Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5762/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh2nə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Balakən rayon bölməsində sosial agent kimi işə bərpa və məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3728/2022 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmiş və işə götürən Cavabdeh2 ilə hazırkı mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həlli qaydasına əməl olunmaması səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi iddiaçı ilə əmək müqaviləsinin Cavabdeh2 MMC ilə bağlanmasını və sonuncu tərəfindən xitam verilməsini bildirərək, agentliyin hazırkı iddia üzrə cavadeh olmamasını bildirmiş və agentliyin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaçı ilə hazırkı mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həlli qaydasında əməl olunmadığından iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 27.1.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 3-cü maddəsinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 288-ci maddəsinin a) yarımbəndinə əsasən bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. İddia ərizəsinə əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Cavabdeh1 ilə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə əmək müqaviləsi Cavabdeh2 MMC ilə bağlanmış, həmin mərkəzin əmri ilə iddiaçı işə qəbul olunmuş və həmin Mərkəzin əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının işəgötürəni Cavabdeh2 MMC olmuşdur. İddiaçı tərəfindən həmin Mərkəzlə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13.-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər.
Hakim Təhminə Xəlilova