Məhkəmə qərarları › İş №e-2(004)-592/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-592/2025

18.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-592/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən 20 saylı evin 52 saylı mənzilinin Cavabdeh tərəfindən boşaldılmasına, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli № 11/01 saylı yekun Protokoluna əsasən ilkin hərrac qiyməti 162 500 manat müəyyən edilmiş, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən 20 saylı evin 52 saylı mənzili 103 593,75 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş olan Cavabdeh mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən 20 saylı evin 52 saylı mənzili İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da İddiaçı ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. AR MM-nin 152-ci maddəsinə əsasən Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia ərizəsinə əlavə edilmiş qanuni sənədlərdən göründüyü kimi İddiaçı ASC yuxarıda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə İddiaçı ASC mülkiyyət hüququnun bütün elementlərinə sahib olmadığından faktiki mülkiyyət hüququnu həyata keçirə bilmir. Hal-hazırda cavabdehlərin İddiaçı ASC-nin mülkiyyətində olan mənzildə məskunlaşaraq, iddiaçının qanuni tələblərinə məhəl qoymaması və mənzili tərk etməmələrindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə ehtiyac duyulur. Belə ki, cavabdehlərin qanunsuz əməlləri, qanuni mülkiyyətçi İddiaçı ASC-nin mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Eyni zamanda gələcəkdə əmlakın qanuni mülkiyyətçisi kimi, onun hüquqi müqəddəratını müəyyən etmək, əmlakın özgəninkiləşdirilməsində yarana biləcək problemlərin və risklərin qarşısın ıalmaq üçün cavabdehərin yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxarılmağa ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı ASC ilə Foris Telekom MMC (onun adından çıxış edən direktoru Cavabdeh şəxsində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, rb/km1163 nömrəli baş kredit müqaviləsinə əsasən kredit müştəri Foris Telekom MMC-yə bir dəfə və ya hissə-hissə verilir. Kreditin məbləği 961050 ABŞ dollarından çox olmamalıdır. Bu kredit Müştəri tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Kredit 12 ay müddətinə verilir (əsas məbləğ müddətin sonu, faiz üç aydan bir ödənilməklə). Kreditə görə illik 5% faiz haqqı hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 5% təşkil edir. Kredit ödənişlərin aparılması məqsədilə istifadə olunmaq üçün verilir. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan Cavabdeh və borcalan Foris Telekom MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış notariat qaydasında təsdiq edilmiş sonrakı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin verdiyi RX № ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********46- 05101-093018 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 77.8 kv.m. ümumi, 52.0 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 52 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan Cavabdeh və borcalan Foris Telekom MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş razılaşmaya əsasən "xxxx" ASC ilə Borc alan "xxxx" MMC arasında xx.xx.2018-cı il tarixli rb/km1163 nömrəli Baş Kredit Müqaviləsi bağlanılmış və həmin müqaviləyə görə “Rabitəbank" ASC tərəfindən Borc alan "xxxx"-yə 961 050 (doqquz yüz altmış bir min əlli) ABŞ dolları kredit verilmişdir; Həmin kredit müqaviləsi üzrə öhdəliklərin (əsas kredit məbləğinin, kreditdən istifadəyə görə adı faizlərin, ikiqat faizlərin və dəbbə məbləğlərinin) icra edilməsinin təminatı kimi İpoteka qoyan Cavabdeh ilə xx.xx.2018-ci il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanaraq İpoteka qoyan Cavabdeh mülkiyyətindəki, ünvan 2 ünvanında yerləşən 77.8 kv.m ümumi, 52.0 kv.m. yaşayış, 25.8 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı, 52 nömrəli mənzil “Rabitəbank" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir; “Foris Telekom" MMC ilə bağlanmış xx.xx.2018-cı il tarixli rb/km1163 nömrəli Baş kredit müqaviləsi üzrə "xxxx" MMC “Rabitəbank" ASC qarşısında öhdəliklərini vaxtında və tam şəkildə icra etmək iqtidarında deyil və xx.xx.2020-ci il il tarixinə 960 380.03 (doqquz yüz altmış min üç yüz səksən, 03) ABŞ dolları məbləğində əsas kredit borcu, 140 192.49 (bir yüz qırx min bir yüz doxsan iki, 49) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faiz borcu, cəmi 1 100 572.52 (bir milyon bir yüz min beş yüz yetmiş iki, 52) ABŞ dolları məbləğində borc yaranmışdır. "İpoteka haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq öz aralarında mübahisəni və ya qeyrimüəyyənliyi məhkəməyə müraciət edilmədən həll etmək məqsədilə ipoteka predmetinə tutmanın notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilməsi yolu ilə həll edirlər və Razılaşmanı aşağıdakı şərtlərlə bağlayırlar. Bundan sonra bu Razılaşmada İddiaçı ASC, Cavabdeh, “Foris Telekom" MMC birlikdə Tərəflər adlanacaq. 1. Borc alan kimi “Foris Telekom" MMC, onun adından çıxış edən direktoru Cavabdeh "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-cı il tarixli rb/km1163 nömrəli Baş Kredit Müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2020-ci il ıl tarixinə 960 380,03 (doqquz yüz altmış min üç yüz səksən, 03) ABŞ dolları məbləğində əsas kredit borcu, 140 192,49 (bir yüz qırx min bir yüz doxsan iki. 49) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faiz borcu, cəmi 1 100 572,52 (bir milyon bir yüz min beş yüz yetmiş iki, 52) ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir, ipoteka qoyan kimi Cavabdeh həmin borcun ödənilməsini "ipoteka haqqında" Azərbaycan Respublikası qanunun 36.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın notariat qaydasında təsdiqlənmiş razılaşma əsasında yönəldilməsinə razılığını bildirir. 2. İpoteka predmetləri - İpoteka qoyan kimi Cavabdeh mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, seriya RX ******* nömrəli, xx.xx.2013-cü il tarixdə verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 77.8 kv.m ümumi, 52.0 kv.m. yaşayış, 25.8 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı, 52 nömrəli mənzildən ibarətdir. 2.1. İpoteka saxlayan kimi "xxxx" ASC və ipoteka qoyan kimi Cavabdeh razılaşırlar ki, ipoteka predmetlərinin ilkin satış qiyməti, yəni hərrac təşkilatına çıxarılacaq ilkin satış qiyməti: 3. ünvan 2 ünvanında yerləşən 77.8 kv.m ümumi, 52.0 kv.m. yaşayış, 25.8 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı, 52 nömrəli mənzil üçün 162 500 (bir yüz altmış iki min beş yüz) manat təşkil edir. 4. Borc alan kimi “Foris Telekom" MMC yuxarıda qeyd olunan Baş Kredit Müqaviləsi üzrə “Rabitəbank" ASC-yə 1 100 572.52 (bir milyon bir yüz min beş yüz yetmiş iki, 52) ABŞ dolları məbləği ödəməyi öhdəsinə götürür. 5. İpoteka qoyan kimi Cavabdeh ipoteka saxlayan "Rabitəbank” ÄSC-ni məlum edir ki, bu Razılaşma bağlanarkən ipoteka predmeti ilə bağlı başqa ipoteka saxlayanlarla ipoteka və ya sonrakı ipoteka müqaviləsi bağlanılmamış və sonrakı ipoteka saxlayan(lar), habelə ipoteka predmeti barəsində hər hansı üçüncü şəxslərin hüquqları mövcud deyil. 6. İpoteka qoyan kimi Cavabdeh və İpoteka saxlayan "xxxx" ASC razılaşırlar ki, ipoteka predmetinin satışı üsulu- “İpoteka haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq açıq auksion formasında olan hərrac vasitəsilə həyata keçirilməlidir. 7. İpoteka qoyan kimi Cavabdeh və İpoteka saxlayan "xxxx" ASC razılaşırlar ki, ipoteka predmetinin hərrac vasitəsilə satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi aşağıdakı qaydada həyata keçirilir: 8. Cavabdeh mülkiyyətindəki, ünvan 2 ünvanında yerləşən 77.8 kv.m ümumi, 52.0 kv.m. yaşayış, 25.8 kv.m. yardımçı sahədən ibarət, 3 otaqlı, 52 nömrəli mənzilin satışından əldə olunan vəsaiti bütünlüklə "Rabitəbank” ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-cı il tarixli rb/km1163 nömrəli Baş Kredit Müqaviləsi üzrə olan borcun ödənilməsinə (silinməsinə) yönəldiləcəkdir.

9. İpoteka qoyan kimi Cavabdeh və ipoteka saxlayan İddiaçı ASC razılaşırlar ki, ipoteka predmeti hərracdan satılmadıqda və hərrac baş tutmamış elan edildikdə, “Rabitəbank" ASC ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququ vardır. 10. İpoteka predmeti hərracdan satılmadıqda və hərrac baş tutmamış elan edildikdə, “Rabitəbank" ASC ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə aldıqdan sonra və həmin qiymət borcun ödənilməsinə kifayət etmədikdə, "xxxx" MMC İddiaçı ASC-yə qalan borcunu qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətində ödəməlidir. Əks təqdirdə İddiaçı ASC borcun qalan hissəsini almaq üçün məhkəməyə müraciət edərək borcun ödənilməsini tələb etməkdə haqlıdır. 11. Borc alan/ipoteka qoyan kimi Cavabdeh və Borc alan "xxxx" MMC bu Razılaşmanın bütün şərtlərinin öz maraqlarına cavab verdiyini dərk edir bu Razılaşma ilə bağlı İddiaçı ASC-yə qarşı hər hansı iddia, pretenziya, tələb, habelə etirazlar irəli sürməyəcəyini, habelə “Rabitəbank" ASC-nin “Foris Telekom" MMC -nə qarşı borcun qalan hissəsini almaq üçün məhkəməyə müraciət edərək borcun ödənilməsini tələblərinə pretenziya irəli sürməyəcəyini öhdəsinə götürürlər. 12. Bu Razılaşmanın icrası və həyata keçirilməsi ilə bağlı, gələcəkdə yarana biləcək rüsumlar, xidmət haqqları, komissiyalar və bütün digər xərclər İddiaçı ASC-nin hesabına ödəniləcəkdir. 12.1 Bu Razılaşma notariat orqanında təsdiq edildikdən sonra qüvvəyə minir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 11/01 nömrəli X2 saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə Protokoluna əsasən Rabitə Bank ASC-nin RB-02/5058 saylı, xx.xx.2020-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.42.və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur və ilkin hərrac qiyməti 162 500 manat müəyyən edilmiş Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən 20 saylı evin 52 saylı mənzili 103 593.75 manata ipoteka saxlayan İddiaçı ASC-yə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə əsasən sifarişçi (borc tələbinin tam ödənilməsinə) əldə olunan qiyməti 103 593.75 manat olan Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən 20 saylı evin 52 saylı mənzili alıcı "xxxx" ASC-nin tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə əsasən İddiaçı ASC Cavabdeh İddiaçı ASC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 52 nömrəli mənzilin 3 iş günü müddətində tərəfindən boşaldılmasını, bütün əşyaları çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsini xahiş etmiş, əks təqdirdə, mənzilin boşaldılması, bütün əşyaları çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən ünvan 1, mənzil 52 ünvanında qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 52 xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericirlikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla biriikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə)tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. (əvvəlki redaksiyada) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “22” iyun 2023-cü il tarixli, 02/2023 nömrəli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Qərardadına əsasən, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Göründüyü kimi, mübahisəli ünvan 1 ünvanında yerləşən 52 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmışdır. İpoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlandığından iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 52 nömrəli mənzil açıq hərracdan ipoteka saxlayan İddiaçı ASC-yə satıldığından və tam mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olduğundan mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqlar cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin ünvan 1 ünvanında yerləşən 52 nömrəli mənzilin Cavabdeh tərəfindən boşaldılması, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə “Rabitəbank" ASC-yə təhvil verilməsi tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 52 nömrəli mənzil Cavabdeh tərəfindən boşaldılmalı, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə iddiaçı “Rabİtəbank" ASC-yə təhvil verilməli və dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 52 nömrəli mənzil Cavabdeh tərəfindən boşaldılsın, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə iddiaçı "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar