Məhkəmə qərarları › İş №e-2(004)-5651/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5651/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5651/2024 27.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3500 manat məbləğində pulun və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx"ASC-dən 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq İddiaçı və X1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, Bank tərəfindən məhkəməyə müraciət edilmiş və məhkəmə qətnaməsinə əsasən ümumilikdə 8881,43 (səkkiz min səkkiz yüz səksən bir manat qırx üç qəpik) manat məbləğində borcun kredit müqaviləsi üzrə borclu və zaminlərdən müştərək qaydada tutulması qət edilmişdir. Həmin qətnamə üzrə iddiaçı tərəfindən 3500 manat ödənilmişdir. Odur ki, ödənilmiş həmin məbləğin kredit müqaviləsi üzrə əsas borclu olmuş cavabdeh tutularaq zamin olmuş iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2418/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, X2 və İddiaçı müştərək (birgə) qaydada ümumilikdə 8881,43 (səkkiz min səkkiz yüz səksən bir manat qırx üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx"ASC-yə Cavabdeh adına olan kredit borcu ilə əlaqədar 3500 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024cü il tarixli arayışa əsasən məlum olur ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx"ASC tərəfindən Cavabdeh 20000 manat məbləğində kredit verilmiş, borcun təminatı olaraq İddiaçı ilə xx.xx.2022-ci il tarixli, 23-MCR-1-1446-22/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 470, 472 və 475-ci maddələri çıxış edir. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq Bank ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcu üzrə Bank qarşısında öz öhdəliklərini icra etmədiyindən məhkəmə qətnaməsinə əsasən borcun cavabdehlərdən, yəni borclu və zaminlərdən müştərək qaydada tutulması qət edilmiş və iddiaçı (zamin) tərəfindən öhdəlik üzrə 3500 manat ödəniş edilmişdir. Deməli, zamin tərəfindən öhdəlik müvafiq hissədə icra edilmişdir. Odur ki, zamin həmin məbləği əsas borcludan tələb etməkdə haqlıdır. Beləliklə, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə Mülki Məcəllənin 470, 472 və 475-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 55 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar