Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5745/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 fevral 2012-ci ildən 14 fvqust 2025ci il tarixədək cavabdeh "xxxx" ASC-də “Sahil” Filialının baş xəzinədarı vəzifəsində işləmişdir. Aylıq əmək haqqı 1280 manat təşkil etmişdir. İşlədiyi dövrdə heç vaxt əmək intizamını pozmamışdır. Cavabdehin 244-K saylı 14 Avqust 2025-ci il tarixli əmrilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən guya “əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud həmin məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduğuna görə iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilib. Müraciət etsə də 244-K saylı 14 Avqust 2025-ci il tarixli əmr iddiaçıya verilməmişdir. Əmrdə nə yazıldığından məlumatı yoxdur. Yalnız əmək kitabçamda yazılanlar barədə məlumatlıdır. İddiaçı ilə son haqq hesab 3 sentyabr 2025-ci il tarixdə edilib və həmin vaxt da əmək kitabçası iddiaçıya verilmişdir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X2 iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 244-K nömrəli əmrə əsasən müəyyən edilir ki, işçi İddiaçı əmək müqaviləsinə işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan baş vermiş intizam pozuntusu ilə əlaqədar işçi İddiaçı işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı izahatları əlavə edilmişdir. İzahatlara əsasən işçi 2022-2025-ci illər ərzində 941 əməliyyat üzrə 4541,74 manat bankın gəlirini şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etmişdir. İş materiallarında işçi İddiaçı əmək müqaviləsi, intizam pozuntusunun araşdırılması ilə bağlı toplanmış materiallar və digər kadr sənədləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “c” və “e” bəndləri çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli 244-K nömrəli əmrə əsasən, işçi İddiaçı əmək müqaviləsinə işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Baş vermiş həmin intizam pozuntusu ilə əlaqədar işçi İddiaçı işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı izahatlarına əsasən o, 2022-2025ci illər ərzində 941 əməliyyat üzrə 4541,74 manat bankın gəlirini şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etmişdir. İddiaçı tərəfindən ciddi intizam pozuntusuna yol verilmiş, işəgötürənin qanuni mənafelərinə xələl gəlmişdir. İddiaçı məhkəmə iclaslarında hakimin suallarına cavab olaraq işəgötürənə ünvanlanmış həmin izahatların şəxsən özü tərəfindən yazıldığını bildirmiş, izahatda qeyd edilən xüsusatların baş verdiyini təsdiq etmişdir. Lakin, iddiaçı bildirmişdir ki, uzun illər işləməsinə baxmayaraq heç vaxt intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmaqla həmin pozuntulara görə işəgötürən tərəfindən ona xbərdarlıq, töhmət, şiddətli töhmət və ya digər daha yüngül intizam tənbehi verilə bilərdi, lakin, işəgötürən ən ağır intizam tənbehini tətbiq etməklə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin, əmək qanunvericiliyində müəyyən edilmiş hallar, müqavilə azadlığı prinsipi, işəgötürənin bank kimi ictimai reputasiyası və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müvafiq intizam tənbehini tətbiq etmək hüququndan istifadə etməklə işçinin intizam məsuliyyətinə cəlb edilməsi, müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Hazırki mübahisə üzrə işəgötürənin öz diskresiyon səlahiyyətlərindən istifadə etməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilmişdir. İddiaçı tərəfindən törədilmiş intizam xətaları mahiyyəti üzrə işəgötürənin həm maliyyə maraqlarına, həm də ictimai reputasiyasına xələl gətirmişdir. İddiaçı tərəfindən əmək müqaviləsində müəyyən edilmiş öhdəliklər kobud şəkildə pozulmuşdur. Nəticə etibarilə, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “c” və “e” bəndilərinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, mübahisə predmeti olan əmr qanunidir və əsaslıdır, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5745/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5745/2025
26.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver