Məhkəmə qərarları › İş №e-2(004)-612/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-612/2025

09.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-612/2025 09.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı "kommunal xidmətlərə görə ödənilməyən borcun tutulması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı "kommunal xidmətlərə görə ödənilməyən borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 615 (altı yüz on beş) manat ödəniməmiş kommunal haqlarının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19a saylı binanın sakinlərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları əsasında yaradılmış və xx.xx.2022-ciil tarixli 11**-MM-*** saylı qeyri kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnaməsinin 2.1-ci bəndinə görə cəmiyyətin yaradılmasının əsas məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 2.2-ci bəndinə görə bu məqsədlərə çatmaq üçün iddiaçı yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək işlək vəziyyətdə saxlanılması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması, onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönələn digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər-hansı podratçının cəlb edilməsi, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsini həyata keçirir. Nizamnamənin 3.3-cü bəndinə görə isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Lakin Cavabdeh həmin binanın 23 saylı mənzilinin mülkiyyətçisidir və çoxmənzilli binanın sahə mülkiyyətçisi olaraq, öz üzərinə düşən öhdəliklərə əməl etməyərək, 2023-cü ilin may ayından 2024-cü ilin noyabr ayınadək kommunal haqqı ödəməkdən yayınmışdır. Hal-hazırda cavabdehin kommunal haqlara görə 615 (altı yüz on beş) manat ödənilməmiş borcu qalmışdır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2022-ci ilin oktyarb ayında keçmiş həyat yoldaşı tərəfindən kommunat xidmətlərə görə 300 manat məbləğində ödəniş edilmişdir. Lifdən istifadəsinə qadağa qoyulub. MMMC tərəfindən onlara kommunal xidmət göstərilmir. Məhkəmədən qərar qəbul edilərkən qeyd etdiyi xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: "xxxx" MMMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 19A nömrəli binanın ümumi sahəsi 82 kv.m təşkil edən 23 saylı mənzilin 23 Avqust 2022-ci il tarixli Yasamal-62 MMMC-nin Nizamnaməsinə əsasən aylıq kommunal ödənişi kvadrat metrəsinə görə 0.35AZN hesablanaraq, 28.7 AZN təşkil edir. 2023-cü ilin May ayından 2024cü ilin Noyabr ayınadək 19 ay kommunal ödənişləri üzrə 545 AZN, əlavə yığımlar üzrə 70 AZN, toplam 615 (altı yüz on beş) AZN borc yaranmışdır. "xxxx" MMMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh kommunal borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 19A nömrəli binanın ümumi sahəsi 82 kv.m təşkil edən 23 saylı mənzil Cavabdeh məxsusdur. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən bina sahə mülkiyyətçilərinin ümumi yığıncağının 26 fevral 2022-ci il tarixli 1 saylı Protokolundan görünür ki, MMMC-nın fəaliyyətinin və bina infrastrukturunun idarə olunması üçün tələb olunan vəsaitlərin yığılması məqsədilə ilə mənzillərin ümumi sahələrinin hər kvadrat metrə görə kommunal xərci 35 qəpik təyin olunmuşdur. Hesablama “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar”-da qeyd olunan ümumi sahə üzrə aparılacaq. 26 fevral 2021-ci il tarixli Protokol nömrə 1-də alınan qərarları bina sakinləri öz imzaları ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən bina sahə mülkiyyətçilərinin ümumi yığıncağının 26 fevral 2022-ci il tarixli 1 saylı Protokolundan görünür ki, MMMC-nın fəaliyyətinin və bina infrastrukturunun idarə olunması üçün tələb olunan vəsaitlərin yığılması məqsədilə ilə mənzillərin ümumi sahələrinin hər kvadrat metrə görə kommunal xərci 35 qəpik təyin olunmuş, bina sakinləri öz imzaları ilə bunu təsdiq etmişdirlər. Ümumi yığıncağın qərarı əsasında müvafiq əmr verilmişdir. MTK tərəfindən bina sakinlərinə kommunal xidmətlərinin göstərilməsinə baxmayaraq, bəzi sakinlər tərəfindən ödənişlə bağlı gecikdirmələr yaranmışdır. Mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. (38.1 və 38.2) AR X1 93-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Hazırki iş üzrə cavabdehin-çoxmənzilli binanın sahə mülkiyyətçisinin əməlləri məhkəmə tərəfindən mənzil qanunverciliyinin pozulması kimi qimətləndirilir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 19A nömrəli binanın ümumi sahəsi 82 kv.m təşkil edən 23 saylı mənzilin 23 Avqust 2022-ci il tarixli Yasamal-62 MMMC-nin Nizamnaməsinə əsasən aylıq kommunal ödənişi kvadrat metrəsinə görə 0.35AZN hesablanaraq, 28.7 AZN təşkil edir. Onun 2023cü ilin may ayından 2024cü ilin noyabr ayınadək kommunal ödənişləri üzrə 545 AZN, əlavə yığımlar üzrə 70 AZN, toplam 615 (altı yüz on beş) AZN borc yaranmışdır. Halbuki, məhkəmə gedişatında müəyyən olunmuşdur ki, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 19A nömrəli binanın, 23 saylı mənzilin ümumi sahəsi 81,20 kv.m-dir. Cavabdehin mənzili üçün aylıq kommunal ödənişi ( 0,35 manat x 81,20 kv/m) 28,42 manat təşkil etməlidir. Belə olduğu halda, borcun məbləği 539,98 manat olması müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kommunal xidmətə görə yaranmış 539,98 manat (beş yüz otuz doqquz manat doxsan səkkiz qəpik) məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30 dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kommunal xidmətə görə yaranmış 539,98 manat (beş yüz otuz doqquz manat doxsan səkkiz qəpik) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar