Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-559/2025 02.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi, normadan artıq işə görə əlavə əmək haqqının, xəstəlik vərəqəsi əsasında ödənilməyən əmək qabiliyyətinin itirilməsinə görə müavinət pulunun, axşam və gecə saatlarında işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, əmək münasibətlərdə pul xarakterli tələblərə iddia müddətinin tətbiqi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Neftçilərin Hüquqlarını X1maqla əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi, normadan artıq işə görə əlavə əmək haqqının, xəstəlik vərəqəsi əsasında ödənilməyən əmək qabiliyyətinin itirilməsinə görə müavinət pulunun, axşam və gecə saatlarında işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış Off/0228/3071 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavəyə əsasən tərəflər arasındakı əvvəlki əmək müqaviləsinin 1.1-ci bəndi dəyişdirilərək işçi “Göyərtə işləri üzrə rəhbər” vəzifəsinə işə qəbul edilmişdir.
2. Əlavəyə əsasən işçiyə 1432 manat aylıq əmək haqqı, Xəzər dənizində işlədiyi müddətdə isə əmək haqqına əlavə olaraq 1498 manat məbləğdə aylıq ödənişlər ödəniləcək.
3. Xidmətlər qrupunun rəhbəri Şahin Hümbətovun şirkətdaxili e-mail yazışmalarından görünür ki, ekipaj nəzarətçilərinin sayının azaldılması, Zamin Zalov və Rövşən Baxşıyev gələcəkdə göyərtə nəzarətçisi kimi fəaliyyət göstərəcəyi, İddiaçı və Elçin Cəfərovun göyərtə nəzarətçisi vəzifəsindən kənarlaşdırılacağı müzakirə olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaçıya göndərilən xx.xx.2024-cü il tarixli, №24/009 nömrəli əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı bildirişdən görünür ki, MMC-nin fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsi, həmçinin istehsalın və əməyin təşkilində dəyişikliklərin edilməsi məqsədi ilə, habelə Meteoroloji müşahidə (MO) və Radiorabitə (CAA) təlimləri üzrə verilmiş sertifikatların müddətləri bitdiyinə görə vəzifə üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurətinin yarandığı iddiaçının diqqətinə çatdırılmış, əmək şəraitinin şərtlərinin dəyişdirilərək aşağıdakı qaydada: - Qeyd edilən vəzifə üzrə əmək funksiyaları qoşmada vəzifə təlimatında göstərilsin və tanış edilsin; - Əmək haqqına fərdi şəkildə yenidən baxılaraq yeni tarif maaşı vergilər və digər icbari ödəmələr daxil edilməklə (Gross) 879 manat müəyyən edilsin; - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinin şərtlərinə uyğun olaraq tərəflərin razılığı ilə razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə edilmiş müvafiq əlavələr və ya ilkin əmək müqaviləsi yenidən tərtib etməklə müvafiq əmr ilə rəsmiləşdirilsin – müəyyən edilməsi barədə xəbərdarlıq edilmişdir.
5. Cavabdehin xx.xx.2024-cü il tarixli, 024/720 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ilə Cavabdeh MMC-nin “Göyərtə işləri üzrə rəhbər” vəzifəsini tutan İddiaçı ilə xx.xx.2013-cü il tarixli, 0228 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən və Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xx.xx.2024-cü il tarixdən etibarən xitam verilməsi əmr edilmişdir. Əsas olaraq işçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş və işçi ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi göstərilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/612 nömrəli ekspert rəyindən görünür ki, işçinin 2023-cü il üzrə orta aylıq əmək haqqı 5682,69 manat, xx.xx.2024-cü il tarixədək orta aylıq əmək haqqı 5127,37 manat olmuşdur. xx.xx.2013-cü ildən xx.xx.2024-cü ilədək normadan artıq iş saatları, həmin saatlara görə ödənilməli olan, ödənilən və ödənilməyən əmək haqqları barədə ilkin sənədlər öz əksini tapmadığından həmin suallar üzrə tədqiqat aparmaq mümkün olmamışdır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdən əvvəlki bir il üçün normadan artıq iş saatları, eyni zamanda axşam və gecə növbələrində cəlb olunduğu iş saatları və həmin saatlara görə ödənilməli olan və ödənilən əmək haqqları arasında uyğunsuzluq müəyyən olunmamışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 024/720 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən olmaqla “Göyərtə işləri üzrə rəhbər” vəzifəsinə işə bərpa olunmağı, xx.xx.2024-cü il tarixdən işə bərpa olan günə kimi hər ay 4000 manat məbləğdə orta aylıq əmək haqqının ödənilməsi, MMC-dən onun xeyrinə normadan artıq işə görə 152562 manat (1 il üçün – 15236 manat, 3 il üçün - 45708 manat, 10 il üçün – 152562 manat) pulun, xəstəlik vərəqəsi əsasında ödənilməyən əmək qabiliyyətinin itirilməsinə görə təqdim olunmuş 14 gün üçün 3500 manat müavinət pulunun, 2013-cü ilin noyabr ayından 2021-ci ilin iyun ayına kimi 49573 manat məbləğdə axşam və gecə pulunun (1 günə - 73,77 manat, 1 aya – 1032 manat, 1 ilə (1 ildə 6 ay gecə və axşam saatları) – 6196 manat, 3 ilə - 18588 manat, 8 ilə - 49573 manat), 10000 manat məbləğdə maddi ziyana görə və 15000 manat məbləğdə mənəvi ziyana görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2013-cü ildən xx.xx.2024-cü ilədək əmək müqaviləsi əsasında cavabdeh MMC ilə əmək münasibətlərində olmuşdur. 2013-cü ildən 2017-ci ilə kimi Xəzər Dənizində yerləşən “Şərqi Azəri” neft platformasında taxtabənd üzrə rəhbər (Scaffolding Supervisor) vəzifəsində, 2017-ci ildən 2023-cü ilin yanvar ayına kimi həmin platformada “Çoxixtisaslı Rəhbər” vəzifəsində (Multiskilled Supervisor) vəzifəsində işləmişdir. 2023-cü ilin fevralında “Şahdəniz Bravo” qaz platformasında “Göyörtə işləri üzrə rəhbər” (DeckSupervisor) vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin mart ayında BP şirkəti ilə Cavabdeh MMC arasında olan razılaşmaya əsasən “Şahdəniz Bravo” platformasında “Göyərtə işləri üzrə Rəhbər” ştatında çalışan 4 nəfərdən 2 nəfər ixtisar edilmişdir. İxtisar edilənlərdən biri o, digəri isə Elçin Cəfərov adlı işçi olmuşdur. 2024-cü ilin aprel ayında MMC-də insan resursları üzrə rəhbər vəzifəsində işləyən Tamilla xanım onu ofisə dəvət edərək bildirmişdir ki, “Şahdəniz Bravo” platformasında ştatların ixtisarı ilə əlaqədar onu ora göndərə bilməyəcəklər. Buna görə də ona aşağı maaşlı, həm də daimi olmayan iş təklif edilmişdir. O isə daimi işlə təmin edilməyini tələb etdikdə, Tamilla xanım və layihə rəhbəri Babək Əkbərov onu daimi işlə təmin edə bilməyəcəklərini demişlər. Bu zaman o, həqiqətən ixtisara düşdüyünə görə əmək müqaviləsinə elə bu əsasla, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cimaddəsinin b) bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsini tələb etmişdir. Onlar yenidən əlaqə saxlayacaqlarını bildirmişlər, xx.xx.2024-cü il tarixdə yenidən MMC-nin ofisinə dəvət edilmişdir. Bu dəfə onu müəssisənin baş meneceri Fuad müəllim qəbul etmiş, Fuad müəllim ona bildiriş təqdim etmiş və bildirmişdir ki, sertifikatlarının (2 sertifikat) vaxtı bitdiyi üçün onlar onu “Göyərtə işləri üzrə rəhbər” vəzifəsində saxlaya bilməyəcəklər və aşağı maaşlı işi qəbul etməsə əmək müqaviləsini Əmək Məcəlləsinin 68-ci maddəsinin c) bəndi – “əmək şəraitinin dəyişməsi” əsası ilə ləğv edəcəklər. O, bir daha bildirmişdir ki, platformalarda həmin vəzifənin ixtisar olunması səbəbi ilə onu vəzifədə saxlaya bilmirlərsə, o zaman əmək müqaviləsini həqiqi gerçək əsasla - Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi - “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə ləğv edə bilərlər. Çünki, əmək şəraitində heç bir dəyişiklik olmayıb, iş yükü isə azalıb, bununla da ixtisar üçün əsas yaranıb. Ona görə də sertifikatları bahanə etməkləri onu qanunvericiliklə ona düşən güzəşt və təminatlardan məhrum olmağı demək idi. Lakin, ona qarşı qərəzli davranaraq əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin b) bəndinə uyğun yarandığı halda, həmin maddənin tələblərini pozmaqla əmək müqaviləsini Əmək Məcəlləsinin 68-ci maddəsinin c) bəndi ilə ləğv etmişlər. MMC-də işlədiyi 2013-cü ildən olmaqla 11 il müddətində illik iş normasından 6000 saatdan artıq iş saatları, rəsmi bayram və qeyri-iş günləri müəssisə tərəfindən ona ödənilməyib. 2022-ci ildə günlük iş norması 12 saat olsa da, gecə növbəsinin ixtisarı səbəbindən hər dəfə azı 2 saat olmaqla dəfələrlə işə məcbur çıxarılmışdır və heç bir ödəniş olunmamışdır. İşlədiyi 11 il ərzində Xəzər dənizində yerləşən “Şərqi Azəri” və “Şahdəniz” platformalarında işləmişdir. Vəzifəsi ixtisara düşsə də gördüyü işlər digər işçilər arasında bülünüb (Helikopter və insanların gəmi ilə dəyişdirilməsi və sair). Cavabdeh MMC normadan artıq işə görə 152562 manat, xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin itirilməsinə görə təqdim olunmuş 14 gün üçün 3500 manat, 49573 manat məbləğdə axşam və gecə pulunu ona ödəməmiş, əmək müqaviləsinin qanunsuz ləğvi və digər qanunsuzluqlar nəticəsində ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh MMC-nin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrində əmək şəraitinin dəyişməsini sübut edən və Əmək Məcəlləsinin 56-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan hər hansı bir fakt, sübut yoxdur, əsaslandırma aparılmamışdır. Cavabdeh MMC ilə əmək münasibətlərində olduğu 11 il müddətində o, Əmək Məcəlləsində və əmək müqaviləsində olduğu kimi normal iş rejimində işləməmişdir, hər gün 2 saat olmaqla normadan artıq 2 saat işləmişdir. Lakin cavabdeh müəssisə tərəfindən normadan artıq işlədiyi bu saatlar Əmək Məcəlləsinin 165.1-ci maddəsində göstərilən qaydada ikiqat məbləğdə ödənilməyib. Bundan əlavə, 11 il müddətində o, MMC-nin göstərişi ilə şənbə və bazar günlərində, eyni zamanda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü normadan artıq işləmişdir, lakin, işlədiyi bu saatlar ona Əmək Məcəlləsinin 164.1-ci maddəsinə uyğun ikiqat məbləğdə ödənilməyib. Əmək münasibətlərində olduğu müddətdə əmək qabiliyyətini müvəqqəti itirmişdir və bu barədə müəssisəyə 14 gün üçün xəstəlik vərəqəsi təqdim etmişdir. Lakin, cavabdeh Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cımaddəsinin tələblərini pozaraq müavinəti ona ödəməmişdir. Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Həmin Məcəllənin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” xx.xx.2001-ci il tarixli, 74 nömrəli qərarına əsasən aşağıdakı qaydada ödənilir: “Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2021-ci il tarixli, 9-1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə” izahata əsasən: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” xx.xx.2001-ci il tarixli, 74 nömrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir”. Cavabdeh MMC Əmək Məcəlləsinin yuxarıda göstərilən tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsini qanunsuz olaraq ləğv etmiş və bununla əlaqədar olaraq ona maddi ziyan vurmuşdur. Qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar əmək haqqı almamışdır və ailəsi maddi çətinliklərlə üzləşib. 5000 manat kredit borcunu işlədiyi vaxt qrafikə uyğun ödəyə bilirdisə hazırda qanunsuz bir əmrlə işini itirdiyinə görə həm borcunu ödəməkdə, həm də evin dolanışıq xərclərinin qarşılanmasında çətinliklər hiss edir. və qısa müddətdə işimə bərpa olunmasam daha böyük sıxıntılar, borclar qaçılmaz olacaq. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına,əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Cavabdeh MMC tərəfindən qanunvericiliyin bu tələbləri də ona qarşı pozulmuşdur.
a) iddiaya qarşı etiraz
10. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamış, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.
a) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etmədiklərini bildirib, əlavə olaraq göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi əsasının müəssisədə iş həcminin azalması, platformalardan işçi barədə tələb olmaması, işçinin əsas maaşı saxlanılmaqla təklif olunan başqa işlərdən imtina etməsi, eyni zamanda vəzifəsi üzrə fəaliyyətini davam etdirməsi üçün zəruri olan sertifikatların müddətinin bitməsi olmuşdur.
13. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin dəlillərinə əsasən, qeyd olunan tələblər üzrə iddia müddəti əvvəlki 10 il (2013-2023) üçün ötürülmüşdür. Əmək mübahisəsi üzrə pul tələbləri ilə bağlı iddia müddəti əvvəlki 1 ildən artıq müddət üçün keçmişdir. Ona görə də həmin tələblərə iddia müddəti tətbiq edilməlidir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 43.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; Maddə 54.
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir;
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər;
3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz;
4. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər; Maddə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər;
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdeh MMC-də xx.xx.2013-cü il tarixdən etibarən işləmiş, sonuncu vəzifəsi “Göyərtə işləri üzrə rəhbər” vəzifəsi olmuş, cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmiş, əsas olaraq işçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş və işçi ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi göstərilmişdir.
18. İddiaçının iddia tələblərindən birincisi sözügedən xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi barədədir.
19. Məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi halları ilə bu hissədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapır.
20. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin maddihüquqi əsası olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi göstərilmişdir.
21. Həmin normaya əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biri olaraq təsbit edilmişdir. Cavabdeh də əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə bildirişi xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərmiş, daha sonra xx.xx.2024-cü il tarixdə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etmişdir.
22. Lakin sözügedən əmr Əmək Məcəlləsinin 83-cü və 84-cü maddələrinin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, nə əmək müqaviləsinin ləğvi barədə əmrdə, nə də bir ay öncədən iddiaçıya təqdim edilmiş bildirişdə əmək şəraitinin şərtlərinin dəyişməsinin nədə ehtiva olunduğu, hansı şərtin hansı formada dəyişməsi göstərilməmiş, iddiaçının əmək münasibətlərini davam etdirməsinin mümkünsüzlüyü şərh edilməmişdir.
23. Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
24. Əmək şəraitinin şərtlərinin dəyişməsinin nədə ehtiva olunması ilə bağlı cavabdeh tərəf məhkəmə iclasında bildirmişdir ki, müəssisədə iş həcminin azalması, platformalardan işçi barədə tələb olmaması, işçinin əsas maaşı saxlanılmaqla təklif olunan başqa işlərdən imtina etməsi, eyni zamanda vəzifəsi üzrə fəaliyyətini davam etdirməsi üçün zəruri olan sertifikatların müddətinin bitməsi cavabdeh tərəfindən əmək şəraitinin şərtlərinin dəyişməsi kimi qiymətləndirilmişdir.
25. Lakin, əmrdə göstərilməsə də, əmək müqaviləsinin ləğv edilməsinin fakti əsasları sadalananlar kimi qəbul olunsa olsa belə, əmək qanunvericiliyinin tələbləri baxımından qeyd olunan əsasların heç biri əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz.
26. Məcəllənin 43-cü maddəsininin 2-ci hissəsinin məzmunundan müəyyən olunur ki, əmək şəraitinin şərtləri iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunma məsələlərini ehtiva edir.
27. Odur ki, Əmək Məcəlləsinin tələbləri baxımından əsaslandırılmayan, faktiki əsaslarının mövcudluğu təsdiq olunmayan mübahisələndirilən əmr ləğv edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan, hüquqi müqəddəratı bu tələbdən asılı olan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələblər də təmin edilməlidir.
28. Məcburi işburaxma dövrü üçün əmək haqqının məbləği isə iddia ərizəsində göstərildiyi kimi 4000 manat orta aylıq əmək haqqı məbləği kimi yox, cavabdeh tərəfindən aylar üzrə ayrı-ayrılıqda hesablanaraq ödənilməlidir.
29. İddiaçının digər tələbləri - normadan artıq işə görə pulun, xəstəlik vərəqəsi əsasında ödənilməyən əmək qabiliyyətinin itirilməsinə görə təqdim olunmuş 14 gün üçün 3500 manat müavinət pulunun, axşam və gecə pulunun, maddi və mənəvi ziyanın tutulması ilə bağlıdır.
30. Cavabdeh tərəfindən pul tələbləri ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
31. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
32. Hazırkı halda iddiaçı cavabdeh müəssisədə işə başladığı xx.xx.2013-cü ildən bu yana bütün dövr üçün normadan artıq işə görə və axşam və gecə saatları üçün pulun tutulmasını xahiş edir.
33. Məhkəmə qeyd edir ki, iddiaçının iş norması və saatları ona məlum olduğu kimi, normadan artıq işə çıxdığı və axşam və gecə növbəsində işlədiyi, dolayısı ilə həmin iş vaxtının ödəmələrinin ödənilməməsi də işlədiyi ərəfədə ona məlum olmalı idi. İşçinin 10 ildən artıq müddət ərzində normadan artıq, axşam və gecə saatlarında işləyərək buna görə ödənişlərin ona ödənilmədiyini bilməməsi real deyil.
34. Odur ki, iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmaqla iddia ərizəsi təqdim edildiyi vaxtdan əvvəlki bir il üçün bu ödənişlərlə bağlı araşdırılma aparılmalıdır.
35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/612 nömrəli ekspert rəyi ilə isə iddia ərizəsi təqdim edildiyi xx.xx.2024-cü il tarixindən əvvəlki bir il üçün normadan artıq iş saatları, eyni zamanda axşam və gecə növbələrində cəlb olunduğu iş saatları və həmin saatlara görə ödənilməli olan və ödənilən əmək haqqları arasında uyğunsuzluq müəyyən olunmadığı aşkara çıxarılmışdır.
36. Buna görə də iddia tələbi normadan artıq işə görə, eyni zamanda axşam və gecə saatlarındakı işə görə pulun tutulması hissələrdə təmin edilə bilməz.
37. Xəstəlik vərəqəsi əsasında ödənilməyən əmək qabiliyyətinin itirilməsinə görə təqdim olunmuş 14 gün üçün pulun tutulması ilə bağlı isə bu halı təsdiq edəcək yetərli sübutlar iş materiallarına əlavə edilməmişdir. İlk növbədə xəstəlik vərəqəsinin özü və ya nüsxəsi iddiaçı tərəfindən təqdim edilə bilərdir ki, bu yöndə araşdırılma aparılsın. Lakin nə xəstəlik vərəqəsi təqdim edilmiş, nə də bu hissədə ekspert qarşısında qoyulmuş suala lazımı sənədlərin təqdim edilməməsi səbəbindən rəy verilməsi mümkün olmamışdır.
38. Bu halda isə xəstəlik vərəqəsinə görə pulun tutulması hissədə də iddia tələbi təmin edilə bilməz.
39. Məhkəmənin qənaətinə görə maddi və mənəvi ziyana görə pulun tutulması hissələrdə də iddia tələbi əsaslı deyil.
40. Belə ki, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi işçinin üzləşdiyi dəqiq və mübahisəsiz olan maddi zərəri qarşılayır. İşçinin əmək müqaviləsinin qanunsuz ləğv edilməsinə görə əlavə maddi zərərə uğraması ilə bağlı isə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
41. Eyni zamanda, əmək müqaviləsinin qanuni əsaslar olmadan ləğv edilməsi, yəni əmək qanunvericiliyin tətbiqində yanlışlığa yol verilməsi işçinin birmənalı olaraq mənəvi zərərə uğradığını deməyə əsas vermir. Mənəvi zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə təqsirli olaraq törədilən hüquqazidd hərəkət olmalıdır.
42. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMCnin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 024/720 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin “Göyərtə işləri üzrə rəhbər” vəzifəsinə işə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 024/720 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh “Göyərtə işləri üzrə rəhbər” vəzifəsinə işə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə