Məhkəmə qərarları › İş №e-2(004)-5921/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5921/2025

03.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5921/2025 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "paylı mülkiyyətdə olan avtomobilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına uyğun surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "paylı mülkiyyətdə olan avtomobilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına uyğun surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan buraxılışı 2011-ci il, tünd boz metalik rəngli, mühərrik nömrəsi G6DABS628113, ban nömrəsi KNAKN811DB507065 olan, “KİA MOHAVE” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qiymətləndirilməsi, əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri-iddiaçı Qədimova (Abdullayeva) Lalə Vaqif qızının və Cavabdeh arasında onların paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2410/2025 №-li qətnaməsinə əsasən tərəflərin birgə nikah dövründə əldə olunmuş buraxılışı 2011-ci il, tünd boz metalik rəngli, mühərrik nömrəsi G6DABS628113, ban nömrəsi KNAKN811DB507065 olan, “KİA MOHAVE markalı, ** MH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərində paylar ½ hissədə olmaqla müəyyən olunmuş, bu barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyat aparılmışdır. Hazırda adı çəkilən minik avtomobili cavabdehin istifadəsindədir, iddiaçı ondan istifadə edə bilmir, avtomobil vahid tam təşkil etdiyindən naturada bölgüsü mümkün deyildir, ona görə də adı çəkilən avtomobilin iddiaçının payına düşən hissənin pulunun verilməsi və ya əmlakın satılması, satış pulunun tərəflərin arasında bərabər bölünməsi barədə cavabdehə xx.xx.2025-ci ildə göndərilmiş pretenziya məktubunu sonuncu xx.xx.2025-ci ildə şəxsən alsa da, indiyə kimi münasibət bildirməmişdir. Hazırda həmin avtomobilin bazar qiyməti 21.000-22.000 manat təşkil edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir. Nəqliyyat vasitəsinin qapalı hərracda satılmasını, mümkün olmadıqda açıq hərracda satılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, izahatında bildirmişdir ki, iddiaçının avtomobildə payının dəyərinin əvəzi olaraq 5000 manat kompensasiya ödənilməsinə razı deyildir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı 535159 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı nikahı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 257 nömrəli qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra kişiyə “Qədimov”, qadına “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2410/2025 saylı icra vərəqəsi əsasında "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payının müəyyən edilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh paylı mülkiyyətdə olan buraxılışı 2011-ci il, tünd boz metalik rəngli, mühərrik nömrəsi G6DABS628113, ban nömrəsi KNAKN811DB507065 olan, “KİA MOHAVE” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı minik avtomobilindən payın naturada ayrılması mümkün olmadığı üçün, həmin əmlakın dəyərinin yarısının verilməsi, əmlakın yarı pulunu verməkdən imtina ediləcəyi və yaxud əmlakın könüllü surətdə satılaraq əldə olunacaq vəsaitin tərəflərin arasında bərabər bölünməsinə razılıq verilmədiyi halda həmin əmlak üzərində payın naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun payçılar arasında bərabər bölünməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Toyota Rav-4” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adında qeydiyyatdadır. İş materiallarında olan “X2 Mərkəzi” MMC tərəfindən verilmiş 18 yanvar 2026-cı il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən müəyyən olunur ki, "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövrə bazar dəyəri yuvarlaq şəkildə 16780 manat məbləğində müəyyən edilmişdir. Həmçinin aparılmış tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nikah pozulmuş və "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində tərəflərin hər birinin 1/2 (ikidə bir) hissədə payları müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində əmlakın açıq hərracdan satılaraq bölünməsini xahiş etmişdir. Cavabdeh isə real bölgünün aparılmasına etiraz etməmişdir. Belə ki, tərəflər məhkəmədən əmlakın bölünməsini istəyirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Buna görə də,məhkəmə prosessual qənaət prinsipini rəhbər tutaraq, həmçinin iddiaçının tələbinin əmlak bölgüsü olmasını və cavabdehin də real bölgü aparılmasını tələb etməsini nəzərə alaraq, hesab edir ki, əmlak tərəflər arasında bərabər bölünməlidir. Məhkəmə bölgünün obyektiv aparılması üçün “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının müddəaları əsas rəhbər tutur. Belə ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının 6.21-ci bəndinə əsasən bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda, paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Həmin qərardadın 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Həmin qərardadın 19-cu bəndinə əsasən qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Həmin qərardadın 25-ci bəndinə əsasən məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Həmin qərardadın 28-ci bəndinə əsasən bununla belə nəzərə alınmalıdır ki, qanunvericilikdə bu kateqoriya işlər üzə məcburi şəkildə mərhələli həll qaydası müəyyən edilmişdir. Həmin qərardadın 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Həmin qərardadın 63-ci bəndinə əsasən Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Həmin qərardadın 64-ci bəndinə əsasən Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Həmin qərardadın 65-ci bəndinə əsasən Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin qərardadın 66-ci bəndinə əsasən Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə qanunvericiliyin müddəalarını nəzərə alaraq qeyd edir ki, bölünməsi tələb edilən nəqliyyat vasitəsinin naturada bölgüsü mümkün deyildir. Bu səbəbdən iddiaçı və cavabdeh də digər mərhələ olan əmlakın hərracda satılmasına razı olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən növbəti mərhələyə keçid edilməli, "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərracda satılmalıdır. Lakin cavabdeh əmlakın qapalı hərracda satılmasını tələb etdiyindən və onun əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin paylı mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh üçün qapalı hərrac keçirilməlidir. Nəqliyyat vasitəsi hərracda paylı mülkiyyətçilər tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərracda satıldıqdan sonra əldə edilmiş vəsait payçıların paylarına mütənasib olaraq aralarında bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qapalı hərracda satılmalı, nəqliyyat vasitəsi qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılmalı, "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 18 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz ǝlli) manat pul vəsaitinin yarısı, yəni 125 (bir yüz iyirmi beş) manat pul cavabdeh X1 tutularaq İddiaçı ödənilməli, həmin məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz ǝlli) manat pul vəsaitinin digər yarısı 125 (bir yüz iyirmi beş) manat pul İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qapalı hərracda satılsın. Nəqliyyat vasitəsi qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılsın. "Kia Mohave" markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə paylarına uyğun bölünsün. İş üzrə 18 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz ǝlli) manat pul vəsaitinin yarısı, yəni 125 (bir yüz iyirmi beş) manat pul cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İş üzrə 18 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz ǝlli) manat pul vəsaitinin digər yarısı 125 (bir yüz iyirmi beş) manat pul İddiaçı aid edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar