icrası mümkün olmayan məhkəmə qərarlarının qəbul edilməsi ilə nəticələnə və ya işəgötürənin fəaliyyətinin məhdudlaşmasına (maliyyə yükü baxımından) səbəb ola bilər. Yəni, hazırki mübahisə üzrə iddiaçının işləmiş olduğu şöbə mövcud deyildir, tamamilə ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş tələb üzrə “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektoruna bərpa edilməsini tələb etsə də, iddiaçı həmin şöbənin işçisi olmadığından (həmin şöbədən ixtisar olunmadığından) ora bərpa edilməsi yolverilən hesab edilmir. İşçinin işə bərpa edilməsi sonuncu vəzifəsinə mümkün hesab edilir. Çünki, mübahisələndirilən əmrin ləğv edilməsi əmrin hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlir. Yəni, əgər əmr ləğv edilərsə, işçi sonuncu iş yerinə (şöbə, vəzifə) bərpa edilməlidir ki, hazırki mübahisə üzrə işçinin sonuncu vəzifə üzrə işləmiş olduğu şöbə ləğv edilmişdir. Məhkəmə isə işəgötürənə mahiyyətdən kənar göstəriş verə bilməz, yalnız işəgötürənin hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verməklə ədalət mühakiməsini həyata keçirə bilər. İşdən kənarlaşdırılan işçilərin və ya ləğv edilməli şöbənin müəyyən edilməsi hüququ Əmək Məcəlləsinin tələblərinin (79-cu maddə) qorunması şərtilə işəgötürənə aiddir. Nəzərə alınmalıdır ki, işəgötürənlər müəssisə olmaqla iqtisadiyyat, vergi ödənişləri, işsizliyin aradan qaldırılması, xidmət sahəsində işlərin təşkili, büdcəyə vəsaitlərin mədaxil edilməsində müstəsna əhəmiyyətə malikdir. İşçilərin hüquqlarının işəgötürənin hüquqlarından şərtsiz üstün tutulması iqtisadi baximdan neqativ nəticələrə səbəb ola bilər. Mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması müəyyən edilmir. İşçiyə peşəkarlıq səviyyəsinə görə əlavə ödənişin edilməsi (hazırki mübahisə üzrə iddiaçının əmək haqqına aylıq əlavə müəyyən edilmiş və ödənilmişdir) ştatların ixtisarına və ya işəgötürənin digər qanuni hərəkətlərinə maneə deyildir. Bu tipli həvəsləndirmə tədbirləri işçi və işəgötürən arasındakı əmək münasibətlərinə əsaslanır. Hər münasibətin (hal) öz normativ əsası olmaqla bir-birindən fərqlidir. Mübahisə üzrə Həmkarlar ittifaqının məktubunu məhkəmə qərar kimi nəzərə alır. Yəni, məktubun giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin adlandırılmaması onun qərar olmaması anlamına və ya əksi isə qərar olması anlamına gəlmir. Sözügedən məktub aydın və anlaşılan olmaqla mahiyyəti üzrə qərar əhəmiyyətindədir. Həmçinin, həmin qərar olsa da, qərarın qəbul edilməsi prosedurası olaraq iclas protokolundan çıxarışın təqdim edilməməsi mahiyyəti üzrə işəgötürənin əmrinin qanunsuzluğuna dəlalət edə bilməz. Çünki, işəgötürən qəbul etdiyi əmrə münasibətdə subyektiv təqsir nöqteyi-nəzərdən məsuliyyət daşıyır. Həmkar ittifaqı komitəsi isə ayrıca subyekt olmaqla işəgötürənə tabe deyildir və sonuncunun fəaliyyətindəki nöqsanın məsuliyyəti işəgötürənin üzərinə atıla, müvafiq əmr qanunsuz hesab edilə bilməz. Bu hal üzrə, məhkəmə obyektiv təqsiri deyil, subyektiv təqsiri nəzərə alır və əsas götürür. Lakin, həmkarlar ittifaqı komitələri işçilərin nümayəndəli orqanları olmaqla onları müdafiə etmək, hüquqlarını qorumaqla mükəlləfdirlər və mövcuddurlar. Əks halda, həmkarlar ittifaqı komitəsinin mövcudiyyətinə gərək olmaz. İddiaçı tərəfindən məhkəməyə “İş yerində ştatların ixtisarı qaydaları” əlavə edilmişdir. Məhkəmə baxış iclasında iddiaçı həmin qaydaların Rusiya Federasiya qanunvericiliyinə istinad edilməklə təqdim edilməsini bildirmişdir. Məhkəmə izah edir ki, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində (normanın məkana görə yurisdiksiyası baxımından) baxılaraq qərar qəbul edilməlidir. Həmçinin, qanunun tələblərinə zidd mövqe qoymaqla elmi-nəzəri yanaşmalar tətbiq edərək mübahisənin həll edilməsi qanunçuluq prinsipinin tələblərinə uyğun deyildir. İş materiallarında olan ödəniş qəbzinə əsasən (son haqq-hesab barədə) müəyyən edilir ki, işəgötürən tərəfindən işçinin son haqq-hesab məbləği 5925,56 manat hesablanmaqla xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Deməli, son haqq-hesab işçinin işdən çıxdığı xx.xx.2024-cü il tarixdə ödənilməli olduğu halda, 10 gün gecikdirilməklə ödənilmişdir. Hər gün üçün 1% hesablanmaqla ümumi məbləğin 10%-i 592 manat təşkil etdiyindən iddia tələbi sözügedən hissədə əsaslıdır. Belə ki, işəgötürən qanunla müəyyən edilmiş qaydada üzərinə düşən öhdəlikləri tam icra etməli, əks halda pozuntuya görə məsuliyyət daşımalıdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin mahiyyəti üzrə böyük ölçüdə təmin edilməməsi nəzərə alınmaqla mülki iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsdən son haqq-hesabın gecikdirilmiş müddətinə görə 592 (beş yüz doxsan iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövr və son haqq hesabın gecikdirilmiş müddətinə görə faiz məbləği və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsdən son haqq-hesabın gecikdirilmiş müddətinə görə 592 (beş yüz doxsan iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərci qismində ödənilmiş 60 (altmış) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 520 (beş yüz iyirmi) manat xərc İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5385/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5385/2024
12.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver