Məhkəmə qərarları › İş №e-2(004)-562/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-562/2025

27.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-562/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, Cavabdeh 536 (beş yüz otuzaltı) manat ödənilməmiş kommunal haqlarının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19a saylı binanın sakinlərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları əsasında yaradılmış və xx.xx.2022-ci il tarixli 11**-MM-*** saylı qeyri kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnaməsinin 2.1-ci bəndinə görə cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 2.2-ci bəndinə görə bu məqsədlərə çatmaq üçün iddiaçı yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xərclərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək işlək vəziyyətdə saxlanılması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xərclərinin təmir və ya bərpa olunması, onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönələn digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər-hansı podratçının cəlb edilməsi, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsini həyata keçirir. Nizamnamənin 3.3-cü bəndinə görə isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Lakin Cavabdeh həmin binanın 67 saylı mənzilinin mülkiyyətçisidir və çoxmənzilli binanın sahə mülkiyyətçisi olaraq öz üzərinə düşən öhdəliklərə əməl etməyərək 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək kommunal haqqı ödəməkdən yayınmışdır. Hal-hazırda cavabdehin kommunal haqlara görə 536 (beş yüz otuz altı) manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə 27 yanvar 2025-ci il tarixli məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, həyat yoldaşı ilə aralarında nikah pozulub və həmin ev aralarında paylar müəyyən olunmaqla bölünüb. Hazırda ev 1 il olar ki, satılıb və orada başqa adam yaşayır. O, ümumiyyətlə o evdə yaşamayıb. Evdən çıxan zaman iddiaçının nümayəndəsi ona 11 aylıq kommunal borcunun olduğunu bildirib. Ev satılan zaman o, iddiaçının nümayəndəsinə 200 manat pul ödəməyi təklif etsə də, iddiaçının nümayəndəsi razılaşmamışdı. O, məhkəməyə köhnə çıxarışı təqdim etmişdir. Lakin hazırda həmin ev başqasının adınadır və çıxarış da dəyişib. Göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Yasamal-62 MMMC-nin maliyyə arayışına əsasən, ünvan 1 nömrəli binanın ümumi sahəsi 115.7 kv.m təşkil edən 67 saylı mənzilin 23 avqust 2022-ci il tarixli Yasamal-62 MMMC-nin Nizamnaməsinə əsasən aylıq kommunal ödənişi kvadrat metrəsinə görə 0.35 azn hesablanaraq 40.5 azn təşkil edir. 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək 12 ay kommunal ödənişləri üzrə 486 azn, əlavə yığımlar üzrə 50 azn, toplam 536 (beş yüz otuz altı) manat borc yaranmışdır. - xx.xx.2022-ci tarixli Protokolunun 10-cu bəndinə əsasən, hər kvadrat metrə görə kommunal xərci 35 qəpik təyin olunub. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 3142-ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19a, 67 nömrəli mənzil xüsusi mülkiyyət kimi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələblərinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən bina sahə mülkiyyətçilərinin ümumi yığıncağının 26 fevral 2022-ci il tarixli 1 saylı Protokolundan görünür ki, MMMC-nın fəaliyyətinin və bina infrastrukturunun idarə olunması üçün tələb olunan vəsaitlərin yığılması məqsədilə ilə mənzillərin ümumi sahələrinin hər kvadrat metrə görə kommunal xərci 35 qəpik təyin olunmuş, bina sakinləri öz imzaları ilə bunu təsdiq etmişdirlər. Ümumi yığıncağın qərarı əsasında müvafiq əmr verilmişdir. MMMC tərəfindən bina sakinlərinə kommunal xidmətlərinin göstərilməsinə baxmayaraq, bəzi sakinlər tərəfindən ödənişlə bağlı gecikdirmələr yaranmışdır. Məhkəmə MMMC-nin üzvlərinin ümumi iclasının qərarının və həmin qərar əsasında qəbul edilmiş tariflərin mübahisələndirilməməsini, həmin qərara görə çıxarışda ümumi sahəsi qeyd edilməyən, yalnız yaşayış sahəsi qeyd edilən mənzillərin aylıq xidmət haqqının hər mənzilin yaşayış sahəsinin 1m2 üçün 0,35 manat müəyyən edilməsini nəzərə alaraq qeyd edir ki, cavabdeh iddiaçı cəmiyyət ilə müqavilə bağlamasa da, bu hal onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Çünki, mənzilin mülkiyyətçisinin yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kommunal ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Beləliklə, işin məhkəmə baxışında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19a saylı binanın 67 saylı mənzil Cavabdeh məxsus olmaqla, onun həmin daşınmaz əmlaka görə bilavasitə qanunvericilin tələblərindən irəli gələn ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi yaranmışdır. Yasamal-62 MMMC-nin təqdim etdiyi maliyyə arayışına əsasən, Cavabdeh 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək 12 ay kommunal ödənişləri üzrə 486 manat, əlavə yığımlar üzrə 50 manat, toplam 536 (beş yüz otuz altı) manat borcu yığılmışdır. Məhkəmə, iddianı əlavə yığımlar üzrə 50 manat hissəsində əsassız hesab edir. Belə ki, həmin pul məbləğinin hansı əsasla və hansı səbəbə tutulmalı olması iddiaçı tərəfindən əsaslandırılmamış və hər hansı sübut təqdim edilməmişdir. Buna görə də işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kommunal xidmət haqqı üzrə 486 (dörd yüz səksən altı) manat məbləğində pul İddiaçı MMMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmət haqqı üzrə 486 (dörd yüz səksən altı) manat borc və ödənilmiş dövlət rüsumunun əvəszi olan 30 (otuz) manat olmaqla, cəmi 516 (beş yüz on altı) manat məbləğində pul İddiaçı MMMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar