Məhkəmə qərarları › İş №e-2(004)-5518/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5518/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5518/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək Müəyyən etdim: İddiaçılar cavabdehlərə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, ərizəni elektron imzalamış Vəkil tərəfindən iddiaçılara hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil orderi və etibarnamə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Əlavə olaraq iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbzdən rüsumun Yasamal Rayon Məhkəməsinin hesabına ödənilməsi müəyyən olunmur. Mülki Prosessual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, iddia ərizəsində tələb göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan əlavə iddia ərizəsinə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmasını təsdiq edin sənəd – mübahisəli mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüquqlarını təsdiq edən çıxarış, iddia ərizəsində istinad olunan Yasamal rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(004)-1607/2021 saylı qətnaməsi, həmin qətnamənin qanuni qüvvəyə minməsi barədə sübutlar əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-5518/2022 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal Rayon Məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 17:00-da başladı. Prosessual hərəkət saat 17:15-də başa çatdı. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar