Məhkəmə qərarları › İş №e-2(004)-555/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-555/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-555/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 140,9 kv.m olan 107 nömrəli mənzilin mənə təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq mənim hesabıma ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağlanmış 28 may 2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 140.9 kv.m olan 107 nömrəli mənzili 169080 manata almışdır. Qeyd olunan mənzilin dəyəri olan 169080 manat məbləğində pul vəsaiti tam şəkildə "xxxx" MMC-nin hesabına ödənilmişdir. "xxxx" MMC ilə bağlanmış 28 may 2017-ci il tarixli müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. Tərəfindən "xxxx" MMC ilə bağlanmış 28 may 2017-ci il tarixli müqavilə üzrə müəyyən olunmuş öhdəliklər tam yerinə yetirilsədə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatsada binanın 2-ci blok 8-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 140,9 kv.m olan 107 nömrəli mənzil iddiaçıya təhvil verilməmişdir. Qeyd olunan mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılsada heç bir nəticəsi olmamışdır. İddiaçı cavabdehlə danışıqların heç bir nəticəsi olmayacağından əmin olduğu üçün pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya, cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər iki tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmiş və və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının hər iki tərəfin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 28 may 2017-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində onun tərəfindən müqavilə öhdəliklərinin yerinı yetirildiyi, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyi qeyd edilmişdir. Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən, payçı müqavilədə göstərilən məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürür. Müqavilənin 8.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. Göründüyü kimi, tərəflər arasında yaranan münasibətlər podrat müqaviləsindən irəli gələn münasibətlərdir. İddiaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yəni 8.1-ci bəndə əsasən mənzilin təhvil verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış məlumatdan görünür ki, cavabdeh "xxxx" MMC-nın hüquqi ünvanı ünvan 2 Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən müəddəaların tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Prosessual hüquq normasının məzmunundan göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4- cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. İddia tələbindən və onun əsaslandırıldığı hallardan görünür ki, hazırki iddia tələbinin predmeti dolayısı ilə daşınmaz əmlakla bağlı olsa da, tələb iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə əlaqədardır. Yəni, iddia tələbləri mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliklərin icrasının təmin edilməsinə yönəlmişdir. Belə olan halda məhkəmə bildirir ki, qeyd edilən iddia tələbi AR MPM-nin 39.1-ci maddəsinin təsiri dairəsinə düşmür. Beləliklə məhkəmə hesab edir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğundan, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(004)-555/2024 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar