Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5782/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəzər oğluna və Cavabdeh3 Nəzər qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəzər oğluna və Cavabdeh3 Nəzər qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, oğlu Cavabdeh2 Nəzər oğlunun və qızı Cavabdeh3 Nəzər qızının Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin xx.xx.2022-ci il tarixli 302 saylı məktubu əsasında vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 312 nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Daha sonra Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin rəisi Nail Ağayevin xx.xx.2024-ci il tarixli 976 saylı məktubu əsasında vətəndaş Cavabdeh1 müraciəti nəzərə alınaraq yaşadığı ünvana əlavə olaraq 304 nömrəli otaqda yaşamaqları təmin edilmişdir. Hörmətli məhkəmə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan xx.xx.2025-ci il tarixli 0039/25 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən Cavabdeh1 müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 304, 312 nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh1 və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisi Nail Ağayevin xx.xx.2022-ci il tarixli 302 saylı və xx.xx.2024-ci il tarixli 976 saylı məktubu əsasında yerləşdirilmişlər. Həmçinin nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş xx.xx.2025-ci il tarixli 4/2-3503/25 saylı sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-3-02/2- 7333/2025 saylı məktubla daxil olmuş siyahıda vətəndaş Cavabdeh1 adına Lənkəran rayonu, Digah kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,06039 hektar həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehlər məktub əsasında yataqxanada məskunlaşıblar. Cavabdeh1 hazırda hərbi qulluqçudur. Cavabdehlərin mənzildən çıxarılmasının ilkin səbəbi FHN-nin verdiyi rəy, cənab nazirin dərkənarı əsasında həmin yataqxananı zabit və gizirlər üçün yataqxana kimi istifadəyə verilməsi, həmçinin əsas səbəbi də cavabdehlər yataqxananı təyinatı üzrə düzgün istifadə etmirlər, mənzil qəzalı vəziyyətdədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, ora ailə tipli yataqxana deyil. Amma məcburiyyət əsasında orada məskunlaşmışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda N saylı hərbi hissədə baş aşpaz vəzifəsində çalışır. Xidmət etdiyi hərbi hissənin ərazisində ona mənzil verilirdi, amma həmin yer yaşanılası vəziyyətdə deyil. Yenidən təmir tələb edir. Lənkəran rayonundakı torpaq paylı mülkiyyətdir, onun istifadəsində deyil. Digər cavabdehlər Cavabdeh2 Nəzər oğlu və Cavabdeh3 Nəzər qızına məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının komendantına 302 nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, hərbi qulluqçu Cavabdeh1 və onun ailə üzvləri müvəqqəti olaraq “Turan’’ hərbi yataqxanasının 312 nömrəli otağına müvəqqəti yerləşdirilməsinin təmin edilməsi barədə müraciət edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının komendantına 270 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan’’ hərbi yataqxanasının 312 nömrəli mənzilində yaşayan Cavabdeh1 müraciətini nəzərə alaraq, ailə vəziyyətini və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşadığı ünvanda əlavə olaraq 304 nömrəli mənzildə müvəqqəti yaşamaqlarının təmin edilməsi barədə müraciət edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və X1 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli rəyin nətic hissəsindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır. Daş örtüyü və şaxtalar əsaslı təmir olunmalı, binanın daxilində bütün asma tavanlar, keramik tavacıqlar sökülməli, kommunikasiya sistemləri (elektrik enerjisi, su və kanalizasiya xətləri) əsaslı təmir olunmalı-yenilənməli, bütün mərtəbələrdə beton mühafizə qatı tökülmüş örtük panellərində təmir-bərpa və gücləndirmə işləri yerinə yetirilməli, zirzəmidə divarların köhnə suvaq qatı aşınıb təmizlənməli, yuyulmalı, yenidən sement-qum məhlulu ilə suvanmalı və boyanmalı, mərtəbələrdə aşınmış-qopmuş suvaq qatları bərpa olunmalı və bütün divarlar boyanmalı, keramik tavacıqlar sökülmüş döşəmə və divarlarda suvaq qatı bərpa olunmalı və izolyasiya tədbirləri görülməli, keramik tavacıqlar sökülmüş döşəmə və divarlar yenidən keramik tavacıqlarla üzlənməli, sanitar qovşaqları, hamam və mətbəx otaqlarında aksesuarlar yenilənməli, otaqların döşəmələrində təmir-bərpa işləri yerinə yetirilməli, binanın fasadında və eyvanlarında təmir-bərpa işləri yerinə yetirilməlidir. - Bakı Qarnizonu Mənzil-İstismar hisəsi tərəfindən Cavabdeh1 ünvanlanmış 1815 nömrəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Müdafiə Nazirliyinin Mənzilistismar xidməti rəisinin xx.xx.2025-ci il tarixli 381 nömrəli Bakı Qarnizonu Mənzil-İstismar hissəsi rəisinin xx.xx.2025-cı il tarixli 24 nömrəli telefonoqrammalarına əsasən Turan yataqxanasında əsaslı təmir işləri aparılacaq. Qeyd olunanları nəzərə alaraq, Turan yataqxanasında yaşadığı 304,312 nömrəli otağın 30 iyul 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 iki otaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MİH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBİ-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin Müdafiə nazirinin müavininə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportda qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadəyə dair son məktub Bakı Qarnizonu Mənzil-istismar hissəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmişdir. Sözügedən məktubların verilməsi Azərbaycan Respublikası müdafiə nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin norma və tələblərinə zidd olduğundan xx.xx.2024-cü il tarixdən sakinlərə yaşayış sahəsindən istifadəyə dair məktubların verilməsi dayandırılmışdır. Müdafiə Nazirliyinin balansında olan “Turan” hərbi yataqxanasının təyinatının dəyişdirilərək xidməti tapşırığı yerinə yetirmək məqsədilə ezamiyyətə gələn zabit və gizirlərin müvəqqəti yaşaması üçün “Qonaq Evi”nə çevrilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 102.1-ci maddəsinə əsasən, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin xx.xx.2022-ci il tarixli 302 saylı məktubu əsasında vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 312 nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehlərin bu sahəyə yalnız Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 1519/5 nömrəli, xx.xx.2006-cı il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Bundan başqa Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehlərin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir. Bundan əlavə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh1 digər cavabdehlər olan ailə üzvləri ilə birlikdə xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsində deyil, digər hərbi hissə üzrə yaşayış sahəsində yaşayır. Cavabdeh izahatında da ona həmin xidmət yeri üzrə yaşayış sahəsinin təklif edildiyini bildirmiş, lakin təmirsiz olduğundan orada məskunlaşmadığını bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, cavabdehlər yaşayış sahəsindən çıxarılmalarıdırlar. Eyni zamanda məhkəmə hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə Cavabdeh1 mənzili təhvil verməsi barədə xx.xx.2025-ci il tarixli, 1815 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəzər oğlu və Cavabdeh3 Nəzər qızı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəzər oğlu və Cavabdeh3 Nəzər qızı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5782/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5782/2025
02.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver