Məhkəmə qərarları › İş №e-2(004)-571/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-571/2024

01.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-571/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 saylı evin, 6 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bacısı - Cavabdeh 2015-ci ildə Türkiyə vətəndaşı Hakan adlı şəxslə ailə həyatı quraraq X4 şəhərinə köçmüş və Ankara şəhərində yoldaşına məxsus evdə yaşamaqdadır. Bu nikahlarından Yusif adlı oğlanları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra Cavabdeh bir dəfə olsun Azərbaycana gəlməmişdir. Cavabdeh - Cavabdeh formal olaraq mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 saylı evin 6 saylı mənzilində qeydiyyatda qalması isə onun mülkiyyət hüququndan irəli gələn səlahiyyətlərini həyata keçirməyinə maneə yaradır. Eyni zamanda onun mülkiyyətində olan mənzildə qeydiyyatının qalması onu kommunal xərclərin ödənilməsində də əlavə xərclərə məruz qoymaqdadır. Yasamal rayonu 64 saylı MKİS-nin xx.xx.2023-cü il tarixində qonşuların tərtib etmiş olduğu akta əsasən verdiyi 64 saylı arayışından da göründüyü kimic avabdeh uzun müddətdir ki, mübahisəli ünvanda yaşamır. İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* seriya nömrəli Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 64 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır, lakin qeyd olunan ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumat ondan ibarətdir ki, Cavabdeh Azərbaycan Respublikası ərazisinin hüdudlarını xx.xx.2016-cı il tarixdə tərk etmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, o, X2 məxsus ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin İddiaçı bağışlanmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4498/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər İddiaçı və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın miras əmlak hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Habelə həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Həmin qərardan görünür ki, məhkəmənin gəlmiş olduğu qənaətə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili qızı İddiaçı bağışlamışdır. İddiaçının bacısı Cavabdeh notarial qaydada təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən X2 məxsus ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilin İddiaçı bağışlanmasına etiraz etməmişdir. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumat ondan ibarətdir ki, Cavabdeh Azərbaycan Respublikası ərazisinin hüdudlarını xx.xx.2016-cı il tarixdə tərk etmiş və ölkəyə qayıtmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 saylı evin, 6 saylı mənzilindən istifadə hüququna xitam verilməsi ilə bağlı məsələ həll edilərkən, əvvəlcə cavabdehin qeyd olunan mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. İşin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh X1 qızıdır və xx xxxx 1977-ci il tarixdə anadan olduqdan sonra Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 saylı evin, 6 saylı mənzilində ailə qurana kimi yaşamışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Qeyd edilən Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Belə ki, iş materiallarından da görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüququ həmin mənzilin anasının mülkiyyətində olduğu dövrdə ailə üzvü olmasına görə meydana gəlmişdir. Daha sonra həmin mənzil anası tərəfindən bacısı İddiaçı bağışlansa da, Cavabdeh məhdud əşya hüququ kimi istifadə hüququ mənzilin mülkiyyətçisinin dəyişməsindən asılı olmayaraq davam etmişdir. Belə olan halda, Cavabdeh mübahisəli mənzildə uzun müddətdir yaşamamasına baxmayaraq onun həmin mənzildə məhdud əşya hüququ kimi istifadə hüququnun mövcudluğu mülkiyyətçi İddiaçı öz mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə maneə yaradır. Göründüyü kimi Cavabdeh artıq 8 ilə yaxındır mübahisəli mənzildə yaşamır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə daimi yaşamaq üçün gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin əvvəllər anasına məxsus olan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxdığına görə, 2009cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə və Mülki Məcəllənin 262.2ci maddəsinin tələbləri nəzərə alınmaqla, yüklü olan mənzilin məxsus olduğu İddiaçı tələbi ilə Cavabdeh ünvan 2 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 1 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar