Məhkəmə qərarları › İş №e-2(004)-5858/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5858/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5858/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2500 manat pulun, 20 faiz əldən çıxmış fayda olan 500 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2023-cü ildə xidmət müqaviləsi bağlanmışdır və cavabdeh Polşa üçün viza dəstəyini təmin etməyi öz öhdəliyi kimi müəyyən etmişdir və tərəfindən xidmət haqqı olan 2500 manat pul ödənilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh öz öhdəliyini icra etməmişdir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq, cavabdehdən 2500 manat pul və ödənilmiş 50 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, təxminən 2 il əvvəl Polşaya getmək üçün viza alınması məqsədilə cavabdeh şirkətə müraciət etmişdir. Bir müddət sonra Polşa Səfirliyinə müraciət ediyi zaman ona bildirildi ki, həmin şirkətlə ümumiyyətlə işləmirlər. Cavabdeh şirkətə müraciət etdikdə isə, müqavilənin müddətinin 2 il olduğunu, ancaq müddət tamam olduqdan sonra pulunu qaytaracaqlarını bildirdilər. Ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda həmin şirkəti tapa bilmir. 2500 manat ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Cavabdeh MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 31 nömrəli, 22 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən 1.1 İcraçı bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə Sifarişçinin bacarığına əsasən 1 nəfər üçün Almanya Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsi alınmasını təşkil edir. 1.2 İcraçı ilə Sifarişçinin Azərbaycan Respublikasında yerləşən, Polşa Respublikasının səfirliyində viza dəstəyi üçün konsultasiya xidməti barədə razılığa gəldiklərini təsdiq edir. 1.3 İcraçı Sifarişçinin tapşırığı əsasında Sifarişçiyə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidməti göstərməyi, sifarişçi isə həmin xidməti qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun olaraq ödənişi etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri 2500 (iki min beş yüz) manat təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş ümumi dəyərin 50 faizi, yəni 1250 manatı qabaqcadan ödəniş olaraq, sifarişçi tərəfindən icraçıya qəbz əsasında müqavilənin bağlandığı tarixdə nəğd şəklində ödənilir. Həmin müqavilənin 4.2.6-cı bəndinə əsasən xidmətin yerinə yetirilməsi “İcraçı” tərəfindən olan səbəblərə görə baş tutmazsa və yaxud POLŞA Respublikası Səfirliyi vizadan imtina alarsa, «Sifarişçi» xitam ərizəsi yazır İcraçı Sifarişçiyə qəbzlər əsasında ödəniş etdiyi xidmət haqqını altmış (60) iş günü ərzində geri qaytarır. - 22 sentyabr 2023-cü il tarixli və 24 oktyabr 2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı Cavabdeh MMC-yə 1250 (bir min iki yüz əlli) manat olmaqla, cəmi 2500 (iki min beş yüz) manat pul ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 31 nömrəli, 22 sentyabr 2023-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 2500 (iki min beş yüz) manat Cavabdeh MMC-yə ödəniş etmişdir. Həmin müqavilənin 4.2.6-cı bəndinə əsasən xidmətin yerinə yetirilməsi “İcraçı” tərəfindən olan səbəblərə görə baş tutmazsa və yaxud POLŞA Respublikası Səfirliyi vizadan imtina alarsa, «Sifarişçi» xitam ərizəsi yazır İcraçı Sifarişçiyə qəbzlər əsasında ödəniş etdiyi xidmət haqqını altmış (60) iş günü ərzində geri qaytarır. İddiaçı 2500 (iki min beş yüz) manat pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 50 manat ödənişin, ümumilikdə 2550 (iki min beş yüz əlli) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə məbləğin geri qaytarılmasına dair hər hansı sübut əlavə edilmədiyindən, 2500 manat məbləğində pulun geri qaytarılmasına dair iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri 2500 (iki min beş yüz) manat təşkil edir. Həmin müqavilənin 4.2.6-cı bəndinə əsasən xidmətin yerinə yetirilməsi “İcraçı” tərəfindən olan səbəblərə görə baş tutmazsa və yaxud POLŞA Respublikası Səfirliyi vizadan imtina alarsa, «Sifarişçi» xitam ərizəsi yazır İcraçı Sifarişçiyə qəbzlər əsasında ödəniş etdiyi xidmət haqqını altmış (60) iş günü ərzində geri qaytarır. 2500 manat məbləğində pulun ödənilməsi və iddiaçının Polşa üçün viza dəstəyi almaması işin mübahisəsiz halıdır. Belə olan halda, müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 2500 (iki min beş yüz) manat məbləğində pul ona geri qaytarılmalıdır. Ona görə də, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı Bağir oğluna ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar