Məhkəmə qərarları › İş №e-2(004)-56/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-56/2022

10.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-56/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı Qanuni nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “ümumi istifadədə olan anbarın boşaldılaraq, ondan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “ümumi istifadədə olan anbarın boşaldılaraq, ondan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binada, 27 və 29 saylı mənzillərin qarşısında yerləşən sahəsi 7,6 kv metr olan ümumi istifadədə olan anbarın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq ondan istifadəyə maneə aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ümumi əmlakla bağlı mübahisə həll edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh1 oğli məhkəməyə ərizə ünvanalayaraq məhkmə iclasının başa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4, mən.29 X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan MH 071564 seriya nömrəli Qeydiyyat vəsiqəsinə əsaəsn müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4, 27 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.02.2022-ci il tarixli 2(102)-267/2022 saylı qərarına əsasən müəyyən olunur ki, Bakı İnzibati 20.05.2021-ci il tarixli, 2-1(112)- 1986/2021 saylı qərarı ilə Cavabdeh1 iddiası qalan hissədə (çıxarışın və texniki pasportun verilmədsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) hissəsində) təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasının 13.10.2021-ci il tarixli 2-1(103)- 2083/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi - A.Hüseynov, hakimlər C.Yusifov və S.Bəkdaşi) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ləğv edilmiş iş üzrə yeni qərara qəbul edilərək, iddiaçı Cavabdeh1 iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin, 27 nömrəli mənzilinin 30 kv.m yaşayış, 11.0 kv.m keçid və 4.0 kv.m mətbəxdən ibarət olan köməkçi sahələri üzərində iddiaçı Cavabdeh1 məxsus hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasportun verilməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi 30 kv.m yaşayış sahəsinə, 26,6 kv.m köməkçi sahənin 11.0 kv.m olan keçid hissəsinə və 4.0 kv.m olan mətbəx hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, Cavabdeh1 bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasibətdə əsaslı olduğundan həmin hissədə təmin olunmalıdır, iddia tələbi 11.6 kv.m olan anbar hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, X2 bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasibətdə əsaslı olmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Anbar sahəsi ümumi istifadədə olduğundan tərəflərdən birinin adına dövlət qeydiyyatına alına bilməz. Bakı Apelyasiya Məhkəməsinin inzibati Kollegiyasının 13.10.2021-ci il tarixli 2-1(103)-2083/2021 nömrəli qərardan verilən kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərarın 46-cı bəndində qeyd olunur ki, iddia tələbinin, 11.6 kv.m (3-cü şəxsin texniki pasportuna görə 7,6 kv.m) sahəsi olan anbara dair hissəsi həmin mərtəbədə yerləşən birdən artıq mənzilə (otağa) xidmət üçün nəzərdə tutulmuş və kommunal mənzillərdə kommunal mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan əmlakla bağlıdır. Anbarın ümumi istifadədə olması iş üzrə materiallarında olan sənədlərlə təsdiq olunur. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izhatlarını, dinləyərək, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binada, 27 və 29 saylı mənzillərin qarşısında yerləşən sahəsi 7,6 kv metr olan ümumi istifadədə olan anbar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq ondan istifadəyə maneə aradan qaldırılmalıdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binada, 27 və 29 saylı mənzillərin qarşısında yerləşən sahəsi 7,6 kv metr olan ümumi istifadədə olan anbarın ümumi mülkiyyət olması qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Cavabdehlərin hərəkətləri Mülki Məcəllənin ümumi mülkiyyət hüququna dair müddəalarına ziddir. Belə ki, hər bir ümumi mülkiyyət sahibinin həmin əmlakdan bərabər sahiblik və istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Həmin Məcəlləsin 36.4-cü maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa, çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binada, 27 və 29 saylı mənzillərin qarşısında yerləşən sahəsi 7,6 kv metr olan ümumi istifadədə olan anbar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq ondan istifadəyə maneə aradan qaldırılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar