Məhkəmə qərarları › İş №e-2(004)-553/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-553/2024

19.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-553/2024 19.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçılar İddiaçı2 və X2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanına köçürülməsi və yaşayış evindən istifadə ilə bağlı cavabdehlər tərəfindən iddiaçılara yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, 1948-ci ildən İddiaçı2 ata-babası Məhərrəmov Babaşın adına olmuşdur. Məhərrəmov Xasay Babaş oğlu İddiaçı2 atası, İddiaçı1 isə ana-babası olmuşdur. İddiaçılar doğulduğu gündən mübahisəli evdə yaşamışlar və hal-hazırda orada qeydiyyatdadırlar. Cavabdeh1 İddiaçı2 qardaşı, İddiaçı1 isə dayısıdır. Digər Cavabdeh2 isə Cavabdeh1 həyat yoldaşıdır. Sözügedən şəxslər (iddiaçılar və Cavabdeh1) vərəsəlik üzrə qanuni gözlənti ilə mülkiyyətçidirlər və bugün də həm iddiaçıların, həm də cavabdehlərin bərabər şəkildə evə dair sahiblik və istifadə hüquqları vardır. Mülki hüquq subyektlərinin bərabərliyi prinsipi vardır. Lakin cavabdehlər mübahisəli evə münasibətdə iddiaçılarla bərabərhüquqlu şəxs olmasına baxmayaraq iddiaçıları faktiki olaraq evə buraxmırlar. İddiaçılar faktiki olaraq cavabdehlər tərəfindən 2021-ci ildən öz qeydiyyatda olduqları evə buraxılmırlar. Bu səbəbdən də iddiaçılar halhazıra kimi məcburiyyət qarşısında qalıb kirayədə qalmağa məcbur olmuşlar. Belə ki, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, iddiaçılar həmin tarixdən ünvan 2 ünvanında aylıq kirayə haqqı 350 olmaqla kirayədə yaşayırlar. İşə əlavə olunan qəbzlərdən də görünür ki, kirayəyə verən Ağayev Gülağanın adından MTK-nın kommunal xidmətlər üzrə haqqı iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi iddiaçılar cavabdehlərin qanunsuz müdaxiləsi, maneələri nəticəsində 2021-ci ildən kirayədə yaşamağa məcbur olmuşlar, istifadə hüquqları olan mənzildə yaşamaq, ondan istifadə hüququ kimi haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Həmçinin onu da qeyd edir ki, MKTB-nin işdə olan xx.xx.2023-cü il tarixli arayışından da göründüyü kimi 2023-cü ilin sonuna kimi mübahisəli evin kommunal xidməti üçün pullar İddiaçı2 tərəfindən ödənilmişdir. Lakin iddiaçılar qeydiyyatda olduğu evə dəfələrlə gedib orda yaşamağa cəhd etsələr də maneələrlə üzləşir, çünki cavabdehlər onlara evdə yaşamağa icazə və imkan vermirlər. İddiaçı isə yaşamağa başqa yaşayış yeri olmadığından kirayə yaşayır. Kirayə əsasında yaşadığı mənzildə yaşamaq üçün şərait yoxdur. İddiaçıların maddi ehtiyacları artdığından, eyni zamanda az əmək haqqı olan bir yerdə işlədiyindən kirayədə yaşamağa maddi imkanı yoxdur. Ona görə də iddiaçıların mərhum ata babasından qalan ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçmək zərurəti meydana gəlmişdir. Yuxarıda göstərilənlərdən əlavə onu da qeyd etmək yerinə düşər ki, İddiaçı2 mərhum babasından qalan evdə onun vərəslərindən biridir və iddiaçının həmin mənzildə məcburi payı vardır, gözlənti hüququ ilə əmlakın birgə mülkiyyətçisi, miras şərikidir. Onu da qeyd edir ki, evin istifadə qaydasında da mübahisəli məsələ yoxdur. Yəni həm iddiaçıların, həm də cavabdehlərin həyətə ayrıca giriş-çıxışı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və X2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ana-qız olaraq qohumdurlar. İddiaçı2 1984-cü ildə X6 ilə nikaha daxil olmuş və mübahisəli evdən sonuncunun yaşadığı ünvan 3 ünvanına gəlin köçmüşdür. Onun orada iki övladı olmuşdur: 1985-ci il təvəllüdlü İddiaçı1 və 1987-ci il təvəllüdlü X5. Hər iki övladı Abşeron rayonu, Saray qəsəbəsində böyümüş, İddiaçı1 2002/2003-cü tədris ilində, X5 isə 2005/2006-cı tədris ilində Saray qəsəbəsi, 1 nömrəli tam orta məktəbin məzunu olmuşdur. Bugünə kimi də, İddiaçı2 oğlu X5 ilə ünvan 3 ünvanında yaşamağa davam edir. Arayışda qeyd olunur ki, anasının sözlərinə görə qızı, yəni digər İddiaçı1 onlarla yaşamır. İddiaçının özününü işə əlavə etdiyi kirayə müqaviləsinə əsasən o, xx.xx.2021-ci ildən ünvan 4 ünvanında yaşayır. Bundan əlavə qeyd olunan evdə, ünvan 5 ünvanında İddiaçı2 əri X3 adına rəsmiləşdirilmiş (012)344-01-82 nömrəli şəhər telefonu fəaliyyət göstərir. Hazırda İddiaçı2 nikahı pozulmamışdır, onun qızı olan digər İddiaçı1 isə ailəli deyildir. Beləliklə, işdə olan sənədlərlə təsdiq olunur ki, İddiaçı2 1984-cü ildən ailə quraraq, yaşayış yerini dəyişib, həmin vaxtdan bugünə kimi Saray qəsəbəsində yaşayır, və həmin evin ümumi sahəsi 140 kv. m təşkil edir. İddia ərizəsində isə iddiaçıların 2021-ci ilin yay aylarından mübahisəli evdən çıxarılaraq, guya kirayədə yaşamağa məcbur olmaları təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçıların yaşayış yeri var və hazırda mübahisələndirilən yaşayış sahəsinə ehtiyacları yoxdur. Mübahisələndirilən yaşayış sahəsində 40 nəfər adam rəsmi pasport qeydiyyatında olmaqla 4 müxtəlif ailə (Teymurovlar, Məmmədovlar və 2 Məhərrəmovlar ailəsi) yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi tərəfindən göndərilmiş məktubdan görünür ki, İddiaçı1 2002/2003-cü tədris ilində Abşeron rayonu, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbin məzunu olmuş və ona A seriyalı 688066 nömrəli tam orta təhsil haqqında attestat, X5 isə 2005/2006-cı tədris ilində Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbin məzunu olmuş və ona B seriyalı 345259 nömrəli tam orta təhsil haqqında attestat verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin Vəkil2 göndərdiyi məktubdan görünür ki, İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilən 2 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 adına ***-**-** saylı nömrə qeydiyyatdadır. İş materiallarına əlavə edilən diskdə olan səs yazısından görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “012-109” nömrə ilə əlaqə saxlayaraq operatordan (012)344- 01-82 nömrəli şəhər telefonunun kimə məxsus olmasını soruşmuş və operator bildirmişdir ki, (012)344-01-82 nömrəli şəhər telefonu ünvan 5 ünvanında X3 adına rəsmiləşdirilmişdir. Həmçinin Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Məhərrəmov Babaşın deyil, “Babaqi” adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. İşin hallarından görünür ki, Məhərrəmov Babaş İddiaçı2 ata-babası olmuş və vəfat etmişdir. Daha sonra İddiaçı2 ailə həyatı qurmuş və həmin vaxtdan ünvan 3 ünvanında yaşamışdır. İddiaçının birgə nikahdan olan 2 övladı - 1985-ci il təvəllüdlü İddiaçı1 və 1987ci il təvəllüdlü X5 da Abşeron rayonu, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə təhsil almışlar. Həmçinin İddiaçı2 əri X3 adına (012)344-01-82 nömrəli şəhər telefonu ünvan 5 ünvanında rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən ünvan 8 ünvanında yerləşən mənzilin Məhərrəmov Babaşın adına deyil, “Babaqi” adına qeydə alındığından mübahisəli mənzillə bağlı vərəsəliyin olması faktı müəyyən edilməmişdir. Odur ki, həmin mənzilin vərəsəlik qaydası ilə tərəflərə keçməsindən, yəni hüquqi varislikdən söhbət gedə bilməz. Həmçinin Bakı şəhəri Yasamal rayon İcra hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin göndərdiyi məktuba əsasən İddiaçı2 və İddiaçı1 ünvan 8 ünvanında qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamadıqlarından və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi tərəfindən göndərilmiş məktuba əsasən İddiaçı1 və X1 rayonu, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbin məzunu olduqlarından məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar ünvan 8 ünvanında yerləşən mənzildə yaşamamışlar. Bunlardan əlavə cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilən iş materiallarına əlavə edilmiş səs yazısına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı2 əri - X3 adına (012)344-01-82 nömrəli şəhər telefonu ünvan 5 ünvanında rəsmiləşdirildiyindən İddiaçı2 birgə nikah dövründə olduğu vaxtdan, digər İddiaçı1 isə doğulduğu vaxtdan ünvan 5 ünvanında yaşamışlar. Hazırki işin hallarından görünür ki, iddiaçılar köçmək istədikləri mənzildə qeydiyyatda olmaqlarına baxmayaraq yaşamırlar, həmçinin ünvan 8 ünvanında yerləşən mənzilin vərəsəlik qaydasında iddiaçı və ya cavabdehlərə keçməsi faktı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar