Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-586/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 QSC-nin “Azadlıq” filialında bağladığı 16 iyun 2023-cü il tarixli, 009L**********44 saylı “Uzunmüddətli kredit və təminat” müqaviləsindəki zaminliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 iyun 2023-cü il tarixdə Cavabdeh1 QSCnın Göyçay filialında Cavabdeh2 bir illik 35.000 manat məbləğində 009L**********44 saylı kredit müqaviləsinə zamin durmuşdu. Həmin kredit müddəti bitdikdən sonra özü üçün kredit götürmək istəyəndə Banka müraciət etdi. Lakin bank ona (iddiaçıya) imtina etdi ki, zaminliyi hələdə davam edir. Təəccüblə soruşdu ki, axı o, bir illik kredit idi və onun müddəti qurtarıb. Cavabdeh necə olur ki, onun (iddiaçının) xəbəri olmadan yenidən onu zamin kimi göstərib kredit götürür? Bankdan ona cavabında bildirdilər ki, o (iddiaçı) hansısa kredit xəttinə imza edib. Əvvəla onun (iddiaçının) bu kredit xəttindən xəbəri olmayıb. Bu barədə bank işçisi və digər cavabdeh ona (iddiaçıya) məlumat verməli idilər. Lakin heç kim ona (iddiaçıya) heç nə demədi. Nə də vaxt məhdudiyyətindən ona (iddiaçıya) o sənədləri oxuya bilmədi. Çünki iş vaxtı bitir dedilər və tez imzalamağı tələb etdilər. Bakıdan sənədləri istəyirlər deyib ona (iddiaçıya) müqaviləyə tələm-tələsik imza etdirdilər. O (iddiaçı) artıq şübhələnir ki, böyük məbləğli kredit xətti olan səhifəni heç o (iddiaçı) imzalamayıb. Ona (iddiaçıya) bir illik deyilmişdi və o də bir illik zaminliyə razı olmuş. İkincisi, Cavabdeh2 Adəm oğlu onun (iddiaçının) xalası oğlu ilə şərikli işləyirdi. Bu krediti də onlar birgə mağaza açmaq üçün götürmüşdülər. Bu adama da zamin durmağı xalası oğlu xahiş etmişdi. O (iddiaçı) bu adamı tanımır, xalası oğluna görə razılaşmışdı. Hal-hazırda onların şərikli iş birliyi pozulub, bir-birinə düşmən münasibətdədilər. O (iddiaçı) yuxarıda sadaladıqlarından sonra tanımadığı və qohumu ilə düşmən münasibətdə olan birinə niyə 10 illik zamin durmalıdır? Onun (iddiaçının) də ailəsi, övladı var. Onların özünədə lazım olur. Şəxsən həkim onu (iddiaıçını) əməliyyata yazıb. O (iddiaçı) kredit götürə bilmir ki, əməliyyatını elətdirisin. Kredit müqaviləsində heç birinin eyniləşdirmə məlumatları yoxdur. Sanki müqaviləni bu işdən anlamayan, təcrübəsiz biri hazırlamışdır. Müraciətlərinə əsasən Azərbaycan Respublikasının Mərkəzi bankı özünün 07 oktyabr 2024-cü il tarixli məktubu ilə ona (iddiaçıya) məhkəməyə müraciət etməyi bildirdi. Cavabdeh onlara yad olan və pis münasibətdə olduğunu biridir. Yenidən 35.000 manat məbləğində kredit götürəndə ona (iddiaçıya) bildirilməli idi. Lakin bu olmadı. Bu növbəti 10 il ərzində dəfələrlə təkrarlanacaq. Cavabdehin onun (iddiaçının) xəbəri olmadan kredit götürdüyünə görə zaminlik müqaviləsi ləğv olunmalıdır. Onların bu mübahisə bank tərəfindən də həll edilmədiyindən məcburi olub məhkəməyə müraciət edir. Həyat yoldaşı X3 veteranıdır, üstəlik şəhid qardaşıdır. Üç övladı var: birinin sağlamlıq imkanları məhduddur, digərləri isə məktəblidirlər. Özünün dəfələrlə kreditə ehtiyacı olmuşdur. Lakin cavabdehin məsuliyyətsiz hərəkətləri ucbatından götürə bilməmiş. Onun da (iddaçının) kredit götürmək hüququ vardır. Lakin cavabdehlər öz hərəkətləri ilə onu (iddaçını) bu hüququdan məhrum etmişlər. Cavabdehin sözügedən kredit müqaviləsində birinci zamini vardır. Və çox güman ki, növbəti dəfə kredit götürəndə o zaminin məlumatı olmuşdur. Beləliklə, yuxarıdakılara əsasən Cavabdeh2 ilə Cavabdeh1 QSC-nin “Azadlıq” filialında bağladığı 16iyun 2023-cü il tarixli, 009L**********44 saylı “Uzunmüddətli kredit və təminat”müqaviləsindəki zaminliyinə xitam verilməlidir. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi əsaslandırma aparılmadan, sadəcə ümumi ifadələr və fikirlər əsasında yazılmış, həmçinin iddianın hüquqi əsası müəyyən edilməmişdir. 16 iyun 2023-cü il tarixində "xxxx" QSC, Cavabdeh2, X1 və İddiaçı iştirakı ilə 009L**********44 saylı "Uzunmüddətli kredit və təminat" Müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə kreditə dair mühüm şərtlər (kredit xəttinin məbləği, müddəti, valyutası, faizi) və mühüm şərtlərə dair maksimal hədlər müəyyən edilmişdir. Müqavilə imzalanmazdan əvvəl müvafiq tərəflərə tanış olmaları üçün təqdim edilmiş və nəticədə müqavilə tərəflərin hər birinin imzası ilə təsdiq edilmişdir. Zaminlik müqaviləsi kredit xətti müqaviləsinin təminatı qismində çıxış edə bilər, o şərtlə ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtləri dedikdə isə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. başa düşülə bilər. 16 iyun 2023-cü il tarixli, 009L**********44 saylı "Uzunmüddətli kredit və təminat" Müqaviləsindən aydın olur ki, Cavabdeh2 kreditinə dair mühüm şərtlər və həmin şərtlərin yuxarı həddi müqavilədə aydın şəkildə göstərilmiş və zamin həmin şərtlərlə tanış olaraq imzası ilə təsdiq etmişdir. Həmçinin bildirmək istərdi ki, zaminlik müqaviləsinə xitam verilməsi əsasları Mülki Məcəllənin 477-ci maddəsi ilə tənzimlənir ki, hazırki iddiada həmin hallardan hər hansı biri olmadığı üçün iddiaçının "zaminliyə xitam verilməsinə" dair tələbi əsassızdır. Odur ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "zaminliyə xitam verilməsi"nə dair əsassız iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, iddia tələbi əsassızdır və hüquqi cəhətdən qanunvericiliyə ziddir. Tərəfindən əsas kredit müqaviləsi üzrə müəyyən edilmiş cədvələ uyğun olaraq ödənişlər vaxtında və tam olaraq ödənilir. Belə olan surətdə hesab edir ki, iddiaçının tələbi də başa düşülən deyil. İddia tələbinə etiraz edir və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən İddiaçı izahat verərək bildirmişdir ki, 16 iyun 2023-cü il tarixdə Cavabdeh1ın Göyçay filialında Cavabdeh2 bir illik 35000 man məbləğində 009L**********44 saylı kredit müqaviləsinəzamin durmuşdu. Həmin kredit müddəti bitdikdən sonra özü üçün kredit götürmək istəyəndə Banka müraciət etmişdi. Lakin bank ona imtina etmişdir ki, zaminliyi hələdə davam edir. Bankdan maraqlandıqda ona bildirdilərki, o hansısa kredit xəttinə imza etmişdir. Əvvəla onun bu kredit xəttinindən xəbəri olmayıb. Bu barədə bank işçisi və digər cavabdeh ona məlumat verməli idilər. Lakin heç kim ona heç nə deməmişdi. Vaxt məhdudiyyətindən o sənədləri oxuya bilməmişdi. Çünki bank əməkdaşları ona iş vaxtınınz bitdiyini deyərək, müqaviləni tez imzalamasımı tələb etmişdilər. Müqaviləyə tələm-tələsik imza etdirmişdilər. Müqavilənin müddətinin bir illik olduğu deyilmişdi və o da bir illik zaminliyə razı olmuşdu. Bundan əlavə bildirir ki, Cavabdeh2 onun xalası oğlu ilə şərikli işləyirdi. Bu krediti də onlar birgə mağaza açmaq üçün götürmüşdülər. Bu adama da zamin durmağı xalası oğlu xahiş etmişdi. Hal-hazırda onların şərikliyi pozulub, bir-birinə düşmən münasibətdədilər. Sadaladıqlarından sonra tanımadığı və qohumu ilə düşmən münasibətdə olan birinə niyə 10 illik zamin durmalıdır? Kredit müqaviləsində heç biriminin eyniləşdirmə məlumatları yoxdur. Sanki müqaviləni bu işdən anlamayan, təcrübəsiz biri hazırlamışdır. Müraciətlərimə əsasən Azərbaycan Respublikasının Mərkəzi bankı 07 oktyabr 2024-cü il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməyi bildirmişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, borclunu tanımır, xalası oğluna görə zamin durmağa razılaşmışdı. Müqavilə bağlanan zaman ona hər hansı təzyiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 QSC, kredit alan Cavabdeh2, zaminlər X2 və İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 009L**********44 nömrəli “Uzunmüddətli kredit və təminat müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh2 600.000 manat məbləğində 120 ay müddətinə kredit xətti təsdiq edilmişdir. Həmin müqavilənin 11.1-ci maddəsinə əsasən zamin, kredit alan müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alanla birlikdə birgə məsulliyət daşıyır. Cavabdeh1 QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 104106 nömrəli müraciətə cavab məktubunda qeyd olunur ki, “...Cavabdeh1 QSC, X6, Cavabdeh2 və digərlər arasında bağlanmış 16 iyun 2023-cü il tarixli 009L**********44 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi”-nin 2.2-ci bəndinə əsasən kredit alan Cavabdeh2 600.000 manat məbləğində 120 ay müddətinə kredit xətti təsdiq edilmişdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən Zamin, kredit alan müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alanla birlikdə birgə məsulliyət daşıyır. Sizin müqavilədə razılaşdırılmış maksimal limitlər çərçivəsində Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit alan ilə birgə və tam məsuliyyət daşıdığınıza dair razılığınız müvafiq müqavilə imzalanmaqla bəyan və təsdiq edilmişdir.“ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 07 oktyabr 2024-cü il tarixli məktubunda qeyd olunur ki, “Mərkəzi Banka daxil olmuş müraciətiniz araşdırılması məqsədilə banka göndərilmiş və bank tərəfindən surəti Sizə ünvanlanmaqla xx.xx.2024-cü il tarixli, OUT- 2024/09/13-81 nömrəli məktubla cavab verilmişdir. Eyni zamanda məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsində göstərilən hallarda zaminliyə xitam verilir. Qeyd edirik ki, müraciətinizdə sözügedən zaminlik müqaviləsini mübahisələndirmək məqsədilə aidiyyəti üzrə məhkəməyə və yə hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz.” Zərdab Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 107255 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, ata qrafasında X4, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 may 2008-ci il tarixdə 222 nömrə ilə qeyd edilmişdir. Zərdab Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 398479 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Zərdab rayonunda anadan olmuş, ata qrafasında X4, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 01 mart 2010-cu il tarixdə 157 nömrə ilə qeyd edilmişdir. Zərdab Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 616702 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Ucar rayonunda anadan olmuş, ata qrafasında X4, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 oktyabr 2015-ci il tarixdə 469 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 QSC, kredit alan Cavabdeh2, zaminlər X2 və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə “Uzunmüddətli kredit və təminat müqaviləsi” bağlanılmışdır ki, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 600.000 manat məbləğində 120 ay müddətinə kredit xətti təsdiq edilmişdir. Həmin müqavilənin 11.1-ci maddəsinə əsasən zamin, kredit alan müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alanla birlikdə birgə məsulliyət daşıyır. Hazırda iddiaçı müvafiq kredit xətti müqaviləsi üzrə yaranmış zaminliyin xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əsas qismində zaminliyin 10 illik deyil bir il müddətinə müəyyən edildiyini ehtimal etməsini göstərmişdir. Halbuki, kredit müqaviləsinin mühüm şərtləri (kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s.) 16 iyun 2023-cü il tarixli, 009L**********44 saylı "Uzunmüddətli kredit və təminat" Müqaviləsində aydın göstərilmişdir. Müqavilə bağlanmazdan əvvəl tərəflərə müqavilənin şərtləri ilə tanış olmaq şəraiti yaradılmışdır. Zamin İddiaçı həmin şərtlərlə tanış olaraq imzası ilə təsdiq etmişdir. Bundan əlavə, mülki qanunvericilik zaminliyə xitam verilmə əsasları kimi aşağıdakıları müəyyən etmişdir (MM 477): zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, hazırki mülki işin mahiyyətində zaminliyin xitam verilmə əsasları müəyyən edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" QSC və Cavabdeh2 qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" QSC və Cavabdeh2 qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-586/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-586/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver