Məhkəmə qərarları › İş №e-2(004)-6065/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6065/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6065/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 Süleyman oğlunun və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 Süleyman oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 Süleyman oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Süleyman oğlunun, həyat yoldaşı Cavabdeh2 və övladı Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi M.Hacalıyevin xx.xx.2006-cı il tarixli 2639/5 saylı məktubu əsasında vətəndaş Cavabdeh1 Süleyman oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 308 nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Hörmətli məhkəmə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan xx.xx.2025-ci il tarixli 0039/25 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən Cavabdeh1 Süleyman oğlu oğluna müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 308, 314 nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh1 Süleyman oğlu və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin rəisi M.Hacalıyevin xx.xx.2006-cı il tarixli 2639/5 saylı məktubu əsasında yerləşdirilmişlər, 314 nömrəli otağa isə ümumiyyətlə sənədləri yoxdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun digər ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, Cavabdeh1 Süleyman oğlu və onun digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 308, 314 saylı otaqlarından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Süleyman oğlu iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, o, Cavabdeh2 ilə 1995-ci ildə ailə həyatı qurmuş və nikah dövründə xx.xx.1998-ci il təvəllüdlü Zeynəb Səfərova və xx.xx.2001-ci il təvəllüdlü oğlu Cavabdeh3 anadan olmuşdur. O, uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müəyyən vəzifələrdə zabit rütbəsində xidmət etmişdir. Ehtiyata buraxılmamışdan əvvəl sonuncu vəzifəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bölük komandiri olmuş, 16 dekabr 2009-cu ildə həmin vəzifədən, “mayor” hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, 16 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddətdə yüksək səviyyədə öz vəzifəsini icra etmiş, yuxarı komandanlıq tərəfindən dəfələrlə “Fəxri Fərmanlarla və dövlət təltifləri (medalları) ilə təltif olunmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarına layiq görülmüşdür. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq 2008-ci il 16 dekabr tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bildirmişdir ki, xidmət etdiyi dövrdə 2006-cı ildə ailəsi ilə birgə yaşamağı üçün Müdafiə Nazirliyinin nəzdində olan “Turan” Hərbi yataqxanasında, ümumi 16 kv. metr sahəsi olan 314 nömrəli otaqla təmin olunmuşdur. Yəni istər onun, istərsə də həyat yoldaşının adına, mülkiyyətində hər hansı bir torpaq sahəsi, fərdi ev və yaxud mənzil olmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış yeri kimi ailəsi ilə birgə həmin 16 kv.metr sahəsi olan xidməti mənzillə təmin olunmuşlar. Həmin vaxtdan qeyd olunan otaqda yaşamaqdadırlar. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, hazırda “Turan” hərbi yataqxanasında bərpa və cari təmir işləri aparılmalıdır və bu səbəbdən mənzil tərəfindən təhvil verilməlidir. Lakin onun və ailəsinin adına hər hansı mənzil və ya torpaq sahəsi olmadığından qeyd olunan otaqdan başqa yaşaya biləcəkləri hər hansı bir yer, yaşayış sahəsi yoxdur. Hətta Azərbaycan Respublikası mənzil qanunvericiliyin tələblərinə əsasən, hər bir şəxsə yaşayış sahəsinin ayrılma norması 16 kv. metr olmasına baxmayaraq, 4 nəfərdən ibarət olan ailəsi qeyd olunan normadan qat-qataz sahə ilə təmin edilmişdir. Lakin Müdafiə Nazirliyinin hazırki tələbinin təmin olunması Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş bir zabitin və ailəsinin küçədə qalması ilə nəticələnməsi deməkdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Lakin bildirmişdir ki, qanunda tələblərini ödədiyi bu müddəanın olmasına baxmayaraq, ona hər hansı yaşayış sahəsi və va fərdi yaşayış evinin tikilməsi ücün pulsuz toroaq sahəsi verilməmişdir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndində əlavə olaraq qeyd olunmuşdur ki, bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Qanunvericiliyin tələbinə əsasən, icra hakimiyyəti orqanı müvafiq hüququnu həyata keçirdikdən sonra xidməti mənzil sahəsi tərəfindən müəyyən edilmiş qaydada təhvil verilməlidir. Bildirmişdir ki, ona alternativ olaraq hər hansı xidməti mənzil sahəsi təqdim olunmadığından, “Turan” hərbi yataqxanasında yaşadıqları 314 nömrəli otağı təhvil verəcəyi təqdirdə ailəsi ilə yaşamağa yerləri olmadığından, sözün əsl mənasında küçədə qalmalı olacaqları üçün hazırda yaşadığı mənzili təhvil verməyi qeyrimümkündür. Beləliklə, qeyd etdiklərindən də görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi qanunsuz şəkildə, yəni qanunun müddəasının ziddinə olaraq qanunla nəzərdə tutulmuş torpaq sahəsinin ona ayrılmağı hüququ təmin olunmadan, yaşamaq üçün hər hansı mənzilinin, torpağının olmamasını nəzərə almadan, onu və ailəsini məcburi şəkildə hazırda yaşadıqları xidməti mənzil sahəsindən çıxarmağa çalışır. Bu səbəbdən hazırda ailəsi ilə birgə yaşayış yeri ilə təmin olunmağına, ona məxsus hüququn (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların ehtiyata buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır) həyata keçirilməsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qanunsuz tələbinə son qoyulmasına ehtiyac vardır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinin təmin olunmaması (rədd edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəflə razılıq əldə olunmamışdır. Cavabdeh ehtiyyatda olan hərbi qulluqçudur. Cavabdeh məktub əsasında məskunlaşıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Süleyman oğlu iddia tələbini qəbul etməyərək, ona verilən suallara cavab olaraq bildirdi ki, o, hərbi hissənin komandirinə müraciət etmişdir ki, yaşamaq üçün evi yoxdur və müvafiq quruma müraciət edilərək o, ailəsi ilə birlikdə “Turan” yataqxanasına yerləşdirilmişdir. O, 20 ilə yaxın hərbi xidmətdə çalışmışdır. 2009-cu ildən ehtiyatda olan hərbçidir. Onun müqaviləsi yoxdur. Ev ilə təmin olunmaq üçün müvafiq orqanlara müraciət etmişdir. Mənzildə o, həyat yoldaşı və övladları yaşayır. Yerləşməyi ilə bağlı heç kimə ödəniş etməmişdir. Cavabdehlər həmin yataqxanada yaşayırlar, qeydiyyat ünvanları fərqlidirlər. 2006-cı ildən yataqxanada yaşayır. Sonuncu iş yeri Ali hərbi məktəbində bölük komandiri vəzifəsi olmuşdur. Zığ qəsəbəsində yerləşirdi. 2010-cu ildən təxris olunmuşdur. 2009-cu ildə digər otağı verməklə, 2 otaqlıdır. Müraciətinə heç bir münasibət bildirməyiblər. 220 manat kirayə haqqı verməklə yataqxanadan çıxmağını təklif etdilər, lakin razı olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, cavabdehin etimad hüququ var. Cavabdeh rəsmi olaraq müraciət etmiş və həmin mübahisəli yerə yerləşdirilmişdir. Hazırda Müdafiə Nazirliyinin rəhbər şəxsləri barəsində cinayət işinin olmasının cavabdehə heç bir aidiyyatı yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və X1 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının komendantına 2639/5 nömrəli, xx.xx.2006-cı il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, X4 başqa yaşayış yerinə köçdüyünə görə onun əvəzinə kapitan Cavabdeh1 Süleyman oğlunu ailəsi ilə birlikdə “Turan’’ hərbi yataqxanasında 308 nömrəli otağa yerləşdirilməsi tələb olunur. - Bakı Qarnizonu Mənzil-İstismar hisəsi tərəfindən X3 ünvanlanmış 1801 nömrəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin xx.xx.2025-ci il tarixli 381 nömrəli Bakı Qarnizonu Mənzil-İstismar hissəsi rəisinin xx.xx.2025-cı ıl tarixli 24 nömrəli telefonoqrammalarına əsasən Turan yataqxanasında əsaslı təmir işləri aparılacaq. Qeyd olunanları nəzərə alaraq, Turan yataqxanasında yaşadığı 308, 314 nömrəli otaqların 30 iyul 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi tərəfindən Əsaslı Tikinti İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6-cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MİH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBİ-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 102.1-ci maddəsinə əsasən, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin 2639/5 nömrəli, xx.xx.2006-cı il tarixli məktubu əsasında vətəndaş Cavabdeh1 Süleyman oğlu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 308, 314 nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehlərin bu sahəyə yalnız Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 2639/5 nömrəli, xx.xx.2006-cı il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Bundan başqa Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehlərin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir. Mənkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə Cavabdeh1 Süleyman oğluna mənzili təhvil verməsi barədə xx.xx.2025-ci il tarixli, 1801 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir. Eyni zamanda məhkəmə bildirir ki, Cavabdeh1 artıq ehtiyatda olan hərbçidir. Müdafiə Nazirliyi ilə hal-hazırda xidməti münasibətdə deyildir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Süleyman oğlu, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Süleyman oğlu, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar