Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5973/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “X7 Qapılar” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X7 Qapılar” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7 Qapılar” MMC-dən İddiaçı xeyrinə Jalüz qapısına görə 2000 manat hüquqi xidmətə görə ödədiyi 500 manat, bağ evinin mühafizəsinə görə ödədiyi 600 manat, dövlət rüsumuna görə ödədiyi 47 manat, etibarnaməyə görə ödədiyi 18 manat və mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin iyul ayında Zirə qəsəbəsində yerləşən bağ sahəsində 1 ədəd Jalüz qapısı və 1 ədəd əl qapısının quraşdırılması üçün cavabdehə müraciət etmişdir. Özünü MMC-nin direktoru kimi təqdim edən Ramil adlı şəxsin təklifi ilə 18 iyul 2022-ci il tarixdə MMC-yə Jalüz qapsına görə 2000 manat, əl qapsına görə isə 580 manat ödəmişdir. 18 iyul 2022-ci il tarixdə cavabdeh tərəfindən eyni zamanda ona zəmanət talonu verilmişdir. Qapıların quraşdırıldığı vaxtdan iki gün sonra, yəni 20 iyul 2022-ci il tarixdə Abşeronda tez-tez baş verən adi küləyin təsirindən Jalüz qapısı uçmuş və yararsız hala düşmüşdür. Bununla əlaqədar qapının bərpası və ya qapıya görə ödədiyi pul məbləğinin qaytarılması üçün dərhal cavabdehə müraciət etmişdir. Bağ evinə gəlib qapının həqiqətən də uçmasını gördükdə cavabdehin nümayəndəsi (Ramil) uçmanın təbii fəlakətlə əlaqədar baş verməsini və bunda təqsirlərinin olmamasını əsas göstərməklə təklifini rədd etmişlər. 28 iyul 2022-ci il tarixdə ödədiyi pul məbləğinin qaytarılması üçün cavabdehə pretenziya təqdim etmişdir. Lakin cavabdeh tərəfindən həmin pretenziyaya da cavab verilməmişdir. Qapının uçması səbəbindən bağ evi baxımsız qaldığı üçün Zirə qəsəbəsində yaşayan X1 bağına baxmasını xahiş etmiş və ona bağın mühafizəsinə görə hər ay 200 (iki yüz) manat ödəmək barədə razılaşmışlar. Bağında yeni qapı quraşdırılana qədər Nurlan Musayevə 3 ay ərzində göstərdiyi xidmətə görə cəmi 600 manat ödəmişdir. 2022-ci ilin oktyabr ayında məcburiyyət qarşısında qalıb fərdi qaydada fəaliyyət göstərən Hamlet adlı ustaya müraciət etmiş və ona 2200 manat ödəməklə bağ evində yeni Jalüz qapısı quraşdırmışdır. Yararsız vəziyyətə düşmüş əvvəlki qapının qalıqları hazırda bağ evinin həyətində saxlanılır. Hesab edir ki,cavabdehin hərəkəti nəticəsində ona maddi və mənəvi ziyan dəydiyindən həmin ziyan cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehlə aralarında şifahi podrat müqaviləsi bağlanmış və o sifariş etdiyi qapının dəyərini ödəməklə müqavilə öhdəliyini icra etmiş, lakin cavabdeh tərəfindən quraşdırılmış qapı keyfiyyətsiz olması səbəbindən uçduğu üçün hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, 18 iyul 2022-ci ildə İddiaçı cavabdeh “X7 Qapılar” MMC-yə müraciət edib. Ramil adlı şəxs özünü cavabdeh “X7 Qapılar” MMC-nin rəhbəri kimi təqdim edib. İddiaçı ona jalüz qapısı və əl qapısı lazım olduğunu bildirib. Bununla əlaqədar jalüz qapısına görə 2000 manat, əl qapısına görə isə 580 manat ödəyib. İddiaçıya zəmanət talonu və pulun ödənilməsini təsdiq edən sənəd təqdim edilib. İki gün sonra jalüz qapısı uçub və yararsız vəziyyətə düşüb. İddiaçı bununla əlaqədar cavabdeh MMC-yə müraciət edib. Ramil bəy özü gəlib baxaraq bildirib ki, bu hadisə təbii fəlakət nəticəsində baş verib, ona görə də məbləğ ödənilməyəcək və təklif edib ki, ya yarısını ödəsin, ya da bütün xərci iddiaçı qarşılasın. 28 iyul 2022-ci il tarixində iddiaçı ödədiyi pulun qaytarılması ilə bağlı pretenziya məktubu yazmışdır. Lakin cavabdeh MMC pretenziya məktubuna cavab verməyib və 3 ay ərzində heç bir hərəkət etməyib. Həmin ərazidə tikinti materialları və s. olduğu üçün təhlükəsizlik məqsədilə iddiaçı fərdi qaydada fəaliyyət göstərən Hamlet adlı ustaya müraciət edib və ona 2200 manat ödəniş etməklə yenidən jalüz qapısı quraşdırıb. Qapının hissələri də bir yerə yığılıb və saxlanılıb. Hesab edir ki, tərəflərin arasında şifahi qaydada podrat müqaviləsi bağlanılıb və mübahisə də podrat müqaviləsinin tələbləri baxımından həll olunmalıdır. Belə ki, podratçı üzərinə düşən vəzifəni yerinə yetirməlidir, sifarişi icra edib təhvil verməlidir. Sifarişçi isə onun dəyərini ödəməlidir. İddiaçı sifarişçi kimi qapının dəyərini tam ödəməklə müqavilə öhdəliklərini icra edib. Lakin podratçı, yəni cavabdeh öz üzərində düşən öhdəliyi lazımınca icra etməyib. Qapı keyfiyyətsiz, qüsurlu olduğuna görə uçub. Həmçinin həmin dövrdə Bakıda təbii fəlakətin baş verməsi heç bir yerdə qeydə alınmayıb. Ola bilsin ki, tez-tez baş verən külək nəticəsində qapı uçub. Lakin istənilən halda qapı keyfiyyətli olmalıdır, davamlı olmalıdır, bu cür xırda təsirlərə dözməlidir. Materialın qüsuru, təsadüfən məhv olması ilə bağlı məsuliyyət də cavabdehin üzərinə düşür. Zəmanət talonunda zəmanət müddəti 4 il müəyyən olunur. Bir hadisənin baş verdiyi zaman öz ziyanı hesablarına bərpa edəcəklərinə dair zəmanət verirlər. Lakin bunlara əməl olunmayıb. Hesab edir ki, cavabdeh öz üzərinə düşən müqavilə öhdəliklərindən imtina edib. Onun hərəkəti nəticəsində iddiaçıya 2000 manat məbləğində ziyan dəyib. Qanunda zərər aradan qaldırıldığı halda çəkilən xərcin də tələb olunmasına yol verilir. Lakin onlar qapını fərdi qaydada ustaya bərpa etdirdikləri üçün bununla bağlı müvafiq sənəd təqdim edə bilməyəcəklər. Buna görə də onlar cavabdehə ödədikləri 2000 manat məbləği tələb edirlər. Həmçinin materialları da təhvil verməyə razıdırlar. Həmçinin hesab edirlər ki, iddiaçı bu müddət ərzində mənəvi sarsıntı keçirib və ona mənəvi ziyan da dəyib. Həmçinin iddiaçı Zirə qəsəbəsində yaşayan X1 bağına baxmasını xahiş etmiş və ümumilikdə 600 manat da ona ödəmişdir. Göstərilmiş hüquqi xidmətin dəyəri kimi 500 manat və etibarnamənin verilməsinə görə ödənilən 18 manat məbləğ, həmçinin dəyən digər ziyanlar və ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb edirlər. Dayaqlar o qədər keyfiyyətsiz materialdan hazırlanıb ki, külək onu çərçivədən çıxarıb, silkələyib və o qədər silkələnib ki, yerindən dartılıb çıxmışdır. O, əvvəldən cavabdehin nümayəndəsinə bildirmişdir ki, həmin ərazidə güclü küləklər olur, qapı davamlı olsun. O isə narahat olmamasını və bərkidici materiallardan istifadə edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. O, iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlamış, onu canlı görməmişdir. Daha sonra qiymət barəsində razılaşmışlar. Onlar hələ qapını qoymamışdan əvvəl ora gedəndə qapının yeri hörülməmişdi, sadəcə 4-5 daş qaldırılmışdı. Daha sonra ikinci dəfə bir də getmiş və görmüşdür ki, qapının yeri yenə də hazır deyil və o qapını geri qaytarmışdır. Üçüncü dəfə gedəndə heç bir beh almadan artıq qapı quraşdırılmış və özü də ustalara nəzarət etmişdir. Bundan sonra artıq onlar gedib məbləği götürmüşlər. Həmin vaxtı da orada ustalar olmuşdur. O, iddiaçının özü ilə əlaqə saxlayıb qapını artıq quraşdırdıqlarını və kimə təhvil verməli olduqlarını soruşmuş, Mahmud adlı rəhbər ustanı qeyd etmişlər, lakin həmin vaxtı orada olmamışdır. Qapını oradakı ustalara təhvil vermişlər. Daha sonra şəhərə gələrək ödənişi almışdır. Zəmanət talonu da təqdim olunub. Zəmanət talonunda qeyd olunur ki, materialın rənginə və elektrik sisteminə zəmanət verilir. Qapının sıradan çıxması küləyin nəticəsində olubsa, onlar bununla bağlı nə edə bilərlər. 3 ədəd ortada, bir ədəd aşağı hissəsində bərkidici profil atmışdır. Həmçinin 500 manatlıq mənəvi ziyan da dəyə bilməz. Ola bilər ki, materialla da əlaqədar külək qapını zədələyə bilər. O, qapının yarı qiymətinin tərəflərindən ödənilməsinə də razılıq vermişdir. Lakin iddia tələbində artıq məbləğlər göstərilir. Əl qapısı ilə birlikdə iddiaçıdan 2580 manat almışdır. 2 gün sonra qapı sıradan çıxmışdır. Qapı sıradan çıxandan sonra həmin yerə gedib qapıya baxmışdır. Qapıya əl dəymirsə, zəmanət şərtləri özünü qoruyur. Ola bilər külək qapını yerindən çıxartsın. Lakin o, həmin əraziyə getdikdə pərdələrə baxmış, pərdələrin yerindən çıxarıldığını görmüşdür. Pərdələr bir-birinə keçmiş vəziyyətdə olur, onlar ya cırılıb çıxardılmalıdır, ya da kənardan çıxarılmalıdır. Pərdələr çıxardılıb atılıb qırağa, cırılıb və istifadəyə yararsızdır. Pərdələr yerdə sürütləndiyi üçün cırılıb. Külək yerə atmışdısa belə, onu kənara sürütləmək lazım deyildi. Hadisə baş verən gün ona xəbər verilmiş və o səhəri gün saat 11:00-12:00 radələrində ünvana getmişdir. İddiaçı ondan yeni qapı istəyir. Qapının çərçivələri yerindədir, sadəcə olaraq pərdələr istifadəsiz haldadır. Pərdələrin qiyməti 990 manat təşkil edir. Həmçinin o 4 ədəd bərkidici profil atmışdır. Yenə də qapı yerindən çıxıbsa, burada tək onun təqsiri yoxdur. Külək qapını yerə atsa idi, o həmin zərəri qarşılayardı, lakin qapı yerdə sürütlənib və əlavə ziyan dəyib. Bunun xərcini qarşılamağı artıq öhdəsinə götürmür. Pərdələrin qiymətinin yarısını ödəməyə razıdır. Pərdələr 990 manat təşkil edir, 500 manat ödəməyə razıdır. O, iddiaçınn həyətinə yeni quraşdırılan qapının hansı material olduğunu bilmir. Lakin o, iddiaçıya bildirmişdir ki, onun quraşdırdığı qapılar yalnız aluminiumdandır. Həmçinin o, vurğulamışdır ki, o, Türkiyə materialından istifadə edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, ümumiyyətlə ona belə bir təklif olunmayıb. Onda “whatsapp”da bu danışıqların təsdiqi var. O, cavabdeh tərəfə qapını təmir etmələri üçün 3 gün vaxt vermişdir. Onlar isə cavabında hara istəyir müraciət etməsini, ziyanın təbii fəlakət nəticəsində dəydiyini, heç nə ödəməli olmadıqlarını bildirmişdir. Həmçinin hadisənin üzərindən xeyli vaxt keçib. Bu vaxt ərzində o, həmin ərazini darvazasız qoya bilməzdi. Ona görə də, başqa yerdən qapı sifariş edib yerləşdirmişdir. Cavabdeh tərəfindən quraşdırılmış qapı keyfiyyətsiz, qüsurlu olduğuna görə çərçivədən çıxıb. Hazırda həmin qapıya bənzər başqa bir qapı quraşdırılıb və heç bir zədələnmə də yoxdur. Çərçivələr hal-hazırda bağın içərisindədir. Həmin çərçivələrdən istifadə olunmağı artıq qeyri-mümkündür, çünki düzgün quraşdırılmayıb. Cavabdeh tərəfindən quraşdırılmış jalüz qapını çıxarmışlar və həmin qapıya aid əşyaları – çərçivəni və jalüzü də cavabdehə qaytarmağa razıdır. Cavabdeh tərəfindən yenidən materialların quraşdırılaraq düzəldilməyinə razı deyil, çünki artıq orada yeni qapı quraşdırılıb. Bu qədər vaxtda həmin ərazini darvazasız qoymaq mümkün deyildi. Qapının sıradan çıxmasının səbəbi materialların keyfiyyətsiz olmasıdır. Həmçinin ustalar da zəif idilər. Çərçivələri düzgün yerləşdirməmişdilər. Hazırda quraşdırılan qapı külək olsa belə, heç bir zədəyə məruz qalmır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan ******* nömrəli, 18 iyul 2022-ci il tarixli Qaimə Fakturadan görünür ki, “X7 Qapılar” MMC tərəfindən dəyəri 2000 manat olan jalüz qapı və dəyəri 580 manat olan əl qapısının təhvil verilməsinə görə cəmi 2580 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 10844 saylı, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hesabına X3 tərəfindən 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 130849 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan X2 ərizəsindən görünür ki, İddiaçı Xəzər Rayonu, Zirə qəsəbəsində yerləşən bağ sahəsində quraşdırılan darvaza çərçivəsindən çıxmaqla uçduğu üçün 2022-ci ilin iyul ayında bağ sahəsinin mühafizəsi üçün ona müraciət etmiş, hər ay 200 manat ödənilməsi şərtilə razılığa gəlmiş, orada yeni qapı quraşdırılana qədər oranın mühafizəsini təmin etmişdir. Bununla əlaqədar İddiaçı ona cəmi 600 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı “X7 Qapılar” MMC-yə ünvanladığı məktubdan görünür ki, “X7 Qapılar” MMC-dən İddiaçı məxsus 2580 manat məbləğində pul vəsaitinin 10 müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli avtomatik jalüz qapıya görə təqdim edilmiş Zəmanət Talonunun şərtlərində qeyd edilmişdir ki:
1. Avadanlığa verilən zəmanət, həmin avadanlığın zəmanət müddətində ödənişsiz təmiri deməkdir.
2. Zəmanət müddətinin axını avadanlığın quraşdırılaraq istifadəçiyə təhvil verildiyi gündən hesablanır və 4 ildir.
3. Zəmanət avadanlığın motoruna və elektrik sisteminə verilir. Zəmanət müddəti ərzində quraşdırıcının və istehsalçının günahı ucbatından sıradan çıxmış avadanlıq və detallar ödənişsiz olaraq təmir edilir. 4 il zəmanət avadanlığın mühərrikinə, materialın rənginə və elektrik sisteminə verilir.
4. Zəmanət müddəti ərzində avadanlığın təmir olunmasına edilən müraciətdən qısa müddət sonra təmir həyata keçirilir.
5. İstifadəçinin günahı nəticəsində avadanlıq sıradan çıxdıqda (avadanlığın elektrik hissələri qeyri-sabit enerji ilə qidalanmadan, kimyəvi maddələrin və mexaniki təsirdən, mexanizmə kənar müdaxilə olduqda), təbii fəlakətlər nəticəsində qapıya ziyan dəydikdə, təmir işləri quraşdırıcı (Re doors MMC) tərəfindən aparılmadıqda təmir işləri ödənişsiz aparılır.
6. Zəmanət öhdəlikləri haqqında son qərarı “Redoors’ MMC-nin servis xidməti qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən: 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763-cü maddəsinə əsasən: 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 772.2-ci maddəsinə əsasən materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Həmin Məcəllənin 774-cü maddəsinə əsasən əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı “X7 Qapılar” MMC-yə dəyəri 2000 manat olan jalüz qapı və dəyəri 580 manat olan əl qapısı sifariş vermişdir. İş materiallarında olan ******* nömrəli, 18 iyul 2022-ci il tarixli Qaimə Fakturadan görünür ki, “X7 Qapılar” MMC tərəfindən dəyəri 2000 manat olan jalüz qapı və dəyəri 580 manat olan əl qapısının təhvil verilməsinə görə cəmi 2580 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. 18 iyul 2022-ci il tarixdə cavabdeh tərəfindən eyni zamanda ona zəmanət talonu verilmişdir. Qapıların quraşdırıldığı vaxtdan iki gün sonra, yəni 20 iyul 2022-ci il tarixdə Jalüz qapısı uçmuş və yararsız hala düşmüşdür. Hazırda İddiaçı cavabdeh “X7 Qapılar” MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7 Qapılar” MMC-dən İddiaçı xeyrinə Jalüz qapısına görə 2000 manat hüquqi xidmətə görə ödədiyi 500 manat, bağ evinin mühafizəsinə görə ödədiyi 600 manat, dövlət rüsumuna görə ödədiyi 47 manat, etibarnaməyə görə ödədiyi 18 manat və mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən, tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, İddiaçı ilə “X7 Qapılar” MMC arasında şifahi podrat müqaviləsi bağlanmış və iddiaçı sifariş etdiyi qapının dəyərini ödəməklə müqavilə öhdəliyini icra etmiş, lakin cavabdeh nəzərdə tutulan keyfiyyətdə qapını iddiaçıya təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh “X7 Qapılar” MMC-dən jalüz qapıya görə iddiaçı tərəfindən ödənilən 2000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumu olaraq ödənilmiş 47 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə qaytarılması hissəsində qismən, yəni iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq – 40 manat məbləğində, habelə hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat və etibarnamə üçün ödənilmiş 18 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi bağ evinin mühafizəsinə görə ödənilmiş 600 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması və 500 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bu hissədə iddia tələbinin əsaslılığına dair hər hansı sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh “X7 Qapılar” MMC-dən 2000 (iki min) manat, hüquqi yardım olaraq vəkilə ödənilmiş 500 (beş yüz) manat, etibarnamə üçün ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “X7 Qapılar” MMC-dən 2000 (iki min) manat, hüquqi yardım olaraq vəkilə ödənilmiş 500 (beş yüz) manat, etibarnamə üçün ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Məmmədli