Məhkəmə qərarları › İş №e-2(004)-5540/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5540/2024

12.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5540/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-cı il tarixdən "xxxx" ASCnin Hüquq departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsində aparıcı hüqüqşünas vəzifəsində işləmişdir. Məhkəmələrdə dövlət şirkətini təmsil etmək, məhkəmə işlərinin məqsədəuyğunluğunu müəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanması, iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması, icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması, bütün növ hüquqiməsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması işini görmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatıvə melorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılmış və "xxxx" ASC ADSEA-nın tabeliyinə verilərək, onun bazası əsasında Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-in 868-k №-li “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən işəgötürən ilə iddiaçı arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunmaqla xx.xx.2024ci il tarixdən xitam verilmişdir. Cavabdeh qurum sözügedən əmrdə işçi olaraq iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisar edilməsi ilə əsaslandırmışdır. İddiaçı 2011-ci ildən cavabdehin idarəetmə aparatında çalışır, çalışdığı ilk illərdə hüquqşünas, 2014-ci ildən son tarixə kimi isə aparıcı hüquqşünas vəzifəsində çalışmışdır. Ümumilikdə 34 il hüquqşünas stajına malikdir ki, onun da 13 ilini cavabdeh qurumda çalışmışdır. Cavabdeh qurumda işlədiyi dövrlərdə əmək funksiyasını peşəkarlıqla və yüksək səviyyədə yerinə yetirmişdir. xx.xx.2024-ci il tarixdən cavabdeh kütləvi olaraq bütün işçiləri, o cümlədən iddiaçı rəsmi olaraq “ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” etmişdir. Bu zaman cavabdeh qurumun və Agentliyin rəhbərliyi stajlı, peşəkar və təcrübəli işçilərin işdə saxlanılmasında maraqlı olduqlarını, işlə təmin olunmasında heç bir problemin olmadığının, digər işçilərə isə “ixtisasa uyğun iş yeri barədə məlumat verəcəyini” həm yazılı həmdə şifahi olaraq bildirmişdir. Lakin zaman göstərdi ki, cavabdehin rəhbərliyi tam bunun əksinə olaraq yeni ştat vadiləri üzrə işçiləri komplektləşdirməkdə bununla bağlı əmək qanunvericiliyintələblərini heç də tam əməl etməmiş, “özünün bildiyi” kimi hərəkət etmiş və nəticə olaraq işçi olaraq iddiaçıya yeni ştat cədvəli üzrə yaradılan Hüquq şöbəsində yer olmamış və iddiaçı kənarda qalaraq ixtisar edilən işçilərin siyahısında (sərbəstləşdirilən işçilərin) yer almışdır. Halbuki, həmin şöbədə tutduğu vəzifəyə görə, həmçinin əmək funksiyasının yerinə yetirilmə bacarığına və peşəkarlıq səviyyəsinə görə ən təcrübəli işçilərdən biri olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti nəticəsində iddiaçı əsassız olaraq ixtisar edilmişdir. Odur ki, cavabdeh qurumun iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-ci il tarixli əmri ləğv edilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin nümayəndəsi X2 izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına "xxxx" ASC-nin Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin aparıcı hüquq məsləhətçisi İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 868-K saylı əmrinə əsasən müəyyən edilir ki, işçi Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin aparıcı hüquq məsləhətçisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş işəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilmir. İş materiallarına əlavə edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Akta əsasən müəyyən edilir ki, İddiaçı ştat vahidinin ixtisarı ilə bağlı “hüquq məsləhətçisi” vəzifəsi təklif edilmiş, lakin, İddiaçı təklifdən imtina etmişdir. İş materiallarına “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 8 ştat vahidi olmaqla onlardan 4-ü aparıcı hüquq məsləhətçisi vəzifəsidir. İş materiallarına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmri əlavə edilmişdir. Əmrə əsasən müəyyən edilir ki, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin ştat cədvəli təsdiq edilmişdir. İş materiallarına “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvətli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, Hüquqi mübahisələrlə iş üzrə şöbəsi ümumilikdə 4 ştat vahidindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC-nin Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin aparıcı hüquq məsləhətçisi İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır (mülki işin mübahisəsiz halıdır). “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 868-K saylı əmrinə əsasən işçi Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin aparıcı hüquq məsləhətçisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Hüquq Departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş və xx.xx.2024cü il tarixədək qüvvədə olmuş Ştat cədvəlinə əsasən sözügedən şöbə cəmi 8 ştat vahidi olmaqla onlardan 4-ü aparıcı hüquq məsləhətçisi vəzifəsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 002/f nömrəli əmrinə əsasən, “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin ştat cədvəli təsdiq edilmişdir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixdən etibarən qüvvədə olan Ştat cədvəlinə əsasən Hüquqi mübahisələrlə iş üzrə şöbəsi ümumilikdə 4 ştat vahidindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş şərtlər daxilində ştatları ixtisara salmaq, işin operativ və səmərəli təşkilini təmin etmək işəgötürənin hüququdur. Yəni, işçi və işəgötürənin hüquqları müvafiq balans proporsionallıq) gözlənilməklə, qanun çərçivəsində qorunmalı, tərəflərin hər hansı birinin əsassız öhdəliklə yüklənməsinə yol verilməməlidir. Ştatların ixtisarı qarşıya qoyulan məqsədə uyğun olmalı, formal əsaslarla həyata keçirilməməli, işəgötürənin həqiqi islahat aparması iradəsinə əsaslanmalıdır. Hazırki mübahisə üzrə işəgötərən (hakimiyyət subyekti olaraq) fəaliyyətin təkminləşdirilməsi məqsədilə ciddi sturuktur dəyişikliyini həyata keçirtmişdir. Dəyişikliyin hansı nəticələrə səbəb olacağı hazırda dəqiq məlum olmasa da, pozitiv dəyişikliklə bağlı iradə ifadəsi müşahidə olunur. İşçilərin pozulmuş hüquqlarının bərpası, əmək qanunvericiliyin tələblərinə şərtsiz əməl edilməsi, xüsusən zəif tərəf kimi işçinin maraqlarının müdafiəsi dövlətin xüsusi marağında olsa da, bu, işəgötürənin qərar qəbul etmək, fəaliyyətini təşkil etmək səlahiyyətini əlindən almaqla nəticələnməməlidir. İxtisara düşmüş işçilərin bərpa edilməsi (hüquqi əsas olmadan) icrası mümkün olmayan məhkəmə qərarlarının qəbul edilməsi ilə nəticələnə və ya işəgötürənin fəaliyyətinin məhdudlaşmasına (maliyyə yükü baxımından) səbəb ola bilər. Yəni, hazırki mübahisə üzrə iddiaçının işləmiş olduğu şöbə üzrə ştat sayı 8-dən 4-ə enmişdir. İşdən kənarlaşdırılan 4 (8-4) nəfərin müəyyən edilməsi hüququ Əmək Məcəlləsinin tələblərinin (79-cu maddə) qorunması şərtilə işəgötürənə aiddir. Nəzərə alınmalıdır ki, işəgötürənlər müəssisə olmaqla iqtisadiyyat, vergi ödənişləri, işsizliyin aradan qaldırılması, xidmət sahəsində işlərin təşkili, büdcəyə vəsaitlərin mədaxil edilməsində müstəsna əhəmiyyətə malikdir. İşçilərin hüquqlarının işəgötürənin hüquqlarından şərtsiz üstün tutulması iqtisadi baximdan neqativ nəticələrə səbəb ola bilər. Mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması müəyyən edilmir. İşəgötürən tərəfindən iddiaçıya müvafiq vəzifələrin təklif edilməsinə dair aktlar təqdim edilsə də, iddiaçı həmin təkliflərin ona edilmədiyini, aktların isə həqiqətə uyğun olmadığını bildirir. Məhkəmə, işçinin bu arqumentini ağlabatan hesab edir. Nəzərə alınmalıdır ki, sözügedən təkliflərin real olması barədə əsaslı sübutlar təqdim edilməmiş, işəgötürənin işçiləri tərəfindən formal xarakterli aktlar tərtib edilməklə məhkəməyə təqdim edilmişdir (aktı imzalayan işçilər işəgötürənin əmək hakimiyyəti altında olduğundan həmin aktların istisnasız olaraq mötəbər qəbul edilməsi ağlabatan deyildir). Lakin, həmin təklifin edilib-edilməməsi özü-özlüyündən hazırki mübahisənin taleyini həll etmir. Yəni, müvafiq təklifin edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, iddiaçı həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür (iş üzrə əhəmiyyət daşımasa da, dövlət vətəndaşların məşğulluğun təmin edilməsində maraqlıdır). Mübahisə üzrə Həmkarlar ittifaqının məktubunu məhkəmə qərar kimi nəzərə alır. Yəni, məktubun giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinin adlandırılmaması onun qərar olmaması anlamına və ya əksi isə qərar olması anlamına gəlmir. Sözügedən məktub aydın və anlaşılan olmaqla mahiyyəti üzrə qərar əhəmiyyətindədir. Həmçinin, həmin qərar olsa da, qərarın qəbul edilməsi prosedurası olaraq iclas protokolundan çıxarışın təqdim edilməməsi mahiyyəti üzrə işəgötürənin əmrinin qanunsuzluğuna dəlalət edə bilməz. Çünki, işəgötürən qəbul etdiyi əmrə münasibətdə subyektiv təqsir nöqteyi-nəzərdən məsuliyyət daşıyır. Həmkar ittifaqı komitəsi isə ayrıca subyekt olmaqla işəgötürənə tabe deyildir və sonuncunun fəaliyyətindəki nöqsanın məsuliyyəti işəgötürənin üzərinə atıla, müvafiq əmr qanunsuz hesab edilə bilməz. Bu hal üzrə, məhkəmə obyektiv təqsiri deyil, subyektiv təqsiri nəzərə alır və əsas götürür. Lakin, həmkarlar ittifaqı komitələri işçilərin nümayəndəli orqanları olmaqla onları müdafiə etmək, hüquqlarını qorumaqla mükəlləfdirlər və mövcuddurlar. Əks halda, həmkarlar ittifaqı komitəsinin mövcudiyyətinə gərək olmaz. İddiaçı tərəfindən məhkəməyə “İş yerində ştatların ixtisarı qaydaları” əlavə edilmişdir. Məhkəmə baxış iclasında iddiaçı həmin qaydaların Rusiya Federasiya qanunvericiliyinə istinad edilməklə təqdim edilməsini bildirmişdir. Məhkəmə izah edir ki, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində (normanın məkana görə yurisdiksiyası baxımından) baxılaraq qərar qəbul edilməlidir. Həmçinin, qanunun tələblərinə zidd mövqe qoymaqla elmi-nəzəri yanaşmalar tətbiq edərək mübahisənin həll edilməsi qanunçuluq prinsipinin tələblərinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar