Məhkəmə qərarları › İş №e-2(004)-5528/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5528/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5528/2022 14.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “müqaviləmim ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ******* saylı 23 iyul 2020-ci il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 yolunun kənarında yerləşən yaşayış kompleksində, bina 36, 67 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. İş materiallarından görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2020-ci il tarixdə ******* saylı müqaviləyə əsasən cavabdehə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən yaşayış kompleksinin 36 saylı binasındakı, sahəsi 65.25 kv.m olan, 2 otaqlı 67 saylı mənzil satılmışdır. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli 306 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 71.500 (yetmiş bir min beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ilə bank arasında bağlanmış 25 may 2021-ci il tarixli birgə fəaliyyət haqqında sazişdən görünür ki, bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. Həmçinin "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği bankda yerləşdirilmiş əmanətə yönəldilir. İddiaçı ərizəsinə cavabdeh ilə aralarında yaranmış mülki mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədin, yəni pretenziya məktubunun surətini əlavə etməsinə baxmayaraq, həmin məktubun cavabdehə çatdırılmasını təsdiq edən hər hansı sübutu (qəbz, xəbərnamə və s.) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, hazırda iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıldığına görə ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı MTK tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar