Məhkəmə qərarları › İş №e-2(004)-5984/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5984/2022

10.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5984/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisi, Əmlak Hərrac Mərkəzi MMC, Kəpəz BOKT MMC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisi, Əmlak Hərrac Mərkəzi MMC, Kəpəz BOKT MMC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu X1 tərəfindən aparılan xx.xx.2022-ci il tarixli, 8İ-1731 nömrəli icra qeydinin və həmin icra qeydinin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin cavabdehlər siyahısında Əmlak Hərrac Mərkəzi MMC, Kəpəz BOKT MMC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin adı qeyd edilsə də, iddia ərizəsinin xahiş etdi hissəsində onlara qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Bundan başqa məhkəmə həmçinin onu da, qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia tələbi dəqiq göstərilməmişdir. Beləki İddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu X1 tərəfindən aparılan xx.xx.2022-ci il tarixli, 8İ-1731 nömrəli icra qeydinin və həmin icra qeydinin hüquqi nəticələrinin ləğv edilməsini xahiş etməklə, sözü gedən icra qeydinin hansı hüquqi nəticələrinin ləğv edilməsini dəqiq göstərməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, ərizənin forması Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisi, Əmlak Hərrac Mərkəzi MMC, Kəpəz BOKT MMC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar