Məhkəmə qərarları › İş №e-2(004)-5876/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5876/2025

13.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5876/2025 13.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və mənzilə daxil olmağa, kommunal xidmətlərdən istifadə etməyə maneə yaradacaq hərəkətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və mənzilə daxil olmağa, kommunal xidmətlərdən istifadə etməyə maneə yaradacaq hərəkətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MTK tərəfindən əsassız olaraq hesablanmış 6000 manat borcun silinməsi; İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) qaz, su və işıq təminatının verilməsinin və bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanmasının cavabdeh “X1” Mənzil Tikinti-Kooperativinə və digər şəxslərə ("xxxx" ASC, “Azəriqaz” İB və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) ərizəçinin mülkiyyətində, sahibliyində və istifadəsindədir. Bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış vermişdir. Həmin binanın idarə edilməsi cavabdeh “X1” Mənzil Tikinti-Kooperativi tərəfindən həyata keçirilir. İddiaçı ilə cavabdeh arasında xidmət göstərilməsi haqqında müqavilə bağlanmamışdır. Lakin binanın ümumi xərclərinin qarşılanması üçün iddiaçı tərəfindən hər ay daimi olaraq 150 (yüz əlli) manat məbləğində ödəniş etmişdir. Cavabdeh təşkilat qiymət tariflərini ərizəçinin və binanın ümumi sakinlərinin razılığı olmadan artırmışdır. İddiaçını heç bir yazılı müraciət etmədən, yalnız şifahi hədə qorxularla qanunsuz olaraq ödəniş məbləğini əvvəlcə 170 (yüz yetmiş) manat artırıb, daha sonra isə 200 (iki yüz) manat pul ödənilməsini tələb etmişdir. Nəticədə cavabdeh əsassız hesablamalar apararaq, guya iddiaçının 2020-ci ildən etibarən ümumilikdə 6.000 (altı min) manat borcunun yarandığını bildirmişdir. Bundan imtina edildikdə isə cavabdeh təşkilat iddiaçının mülkiyyət hüquqlarını pozmuş, mənzilə daxil olmağa, mənzildə kommunal xidmətlərdən istifadəyə etməyə maneələr yaratmağa başlamışdır. Belə ki, təkcə 2025-ci ilin sentyabr ayında 2 dəfə mənzilin su xəttlərini kəsmişdir. Cavabdeh iddiaçının və ailə üzvlərinin bloka, liftə və nəticədə mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə daxil olmasının qarşısını almaq üçün yaşayış kompleksi tərəfindən yaşayış blokuna daxil olmaq və liftdən istifadə etmək üçün sakinlərə təqdim edilmiş kartları blok etmişdir. Nəticədə iddiaçının mənzil və mülkiyyət hüquqları pozulmuşdur. Aşağıda göstərilənlərə əsasən, cavabdehin iddiaçının borclu olması barədə irəli sürdüyü tələblər əsassızdır və mənzilə daxil olmağa, kommunal xidmətlərdən istifadə etməyə maneə yaradacaq hərəkətləri qəbul edilməməlidir. Yuxarıda qeyd edilən hallarla bağlı tərəfindən xx.xx.2025-ci il tarixli 277/347 nömrəli məktubla “X1” MMC-yə müraciət edilərək məsələnin həllində köməklik göstərilməsi, yəni mənzilin su xəttlərinin kəsilməsi, o cümlədən onun və ailə üzvlərinin yaşayış kompleksinin blokuna və liftlərdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılmasını, İddiaçı və ailə üzvlərinə verilmiş kartarın (bloka və liftə daxil olmaq üçün) blokdan çıxarılmasını, 2020-ci ildən heç bir esas olmadan hesablanmış 6.000 (altı min) manat borcun silinməsinin təmin edilməsi xahiş edilmişdir. Müraciətinə cavab verilməmişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) İddiaçıvə ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılmasının (bloka giriş karltarının və liftdən istifadə kartlarının bloklanması və s. hərəkətlər) cavabdeh “X1” MMC-yə və digər şəxslərə qadağan edilməsi, “X1” Mənzil Tikinti-Kooperativi tərəfindən əsassız hesablanmış 6.000 (altı min) borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “X1” MMC tərəfindən əsassız olaraq hesablanmış 6621,44 manat borcun silinməsi; İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) qaz, su və işıq təminatının verilməsinin və bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanmasının cavabdeh “X1” MMC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respubliası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyun 2025-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab etmişdir. "Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki Qərarlarında da qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərar). Mülki hüquq münasibətlərində bu təminat şəxsin pozulmuş və ya mübahisələndirilən hüquqlarının müdafiəsi üçün tələblə məhkəməyə müraciət etmək imkanında ifadə olunur. Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir." Göründüyü kimi məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Lakin hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən qaz, su və işıq təminatının verilməsinin və bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanmasının cavabdeh “X1” Mənzil Tikinti-Kooperativinə və digər şəxslərə ("xxxx" ASC, “Azəriqaz” İB və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) qadağan edilməsi tələbi pozulmuş hər hansı hüquq və azadlıqların mövcud olmamasından dolayı təmin ediməməlidir. Ümumiyyətlə məhkəmə pozulmamış hüquq və azadlıqların bərpa edilməsi ilə bağlı qətnamə qəbul edə bilməz. Çünki mövcud olmayan mübahisə ilə əlaqədar və yaxud gələcəkdə baş verməsi ehtimal olunan hüquq pozuntularının qarşısını əvvəlcədən almaqla əlaqədar məhkəmədə iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüquq mövcud deyil. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının qaz, su və işıq təminatının verilməsi və bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması ilə bağlı hər hansı məhdudiyyət yaradılmamış hüququ pozulmamışdır. Hazırda cavabdeh qaz işıq su təminatı ilə bağlı heç bir problem yaşamır və bloka giriş və lift kartları da blokda deyil. Bu baxımdan iddiaçının bu barədə tələbləri təmin edilməməlidir. Cavabdeh su turbasının kəsilərək su təminatının məhz cavabdeh təşkilat tərəfindən kəsilməsini də məhkəmə iclası zamanı sübut edə bilməmişdir. Yalnız qərardadın icra olunduğunu və müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi ilə bağlı qəbul edilən qərardaddan şikayətin verilməməsini əsas gətirmişdir ki, qərardaddan şikayət vermək cavabdeh təşkilatın hüququdur və bu hüququndan istifadə etməyə bilər. Verilən suallara cavab olaraq isə icra sənədi üzrə icraata xitam verildiyini qeyd etmişdir və qərardadın icrası və yaxud daha dəqiq kim tərəfindən icra olunduğu və ya olunmadığı ilə bağlı da hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Belə ki, konkret olaraq su təminatının cavabdeh təşkilat tərəfindən məhdudlaşdırıldığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 357-ci maddəsinə əsasən isə Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 2(102)-445/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarında qeyd edilmişdir: "Həmçinin Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3 və 135.2.4-cü maddələrinə görə isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir." Həmin qərarda apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə aşağıdakı kimi olmuşdur: "Apellyasiya instansiya məhkəməsi MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, MMC ilə “İstifadəçi” olaraq mülkiyyətçi İddiaçı1 arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir." Belə ki, iddiaçı ödənişlərlə bağlı müəyyən təsdiqedici sübutları elektron məhkəməyə əlavə etmişdir. Həmin ödənişlərdən görünür ********** xidmət kodu üzrə iddiaçı mütəmadi ödənişlər etmişdir və həmin məbləğlər tarixləri və məbləğləri eynilik təşkil etməklə bizim tərəfimizdən əlavə edilmiş müştəri hesab kartında da görünür. Lakin ********** unikal nömrəli kod altında etdiyi ödənişlər üzrə məbləğlər isə tərəfindən əlavə edilən müştəri hesab kartında görünmür. Çünki qəbzlərdən də göründüyü kimi o ödənişləri “X1” MMC-yə yox “Azure Management”ə ödəmişdir. Bu baxımdan hesab edir ki, xidmət haqqı tarifinin artırılan vaxtında da artırılmış tariflə razı olduğunu öz hərəkətləri ilə təsdiqləyərək müəyyən ödənişləri ödəmişdir. Ödənilə ödənişlərdən onun məhz iddia ərizəsində qeyd edildiyi kimi hər ay 150 manat ödədiyi və beləliklə dolayısı olaraq guya hər ay 150 manat ödəməsi məlum deyil. İddiaçı 1040.40, 693 manat və sair böyük məbləğləri ödəyərək öz borcunu mütəmadi azaltmışdır. İddiaçının guya hər ay 150 manat ödəməyə razı olduğunu bildirsələr də edilən ödənişlər bunu təsdiq etmir, əksinə artırılmış məbləğlə razı olduqlarını böyük məbləğlər ödəyərək bəyan etmişlər. Yuxarıda sadalananları nəzərə alaraq, məhkəmədən iddia tələblərinin tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, borcun silinməsini xahiş edirlər. İddiaçı Cavabdeh MMC ilə müqavilə bağlamamışlar. Məhkəməyə müraciət edənə kimi, hər ay 346,80 manat ödəmişlər. İddiaçı hazırda mənzildə yaşamır, hazırda İİİ şəxslərin istifadəsindədir. Hazırda kommunal xidmət üçün müəyyən olunmuş məbləğin ödənilməməsinin səbəbi cavabdeh tərəfindən əsassız olaraq xidmət haqqının artırılması olmuşdur. Heç bir müştərək cəmiyyət yaradılmamışdır. Kommunal xidmətlərin yığımını Cavabdeh MMC həyata keçirir. Cavabdehin nəzarətində olan yerdə yerləşən şaxta açılmış, iddiaçının mənzilinə birləşən hissədə su xətti kəsilmişdir. Su xəttinin kəsilməsi ilə bağlı polisdə araşdırılma gedir. MTT-nin icrasından sonra su xətti bərpa olunmuş və lift də işlək vəziyyətdədir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, kommunal borcun məbləği barədə həm mesaj gəlib, həm də Cavabdeh MMC-nin hüquq şöbəsinin rəhbəri Natiq müəllimin verdiyi şifahi məlumat əsasında borcun olduğunu bilmişlər. Məhkəmənin qərardadından sonra məhdudiyyətlər aradan qalxmışdır. Lakin bundan sonra da bu məhdudiyyətlərin olmayacağı naməlumdur. İşıq və qaz xəttində isə heç vaxt kəsilmə olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı sübuta yetirməlidir ki, kommunal xidmətin istifadəsini onlar dayandırmışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, mühafizə xidmətinin kim tərəfindən həyata keçirilməsi ilə bağlı məlumatı yoxdur. Binada kommunal xidməti Cavabdeh MMC göstərir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) tam mülkiyyət kimi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Cavabdeh MMC (İdarəedici təşkilat) ilə “X3” (Sahə Mülkiyyətçisi) arasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi haqqında MA-YPMM1HUQ101-000069 saylı, 01 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən İdarəedici təşkilat, Sahə Mülkiyyətçisinin tapşırığı ilə razılaşdırılmış müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva 55 ünvanında yerləşən “X3” çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmçinin həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Sahə Mülkiyyətçisi isə göstərilmiş Xidmətlərin müqabilində mənzilin ümumi sahəsinin hər kv.m. üçün 2 saylı əlavədəki Cədvəİ-2-nin qiymət sütununda qeyd olunan məbləğdə aylıq xidmət haqqını idarəedici təşkilata ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə “X3”nın ********** saylı nömrəsinə 346,80 manat pul köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə “Azure Management”in ********** saylı nömrəsinə 11 manat pul köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə “Azure Management”in ********** saylı nömrəsinə 1029,40 manat pul köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə “Azure Management”in ********** saylı nömrəsinə 2080,80 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MTK-nın ********** saylı nömrəsinə 347,40 manat və 693 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MTK-nın ********** saylı nömrəsinə 347,40 manat və 693 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə “X3”nın ********** saylı nömrəsinə 1040,40 manat pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə “X3”nın ********** saylı nömrəsinə 1040,40 manat pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən hesab.az vasitəsilə ********** saylı VÖENin ********** saylı nömrəsinə 1040,40 manat ödəniş edilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən ********** saylı VÖENin ********** saylı nömrəsinə 1039,40 manat pul köçürülmüşdür. - İddiaçı məxsus müştəri hesab kartından görünür ki, xx.xx.2018-ci il tarixindən kommunal xidmətə görə müxtəlif aylarda aylıq ödənişlər edilmişdir. - “Kamandar Nəsibov və Partnyorları” vəkil vürosu tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun silinməsi və mənzildə kommunal xidmətlərdən istifadəyə yönəlmiş məhdudlaşdırıcı hərəkətlərinə son qoyulması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5876/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) qaz, su və işıq təminatının verilməsinə və bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanmasına qoyulan məhdudiyyəti aradan qaldırmaqla, “GÜVENLİ-SERVİS MANAGMENT” Mənzil Tikinti-Kooperativinə və digər şəxslərə ("xxxx" ASC, “Azəriqaz” İB və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) həmin məhdudiyyətlərin qoyulması qadağan edilməsi qərara alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələblərinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, Cavabdeh MMC (İdarəedici təşkilat) ilə “X3” (Sahə Mülkiyyətçisi) arasında çoxmənzilli binanın idarə edilməsi haqqında MA- YPMM1HUQ101-000069 saylı, 01 yanvar 2023-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilə ilə İdarəedici təşkilat, Sahə Mülkiyyətçisinin tapşırığı ilə razılaşdırılmış müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva 55 ünvanında yerləşən “X3” çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmçinin həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Sahə Mülkiyyətçisi isə göstərilmiş Xidmətlərin müqabilində mənzilin ümumi sahəsinin hər kv.m. üçün 2 saylı əlavədəki Cədvəİ-2-nin qiymət sütununda qeyd olunan məbləğdə aylıq xidmət haqqını idarəedici təşkilata ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmamış, lakin buna baxmayaraq iddiaçı tərəfindən 2018-ci ildən etibarən bir-birini əvəz etmiş MMC-lərə, son olaraq Cavabdeh MMC kommunal xidmətlərə görə müxtəlif vaxtlarda ödənişlər etmişdir. Müştəri hesab kartına nəzər yetirdikdə iddiaçı tərəfindən davamlı olaraq 346,80 manat aylıq ödəniş edilməsi müəyyən edilir. Bu isə iddiaçının izahatında da deyildiyi kimi, 231,2 kv.m sahəyə malik mənzilin hər kv.m üçün 1.5 manatdan ödənilməsi deməkdir. Tərəflər arasında müqavilə olmasa da, tərəf mənzilin hər kvm görə 1,5 manat olmaqla, hər ay 346,80 manat ödəniş etməyə razılaşmışdır. Eyni zamanda həmin hesab kartından görünür ki, iddiaçı tərəfindən 6621 manatdan da çox məbləğ ödəniş edilmişdir. Tərəflər arasında mübahisə göstərilən kommunal xidmətlərə görə hesablanmış haqqın məbləği ilə bağlıdır. Cavabdeh tərəfindən 6621 manat borc hesablanmışdır. Hal-hazırda iddiaçı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 6621,44 manat borcun artıq hesablandığını və həmin məbləğin silinməsini; iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) qaz, su və işıq təminatının verilməsinin və bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanmasının cavabdehə qadağan edilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kommunal xidmətin göstərilməsi ilə bağlı müqavilə bağlanmamış, MMC tərfindən kommunal xidmətin qiymətinin 1,77 manat olması, eləcə də daha sonradan 2 manata dəyişdirilməsi ilə bağlı iddiaçı ilə müqavilə bağlanmamış, eləcə də onlar araısnda bununla bağlı hər hansı şifahi razılıq və bəyənmə də olmamışdır. Bu barədə hər hansı qərar da məhkəməyə təqdim edilməmişdir. Elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş müqavilə nüsxəsində iddiaçının imzası aşkar edilmir. İddiaçı tərəfindən edilmiş ödənişlərlə müəyyən olunur ki, iddiaçı hər ay 346,80 manat kommunal ödənişlə bağlı razılaşmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 6621 manat kommunal borc əsassız hesablanmışdır. Belə ki, hesab kartından da görünür ki, iddiaçı tərəfindən hər ay 346,80 manat olmaqla ödənişlər edilmiş və həmin məbləğlər hesablanmaqla ödəniş 6621 manatdan çoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kommunal borcu artıq hesablanmışdır və hesablanmış 6621,40 (altı min) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 2.1 Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzilistismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 135.2.4. Yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Maddə 142.2. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Məhkəmə iddia tələbinin “iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) qaz, su və işıq təminatının verilməsinin və bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanmasının cavabdeh “X1” MMC-yə qadağan edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Hər iki normadan görünür ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlər, lift şaxtası ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Hazırki işin halları ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binası çoxmənzilli binadır və iddiaçı həmin binada yerləşən mənzilin mülkiyyətçisidir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxs mənzilindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlərə məruz qala bilər. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur. Baxılan işdə belə bir qanuni əsas nə Mülki, nə Mənzil Məcəllələrində, nə də digər qanunlarda nəzərdə tutulmayıb. Həmçinin müəyyən edilib ki, iddiaçı ümumi paylı mülkiyyətində olan liftdən istifadəsinə hər hansı əsasla, o cümlədən xidmət haqqının ödənilməməsinə görə məhdudiyyət tətbiq edilməsi onunla cavabdeh MMC arasında müqavilə ilə şərtləşdirilməyib. Belə ki, iddiaçı ilə cavabdeh MMC-nin xidmət müqaviləsi bağlaması, ümumiyyətlə, müəyyən edilməyib. Başqa sözlə, müdaxilənin müqavilə əsası da istisna edilib. Eləcə də, liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı bina sakinlərinin ümumi yığıncağının qərarı da yoxdur. O da qeyd edilməlidir ki, çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Binanın sahə mülkiyyətçiləri tərəfindən MMMC yaradıldığı hallarda sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərinin cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər (Mənzil Məcəlləsi, maddə 43.1, 44.6). Kooperativ binanın tikintisi tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50%-dən çoxuna mülkiyyət hüququ kooperativin üzvlərinə keçdikdən sonra 1 ay ərzində kooperativ MMMC-yə çevrilməsi barədə qərar qəbul edilməlidir (Mənzil Məcəlləsi, maddə 109.5). Bu halda binanın sahə mülkiyyətçilərinin maraqlarına aid məsələlər üzrə mülki prosessual hüquq qabiliyyəti həmin MMMC-yə aiddir, yəni bununla bağlı iddialar MMMC tərəfindən qaldırıla bilər. Baxılan işdən görünür ki, binanın tikintisi başa çatmış, lakin sahə mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradılmamışdır. Belə olan halda, hazırda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı sahə mülkiyyətçilərinin ümumi yığıncağı hesab olunur və iş materiallarında liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı bina sakinlərinin ümumi yığıncağının qərarı da yoxdur. Belə olan halda, Cavabdeh MMC-nin iddiaçının liftdən istifadə qaydalarına, xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onun mülkiyyət hüququna müdaxilədir və iddiaçının bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüququ vardır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə Cavabdeh MMC-nin iddiaçıya münasibətdə liftə məhdudiyyət qoyulmasının onlar tərəfindən edilməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsi ilə bağlı izahını əsaslı saymır. Belə ki, hazırki iş üzrə müvəqqəti təminat tədbirinə dair ərizəyə baxılmış və borclu qismində Cavabdeh MMC müəyyən edilmiş və icra sənədi icra olunaraq liftdən istifadəyə və su təminatının verilməsinə müdaxilə edilməsi aradan qaldırılmışdır. Həmçinin iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, yalnız müvəqqəti təminat tədbiri barədə qərardad qəbul olunandan sonra, liftdən istifadəyə qoyulmuş qadağa götürülmüş, bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması aradan qaldırılmış və MMC tərəfindən su təminatının verilməsi bərpa edilmişdir. Lakin həmin müdaxilələrin davam etməyəcəyi naməlumdur. Bu səbəbdən iddia tələbinin həmin hissədə də təmin edilməsini məhkəmədən xahiş edir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, işıq və qaz təminatında bugünədək hər hansı məhdudiyyət və qadağa olmamışdır. Bu baxımdan, yuxarıda şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) su təminatının verilməsinə müdaxilə edilməsi, bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması cavabdeh “X1” MMC-yə qadağan edilməlidir. Digər hissədə, yəni qaz və işıq təminatının verilməsində iddia verilənədək də hər hansı məhdudiyyətlər olmadığından və məhkəmə iddiaçının həmin hissədə hüquqlarının pozulması halını müəyyən etmədiyindən iddianı həmin hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) cavabdeh “X1” MMC tərəfindən hesablanmış 6621,44 (altı min altı yüz iyirmi bir manat qırx dörd qəpik) manat borc silinsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 1010: Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, 8, M 17, mənzil 3) su təminatının verilməsinə müdaxilə edilməsi, bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması cavabdeh “X1” MMC-yə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar