Məhkəmə qərarları › İş №e-2(004)-5780/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5780/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5780/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nun xeyrinə 15 700 (on beş min yeddi yüz) manat, dövlət rüsumu olaraq ödənilən 138 (yüz otuz səkkiz) manat, hüquqi yardıma görə ödənilən 1550 (min beş yüz əlli) manat, ümumilikdə 17 388 (on yeddi min üç yüz otuz səkkiz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25 aprel 2025-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh həmin tarixdən FBCO MMC-də aşbaz vəzifəsində çalışmağa davam etməyə başlamışdır. Əmək müqaviləsinə paralel olaraq işçinin kulinariya sahəsində peşəkarlığını yüksəltmək məqsədilə iddiaçı FBCO MMC ilə Cavabdeh arasında 25 aprel 2025-ci il tarixli “Təlim keçmə haqqında” müqavilə bağlanmışdır. Müqavilənin predmeti iddiaçı cavabdehi 4 illik şagird proqarıma daxil etməklə proqram çərçivəsində cavabdehin Kulinariya təlimini yüksəl səviyyədə yiyələnməsi təşkil edir.Cavabdeh də iddiaçının maliyyələşdirdiyi bu kursu müqavilədə 1-ci maddədə nəzərdə tutulan qaydada tam olaraq iştirak etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci maddəsinə görə əgər cavabdeh həmin müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyası və öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin pozması ilə bağlı tərəflər arasında olan əmək müqaviləsinə xitam verildikdə cavabdeh iddiaçının Kulinariya təlimi üçün ödədiyi 15 700 (on beş min yeddi yüz) manat məbləğində pulməbləğini iddiaçıya geri ödəməyi öhdəsinə götürmüşdür. 08 sentyabr 2025-ci il tarixində tərəflər arasında olan əmək müqaviləsi üzrə əmək funksiyası və öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin pozması ilə əmək müqaviləsinin 70-ci maddəsinin ç bəndi ilə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bundan başqa, tərəflər arasında olan 25 aprel 2025-ci il tarixli “Təlim keçmə haqqında” müqaviləyə xitam verilməsi barədə 22 avqust 2025-ci il tarixli “Təlim keçmə haqqında” müqaviləyə xitam verilməsi barədə protokolla cavabdeh iddiaçının Kulinariya təlimi üçün ödədiyi 15 700 (on beş min yeddi yüz) manat məbləğində pul məbləğini iddiaçıya 5 sentyabr 2025-ci il tarixinə kimi geri ödəməyi öhdəsinə götürməklə bərabər əmək müqaviləsinə əmək funksiyası və öhdəliklərini lazımi şəkildə yerinə yetirməməsini etiraf etmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam və lazımınca icra etmiş və “Təlim keçmə haqqında müqaviləsi üzrə xidmət haqqını ödəməklə cavabdehi Təlimə cəlb etmiş, lakin nə təlimlərdə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, nə də bu günə qədər 25 aprel 2025-ci il tarixli “Təlim keçmə haqqında” müqaviləyə xitam verilməsi barədə 22 avqust 2025-ci il tarixli “Təlim keçmə haqqında” müqaviləyə xitam verilməsi barədə protokolla üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh ödəməli olduğu dəymiş ziyanı ödəməmişdir. Hər dəfə pul məbləğini geri ödəyəcəyi ilə bağlı müxtəlif tarixlər təyin etsə də, bu günə qədər borcunu ödəməmişdir və belə görünür ki, ödəmək niyyətində də deyil. Bu isə iddiaçıların hüquqlarını kobud şəkildə pozur. Buna görə də, iddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd etməlidir ki, Təlim keçmə haqqında müqavilənin 3.2-ci maddəsinə və həmin müqaviləyə xitam verilmə barədə protokolun 3-cü maddəsinə əsasən tərəflər mübahisələrin həlli üçün aididyyatı məhkəməni Bakı şəhər Yasamal rayon Məhkəməsi seçirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı tam qəbul edərək, İddiaçı MMC ilə müqavilə bağladığını, lakin şəxsi və ailə problemlərinə görə müqavilə öhdəliklərini icra etmədiyini, təlimdə iştirak edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İşəgötürən İddiaçı ilə İşçi Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən İşçi Cavabdeh müddətli (6 ay) əmək müqaviləsi əsasında aşpaz vəzifəsinə işə qəbul edilir. İşçiyə hər ay 602.74 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan “İşəgötürən” İddiaçı və “İşçi” Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli təlim keçmə haqqında müqavilənin 1.1-ci bəndinə əsasən İşçi işəgötürənlə 4 (dörd) illik şagirdlik proqramına daxil olur və bu proqram çərivəsində İşəgötürən İşçinin “Kulinariya” təlimini yüksək səviyyədə yiyələnmə üçün kurs təşkil etmiş, işçi isə bu müqavilədə nəzərdə tutulmuş qaydada kursda iştirak etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kurslar işçi üçün İşəgötürən tərəfindən əvəzsiz təşkil olunacaqdır. Kursun təşkili ilə bağlı çəkilən xərclər işəgötürən tərəfindən ödəniləcəkdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən İşçi 4 (dörd) illik şagirdlik proqramını başa çatdırmadan İşəgötürən ilə bağladığı əmək müqaviləsinə öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verdikdə və ya həmin müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyası və öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini pozması ilə bağlı İşəgötürən İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verdikdə İşçi İşəgötürənin “Kulinariya” təlimi üçün ödədiyi 15.700 azn məbləği İşəgötürənə geri qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan “İşəgötürən” İddiaçı və “İşçi” Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 91 nömrəli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən İşçi əmək müqaviləsi üzrə əmək funksiyasının icrası zamanı istifadə, saxlanma, emal, istehsal, çeşidləmə, satış, daşınma və başqa əməlliyatların aparılması üçün; ona İşəgötürən tərəfindən təhvil verilmiş və ya həvalə edilmiş əmlak, maddı və digər sərvətlərin salamatlığının təmin edilməsi üçün həmin işlərin lazımı qaydada icra edilməməsi nəticəsində işəgötürən tərəfindən üçüncü şəxslərə ödənilmiş ziyan üçün; İşəgötürənin kommersiya sirrinin yayılması nəticəsində dəymiş ziyan üçün; İşəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə cıddı xələl gətirmiş mənəvi ziyan üçün; inzibatı xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkəl və ya hərəkətsizliyi üçün; əmlakın və ya digər maddı sərvətlərin qəsdən korlanılması, məhv edilməsi, habelə işəgötürənə digər üsulla ziyanın vurulması üçün; alkoqol, toksik (zəhərli), psıxotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyanın vurulması üçün; habelə bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi üçün tam maddı məsuliyyəti və dəbbə pulunu ödəmək öhdəliyini öz üzərinə götürür. İşəgötürən isə öz növbəsində İşçi tərəfindən üzərinə götürülmüş öhdəliklərin lazımi qaydada icra edilhnəsı üçün ona şərait yaradır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizəyə əsasən təxirəsalınmaz işlərin görülməsi, mağazanın fəaliyyətinin fasiləsiz davamlılığının təmin edilməsi ilə əlaqədar olaraq 2025-ci il ərzində Əmək Məcəlləsində qeyd olunmuş səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işə çıxmağına etiraz etmir. İşləyəcəyi səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü əvəzinə başqa istirahət günü verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işçi Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 794/25 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən İddiaçı bölməsində “Aşpaz” vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, “AR Əm-nin 70. “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 15/08 nömrəli “İşçinin iş vaxtında iş yerində olmaması haqqında” akta əsasən “22” iyul 2025-ci il tarixində işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində “Emporium Cafe” üzrə Aşpaz Cavabdeh Vasif oğlunun iş yerində olmaması müəyyən edilmişdir. Təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin bu günə qədər iş yerində olmaması təsbit edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə əməkdaşa xx.xx.2025-ci il onlayn bildiriş ünvanlanmış və dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, cavab verilməmiş, daha sonra verilən cavaba rəğmən işə gəlmə faktı qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1 nömrəli “təlim keçmə haqqında müqaviləyə xitam veriləsi barədə” protokola əsasən tərəflər arasında bağlanan xx.xx.2025ci il tarixli Təlim keçmə haqqında Müqavilənin 2.2-ci maddəsinə əsasən Cavabdeh Vasil oğlu (şəxsiyyət vəsiqəsi: AA 7061501; FİN :HBLHXF) əmək müqaviləsi üzrə əmək funksiyası və öhdəliklərini lazımi formada yerinə yetirmədiyinə görə Müqaviləyə birtərəfli qaydada FBCO MMC tərəfindən xitam verilir. FBCO MMC-nin tələb etdiyi 15.700 (on beş min yeddi yüz manat 00 qəpik) manat məbləğində vəsaiti 5 senlvabr 2025-ci il tarixinə qədər FBCO MMC-yə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli izahatına əsasən xx.xx.2025-ci il tarixindən şəxsi səbəblərindən dolayı iş yerində iştirak edə bilmədiyini, bu müddət ərzində onunla dəfələrlə əlaqə saxlanılsa da, geri dönüş edə bilmədiyini, bunun onun vəzifə öhdəliklərinin pozulması olduğunu anladığını, CASA təliminə 15700 azn məbləğin ödənilməsinə öz tərəfindən razılıq verdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən İşçi Cavabdeh müddətli (6 ay) əmək müqaviləsi əsasında aşpaz vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2025-ci il tarixli təlim keçmə haqqında müqavilə bağlanılmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən İşçi işəgötürənlə 4 (dörd) illik şagirdlik proqramına daxil olur və bu proqram çərivəsində İşəgötürən İşçinin “Kulinariya” təlimini yüksək səviyyədə yiyələnmə üçün kurs təşkil edir, işçi isə bu müqavilədə nəzərdə tutulmuş qaydada kursda iştirak etməyi öhdəsinə götürmüşdür. Təlim keçmə haqqında müqaviləsinin şərtlərinə əsasən İşçi müəyyən olunmuş qaydada kursda iştirak etməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımınca icra etməmişdir. Daha sonra Cavabdeh izahat yazaraq, xx.xx.2025-ci il tarixindən şəxsi səbəblərindən dolayı iş yerində iştirak edə bilmədiyini, bu müddət ərzində onunla dəfələrlə əlaqə saxlanılsa da, geri dönüş edə bilmədiyini, bunun onun vəzifə öhdəliklərinin pozulması olduğunu anladığını, CASA təliminə 15700 azn məbləğin ödənilməsinə öz tərəfindən razılıq verdiyini bildirmişdir. Bundan sonra İşəgötürən İddiaçı tərəfindən İşçi Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Hazırda İddiaçı 15 700 (on beş min yeddi yüz) manat, dövlət rüsumu olaraq ödənilən 138 (yüz otuz səkkiz) manat, hüquqi yardıma görə ödənilən 1550 (min beş yüz əlli) manat, ümumilikdə 17 388 (on yeddi min üç yüz otuz səkkiz) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh “Kulinariya” təlimini yüksək səviyyədə yiyələnməsinə görə 15700 manat məbləğində kursa ödənişlər həyata keçirmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq kursda iştirak etməməklə müqavilə şərtlərini pozmuşdur. Müvafiq müqavilənin 2.2-ci bəndinə əsasən İşçi 4 (dörd) illik şagirdlik proqramını başa çatdırmadan İşəgötürən ilə bağladığı əmək müqaviləsinə öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verdikdə və ya həmin müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyası və öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini pozması ilə bağlı İşəgötürən İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verdikdə İşçi İşəgötürənin “Kulinariya” təlimi üçün ödədiyi 15.700 azn məbləği İşəgötürənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı tam etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1550 manat və dövlət rüsumu olaraq ödənilmiş 138 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1550 manat və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 138 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını və cavabdehin iddianı tam etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15700 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1550 manat və dövlət rüsumu olaraq ödənilmiş 138 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15700 (on beş min yeddi yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1550 (bir min beş yüz əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar