Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6070/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və həyat yoldaşı X6 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin xx.xx.2019-cu il tarixli 1033 saylı məktubu əsasında vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 309, 310 nömrəli otaqlara müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan xx.xx.2025-ci il tarixli 0039/25 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında halhazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən Cavabdeh1 müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 309, 310 nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh1 və ailə üzvləri həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyi Mənzil- İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin xx.xx.2019-cu il tarixli 1033 saylı məktubu əsasında yerləşdirilmişlər. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş xx.xx.2025-ci il tarixli 4/2-3503/25 saylı sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-3- 02/2-7333/2025 saylı məktubla daxil olmuş siyahıda vətəndaş Cavabdeh1 adına Neftçala şəhərində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,10 hektar həyətyanı torpaq sahəsi, həmçinin Tovuz rayonu, Bayramlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,32 hektar həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. Həyat yoldaşı X2 adına isə ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ ilə fərdi yaşayış evinin olması müəyyən olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təqdim edərək, Cavabdeh1 və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “Turan” hərbi yataqxanasından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərin müraciətinə yeni müraciət kimi baxılacaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, o, hərbi qulluqçudur və 2 övladı var. O, tezdən işə gedir və saat 8, 9-da işdən çıxır. Əgər köçsələr, uşağını məktəbdən çıxarmalı olacaqdır və bu onun psixologiyasına mənfi təsir göstərəcək. Onları çıxarırlarsa başqa şəhərciyə köçürsünlər ki, çıxsınlar. Kirayə puluna uyğun ev tapmaq olmur. Mənzil növbəsinə durmuşdular və şəraitin yaxşılaşdırılması üçün müraciət etmişlər. Ailəsinə yaxın qalmaq istəyir. Yay aylarında çıxacaqdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, mənzil ona xidməti mənzil kimi verilib, 2019-cu ildə yerləşdiriliblər, mənzildə təmir işləri aparıblar. 15 il tamam olacaq ki, hərbiçidir. Müdafiə Nazirliyinə iki dəfə müraciət etmişdir. Müraciətinə görə hələ çağırılmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, onlar Müdafiə Nazirliyinə qeydiyyatdadırlar. 2019-cu ildən həmin yataqxanada yaşayırlar. Onlar bilirlər ki, mənzil fondunun boş mənzilləri də var. Onları yerləşdirsinlər. Təklif etdikləri kirayə məbləğə Yasamalda 4 nəfərli ailənin yaşaya biləcəyi ev yoxdur. O, oğlunu məktəbdən çıxara bilməz. O, sinfindən ayrılsa, oxumayacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən “Turan” hərbi yataqxanasının komendantına ünvanlanmış 1033 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin İşlər İdarəsinin xx.xx.2019-cu il tarixli 9/215 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin İnzibati Bina və Qurğularına Qulluqetmə Xidmətinin hərbi qulluqçusu gizir Cavabdeh1 ailəsi ilə müvəqqəti olaraq hərbi yataqxanaya (310 və 311 nömrəli otaqlara) yerləşdirilməsi tələb olunmuşdur. “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və X4 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır. Bakı Qarnizonu Mənzil-İstismar hisəsi tərəfindən Cavabdeh1 ünvanlanmış 1817 nömrəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Müdafiə Nazirliyinin Mənzilistismar xidməti rəisinin xx.xx.2025-ci il tarixli 381 nömrəli Bakı Qarnizonu Mənzil-İstismar hissəsi rəisinin xx.xx.2025-ci iltarixli 24 nömrəli telefonoqrammalarına əsasən Turan yataqxanasında əsaslı təmir işləri aparılcaq. Qeyd olunanları nəzərə alaraq, Turan yataqxanasında yaşadığı 309 və 310 nömrəli otaqların 30 iyul 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış 3-21-3-02/2-7333/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli məktubdan görünür ki, X3 və digərlərinin adına daşınmaz əmlakın olub-olmaması ilə bağlı məlumatın təqdim edilməsi barədə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi İdarələrində mövcud arxiv materiallarına əsasən, müvafiq məlumatları cədvəl formasında təqdim edilmişdir. Sorğuda sözügedən digər şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh1 adına Neftçala şəhərində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,10 ha həyətyanı torpaq sahəsi (arxiv materiallarında vətəndaşın təvəllüdü və FİN barədə məlumat aşkar edilməmişdir) və Tovuz rayonu, Bayramlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,32 ha həyətyanı torpaq sahəsi (arxiv materiallarında vətəndaşın təvəllüdü və FİN barədə məlumat aşkar edilməmişdir) qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi “Turan” yataqxanası tərəfindən verilmiş 135 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən “Turan” yataqxanasının 309 və 310 nömrəli otaqlarında həyat yoldaşı Cavabdeh2, oğlu X9 və qızı X8 ilə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 92-ci maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1-99.2-ci maddələrinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 101.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1-ci maddəsinə əsasən, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7- 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası 4 avqust 1989-cu il tarixli 386 nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin xx.xx.2019-cu il tarixli 1033 saylı məktubu əsasında vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 310 və 311 nömrəli otaqlara müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi “Turan” yataqxanası tərəfindən verilmiş 135 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən “Turan” yataqxanasının 309 və 310 nömrəli otaqlarında həyat yoldaşı Cavabdeh2, oğlu X9 və qızı X8 ilə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehlərin bu sahəyə yalnız Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019cu il tarixli 1033 saylı məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil. Göründüyü kimi, cavabdehlərin məskunlaşdığı mənzil Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktubla müvəqqəti istifadəyə verilmişdir. Mənkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdehə mənzili təhvil verməsi barədə xx.xx.2025-ci il tarixli, 1817 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Mənzil Məcəlləsinin 102.2-102.2.4-cü maddələrində xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməyən şəxslərin kateqoriyaları sadalanır. Cavabdehlər bu maddədə nəzərdə tutulan istisna hallara aid olmadığı üçün ona başqa yaşayış sahəsi verilmədən çıxarılması qanunla məhdudlaşdırılmır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış 3-21-3- 02/2-7333/2025 nömrəli, 16 iyul 2025-ci il tarixli məktuba əlavə edilmiş cədvəldən görünür ki, Cavabdeh1 adına Neftçala şəhərində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,10 ha həyətyanı torpaq sahəsi və Tovuz rayonu, Bayramlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,32 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Göründüyü kimi “Turan” Hərbi yataqxanasının 309 və 310 nömrəli otaqları cavbadehlərin yeganə yaşayış yeri deyil. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşların həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də o, yaşayış sahəsinə kirayə müqaviləsi olmadan, məktub əsasında qanunsuz yerləşdirildiyi üçün yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (309 və 310 nömrəli otaqlarından) çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (309 və 310 nömrəli otaqlarından) çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-6070/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6070/2025
18.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver