Məhkəmə qərarları › İş №e-2(004)-542/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-542/2024

23.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-542/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X6 Kompleksi” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X6 Kompleksi” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6 Kompleksi” MMC tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli k-1-3-2023 saylı əmrin etibarsız hesab edilməsi və onun məcburi işə buraxılma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa edilməsi və ona dəymiş 25000 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun iş yerindəki uğurlu təcrübəsi, işinin gedişatı və sənədli olaraq isbat edilmiş fayda verən nəticəvi mövqeyi, onu işində zəhmətkeş və işinə vicdanlı münasibətli bir işçi kimi xarakterizə edir. Bu səbəbdən, işdən əsassız şəkildə çıxarılmağı düzgün deyil və onun hüquqlarını pozmaq məqsədi güdən bir addımdır. “X6 Kompleksi” MMC ilə 13 oktyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında MMCnin balansında olan Bərdə Pambıq zavodunda Transportyorçu vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi üzrə onun əmək funksiyası tayaya pambıq vurmaq olmuşdur. Onunla bağlanmış əmək müqaviləsinin 3.2-ci maddəsinə əsasən bağlanmış əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyalarının hər hansı birinin və ya bir neçəsinin dəyişdirlməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Buna baxmayaraq 2022-ci il 19 fevral tarixində AASK MMC –nin balansında olan Bərdə Pambıq zavodunun rəhbərliyi onu öz vəzifəsindən ayıraraq, traktora çiyid vurmağa təhkim etmişlər. Nəticədə o, lapetin üstündə olarkən müvazinətini itirərək, yerə yıxılmış və sağ qolu qırılmışdır. Nəticədə qolu əyri halda bitşmişdir. Hadisənin baş verdiyi gün “X6 Kompleksi” MMC-nin yerli rəhbərliyi ilkin mərhələdə müalicəsi üçün maliyyə dəstəyi göstərsə də, ancaq qolunun yanlış müalicə nəticəsində əyri bitdiyi üzə çıxandan sonra, müraciət etmişdir ki, ona yenidən müalicə almağı üçün MMC maliyyə yardımı göstərsin, lakin bu dəfə “X6 Kompleksi” MMC bundan imtina etmiş və bildirmişlər ki, onların onun müalicəsi üçün ayıracaq maliyyələri yoxdur. Bundan başqa, “X6 Kompleksi” MMC-nin onunla bağladığı yeni əmək müqaviləsində (1 ay müddətinə) onun əmək funksiyası dalandar deyə müəyyən edilmişdir. Hansı ki, bu işi ona onlardan müalicə pulu tələb etməməyi üçün göründüyü kimi müvəqqəti bağlamışlar. “X6 Kompleksi” MMC ilə onun arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinin və nə də 25 aprel 2022-ci il tarixli əmək müqaviləsinin 4.7, 4.8 və 4.12-ci maddələrinin tələblərinə əməl etməmişdir. Həmçinin, “X6 Kompleksi” MMC onunla 25 aprel 2022-ci il tarixli yeni müqavilə bağlayarkən hüquqi cəhətdən və qanuni şəkildə əsaslandıra bilməmişdir ki, niyə onun əvvəlki müqavilə üzrə olan əmək funksiyası dəyişdirilir. Bundan başqa, AR Əmək məcəlləsinin tələbləri baxımından işçinin qəbul edilən iş üzrə sınaq müddəti 3 ay göstərildiyi halda, “X6 Kompleksi” MMC onunla yeni əmək funksiyası üzrə 1 aylıq əmək müqaviləsi bağlayır, sınaq müddəti təyin etmədən. MMC rəhbərliyi hardan bilir ki, o, 25 aprel 2022-ci il tarixli əmək müqaviləsi üzrə müəyyən edilmiş dalandar vəzifəsinə tam cavab verən təcrübəyə və biliklərə sahibdir? Bu faktdan da görünür ki, MMC rəhbərliyi onu əsas işindən ayıraraq, ona aidiyyəti olmayan işə cəlb etməklə, onunla baş vermiş iş qəzası nəticəsində sağlamlığına dəymiş zərərin lazımi şəkldə ödənilməsindən və səhhətinin, iş qabiliyyətinin tam bərpasına yardım göstərilməsindən boyun qaçırmaq məqsədi ilə bir aylıq müddətə əmək müqaviləsi bağlamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X6 Kompleksi” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “X6 Kompleksi” MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.Qeyd edilənləri nəzərə alaraq iddia müddəti tətbiq edilməklə iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəfin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “X6 Kompleksi” MMC-nin Bərdə PİEZ filialının emal bölməsinə fəhlə peşəsinə işə qəbul olunmuşdur, xx.xx.2021-ci il tarixdə Pambığın qəbulu, saxlanılması və laborator nəzarət sahəsinə transportyorçu peşəsinə keçirilmişdir, xx.xx.2021-ci il tarixdə “X6 Kompleksi” MMC-nin Bərdə PİEZ filialında nəqledici qurğular üzrə operator peşəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə “X6 Kompleksi” MMC-nin Bərdə PİEZ filialında dalandar peşəsinə keçirilmişdir və xx.xx.2023-cü il tarixdə o, AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan qaydalara riayət edilməklə (əmək müqaviləsinin müddətinin bitməsi) tutduğu peşədən azad edilmişdir. İş materiallarında olan “X6 Kompleksi” MMC-nin xx.xx.2023-cü il tarixli, K-1-3-2023-320 saylı Əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsi müddətin bitməsi əsası ilə xx.xx.2023cü il tarixindən AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydalara riayət edilməklə ləğv edilmiş və tutduğu X7 və Emalı Zavodu filialının inzibati təminat bölməsində dalandar peşəsindən azad edilmişdir. İş materiallarında olan “X6 Kompleksi” MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı “X6 Kompleksi” MMC Bərdə pampıq istehsalı və emalı zavodu Pambıq istehsalı şöbəsində transportyorçu peşəsinə işə qəbul olunmuş, əmək müqaviləsi 1 ay müddətinə müddətli olaraq bağlanmışdır. İş materiallarında olan “X6 Kompleksi” MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı “X6 Kompleksi” MMC Bərdə pampıq istehsalı və emalı zavodu İnzibati təminat bölməsində dalandar peşəsinə işə qəbul olunmuş, əmək müqaviləsi ƏM-nin 47-ci maddəsinin f bəndinə uyğun olaraq 1 ay müddətinə müddətli olaraq bağlanmışdır. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “X6 Kompleksi” MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi üzrə 24 iyul 2023-cü il tarixli, K-1-3-2023 saylı əmrin ləğv edilməsi, işə bərpa, 25000 manat maddi təzminat və 10000 manat məbləğində mənəvi təzminatın ona ödənilməsi tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür. İş materiallarında olan 01/2022 saylı İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında Aktdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 13-01 radələrində X7 və Emalı Zavodunun ərazisində yerləşən çiyid yüklənməsi, boşaldılması və yerinin dəyişdirilməsi üçün nəzərdə tutulan sahədə lafetə yüklənmiş çiyidi ayaqlayıb presləyərkən müvazinətini itirərək yerə yıxılmışdır. TƏBİB-in Bərdə Rayon Mərkəzi Xəstəxanasının komissiyaya təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xəstəxanaya “Sağ said sümüyünün yerdəyişmiş sınığı” diaqnozu ilə daxil olmuş, sağ qolunun sınmış hissəsinə fiksəedici langet gips sarğısı qoyulmuş və müalicəsini ambulator şəraitdə davam etdirmək üçün evə buraxılmışdır. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Bərdə rayon şöbəsinin komissiyaya təqdim etdiyi xx.xx.2022-ci il tarixli 57 saylı məktubunda İddiaçı təyin olunmuş diaqnozun sağlamlığa az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. “X6 Kompleksi” MMCnin X7 və Emalı Zavodunun rəhbəri tərəfindən AR ƏM-nin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) 1-ci abzasının (işəgötürən işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər) yerinə yetrilməsinə zəif nəzarət edilməsi təsdiqini tapmışdır. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, X2, müəssisənin işçisi İddiaçı xx.xx.2022-ci il tarixdə müəssisənin ərazisində iş vaxtı xəsarət alması barədə AR ƏM-nin 217-ci maddəsinə uyğun məlumat verməmiş və nəticədə AR İXM-nin 555.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X2, AR İXM-nin 555.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan “X6 Kompleksi” MMC-nin X7 və Emalı Zavodunun nəqledici qurğular üzrə operatoru İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən Təhqiqat aktından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 13-05 radələrində X7 və Emalı Zavodunun ərazisində yerləşən çiyid yüklənməsi, boşaldılması və yerinin dəyişdirilməsi üçün nəzərdə tutulan sahədə lafetə yüklənmiş çiyidi ayaqlayıb presləyərkən müvazinətini itirərək yerə yıxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsinin əməkdaşlarından ibarət Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 və Emalı Zavodunun nəqledici qurğular üzrə operatoru İddiaçı cavabdehliyini, 4.2-ci bəndinə əsasən X6 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə Pambıq stehsalı və Emalı Zavodunun direktoru X1 nəzarətsizliyini müəyyən etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X6 Kompleksi” MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı “X6 Kompleksi” MMC Bərdə pampıq istehsalı və emalı zavodu İnzibati təminat bölməsində dalandar peşəsinə işə qəbul olunmuş, əmək müqaviləsi ƏM-nin 47-ci maddəsinin f bəndinə uyğun olaraq 1 ay müddətinə müddətli olaraq bağlanmışdır. “X6 Kompleksi” MMC-nin xx.xx.2023-cü il tarixli, K-1- 3-2023-320 saylı Əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsi müddətin bitməsi əsası ilə xx.xx.2023-cü il tarixindən AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydalara riayət edilməklə ləğv edilmiş və o, tutduğu X7 və Emalı Zavodu filialının inzibati təminat bölməsində dalandar peşəsindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, İddiaçı hakimin məhkəmə iclasında ona verdiyi suala cavab olaraq bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə ona işdən azad edildiyini bildirmişlər. Buradan da müəyyən olunur ki, işçi İddiaçı hüququnun pozulmasının aşkar edildiyi gün 27 iyul 2023-cü il tarixidir və o hüququnun pozulmasını aşkar etdiyi gündən təxminən 2 ay sonra - xx.xx.2023-cü il tarixdə mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya müraciət etmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “X6 Kompleksi” MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi üzrə 24 iyul 2023-cü il tarixli, K-1-3-2023 saylı əmrin ləğv edilməsi, işə bərpa, 25000 manat maddi təzminat və 10000 manat məbləğində mənəvi təzminatın ona ödənilməsi tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 27 iyul 2023-cü il tarixindən 1 aylıq müddət ərzində məhkəməyə müraciət etməli olduğu halda, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan (28 avqust 2023-cü il tarixdən) təxminən 2 ay sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə İddiaçı əmək müqaviləsinə xitam verilməsi üzrə 24 iyul 2023-cü il tarixli, K-1-3-2023 saylı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair iddia müddəti keçdiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Odur ki məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi ona dəymiş 25000 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsi hissəsində iddia müddətinin tətbiqi ilə əlaqədar rədd edilə bilməz. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “X6 Kompleksi” MMC-nin X7 və Emalı Zavodunun nəqledici qurğular üzrə operatoru İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən Təhqiqat aktından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 13-05 radələrində X7 və Emalı Zavodunun ərazisində yerləşən çiyid yüklənməsi, boşaldılması və yerinin dəyişdirilməsi üçün nəzərdə tutulan sahədə lafetə yüklənmiş çiyidi ayaqlayıb presləyərkən müvazinətini itirərək yerə yıxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsinin əməkdaşlarından ibarət Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 və Emalı Zavodunun nəqledici qurğular üzrə operatoru İddiaçı cavabdehliyini, 4.2-ci bəndinə əsasən "X6 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 və Emalı Zavodunun direktoru X1 nəzarətsizliyini müəyyən etmişdir. 15 iyul 2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, X2, müəssisənin işçisi İddiaçı xx.xx.2022-ci il tarixdə müəssisənin ərazisində iş vaxtı xəsarət alması barədə AR ƏM-nin 217-ci maddəsinə uyğun məlumat verməmiş və nəticədə AR İXM-nin 555.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 25 iyul 2022-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən X2, AR İXM-nin 555.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan tibbi sənədlərdən, digər iş materiallarından, habelə iddiaçının məhkəmədə verdiyi izahatla da təsdiq olunur ki, iddiaçının iş yerində aldığı xəsarət nəticəsində ona sağ said sümüyünün yerdəyişmiş sınığı diaqnozu qoyulmuş, habelə aldığı xəsarətlə bağlı sümüyün əyri bitişməsi nəticəsində sağlamlığında digər problemlər yaranmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarətin sonrakı fəsadları iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçı ona tələbində qeyd etdiyi kimi 25000 manat məbləğində maddi zərər dəydiyini təsdiq edən heç bir sübutu, müalicə xərclərini özündə əks etdirən qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi ona dəymiş 25000 manat maddi zərərin ödənilməsi hissəsində də əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İş materiallarında olan tibbi sənədlərdən, iddiaçının məhkəmədə verdiyi izahatından da görünür ki, İddiaçı "X6 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 və Emalı Zavodunun direktoru X1 nəzarətsizliyi səbəbindən xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iş vaxtı X7 və Emalı Zavodunun ərazisində “Sağ said sümüyünün yerdəyişmiş sınığı” diaqnozu olmaqla, sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarət almışdır. İş materiallarında olan rentgenoqramma göstəricilərindən də göründüyü kimi, həmin xəsarət nəticəsində sağ said sümüyünün köhnə yerdəyişən sınığının qeyri-düzgün bitişməsi nəticəsində İddiaçı sağlamlığı ciddi şəkildə pozulmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarətin sonrakı fəsadları iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçı həmin xəsarətlə bağlı olaraq sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş, uzunmüddətli olaraq əmək qabiliyyətindən, fəal ictimai həyat tərzindən məhrum olmuş, nəticədə ona mənəvi zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 10000 manat mənəvi zərərin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X6 Kompleksi” MMC-dən mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh “X6 Kompleksi” MMC-dən mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar